Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm uğurlar əldə edilir

 

 

Azərbaycan iqtisadiyyatı son doqquz ildə həyata keçirilən tədbirlər nəticəsində öz dinamik inkişafını qoruyub saxlamışdır. Respublikamız  hazırda iqtisadi inkişaf tempinə görə, dünyanın 10 aparıcı ölkəsi sırasındadır. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurmuş, orta gəlirli ölkələr siyahısında mövqeyini daha da möhkəmləndirmişdir. Ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 5,1 faizə qədər enmişdir.

Dövlət başçımızın regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci  Dövlət proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Həmin proqramların icrasına başlanandan, yəni 2004-cü ilin fevralından indiyə qədər ölkəmizdə bir milyondan çox iş yeri açılmışdır. Yeni iş yerlərinin yaradılması, müasir standartlara cavab verən müəssisələrin işə salınması istehsal olunan malların sayını  artırmış, ixracdan asılılığı azaltmışdır.

Son doqquz ildə aqrar sektorda da mühüm uğurlar əldə edilmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqrar sektorda  ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.  Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə, aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılmasına, aqrar bölməyə maliyyə dəstəyinin artırılmasına, bu bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsinə mühüm önəm verilmişdir.

Ötən dövrdə əldə olunan makroiqtisadi nəticələr milli iqtisadiyyatın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Bununla əlaqədar Prezident İlham Əliyev demişdir: “Son doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır. Doqquz ildə iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. İşsizlik kəskin şəkildə azalmışdır. Bir milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda işsizlik Azərbaycanda 5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim üçün problem deyildir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir. Dünya üçün, qitə üçün ən çətin böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Üç əsas beynəlxalq reytinq agentlikləri ”Moody’s”, “Fitch”, “Standard & Poors” Azərbaycanın kredit reytinqini artırırlar”.

Bu dövrdə Azərbaycanda 2,5 min kilometrdən artıq  respublika əhəmiyyətli, 4 min kilometrdən çox  yerli əhəmiyyətli avtomobil yolları, eyni zamanda 170-dən artıq körpü, tunel və yol bağlantıları istifadəyə verilmişdir. Son 10 il ərzində Azərbaycanda yük daşımalarının orta illik artımı 3,8, tranzit daşımaların orta illik artımı 6,6, sərnişin daşımalarının orta illik artımı isə 6,1 faiz təşkil etmişdir. Hazırda nəqliyyat sektorunun ÜDM-də payı 5,6 faizə çatmışdır.

Son illərin iqtisadi uğurlarından danışarkən informasiya-kommunikasiya texnologiyaları sahəsində qazanılan nailiyyətlər də xüsusi qeyd olunmalıdır. Azərbaycan MDB məkanında sabit telefon şəbəkəsini tam rəqəmləşdirən və bütün ərazisində beynəlxalq standart nömrələmə sisteminə keçən ilk ölkədir. Bu gün Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür. Bu isə ümumdünya orta göstəricisindən təxminən 40 faiz yüksəkdir. Ölkədə internet istifadəçilərinin sıxlığı 50 faizi ötmüşdür. Bu göstərici üzrə də Azərbaycan bölgədə qabaqcıl yerlərdən birini tutur. BMT-nin məlumatına görə, dünyanın 192 ölkəsi arasında elektron hökumətin yaradılmasındakı uğurlarına görə Azərbaycan 83-cü yerdədir. 2020-ci ildə ÜDM strukturunda İKT sahəsi aparıcı rol oynayacaqdır.

Dövlət başçısının daim diqqətində olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, müasir standartlara cavab verən yeni yaşayış qəsəbələrinin salınması, çoxmərtəbəli binaların tikintisi həyata keçirilmişdir. Görülən işlər nəticəsində məcburi köçkünlərin yoxsulluq səviyyəsi 4,1 dəfə azalmışdır. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 4,6 milyard  dollar, o cümlədən Dövlət Neft Fondundan 1 milyard dollar xərclənmişdir.

Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son illər ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində  nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci  və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, böyük əksəriyyəti daimi olmaqla ümumilikdə bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 6           faizə, işsizlik isə 5,3 faizə enmişdir. Büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artmışdır. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil etmişdir.

Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi böhran Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan həmin böhrandan Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur.

Ölkəmizin maliyyə vəziyyəti də getdikcə yaxşılaşır. İlin əvvəlindən  strateji valyuta ehtiyatlarımız artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 46,5 milyard dollar səviyyəsini keçibdir.

Uğurla reallaşdırılan inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2020-ci illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımı ilk növbədə əlverişli sahibkarlıq və biznes mühitinin nəticəsi kimi qiymətləndirilməlidir. Bazar iqtisadiyyatı tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin, dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində liberal bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermişdir. Bu baxımdan kiçik və orta sahibkarlıq subyektlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək “vahid pəncərə” prinsipi əsasında aparılması, gömrük orqanlarında da bu sistemin təşkili, texnoparkların yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər addımları xüsusi vurğulamaq lazımdır.

Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə mənfəət vergisinin 22 faizdən  20 faizə, fiziki şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsinin 35 faizdən 30 faizədək, fərdi sahibkarlar üçün isə 20 faizədək endirilməsi, habelə sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcminin 90 min manatdan 150 min manatadək artırılması biznes mühitinin liberallaşmasını təmin etmişdir. Modern idarəetmə texnologiyalarının tətbiqi ilə yanaşı, infrastrukturun müasirləşdirilməsi tədbirləri, bu sahəyə dövlət əsaslı kapital qoyuluşlarının həcminin ildən-ilə artması da biznesin inkişafına dəstək tədbirlərinin nəticəsidir.

Davamlı və dinamik inkişafa, sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi siyasət nəticəsində milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı yaxşılaşmışdır. Dövlət başçısı ötən doqquz ildə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm vermişdir. Məhz elə buna görədir ki, son illərdə fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır. Yeri gəlmişkən, cari  ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2327 investisiya layihəsinin maliyyələşdirilməsinə 209 milyon manatdan çox güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8800-dək yeni iş yerinin yaradılmasına imkan verir.

Son illər  investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artıb, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnir. Prezident İlham Əliyev bununla bağlı  demişdir: “Biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektora daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də  bunun böyük əhəmiyyəti vardır”.

Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünyanın əksər ölkələrindən fərqli olaraq, Azərbaycanın iqtisadi inkişaf səviyyəsi yüksəlir, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. Gələn il ÜDM-in həcmi 56 milyard manat təşkil edəcəkdir ki, bu da 2003-cü ilə nisbətən 8 dəfə çoxdur (2012-ci illə müqayisədə artım 4,7 milyard manat və ya 5,3 faiz təşkil edəcəkdir).

İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun 11,7 faiz artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.

Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişlənməsi, regionlarda və Bakıda yeni müasir standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir.

Sosial və digər xidmətlərdə 2013-cü ildə 8,6 faiz, növbəti 3 ildə orta illik 5,3 faiz artım, ticarətdə 2013-cü ildə 13 faiz, növbəti üç ildə  isə 9,3 faiz orta illik artım proqnozlaşdırılır. Qeyri-neft sektorunun dinamik artımı qeyri-neft ixracının da artmasına müsbət təsir edəcəkdir. Belə ki, qeyri-neft ixracı 2013-cü ildə 19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19,1 faiz artacaqdır.

 

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında