Bu gün ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri də sığorta sektorudur. Azərbaycanda sığorta işinin tarixi hələ XIX əsrin ortalarından, daha dəqiq desək, 1848-ci ildə Bibiheybətdə ilk neft quyusunun qazılması ilə başlayır. Həmin dövrdə neft sənayesində müşahidə edilən canlanma sığorta işinin inkişafına da təkan vermişdir. Azərbaycanda ilk dəfə 1894-cü ildə “Bakı şəhər oddan qarşılıqlı sığorta cəmiyyəti” fəaliyyətə başlamışdır. Bu qurumda əsasən sənayeçilərin qarşılıqlı sığortası, yanğından sığorta, vətəndaşların şəxsi əmlakının sığortası kimi xidmətlər təklif olunrdu. 1912-ci ilə olan məlumata görə, Birinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda 30-dan artıq sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərmişdir.
Həmin dövrdə Azərbaycanda xarici sığorta şirkətlərinin filialları da öz xidmətlərini təklif edirdi. Onlardan əsasən dəniz gəmilərinin sığortası üzrə ixtisaslaşmış ingilis şirkəti “Lloyd”un filialları, habelə “Rus Lloyd”un və Almaniyadan olan ingilis şirkətinin iki nümayəndəliyi, Rusiya və İranin sərhəd limanlarına qədər daşınan yüklərin sığortası ilə məşğul olan “Repman və Rust” ticarət evi ilə təqdim edilən “Şimali Alman Lloyd”u, həmçinin gəmilərin və yüklərin sığortasını aparan “Alman, Livantiya xətti” cəmiyyəti fəaliyyət göstərmişdir. Həmçinin baş ofisi Peterburqda yerləşən “Avtomobillərin sığortası” şirkətinin nümayəndəliyi Bakıda da fəaliyyət göstərirdi. Görkəmli mesenatlar Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da bu sığorta xidmətlərindən öz işgüzar fəaliyyətlərində faydalanırdılar.
Birinci Dünya müharibəsi, ardınca vətəndaş müharibəsi, eləcə də Oktyabr inqilabı və bütün bu hadisələrin nəticələri sığorta sahəsinə mənfi təsir göstərmiş, özəl və səhmdar sığorta cəmiyyətləri milliləşdirilmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra isə 1922-ci ildən başlayaraq bütün SSRİ-də sığorta dövlət inhisarına alınmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra 1993-cü ildə sığorta fəaliyyətini tənzimləyən mühüm sənəd – “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Gələcək illər üçün ölkəmizdə sığortanın inkişafı məqsədilə müvafiq konsepsiya da hazırlandı. Elə həmin il Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqı təsis edildi. İttifaqın məqsədi ölkədə sığorta təşkilatlarının səylərini bir araya gətirmək, sığorta bazarının inkişafına yardım göstərmək, qarşılıqlı fəaliyyətin koordinasiyası, dövlət strukturları, beynəlxalq qurumlar və digər təşkilatlarla münasibətlərdə öz üzvlərinin mənafeyini müdafiə etmək idi.
Ümummilli lideri Heydər Əliyev 1994-cü ildə çıxışlarının birində demişdir: “Sığorta - Azərbaycan üçün nisbətən yeni və sonuna qədər öyrənilməyən bir sahədir. Biz, şübhəsiz ki, sığorta bazarını inkişaf etdirməliyik. Amma bunu savadlı və peşəkarcasına etmək lazımdır.” Elə bu kəlamı rəhbər tutan iş adamlarımız 1995-ci ildən sığorta sahəsinə daha çox maraq göstərməyə başladılar. Qısa zamanda yeni-yeni özəl sığorta şirkətləri yaranmağa başladı və həmin strukturlarda çalışan milli kadrlar beynəlxalq aləmdə müvafiq sahəyə aid baş verən yenilikləri qıza müddətdə ölkəmizdə tətbiq etməyə başladılar. Beləliklə, sığorta bazarında tətbiq edilən yeniliklər müştərilərdə bu sahəyə inamı get-gedə artrdı.
Son illər Azərbaycanda aparılan məqsədyönlü islahatlar nəticəsində ölkə iqtisadiyyatının artan templə inkişaf etməsi, respublikamızda sığorta bazarının inkişafına da müsbət təsir göstərməkdədir. İldən-ilə insanların şüurunda sığorta mədəniyyəti yaxşılığa doğru dəyişir. Düzdür, Azərbaycan cəmiyyətində sığorta sahəsində bilgilərin az olması və maarifləndirmə işinin zəif aparılması bu gün daha yüksək uğurlar əldə edilməsinə əngəl törədir. Həmçinin bu sahədə təbliğat işinin, reklam kampaniyalarının aşağı səviyyədə olması da sığortaya olan inamı daha da artırmağa imkan vermir.
Etiraf edək ki, son vaxtlar sığorta bazarının inkişafına təsir edən amillərdən biri də Azərbaycan Respublikaısı Prezidenti İlham Əliyevin 2010-cu il may ayının 11-də imzaladığı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və bu qanunun tətbiqi ilə bağlı sığorta bazarında müşahidə olunan canlanmadır. Qeyd olunan qanun hamını, xüsusən də işəgötürənlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan qanun ölkə vətəndaşlarının bütün təbəqələri, xüsusilə də istehsalatda çalışanlar və işəgötürənlər üçün çox aktualdır. Onu da bildirək ki, qanunun icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün yeni sığorta şirkətləri yarandı. Bunlar “Atəşgah Həyat” Sığorta Şirkəti, “Paşa Həyat Sığorta” ASC və “Qala Həyat” Sığorta Şirkəti ASC-dir. Xatırladaq ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2010 - cu ilin dekabrından tətbiq olunmağa başlamışdır.
İlk olaraq qeyd edək ki, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaçılar həyat və qeyri-həyat sığorta sahələri üzrə fəaliyyət göstərə bilər. Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan icbari sığortadır. Deməli, bu sığorta növü əmək fəaliyyəti ilə məşğul olan hər bir işçinin gələcəkdə xoşagəlməz hallarla rastlaşdığı zaman onun xeyrinə yönələn bir addımdır. İşəgötürənin vəzifəsi ilk növbədə, işçinin əmək qabiliyyətinin qismən itirilməsi, həmçinin dünyasını dəyişməsi zamanı ona və yaxud varislərinə çatacaq məbləği müvafiq sığorta şirkəti ilə razılaşdıraraq sığorta müqaviləsi bağlamaqdır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və ya onun varisinə-faydalanan şəxsə ödənilir.Məlumat üçün deyək ki, həyat sığortası xidməti hələ XX əsrin əvvəllərində bir sığorta növü olaraq Azərbaycanda təqdim olunmuşdu. Hazırda həyat sığortası özünün intibah dövrünü yaşayır desək, yəqin ki, yanılmarıq.
Bildiyiniz kimi, ölkəmiz gündən-günə dəyişir, hər yerdə tikinti-quruculuq işləri geniş vüsət alıb.Təbii ki, işin həcmi artdıqca tikinti sektorunda çalışanların sayı da ilbəil artır. Lakin heç də həmişə bu tikinti sahələrində təhlükəsizlik normalarına lazımi şəkildə riayət edilmir. Nəticədə istehsalatda xoşagəlməz hadisələr baş verir. Təəssüf ki, analoji hallar sənaye obyektlərində də mövcuddur. Məhz bu qanun sadaladığımız problemi həll etməyə, işəgötürən şirkəti hər bir işçi üçün məsuliyyəti daha da artırmağa sövq edir. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, qanunda birmənalı şəkildə qeyd olunur ki, “...Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün işəgötürən təşkilat və müəssisələr, həmçinin dövlət orqanları öz işçilərini icbari qaydada sığortalamalıdırlar”.
Hazırda Azərbaycanda 28 sığorta şirkəti və bir təkrarsığorta şirkətinə lisenziya verilib. Bunlardan yalnız 3-ü həyat sığortası üzrə ixtisaslaşıb. Ümumilikdə isə, 2012-ci ildə 28 sığorta şirkətinin topladığı sığorta haqları 342 milyon 519 min 346,82 manat, sığorta ödənişləri isə 93 milyon 860 min 881,77 manat təşkil etmişdir.
Statistik məlumatlara görə, 2012-ci ilin yanvar-oktyabr aylarında “PAŞA Həyat Sığorta” ASC tərəfindən sığorta hadisələri üzrə 252 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Bununla yanaşı, son bir il ərzində şirkətin topladığı sığorta haqlarının həcmində də ciddi artım müşahidə olunub. Belə ki, 2012-ci ilin ilk 10 ayında şirkət tərəfindən toplanılan sığorta haqlarının həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,936 milyon manat və ya 66 faiz artaraq 12,459 milyon manata çatıb.
Faklardan da göründüyü kimi, sığorta sahəsindəki inkişaf davamlı xarakter daşıyır. Əldə olunan uğurlarda bu sahədə çalışan peşəkar kadırların rolu danılmazdır. Çünki əməkdaşlara yaradılan şərait, müvafiq qanunların təbliği istiqamətində müştərilərlə aparılan məqsədyönlü iş, eləcə də kadrların düzgün seçilməsi istənilən şirkətin müvəffəqiyyət qazanmasında əsas amillərdəndir.
Ötən ilin dekabrında “PAŞA Həyat Sığorta” ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə iri sığorta ödənişini həyata keçirmişdir. Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş vermişdir. Belə ki, “PAŞA Həyat”da sığortalanan həmin müəssisənin işçisi istehsalat prosesi zamanı bədbəxt hadisə nəticəsində həyatını itirmişdir. Sığorta şirkəti tərəfindən vəfat etmiş həmin işçinin faydalanan şəxslərinə 50 min manata yaxın pul ödənmişdir. Onu da qeyd edək ki, belə ödənişlər müxtəlif vaxtlarda həyat sığortası ilə məşğul olan digər şirkətlərdə də həyata keçirilmişdir.
Əlbəttə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxsin həyatını heç nə ilə geri qaytarmaq mümkün deyil. Lakin qəfildən dara düşmüş ailəyə qeyd olunan birdəfəlik məbləğin verilməsi az da olsa təsəllidir. Məhz bu kimi hallarla rastlaşan zaman dara düşmüş ailələr sığorta şirkətlərinin fəaliyyətinin və qanunun nə qədər vacib addım olmasını bir daha təsdiqləyirlər.
Etiraf edək ki, yuxarıda adıçəkilən qanun-“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu bu gün tam gücü ilə işləmir. Bu baxımdan sığorta şirkətlərinin qarşısında duran daha bir vacib məsələ isə həyat sığortası haqqında qanunun tətbiqini bütün idarə, müəssisə və təşkilatlarda həyata keçirilməsinə nail olmaqdır. Bunun üçün, lazım gələrsə, həyat sığortası üzrə fəaliyyət göstərən yeni şirkətlər yaradılmalı, əhalinin bu işə marağını artırmaq üçün çevik siyasət aparmaqla yeni texnologiyaların tətbiqinə başlanmalıdır. Unutmaq olmaz ki, bədbəxt hadisənin baş vermə vaxtını əvvəlcədən müəyyən etmək mümkün deyildir. Buna hazır olmaq üçün isə yetər ki, çalışdığınız idarə və təşkilatlarda, özəl qurumlarda həyatınızın sığortalanmasına nail olun.
Qanunun icrasına nəzarət edən müvafiq dövlət qurumları da öz fəaliyyətlərini gücləndirməli, ilk növbədə sığorta şirkətləri ilə işəgötürənlərin birgə əməkdaşlığına nail olmaq üçün zəruri addımlar atmalı, qanunu pozanlara qarşı müvafiq cəza tədbirləri həyata keçirməlidirlər. Belə olarsa, yaxın gələcəkdə Azərbaycanda həyat sığortasının daha böyük inkişafının şahidi olacağıq.
Məqalə “PAŞA Həyat Sığorta” şirkətinin “Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları” mövzusunda jurnalistlər arasında elan etdiyi yazı müsabiqəsinə təqdim edilir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.