Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində 2012-ci il Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olmuş, qeyri-neft sektoru yüksək templə artmış, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir.
Əhalinin rifah halının yüksəlməsi prosesi sürətlənmiş, milli iqtisadiyyatın beynəlxalq reytinqləri yüksəlmiş, strateji valyuta ehtiyatları artmışdır. Çevik makroiqtisadi siyasət, o cümlədən Mərkəzi Bankın pul siyasəti nəticəsində 2012-ci ildə qiymətlərin sabitliyi qorunmuş, inflyasiya birrəqəmli səviyyədə olmuşdur. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin olunmuş, sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlmişdir.
2013-cü ilin pul və maliyyə sabitliyi siyasətinin başlıca istiqamətləri 2012-ci ilin sosial-iqtisadi və makroiqtisadi nəticələri, xarici və daxili iqtisadi mühit üzrə gözləntilər və proqnozlar, qlobal risklər və milli iqtisadiyyatın qarşısında duran yeni inkişaf çağırışları nəzərə alınmaqla formalaşdırılmışdır. Qeyri-neft sektorunun iqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyinə çevrilməsi iqtisadi strategiyanın başlıca prioritetidir. Bu prioritetin həyata keçirilməsi tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında, nəticədə “inklüziv” inkişafın təmin edilməsində və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amildir.
Son onillikdə əldə olunmuş nailiyyətlər təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir.
2012-ci ildə Azərbaycan iqtisadiyyatı qeyri-sabit qlobal iqtisadi mühitdə öz inkişafını uğurla davam etdirmişdir. Ölkənin xarici iqtisadi mövqeyi əlverişli olmuş, iqtisadiyyatın şaxələnməsi və yeni iş yerlərinin açılması prosesi sürətlənmiş, dövlətin sosial-iqtisadi inkişafa aktiv dəstəyi iqtisadi artımda mühüm rol oynamışdır.
Ötən il cari əməliyyatlar balansında iri həcmli profisit yaranmışdır. Bu profisitin ümumi daxili məhsulda xüsusi çəkisinə görə (20 faizdən çox) Azərbaycan MDB ölkələri arasında liderdir.
İxracı təşkil edən məhsulların qiymətləri idxalı təşkil edən məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə artmışdır. Keçən il ixracın həcmi idxalın həcmini 2,6 dəfə üstələmiş, qeyri-neft əmtəə ixracı 22 faiz artmışdır. Qeyri-neft ixracının artması xarici tələbin iqtisadi artıma müsbət təsirini təmin edir. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 29 faiz artmışdır.
Strateji valyuta ehtiyatları 11 ayda 14,7 faiz artmış və 46,5 milyard dolları ötmüşdür. Bu, 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir və xarici dövlət borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar ümumi daxili məhsulun 70 faizinə çatır və bu göstərici üzrə ölkəmiz dünyada ilk 15-likdədir.
Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 14 faiz artaraq 12 milyard dollara yaxınlaşmışdır. 2013-cü ildə Mərkəzi Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırmışdır. Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun diversifikasiyasını nəzərdə tutur.
2012-ci ilin 11 ayında ümumi daxili məhsul (ÜDM) 1,2 faiz, o cümlədən qeyri-neft sektorunda 9,7 faiz artmışdır. İqtisadi aktivliyin dövlət tərəfindən dəstəklənməsi qeyri-neft iqtisadiyyatının artım dinamikasına müsbət təsir göstərmişdir. Ümumilikdə il ərzində iqtisadi aktivlik gözləntiləri optimist olmuş, istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayı artmışdır.
Daxili tələb, o cümlədən son istehlak xərcləri və investisiyalar iqtisadi artımda mühüm amil olmuşdur. Ötən ilin 11 ayında əhalinin adambaşına düşən nominal pul gəlirləri 12,2 faiz, son istehlak xərcləri isə 6,5 faiz artmışdır. Mərkəzi Bankın real sektorun 350-yə qədər müəssisəsi üzrə apardığı monitorinqə görə ticarət şəbəkəsində əmtəə ehtiyatlarının azalması istehlak tələbinin yüksəldiyini təsdiq edir.
Məcmu tələbin artmasında investisiya aktivliyinin yüksəlməsi də mühüm rol oynamış, ötən ilin 11 ayında qeyri-neft iqtisadiyyatına investisiyalar 26 faiz artmışdır. Dövlət büdcəsinin xərcləri daxili investisiyaları artıran əsas amillərdən biri olmuşdur. Dövlət investisiyalarının 16 faiz artması qeyri-neft sektorunda investisiya fəallığını daha da yüksəltmişdir.
Qeyri-neft sektorunda yüksək iqtisadi aktivlik ölkədə məşğulluğun artmasına şərait yaratmışdır. Ötən ilin təkcə 9 ayında 92 mindən çox yeni iş yerləri açılmışdır.
Ölkə iqtisadiyyatının beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlik hesabatında Azərbaycan daha 9 pillə irəliləmişdir. Makroiqtisadi dayanıqlıq üzrə ölkə dünyada ilk 20 dövlət sırasındadır. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini “stabil” olaraq qiymətləndirirlər.
2012-ci ildə Mərkəzi Bank fəaliyyətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi hədəflərin həyata keçirilməsinə yönəltmiş, həmçinin maliyyə vasitəçiliyinin inkişafını təşviq etmişdir.
İqtisadiyyatın “təbii məşğulluq həddi”nə yaxınlığı şəraitində istehlak qiymətlərinin artım tempində 2011-ci ilin ikinci yarısından başlanan enmə 2012-ci ildə də davam etmişdir. Keçən il inflyasiya birrəqəmli səviyyədə olmuş, orta illik inflyasiya 11 ayda cəmi 1,2 faiz təşkil etmişdir. Bu, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz bəndi aşağıdır. Ölkədə əmək haqqının artım tempi inflyasiya tempini 7,3 faiz üstələmişdir. Ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiya tempi Azərbaycandakı inflyasiyanı 5 faiz bəndi üstələmişdir. Müqayisə üçün, BVF 2012-ci ildə inkişaf etməkdə olan ölkələrdə orta inflyasiyanın 6,1 faiz təşkil edəcəyini proqnozlaşdırır.
Ötən ilin 11 ayında kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi 0,3 faiz azalmışdır. Bu, əsasən bitkiçilik məhsulları üzrə müşahidə olunmuşdur. Həmçinin, qeyri-neft sənayesinin əksər sahələrində qiymət azalması (qida, metallurgiya, kimya, ağac emalı və.s.) baş vermişdir. İstehlak bazarı ilə yanaşı, daşınmaz əmlak bazarında da qiymətlər əsasən sabit qalmışdır.
Ötən il ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklif tələbi üstələmişdir. Bu şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün cari ildə Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirilmişdir. Nəticədə dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi ümumən sabit qalmış və cəmi 0,2 faiz möhkəmlənmişdir.
Ümumilikdə son 15 ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin orta illik dəyişməsi tempi 1 faizdən az olmuşdur. Məzənnənin sabitliyi ölkədə makroiqtisadi və maliyyə sabitliyinə, milli valyutaya inamın möhkəmlənməsinə və dollarlaşmanın azalmasına müsbət təsir göstərmişdir. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi ötən ilin 11 ay ərzində 4,3 faiz ucuzlaşmışdır. Bu, bir tərəfdən, manatın məzənnəsinin əlverişli səviyyədə saxlanması, digər tərəfdən isə tərəfdaş ölkələr ilə müqayisədə daxili inflyasiyanın aşağı səviyyəsi hesabına baş vermişdir. Real effektiv məzənnənin ucuzlaşması son nəticədə qeyri-neft sektorunun rəqabət qabiliyyətini (xarici bazarlarda qiymət üstünlüyünü) yaxşılaşdıran mühüm amildir.
2012-ci ildə bank aktivlərinin keyfiyyətinin, likvidlik və rentabellik göstəricilərinin yaxşılaşması müşahidə olunmuş, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə olmuşdur. Real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının kredit portfelində xüsusi çəkisi cəmi 6,4 faiz olmuşdur ki, bunun da yarısı banklar tərəfindən yaradılmış ehtiyatlarla örtülür. Sektorun kapital mövqeyi qənaətbəxş səviyyədədir. Kapitalın adekvatlıq göstəricisi 12 faizlik normaya qarşı 15,7 faiz təşkil edir. Məcmu kaptalın həcmi ötən ilin 11 ayında 30 faiz artmışdır.
Ötən il əhalinin bank sisteminə etimadı daha da güclənmiş, əmanətlər 15,6 faiz artaraq 4,8 milyard manata çatmışdır. Müddəti 1 ildən yuxarı olan əmanətlərin həcmi 17,4 faiz artmışdır. Manatla əmanətlərin artım tempi (23 faiz) xarici valyutada əmanətlərin artım tempini (6,5 faiz) əhəmiyyətli üstələmişdir. Regionlarda əmanətlərin həcmi 16 faiz artmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanına uyğun olaraq keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanmışdır.
2013-cü ildə xarici tələbin və əsas ixrac əmtəələrinin dünya qiymətlərinin ölkənin tədiyə balansına müsbət təsir edəcəyi proqnozlaşdırılır. Eyni zamanda qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Bu amillər 2013-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 15-18 faizi səviyyəsində profisitin olacağını gözləməyə əsas verir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması üçün əlverişli şərait yaradır. Bütün bunlar son nəticədə növbəti ildə də ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcəkdir. Tədiyə balansının proqnozlaşıdırılan vəziyyəti manatın məzənnəsinə təsir edən fundamental makroiqtisadi amil olacaqdır.
Rəsmi proqnozlara görə, 2013-cü ildə ölkədə iqtisadi artımın 5,3 faiz, o cümlədən qeyri-neft sektorunda 11,7 faiz olacağı gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ildə ölkədə iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar. Qeyri-neft sektorunda artımın 2013-cü ildə də əsasən daxili tələbdən təsirlənəcəyi gözlənilir.
Orta və uzunmüddətli dövrdə iqtisadi artımın daxili və xarici mənbələri arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac sektorunu inkişaf etdirmək, bu əsasda iqtisadi artımın, məşğulluğun, büdcənin və tədiyə balansının dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bütün bu prioritetləri əhatə edir.
Bu strateji prioritetlərin həyata keçirilməsinin təməl şərtlərindən biri makroiqtisadi sabitlikdir. Belə ki, daxili inflyasiya tempinin tərəfdaş ölkələrdəki orta çəkili inflyasiya tempinə nəzərən aşağı olması ixrac bazarlarında qeyri-neft məhsullarının qiymət üstünlüyünü təmin edir. Bu baxımdan tədiyə balansının profisiti şəraitində inflyasiyaya təsir etmək üçün pul kütləsinin artım templərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, manatın məzənnəsi də ixracın beynəlxalq rəqabət qabiliyyətinə təsir edir.
Bütövlükdə, 2013-cü ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ biləcək riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər manevr imkanlarına və adekvat strategiyaya malikdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.