2012 - Müstəqil Müstəqil Azərbaycanın tarixə tarixə qovuşan uğurlar ili

Dünyanın dinamik və sabit inkişaf edən ölkələrindən sayılan Azərbaycan Respublikası 2012-ci ili də yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə yola saldı.

Dünyanın  dinamik və sabit  inkişaf edən ölkələrindən sayılan Azərbaycan Respublikası 2012-ci ili də  yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə yola saldı. Həyata keçirilmiş məqsədyönlü islahatların nəticəsidir ki, ötən  ilin on bir ayında ölkə üzrə ümumi daxili məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 48,2 milyard manata çatmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin on bir ayında ölkə üzrə əlavə dəyərin 50,5 faizi sənaye sahələrində, 9,9 faizi tikinti kompleksində, 5,7 faizi kənd təsərrüfatında, 4,8 faizi nəqliyyatda, 8,2 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi rabitədə, 12,7 faizi isə digər sahələrdə istehsal olunmuşdur.

Göründüyü kimi,  Azərbaycanda  əvvəlki illərdə müşahidə olunan iqtisadi sabitlik yola saldığımız 2012-ci ildə də davam etmişdir. Bu da təsadüfi deyil.  Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan artıq 19 ildən artıqdır  ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Bu da ölkəmizi regionda və dünyada mühüm tərəfdaşa və nüfuz sahibinə çevirir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımıza ünvanladığı müraciətdə demişdir: “Həyata keçirilən tədbirlər nəticəsində, əvvəlki dövrlərdə olduğu kimi, yola salmağa hazırlaşdığımız 2012-ci ildə də ölkəmizdə sosial-iqtisadi inkişaf prosesləri uğurla davam etmişdir. İqtisadi potensialın güclənməsi sosial, mədəni, hüquqi və digər sahələrə daha çox diqqət yetirilməsinə imkan yaratmış, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə və xaricdəki dostlarımızın sıralarının genişlənməsinə səbəb olmuşdur”.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü iqtisadi strategiyanın uğurla davam etdirilməsi, qlobal enerji layihələrinin reallaşdırılması Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələrinin sırasındakı mövqeyinin getdikcə möhkəmlənməsinə səbəb olur. Təsadüfi deyil ki, hazırda bir sıra  nüfuzlu beynəlxalq reytinq təşkilatları Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi göstəriciləri yüksək qiymətləndirir, iqtisadiyyatımızı rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyat kimi dəyərləndirirlər. Ötən ilin ən mötəbər beynəlxalq iqtisadi qurumlarından sayılan Davos İqtisadi Forumunun Azərbaycanı makroiqtisadi sabitliyə görə dünya miqyasında 18-ci yerdə göstərməsi də belə deməyə əsas verir ki, ölkəmiz öz uğurları ilə artıq kifayət qədər tanınır. Bundan əlavə, keçən ilin aprel ayında “Moody’s İnvestors Servise” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının suveren reytinqini “Ba1”-dən “Ba3”-dək yüksəltmişdir. Xatırladaq ki, ölkəmizə bu qiymət dövlət maliyyəsinin möhkəmlənməsi, Dövlət Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatlarının artması, qeyri-neft sektorunda artım tempi, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın diversifikasiyası üzrə addımların atılmasına görə verilmişdir. May ayında isə dünyanın daha bir mötəbər təşkilatı olan “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun ölkə və sahəvi riskləri üzrə qiymətləndirməsini başa çatdıraraq yekun qiymətini yaxşılaşdırmışdır.

Azərbaycan Respublikasının maliyyə imkanlarının ilbəil genişlənməsi bir sıra ümummilli proqramların, mühüm investisiya layihələrinin uğurla həyata keçirilməsinə əlverişli imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir  ki, son illər ölkə üzrə investisiya qoyuluşunun həcmi yüksək sürətlə artır. Bu da ölkə iqtisadiyyatının daha çox şaxələndirilməsinə, neft-qazdan asılılığın minimuma endirilməsinə imkan yaradır. Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məqama xüsusi diqqət yetirərək ilin ötən dövrü ərzində Azərbaycan iqtisadiyyatına 16 milyard investisiya qoyulmasını,  ölkə iqtisadiyyatına yönəldilən sərmayələrin  həcminin ilbəil artmasını yüksək uğur kimi dəyərləndirmişdir.

Yola saldığımız il ölkə  iqtisadiyyatı üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycan Respublikası daha bir qaz yatağının istismarına başlamışdır. Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağı ölkəmizin daxili imkanları, Dövlət Neft Şirkətinin gücü ilə istismara verilmişdir. Mütəxəssislərin rəyinə görə, adıçəkilən yataqda 200 milyard kubmetr qaz ehtiyatı mövcuddur ki, bu da  Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ölkəmizin ixrac potensialının da artmasına səbəb olacaqdır. Bundan əlavə, ötən ilin noyabr ayında ölkəmiz Avropanın eneji təhlükəsizliyinin təminatı üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən daha bir enerji layihəsinin icrasına başlamışdır. Bu, ölkəmizin regionda tərəfdaşlıq mövqeyinin bir qədər də güclənməsinə səbəb olacaq Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək təbii qazın Türkiyəyə və bu ölkə vasitəsilə digər Avropa dövlətlərinə çatdıracaq TANAP boru kəmərinin inşasına 7 milyard dollar vəsait xərclənəcək.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası çərçivəsində  əldə olunmuş gəlirlər ölkə iqtisadiyyatının şaxələndirilməsinə geniş imkanlar yaradır. Elə bunun nəticəsidir ki, hazırda ölkəmizin qeyri-neft sektorunda yüksək inkişaf və tərəqqi meyilləri müşahidə olunur. Təkcə onu demək kifayətdir ki, ötən ilin on bir ayında Azərbaycanda qeyri-neft sektoru 9,7 faiz artmışdır ki, bu da son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə həyata keçirilən davamlı islahatların bəhrəsidir. Bu həm də o deməkdir ki, Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığı getdikcə azalır.

Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə son dərəcə mühüm və iri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Bunun üçün isə külli məbləğdə maliyyə vəsaiti tələb olunur. Sevindirici haldır ki, ölkəmizin maliyyə imkanlarının ilbəil artması istənilən sosial və infrastruktur layihələrinin uğurla həyata keçirilməsinə imkan verir. 2012-ci ilin sonunadək Azərbaycanın strateji valyuta ehtiyatlarının təqribən 50    milyard dollara çatması isə bir daha sübut edir ki, ölkəmizin iqtisadi qüdrəti getdikcə artır və bu amil qarşıdakı illərdə yeni-yeni sosial və infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradacaq. Yeri gəlmişkən, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev Azərbaycanın strateji valyuta ehtiyatlarının hazırkı səviyyəsinin dünya miqyasında çox böyük rəqəm olduğunu diqqətə çatdırmış, ölkəmizin ərazi ölçülərinə və əhalinin sayına görə bu sahədə dünya dövlətləri ilə müqayisədə qabaqcıl yerlərdən birini tutduğunu  vurğulamışdır.

 Azərbaycanın 2012-ci ilin  dövlət büdcəsi  ötən 21 illik müstəqillik tariximiz üçün ən yüksək  göstərici olmuşdur. Heç şübhəsiz ki, bu amil ötən il üçün  nəzərdə tutulmuş bütün vacib sosial və infrastruktur layihələrinin uğurla reallaşdırılmasına imkan yaratmışdır. Həmin layihələrin siyahısının kifayət qədər geniş olması isə ona dəlalət edir ki,  Azərbaycanda nəzərdə tutulmuş işlərin reallaşdırılması üçün zəngin təcrübə, siyasi iradə, ən başlıcası isə güclü maliyyə dayaqları mövcuddur. Qeyd etdiyimiz kimi, artıq özünün dayanıqlı iqtisadi inkişafını təmin etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib infrastruktur layihələrinin reallaşdırılmasına yönəltmişdir. Hazırda istər paytaxt Bakıda, istərsə də regionlarda bu sahədə mühüm işlər görülür. Yola saldığımız 2012-ci ildə də ölkəmizdə bir sıra vacib sosial və infrastruktur layihələrinin icrası sahəsində yüksək nailiyyətlər əldə edilmişdir.

2011-ci il mayın 4-də dövlət başçısı tərəfindən qəbul olunmuş “Bakı şəhərinin və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində işlər getdikcə intensivləşir və ötən müddətdə paytaxtın ayrı-ayrı qəsəbələrində sosial və infrastruktur məsələlərinin həlli istiqamətində mühüm işlər görülmüşdür.  Belə ki, ötən dövrdə Bakı şəhərində və ətraf qəsəbələrdə yeni təhsil və səhiyyə müəssisələri tikilmiş, mövcud obyektlər əsaslı şəkildə təmir olunmuşdur. Ötən müddətdə, həmçinin şəhərətrafı qəsəbələrin yol infrastrukturunun əsaslı təmiri və yeni yolların tikintisi sahəsində  xeyli iş görülmüş, Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması ilə bağlı genişmiqyaslı tədbirlərin reallaşdırılmasına başlanmışdır. Ətraf qəsəbələrdə yaşayan sakinlərin elektrik enerjisi və “mavi yanacaq”la təminatının yaxşılaşdırılması üçün də çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Hazırda ölkəmizin bütün regionlarında da geniş quruculuq işləri aparılır, nəhəng infrastruktur layihələri reallaşdırılır. Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin bütün bölgələri üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Əvvəlki dövrlərdə olduğu kimi, 2012-ci ildə də Dövlət Proqramında əksini tapmış tədbirlərin uğurla reallaşdırılması regionların simasını əsaslı şəkildə dəyişmiş, gözəlləşdirmişdir. Yeri gəlmişkən, ötən ilin əvvəllərindən etibarən dövlət başçısı tərəfindən  ölkənin ayrı-ayrı şəhər və rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə xeyli məbləğdə vəsait ayrılmışdır ki, bu da  regionlarda bir sıra vacib məsələlərin həllinə təkan vermişdir.

Qeyd etdiyimiz kimi, son illər Azərbaycanda son dərəcə uğurlu investisiya siyasəti həyata keçirilir. Həmin siyasətin nəticəsi olaraq keçən ilin əvvəllərindən istər dövlət,  istərsə də özəl bölmənin vəsaitləri hesabına ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra obyektlər tikilib istifadəyə verilmişdir. Onların siyahısı isə kifayət qədər böyük olsa da, ölkəmizdə həyata keçirilən uğurlu investisiya siyasətinin məntiqi nəticəsi olan bəzi mühüm obyektlərin adını çəkməyə dəyər. Belə ki, ötən il Bakı şəhərində metal konstruksiyalar zavodu, “Holsim-Azərbaycan” ASC-nin yeni sement zavodu, Sabuncu rayonunun Balaxanı qəsəbəsində bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilmişdir. Bundan əlavə, Sumqayıt şəhərində “Azgüntex”,  Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının, eləcə də regionlarda bir sıra istehsal təyinatlı müəssisələrin istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşdirmə siyasətinin məntiqi nəticəsidir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkədə həyata keçirilən sənayeləşdirmə siyasəti ilə bağlı demişdir: “Ötən müddətdə qeyri-neft sənayemiz 7,7 faiz artmşdır. Bu da ölkədə gedən sənayeləşdirmə siyasətinin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, sənayeləşmə prosesi daha sürətlə getsin. Çünki bu bizim qeyri-neft istehsalımızı artıracaq, böyük iş yerlərinin yaranmasına gətirib çıxaracaqdır”.

Dövlət başçısı İlham Əliyev regionlarda yol infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsinə xüsusi diqqət yetirir və bu məqsədlə kifayət qədər maliyyə vəsaiti ayırır. Məhz bunun nəticəsidir ki, 2012-ci ilin on bir ayı ərzində bu sahədə xeyli iş görülmüş, Bakıda və regionlarda ən son texnologiyalar əsasında müasir və rahat yollar çəkilib istifadəyə verilmişdir. Bu baxımdan paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Beyləqan-Kəbirli-Baharabad, Astara-Kijəbə-Qəcimardə, Yevlax-Bərdə, Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolları, eləcə də bir sıra körpülər diqqəti cəlb edir.

Son illər Azərbaycanın turizm potensialının hərəkətə gətirilməsi istiqamətində də mühüm işlər görülür. Elə yola saldığımız 2012-ci ildə paytaxtda “Qafqaz Baku City Hotel ənd Rezidences”, “JW Marriott Absheron” və “Four Seasons”, həmçinin Şəki rayonunda “Shaki Palace”, Tovuzda “Ayan Palace”otellərinin istifaədəyə verilməsi də Azərbaycanın turizm ölkəsinə çevrilməsi sahəsində reallaşdırılan mühüm işlərdəndir. Bundan əlavə, ilin buraxılış obyektləri olan bir sıra təhsil və səhiyyə ocaqları, mədəniyyət və idman-sağlamlıq  mərkəzləri, eləcə də digər xidmət sahələri də vətəndaşların ümumi istifadəsinə verilmişdir. Bütövlükdə isə 2012-ci ilin on bir ayı ərzində Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1559,5 min kvadratmetr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 861 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 29908 şagird yerlik ümumtəhsil məktəbi, 985 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub istifadəyə verilmişdir.

2012-ci ili ölkəmizin kənd təsərrüfatı bölməsi üçün də uğurlu hesab etmək olar. Belə ki,  Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul edilmiş Azərbaycanda ərzaq təhlükəsizliyinə dair Dövlət Proqramına uyğun olaraq ilk dəfə ölkəmizdə iri fermer təsərrüfatlarının yaradılmasına başlanmışdır. Məlumat üçün bildiririk ki, ilk belə təsərrüfat Ağcabədi rayonunda 4800 hektar sahədə yaradılmışdır.  Bu məqsədlə 27,6 milyon manat dəyərində olan yeni bir layihə reallaşdırılacaq. Xatırladaq ki, həmin təsərrüfatda ildə 25 min ton yüksək keyfiyyətli taxıl istehsalı planlaşdırılır. Gələcəkdə isə ölkəmizdə 40-50 iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulur. 

Yola saldığmız 2012-ci ildə ölkə vətəndaşlarının həyat səviyyəsinin  yaxşılaşdırılması istiqamətində də bir sıra zəruri addımlar atılmışdır. Bu baxımdan  SSRİ dövründə vətəndaşların Əmanət Bankında qalmış əmanətlərin qaytarılması ilə bağlı çoxdan gözlənilən  vacib bir məsələnin müsbət həllini tapmasını xüsusi qeyd etmək olar. Xatırladaq ki, dövlət başçısı tərəfindən atılımış bu humanist addımın nəticəsi olaraq keçmiş əmanətçilərə 1 milyard manat vəsaitin qaytarılması nəzərdə tutulmuşdur. Artıq rəsmi məlumatlara görə, ötən il dekabr ayının 1-dək  həmin vəsaitin 481 milyon manatı “Kapital Bank” ASC tərəfindən  əmanətçilərə qaytarılmışdır.

Göründüyü kimi, Azərbaycan Respublikası özünün  tarixi müstəqilliyinin bərpasının 21-ci ilini yüksək sosial-iqtisadi uğurlarla,  həmçinin  mədəniyyət və idman sahələrində bir sıra nailiyyətlərlə qeyd etmişdir. Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bu məqama toxunaraq demişdir: “Dünyanın ayrı-ayrı regionlarında neçə illərdir ki, davam edən iqtisadi-maliyyə böhranlarının, Cənubi Qafqazda yaşanan müharibə və qarşıdurmaların, etnik separatçı hərəkatların yaratdığı acınacaqlı mənzərələrin fonunda və qlobal maraqların toqquşduğu mürəkkəb bir regionda Azərbaycanın dinamik inkişafı 2012-ci ildə də davam etmiş, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələlər vahid proqram əsasında öz həllini tapmışdır”.  Qarşıdakıl illərdə isə ölkəmizi yeni-yeni tarixi nailiyyətlər, uğurlu sosial-iqtisadi inkişaf gözləyir. 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında