Vergilər Nazirliyi qeyri-leqal məşğulluğun leqallaşdırılması, iş yerlərinin düzgün rəsmiləşdirilməsi, muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində 2012-ci ildə kompleks tədbirlər həyata keçirmişdir.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı tərəfindən bu sahəyə dair verilmiş tapşırıqların icrasını təmini etmək məqsədilə nazirlikdə müvafiq Tədbirlər Planı hazırlanmış, bu sahədə işlərin koordinasiyalı qurulması və səmərəliliyinin artırılması məqsədi ilə xüsusi Qərargah yaradılmışdır.
Vergidən yayınma hallarının və əlavə vergi potensialının müəyyən edilməsi üçün işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanmasının, müqavilələrdə əmək haqlarının düzgün göstərilməsinin təmin olunması məqsədilə Vergilər Nazirliyində “Əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərin həyata keçirilməsi barədə” əmr imzalanmış, “Əmək münasibətləri sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya hazırlanmış, əmək müqavilələrinin bağlanması sahəsindəki mövcud nöqsanların aradan qaldırılması üçün yerli vergi orqanlarında müvafiq komissiyalar yaradılmışdır.
2012-ci ildə əmək münasibətlərinə vergi nəzarətinin təşkili istiqamətində geniş təbliğat-təşviqat və maarifləndirmə işləri aparılmışdır. Bu məqsədlə reklam lövhələri quraşdırılmış, nəqliyyat vasitələrində, o cümlədən avtobuslarda, habelə taksilərdə əmək müqavilələrinin bağlanılmasının məcburiliyi barədə reklamlar yerləşdirilmişdir. Təbliğat prosesində mərkəzi televiziya kanallarının imkanlarından geniş istifadə edilmiş, əmək qanunvericiliyinə dair müxtəlif rolik və reklam çarxları yayımlanmış, KİV-də elanlar və məqalələr dərc edilmişdir. Bundan başqa, nazirliyin rəhbər vəzifəli şəxslərinin kütləvi informasiya vasitələrində çıxışları təşkil edilmiş, əmək müqavilələrinin bağlanması zərurəti, bu sahədə həyata keçirilən vergi nəzarəti tədbirləri barədə KİV-də geniş təbliğat kampaniyası aparılmışdır.
Bununla yanaşı, vergi orqanları tərəfindən respublikanın bütün regionlarında vergi ödəyiciləri ilə mütəmadi görüşlər keçirilmiş, əmək münasibətlərinə vergi nəzarəti sahəsində qanunvericiliyin tələbləri və məsuliyyət tədbirləri barədə geniş məlumatlandırma, təbliğat işləri aparılmışdır.
Aparılan kompleks tədbirlərin tərkib hissəsi kimi, əmək müqavilələrinin bağlanılmaması meyarı üzrə bir sıra riskli vergi ödəyiciləri seçilmiş və həmin vergi ödəyicilərinin fəaliyyəti müxtəlif vergi yoxlamaları ilə əhatə edilmişdir. Yoxlamalar nəticəsində Vergilər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq həmin riskli vergi ödəyicilərində fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanmış və belə tədbirlərin nəticələri ictimaiyyətə açıqlanmışdır.
Eyni zamanda, əmək münasibətlərinə sistemli nəzarətin təşkili məqsədilə müasir informasiya və innovativ texnologiyaların verdiyi imkanlardan istifadə etməklə nazirlik tərəfindən işçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatları, onların işə götürülmə və işdən azad edilmə tarixlərinin əks olunduğu vahid məlumat bazasının yaradılmasına başlanılmışdır. İşlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər haqqında məlumatın vahid məlumat bazasına işəgötürənlərin özləri tərəfindən də daxil edilməsi üçün müvafiq imkan yaradılmışdır. Vergi ödəyiciləri onlara verilmiş parol və şifrə vasitəsi ilə Vergilər Nazirliyinin internet səhifəsinə daxil olaraq işçilər haqqında məlumatı bu bazaya daxil edə biləcəklər.
Həyata keçirilmiş tədbirlər nəticəsində 11 yanvar 2013-cü il tarixə vergi orqanları tərəfindən 55 min 94 işəgötürən vergi ödəyicisi ilə 180 min 96 işçi arasında bağlanmış əmək müqavilələri barədə məlumatın yeni yaradılmış məlumat bazasına daxil olunması təmin edilmişdir. Nəticə etibarilə qeyd olunan tarixə ölkədə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə müvafiq dəqiqləşmələr aparılmaqla muzdlu işlə əlaqədar işçi sayları 1 milyon 480 min 925 nəfərə çatdırılmışdır.
Hazırda vergi orqanları fərdi əmək fəaliyyəti ilə məşğul olan, lakin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən və bununla da vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin müəyyən edilməsi istiqamətində işləri davam etdirirlər. Məlum olduğu kimi, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər iqtisadi fəal əhalinin tərkibinə daxil edilir. Yəni, həmin şəxslər məşğul əhali hesab olunur, gördükləri işlərin müqabilində gəlir əldə edirlər. Vergilər Nazirliyi hazırda həmin şəxslərin vergi uçotuna alınaraq vergilərin düzgün ödənilməsi ilə bağlı vətəndaşlara yazılı bildirişlər göndərir, qanunvericiliyin tələbi və vergi orqanlarında uçota durmağın vacibliyi onlara izah olunur.
İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması, əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.