Azərbaycan iqtisadiyyatı daha uğurlu bir ili arxada qoydu. Ötən ilin iqtisadi nəticələri sadəcə makroiqtisadi göstəricilərlə müşahidə edilən artım deyildir. Bu, həm də ölkə iqtisadiyyatında dayanıqlı inkişafın qorunub saxlanılması və ümumi daxili məhsuldakı (ÜDM) artımın qeyri-neft sektorundakı inkişaf hesabına formalaşmasıdır. Belə vəziyyət ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılmasından və dayanıqlı iqtisadi artım tempinin formalaşmasından xəbər verir.
Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ötən il dekabrın 31-də Azərbaycan xalqına ünvanlanan təbrikində qeyd edilir ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir: “İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir”.
Ölkə Prezidenti daha sonra bildirmişdir ki, iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq, son doqquz il ərzində isə 1 milyon 100 mindən çox iş yeri açılmışdır. İş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir. İqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq. 2012-ci ildə maaşlar, pensiyalar qaldırılmışdır, ünvanlı sosial yardım on minlərlə ailəni əhatə edir. 2012-ci ildə sovet əmanətlərinin qaytarılması prosesi başlamışdır. Bu il bu proses başa çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir. Çünki bu əmanətlərin ən yüksək əmsalla və ən qısa müddət ərzində qaytarılmasına nail olunacaq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasət konkret nəticələrini verməkdədir.
Dayanıqlı
iqtisadi inkişaf:
yaxın tarixə baxış
Ölkə Prezidentinin qeyd etdiyi kimi, 2012-ci ildə Azərbaycan iqtisadiyyatındakı inkişaf bütün sahələrdə müşahidə edilmişdir. Avropa Birliyində maliyyə böhranının daha da dərinləşdiyi və qlobal iqtisadiyyatda durğunluğun davam etdiyi 2012-ci ildə ölkə iqtisadiyyatının dinamikasına nəzər saldıqda gələcək iqtisadi strategiyanın inkişafı üçün əhəmiyyətli addımların atıldığı bəlli olur. Ötən il ÜDM-in həcmi real bazar qiymətləri ilə 43,5 milyard manat olmaqla 2,2 faiz, qeyri-neft sektorunun payı isə 24,9 milyard manat olmaqla 8,6 faiz artıb.
2012-ci il əhalinin gəlirlərində 7,4 faiz, orta aylıq əmək haqqında 5,7 faiz həcmində real artımın olması və bu zaman inflyasiyanın təxminən 1,3 faiz mövcudluğu milli rifahın yüksələcəyini deməyə əsas verir. Bunula da əhalinin gəlirləri 34,5 milyard manata qədər artıb.
Digər tərəfdən, ÜDM-də gözlənilən 2,2 faizlik artımın faktiki olaraq neft hasilatının azalması fonunda baş verməsi qeyri-neft sektorundakı canlanmadan xəbər verir. 2012-ci ildə qeyri-neft sektorunda 10 faizə yaxın real artım əldə edilib. Bu isə onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlər fayda verməkdədir. Yeri gəlmişkən, xatırladaq ki, 2012-ci ilin on bir ayı ərzində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 24,665 milyard manat olmaqla 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artıb.
İqtisadiyyatın, xüsusilə, sənayenin qeyri-neft sektoruna diversifikasiyası hazırda əsas prioritet məsələ olaraq qalmaqdadır.Onu da qeyd etmək lazımdır ki, ötən ilin 11 ayı ərzində qeyri-neft sektorunda 9,7 faizlik artımın olması müsbət hal olmaqla yanaşı, 2012-ci ilin iqtisadi yekunlarının daha dayanıqlılığına imkan yaradıb.
2005-ci ildən etibarən qeyri-neft sektorunun bir qayda olaraq artdığını görmək olar.Məhz bu prizmadan yanaşdıqda, sektorun 2020-ci ilə qədər ÜDM-dəki payının 75 faizə yüksələcəyini proqnozlaşdırmaq olar. 2012-ci ildə isə 2011-ci illə müqayisədə təqribən bu sektorda 7 milyard manat əlavə ÜDM-in yaradılacağı proqnozlaşdırılır ki, bu tempi saxlamaq ölkənin gələcəyi baxımından çox mühümdür. 2012-ci ilin on bir ayında yaradılan əlavə dəyərin 50,5 faizi sənayenin, 9,9 faizi tikintinin, 5,7 faizi kənd təsərrüfatının, 8,2 faizi ticarət və xidmət sektorunun, 1,8 faizi rabitənin, 12,7 faizi isə digər sektorların payına düşüb.
Dövlət
büdcəsinin icrası:
uzunmüddətli profisit
2012-ci ilin dövlət büdcəsinin gəlirləri 17,038 milyard manat olmaqla 2011-ci ildən 1,338 milyard manat, xərcləri isə 17,672 milyard manat olmaqla 2012-ci ildən 2,276 milyard manat artıq proqnozlaşdırılıb. 2012-ci il büdcə kəsiri 634 milyon manat məbləğində hesablanmışdı. 2012-ci il büdcə gəlirlərinin tərkibində gömrük rüsumlarının xüsusi çəkisində 2012-ci illə müqayisədə 4,8 dəfə artım gözlənilir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə büdcə gəlirlərinin neft sektorundan asılılığının azaldılması və vergi yükünün artırılması əsas hədəf hesab olunur ki, göründüyü kimi, bu sahədə son illər hiss edilən uğurlar əldə edilmişdir. 2012-ci ilin on ayı ərzində dövlət büdcəsinin gəlirləri 14,2257 milyard manat və yaxud 2011-ci illə müqayisədə 34,9 faiz artıq, xərcləri isə 12,2096 milyard manat və yaxud 2011-ci illə müqayisədə 23,4 faiz artıq yerinə yetirilib. On ayın nəticələrinə görə dövlət büdcəsində 2,016 milyard manat profisit yaranıb.
Cənubi Qafqaz dövlətlərinin 2012-ci il üçün ümumi büdcə gəlirləri 26,6 milyard manat, büdcə xərcləri isə 26,7 milyard manat proqnozlaşdırılıb. Azərbaycanın Qafqaz dövlətlərinin ümumi büdcə gəlirlərindəki payı 19,9 milyard manat və yaxud 74,8 faiz, ümumi büdcə xərclərindəki payı isə 19,5 milyard manat və yaxud da 73 faizdir.
Xarici ticarət dövriyyəsi: dayanıqlı ixrac imkanları
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin 11 ayı ərzində ölkənin ümumi ticarət dövriyyəsi 30,538 milyard dollar olub. İdxal-ixrac əməliyyatları 154 ölkə ilə həyata keçirilib.Xarici ticarət dövriyyəsində ixracın məbləği 22,094 milyard dollar olub.
Hesabat dövrünə ixracın ümumi həcminin 93 faizi və yaxud 20,563 milyard dolları xam neft, neft məhsulları və təbii qazın satışından formalaşıb. 2011-ci illə müqayisədə 2012-ci ildə xam neftin ixracı 12 faiz, neft məhsullarının ixracı isə 15 faiz azalıb. Lakin təbii qazın ixracı 7 faiz artıb. Nəticədə təbii qaz ixracının ümumi ixracdakı xüsusi çəkisi artaraq 2,54 faiz olub.Yeri gəlmişkən, ötən ilin ən mühüm hadisələrindən biri Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) üzrə müqavilənin imzalanması olub. İlkin olaraq 16 milyard kubmetr qazın Türkiyə və Avropa bazarlarına ixrac edilməsinə imkan verən, dəyəri 7 milyard dollar qiymətləndirilən TANAP 2018-ci ilin ortalarında istifadəyə veriləcək ki, nəticədə ölkəmiz neft ilə paralel olaraq qaz ixracatçısına çevriləcək. Bu isə neft hasilatının azalmasından qaynaqlanan iqtisadi geriləmənin müəyyən qisminin kompensasiya edilməsinə imkan verəcək.
İdxalın ümumi ticarət dövriyyəsindəki xüsusi çəkisi ötən illərlə müqayisədə artaraq, 28 faiz olub. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,76 faizlik azalmanın olmasına baxmayaraq, idxalın xüsusi çəkidə artması ixracda baş verən azalma ilə bağlıdır.
Əhalinin gəlirləri: Azərbaycan
regionda liderdir
Bu mövzuda əsas məqsədimiz ölkənin 2012-ci il ərzində iqtisadi mənzərəsini dəyərləndirmək olduğu üçün əhalinin gəlirlərində və məşğulluqda baş vermiş dəyişmələrə diqqət etməyimiz vacibdir. Ötən il qeyri-neft sektorunda 9,7 faizlik artım, yeni iş yerlərinin açılması və əhalinin gəlirlərinin çoxalması ilə müşayət olundu.Belə ki, 2012-ci ilin 9 ayı ərzində 92 mindən artıq yeni iş yerləri açılıb. Həmçinin yanvar-noyabr ayları ərzində əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 29,9 milyard manat, adambaşına düşən gəlir 12,2 faiz artaraq 3260 manat, orta aylıq nominal əmək haqqı isə 9 faiz artaraq 390,2 manat olub. 2012-ci ildə əhalinin gəlirlərinin 8,3 faizi vergilər, sosial sığorta və
üzvlük haqlarına, 1,6 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 27,4 milyard manat isə əhalinin sərəncamında qalıb ki, bu da ötən illə müqayisədə 14 faiz artıqdır. Nəzərə alsaq ki, bu il istehlak mallarında inflyasiya 1,2 faiz olub bu zaman demək olar ki, adambaşına düşən gəlir, yəni 3260 manat əvvəlki illə müqayisədə təxminən 11 faiz bəndi daha dəyərli olub (xatırladaq ki, faktiki artım 12,2 faizdir).
Orta aylıq əmək haqqının səviyyəsinə görə, Azərbaycan Qafqazda birinci yerdədir. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.
2012-ci ildə Azərbaycan vətəndaşları üçün baş verən daha bir mühüm hadisə isə ölkə Prezidentinin 14 mart 2012-ci il tarixli fərmanı ilə keçmiş SSRİ dövründən qalan əmanətlərin dəyərinin müəyyən indeksləşmə qaydası ilə ödənilməsinə başlanılması oldu. Bu məqsədlə əmanətçilərə 500 milyon manat vəsait ödənilib. Nəzərə alsaq ki, qaytarılacaq əmanətlərin məbləği təxminən bir milyard manat hesablanır, deməli 2013-cü il ərzində də bu yolla 500 milyon manat vəsait əhalinin ailə büdcəsinə daxil olacaq.
Pul-kredit siyasəti: möhkəm valyuta xətti
Mərkəzi Bankın 2012-ci il üçün əsas pul-kredit siyasəti əvvəlki illərdəki kimi, inflyasiyanın birrəqəmli olmasının təmin edilməsi, manatın məzənnəsinin möhkəmləndirilməsi, həmçinin banklar və digər maliyyə-kredit təşkilatlarının fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsidir. Görülən tədbirlər nəticəsində Azərbaycan manatı 0,2 faiz möhkəmlənərək 1,283 ABŞ dolları olub. Bu isə manata inamı daha da artırıb və milli valyutamızın yığıma yönləndirilməsini sürətləndirib.
2012-ci il inflyasiya 1,3 faiz qiymətləndirilir ki, nəticədə Mərkəzi Bank uçot dərəcələrində 0,25 faizlik azaltma etməklə pul-kredit siyasətini yumşaltmaq istiqamətində addım atıb. Həmçinin 2011-ci ildə Mərkəzi Bank bank sisteminin daha dayanıqlı və kapitaltutumlu olması məqsədi ilə 2014-cü il yanvarın birindən etibarən nizamnamə kapitalının 50 milyon manata çatdırılması haqqında qərar verdi. Beləliklə, Azərbaycanda bank sektorunun daha güvənli olması və sağlam təməlinin təmin edilməsi istiqamətində vacib olan daha bir addım atılıb.
Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti nəticəsində 2012-ci ildə ölkə üzrə bank aktivlərinin rentabelliyi artıb, həmçinin aktivlərin likvidlik göstəriciləri müsbətə doğru inkişaf edib. Belə ki, ilin sonuna olan nəticələrdə bankların likvid aktivlərinin həcmi ümumi aktivlərin 12,8 faizinə bərabər olub.Bu isə əhalinin il ərzində banklara yerləşdirdiyi əmanətlərin təxminən 50 faizinə uyğun gəlir. Eyni zamanda, 2012-ci ildə bankların məcmu kapitalının ümumi həcmi 30 faiz artıb və 11 ayın nəticələrinə görə kapitalın gəlirliliyi 9 faiz, bank aktivlərinin anoloji göstəricisi isə 1 faiz olub.Ümumilikdə isə kapitalın adekvatlıq göstəricisi 15,7 faiz olub. Xatırladaq ki, bu göstərici 12 faiz olduqda normal hesab edilir.
Bu ilin sonuna bank resurslarında xarici borc öhdəliklərinin xüsusi çəkisi 15,5 faiz olub ki, bu da normal hesab edilir.
Strateji valyuta ehtiyatları: MDB-də ən yaxşı göstərici
2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi təxminən 6 milyard dollar və yaxud da 14,7 faiz artıb. Hazırda ölkəmizin valyuta ehtiyatları 46,5 milyard dollardır. Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun aktivlərindən, hökumətin depozitlərindən və Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarından ibarətdir. ARDNF-nin valyuta ehtiyatları strateji valyuta ehtiyatlarının əsasını təşkil edir və fondun təsis edildiyi 2001-ci ildən bu günədək fondun aktivləri 70 dəfə artıb.
Ötən il Dövlət Neft Fondu vəsaitlərinin həcmi 4 milyard dollardan çox artmışdır. 27 oktyabr 2011-ci ildə ARDNF-nin vəsaitlərinin idarə edilməsinə dəyişikliklər olunduqdan sonra 2012-ci ildə fond ilk dəfə London, Paris və Moskva şəhərlərində daşınmaz əmlak-mülklər alıb.
Strateji valyuta ehtiyatı nə qədər çox olarsa, əlbəttə, ölkəmizin maliyyə dayanıqlığı və xarici investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş statusu güclənir. Həmçinin ölkəmizin müharibə şəraitində olması valyuta ehtiyatlarının əhəmiyyətini daha da önəmli edir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə bərabər olmaqla ölkənin xarici borcundan 9 dəfə artıqdır.
Valyuta ehtiyatlarının artım dinamikasına diqqət etdikdə görmək olar ki, 2011-ci və 2012-ci illərdə neft hasilatının azalmasına baxmayaraq, bu sahədə artım davam edib. Bu isə onu deməyə əsas verir ki, zaman keçdikcə ölkəmiz öz maliyyə-kredit siyasətinin həyata keçirilməsində daha çox təcrübə qazanır.
Azərbaycan dövlət rezervlərinin ÜDM-də payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Bu isə ölkə iqtisadiyyatı üçün sığorta yastığı rolunu oynayır.
Xarici borcların ÜDM-də payı: MDB-də alternativsiz mövqe
Hazırda respublikamızın xarici borclarının məbləği 4,5 milyard dollardır. Bu isə ÜDM-in 7,1 faizi deməkdir.
Bu göstərici üzrə MDB-də heç bir ölkə Azərbaycan ilə rəqabətə girmir. Respublikamızda xarici borcların ÜDM-də payının az olması ölkənin iqtisadi təhlükəsizliyi baxımdan olduqca əhəmiyyətli məqamdır.
Avropa Birliyində böhranın müşahidə olunmasına baxmayaraq, 2012-ci ildə ÜDM-in təxminən 2 faiz artması və ən əsası qeyri-neft sektorunda 9,7 faizlik artımın olması, həmçinin inflyasiyanın 1,3 faiz təşkil etməsi, büdcənin kəsirlə proqnozlaşdırıldığı halda profisitlə yerinə yetirilməsi, strateji valyuta ehtiyatlarının 46,5 milyard dollara kimi artması, əhalinin gəlirlərində 13,7 faiz və orta aylıq əmək haqqında 9 faizlik artımın müşahidə edilməsi, 20 ildən sonra SSRİ dövründən qalan əmanətlərin qaytarılmasına start verilməsi deməyə əsas verir ki, Azərbaycan istənilən şərtlər daxilində qarşıda duran vəzifələri reallaşdırmağa qadir ölkədir.
2013-cü il: yeni nikbin gözləntilər
Azərbaycanda 2013-cü ili iqtisadi artımın sürətlənəcəyi, qeyri-neft sektorunun inkişafına yönələn dövlət siyasətinin davam etdiriləcəyi və ölkəni bütövlükdə əhatə edən iri infrastruktur layihələrinin həyata keçiriləcəyi ilə xarakterizə etmək olar. Bunlarla yanaşı, ölkənin beynəlxalq statusunun möhkəmləndirilməsi və Ümumdünya Ticatət Təşkilatına (ÜTT) üzv olmaq üçün səylər davam etdiriləcək.
Bu il əhalinin gəlirləri ötən illə müqayisədə 9,1 faiz artaraq 39,7 milyard manat, xərcləri isə 8,5 faiz artaraq 28,5 milyard manat olacaq. Həmçinin orta aylıq əmək haqqının əvvəlki ilə nisbətən 10 faiz artıq olacağı, yoxsulluğun səviyyəsinin isə 5 faizə enəcəyi ehtimal edilir. 2013-cü ildə ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların həcmi 18 milyard manat proqnozlaşdırılır ki, bu vəsaitlərin 69,4 faizi qeyri-neft sektoruna yönəldiləcək.
2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19,154 milyard manat, xərcləri isə 19,810 milyard manat həcmində təsdiq edilib ki, bu da ötən illə müqayisədə 12,4 faiz artıqdır.Həmçinin bu il dövlət büdcəsinə Neft Fondundan transfertin məbləği 11,5 milyard manat olacaq ki, bu da adıçəkilən fondun 2013-cü ilə proqnozlaşdırılan gəlirinə bərabərdir. Ümumilikdə isə 2013-cü ildə iqtisadiyyatın bütün sahələrində, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdiriləcək.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri,
iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.