Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2013-cü il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə 2012-ci il 13 dekabr tarixli fərman imzalayıb. Sənədə əsasən gəlirlərin dövlət büdcəsinə daxil olmasını təmin etmək üçün dövlət orqanları və müəssisələr üzrə tapşırıqların minimum hədləri müəyyən edilib.
Fərmanla gələn ilin büdcəsinin gəlirləri hissəsində Vergilər Nazirliyi üzrə 6400 milyon manat, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi 1150 milyon manat, Azərbaycan Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) 1490 milyon manat, qeyri-neft sahələri üzrə vergilər və vergi olmayan ödənişlər 3760 milyon manat, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1380 milyon manat vəsaitin daxil olması nəzərdə tutulub.
Son illər Azərbaycanın dövlət gəlirlərindəki artımlar digər makro-iqtisadi göstəricilərdə də kəskin artımların müşahidə edilməsinə səbəb olub. Belə ki, 2004-2011-ci illərdə ölkəmizdə ümumdaxili məhsul 3, dövlət büdcəsinin gəlirləri isə 13 dəfə artıb. Cənab İlham Əliyev artıq ölkə üçün növbəti 10 ildə Azərbaycanda ÜDM-də artımın ən azı iki dəfə olması ilə bağlı yeni hədəf də müəyyənləşdirib. Məhz dövlət büdcəsindəki artım templəri həmin hədəfin də reallaşacağına inam yaradır.
Azərbaycanda büdcə stabilliyi müşahidə edildiyi bir zamanda Avropa ölkəlırində ciddi büdcə kəsiri qeydə alınmaqdadır. Qeyd etmək lazımdır ki, maliyyə ilinin sonuna yaxınlaşdığımız üçün dünya dövlətlərinin iqtisadi müstəvidə müzakirə etdiyi ən önəmli məsələ yeni ilin büdcəsinin proqnozlaşdırılıb qəbul edilməsidir. Qlobal iqtisadiyyatda yaşanan qeyri-müəyyənliyi və resesiyyanı nəzərə aldıqda inkişaf etmiş ölkələrdə büdcə müzakirələrinin necə gərgin şəraitdə keçdiyini təsəvvür etmək çətin deyil. İqtisadiyyatlarda yaşanan durğunluğun büdcə kəsirinin artımı ilə təzahür etməsi dövlətləri həddən çox borc yükü ilə üz-üzə gətirib.Yaranmış vəziyyətdən konkret çıxış yolu tapmaqda Avropa ölkələrində admnistrativ qurumlar 2 hissəyə ayrılıb. Birinci yanaşma bu ölkələrdə büdcə xərclərində azaltmanı (infrastruktur layilərinin dayandırılması, sosial xərclərdə ixtisarlar, büdcədən maliyyələşən təşkilatlarda işçilərin ixtisar edilməsi və hətta əmək fəaliyyətindən pensiyaya çıxma yaşının artırılması kimi bir çox tədbirlər görməklə), ikinci isə həmin dövlərdə vergiləri artırmaq, dövlətə məxsus müəssisələri özəlləşdirmək və s. variantlarla büdcənin gəlirlər hissəsindəki artımı reallaşdırmaqda israr edirlər. 2008-ci il dünya maliyə böhranı və sonrakı durgunluq dövründə Azərbaycanda büdcənin dinamikasının təhlili göstərir ki, yenicə müstəqilliyini əldə etmiş ölkə bu müddət ərzində daim inkişafda olub.
Son 5 ildə dövlət büdcəsinin gəlirləri 3 dəfədən artıq çoxalıb
Dövlət büdcəsinin dəyişmə tempi və həcmi ölkə iqtisadiyyatı üçün bir növ güzgü rolunu oynayır. Bu məqsədlə də aşagıdakı qrafikdə Azərbaycanın dövlət büdcəsinin son illərdə hansı rəqəmlərlə ifadə olunduğunu görəcəksiniz.
Cədvəl 1: Dövlət büdcəsinin gəlirləri və xərcləri (milyard manatla)
Mənbə. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 2012
Göründüyü kimi son illərdə 2009-cu il istisna olmaqla, dövlət büdcəsi daim artıb ki, nəticədə 2007-ci illə müqayisədə 2013-cü ilin proqnozlaşdırılan büdcəsi təxminən 3,2 dəfə artaraq 6 milyard manatdan 19,2 milyard manata yüksəlib. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı bu illər ərzində bir necə dəfə böyüyüb və Qafqazda ən iri iqtisadi gücə çevrilib. Həmçinin Azərbaycan üçün xas olan müsbət xüsusiyyətlərdən biri isə odur ki, büdcə kəsiri çox az faizlərlə ifadə olunur. Hətta 2011-ci ildə dövlət büdcəsində 304 milyon manat profisit yaranıb.Onu da qeyd edək ki, ən çox büdcə kəsiri 2013-cü il ücün proqnozlaşdırılıb ki, bu da 691 milyon manat olmaqla ÜDM -ə olan nisbətdə cəmi 1,2 faiz təşkil edir. Bu göstərici hətta Avropa Birliyinin Maastriç kriteriyalarından belə 2,5 dəfə azdır. Xatırladaq ki, Maastriç kriteriyalarına görə AB ölkələrinin büdcə kəsiri ən çox halda ÜDM-ə nisbətdə 3 faizdən artıq olmamalıdır. Lakin hazırda əksər AB ölkələri bu kriteriyadan çox uzaqdadır.
Azərbaycan büdcəsi Qafqaz büdcəsinin 76 fazini təşkil edir
Son illər daim böyüyən Azərbaycan iqtisadiyyatı Qafqaz iqtisadiyyatının təxminən 76 faizini əhatə edir. Real təsəvvür formalaşdırmaq üçün aşağıdakı göstəricilərə nəzər yetirmək kifayətdir.
Cədvəl 2: 2011-ci il üçün Qafqaz ölkələrinin ümumi iqtisadi göstəriciləri (milyard dollarla)
Mənbə. Cənubi Qafqaz ölkələrinin statistika idarələrinin hesabatları, 2012
Cədvəl 2-də Qafqaz ölkələrində ÜDM-i, büdcə gəlirləri və büdcə xərclərini müqayisəli şəkildə göstərmişik ki, ümumi iqtisadi mənzərəni təsəvvür etmək asan olsun. Diqqət etsək, görərik ki, Qafqazın ÜDM-nin 71,8 faizi, büdcə gəlirlərinin 74,8 faizi, büdcə xərclərinin isə 73 faizi Azərbaycana məxsusdur. Əlbəttə ki, bu göstəricilər son deyil və ölkəni təbii resursları, coğrafi mövqeyi və iqtisadi ikanları nəzərə alınarsa Azərbaycan 2020-ci ilədək Qafqazdakı iqtisadi payını 82 faizə qədər artıracaq. Unutmaq lazım deyil ki, müstəqilliyin ilk illərində Ermənistan tərəfindən işğal edilmş 20 faiz Azərbaycan ərazisi faktiki olaraq ölkənin iqtisadi potensialından tam istifadə edilməsinə imkan vermir. Halbuki bu ərazilər ölkəmiz üçün çox əhəmiyyətli iqtisadi imkanlara və coğrafi mövqeyə malikdir. Cədvəl 2-də həmçinin onu da görürük ki, torpaqlarımızı işğal etmiş və faktiki olaraq bizimlə düşmən mövqedə dayanan Ermənistanın dövlət büdcəsi Azərbaycanla müqayisədə təxminən 9 dəfə azdır. Ermənistanın dövlət borcunun ÜDM-dəki payı 41,2 faiz olduğu halda, bu rəqəm öləmiz üçün 5,5 faizə bərabərdir. Daha dəqiq ifadə etsək 2011-ci il Ermənistanın ÜDM-i 14.28 milyard dollar olduğu halda, dövlət borcu 5,8 milyard dollar olub. Azərbaycanda analoji borc 3,5 milyard dollar, ÜDM isə 63,78 milyard dollar olub. Hazırda Azərbaycan Qafqazda ən az dövlət borcu olan ölkədir.
Vergi yığımları
28 faiz artıb
Azərbaycan son illər, xüsusən də 2003-cü ildən başlayaraq, sürətli iqtisadi inkişaf yolu kecmişdir. Bu sahədə əldə edilən uğurlar dövlət büdcəsinin ötən 9 ildə təxminən 14 dəfə, 2013-cü ilin proqnoz büdcəsi ilə müqayisədə isə 16 dəfə və ya 18 milyard manat artmasına səbəb olub. Bu illər ərzində büdcə gəlirlərinin mənbələrində müəyyən diversifikasiyalar baş verib. Nəticədə büdcə gəlirlərini təmin edən bölümlər müxtəlif səbəblərdən ya atrım tempindən çox və yaxud da az sürətlə dəyişib. Dövlət budcəsinin gəlirlər qismindəki dəyişiklikləri aşağıdakı cədvəl vasitəsi ilə təsvir etməyə çalışaq;
Cədvəl 3: Dövlət büdcəsi gəlirlərinin növlər üzrə dəyişməsi.
Mənbə. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 2012
Göründüyü kimi, son illər Neft Fondundan transfertlərin büdcə gəlirlərindəki payı artmaqdadır. Buna səbəb isə son illər ölkəmizdə irihəcmli infrastruktur layihələrinin həyata kecirilməsi və iqtisadi fəaliyyət üçün normal şəraitin formalaşdırılması istəyidir. Son illər büdcə gəlirlərində gömrük rüsumlarının artması müsbət tendensiyadır. 2009-cu illə müqayisədə 2012-ci ildə bu bəndin büdcədəki payının 3,6 dəfə artması praqnozlaşdırılır. Artımın 2012 və 2013-cü illərə təsadüf etməsinə səbəb 2011-ci ildən etibarən DGK-da vahid pəncərə sisteminin tətbiq edilməsidir. Bu addım DGK-da korrupsiyanın qarşısını almaq və şəffaf əməliyyat mühitini formalaşdırmaq məqsədi ilə atılıb.Və cox tez bir zamanda nəticənin əldə edilməsi sevindirici haldır.
Vergilərin büdcədəki payı isə faiz nisbətində azalıb. Bu, o demək deyil ki, vergilərin ümumi məbləği azalıb. Lakin onun artım tempi büdcənin artım tempindən azdır.2010-cu ildə 4,3 milyard manat vəsait vergi vasitəsi ilə büdcəyə cəlb edilmişdisə bu məbləğin 2013-cü ildə 5,5 milyard manata yüksələcəyi gözlənilir. Göründüyü kimi, 3 il ərzində vergi yığımı 1,2 milyard manat və yaxud da 28 faiz artıb. Bu sahədə irəliləyişlərin olmasına baxmayaraq, görülməli işlər çoxdur. Çünki, müasir büdcə anlayışı gəlirlərin yenidən bölüşdürülməsi və dövlətin sosial siyasətinin üzü olaraq anlaşılır.
On il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 8 dəfə artıb
Milli gəlirin yenidən bölüşdürülməsində ən həssas nöqtə büdcə xərclərində ədalətlilik prinsipinin qorunması, səhiyyə, təhsil və sosial müdafiəyə ayrılan vəsaitlərin daim artırılması, həmcinin zaman və məkan prinsipini nəzərə almaqla əhaliyə müasir yaşam şəraitini təmin etməkdir. Büdcə xərclərinin son 5 illik dinamikasını aşağıdakı cədvəl vasitəsi ilə təsəvvür etmək daha asandır.
Cədvəl 3: Büdcə xəclərinin illər üzrə xarakteriktikası (faizlə)
Mənbə. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 2012
Diqqət etdikdə görmək olar ki, son illərdə dövlət qoyuluşlarının həcmi büdcə xəclərinin 1/3 -ni əhatə edir. Xüsusən də 2008 və 2011-ci illərdə bu sahəyə ayırılan vəsait dövlət büdcəsinin təxminən 40 faizini özündə əks etdirir. Yeni yaranmış ölkə kimi Azərbaycanda ciddi quruculuq işlərinin aparılması təbiidir. Ölkənin müharibə təhlükəsi ilə üz-üzə olması və Ermənistanın işğal etdiyi ərazilərdən sülh yolu ilə çəkiləcəyi fikrinin absurdluğu hökuməti məcbur edir ki, müdafiə xərclərini ilbəil artırsın. Bu proses ölkənin ərazi bütövlüyü təmin edilənədək davam etdirilməlidir.
Rəqəmlər göstərir ki, son 10 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 8 dəfədən çox artıb. Eyni zamanda, icrası artıq başa çatmış 2011-ci il büdcəsindən əməkhaqqının ödənişinə 2554 milyon manat (2010-cu illə müqayisədə 11,8 faiz artım), təqaüd və sosial müavinətlərə 1421,8 milyon manat (30,7 faiz artım), dərman və sarğı materiallarının alınmasına 132,2 milyon manat (15,5 faiz artım), ərzaq məhsullarının alınmasına 232,2 milyon manat (7,2 faiz artım) xərclənib.
Yuxarıdakı diaqramı təsvir etməkdə məqsədimiz ondan ibarətdir ki, hər il büdcədə müdafiə xərclərinə ayrılan vəsaitin artırılmasına baxmayaraq onun büdcənin ümumi xərclərində və ÜDM-dəki payı illər üzrə azalır.Halbuki, Azərbaycanın hərbi büdcəsini artırmasından ən cox narahatlıq keçirən və beynəlxalq aləmə car çəkən Ermənistanın dövlət büdcəsindən müdafiə xərcləri üçün ayırdığı xərclərin məbləği ümumi büdcə xərclərinin 22 faizini təşkil edir.
Büdcə gəlirlərindəki artım inflyasiya səviyyəsini 5 dəfəyə yaxın üstələyib
Dövlət büdcəsinin artım tempini infilyasiya səviyyəsi ilə müqayisə etmək əhəmiyyətlidir. Belə ki, bu zaman büdcənin real artımını təsəvvür etmək və bu böyümənin infilyasiyadan qaynaqlanma dərəcəsini ortaya çıxarmaq olar. Artıq icrası uğurla başa vurulmuş 2011-ci ilin dövlət büdcəsində büdcə gəlirlərindəki artım inflyasiya səviyyəsini 5 dəfəyə yaxın üstələmişdir ki, bu da artımların reallığını göstərən əsas faktorlardan hesab edilir.
Müqayisəli təhlil apardıqda görmək olar ki, 2009-cu il istisna olmaqla büdcənin artım faizi daim inflyasiyadan cox olub. 2009-cu ildəyaranmış vəziyyət isə qlobal maliyyə böhranının təsiri ilə baş verdi. Həmin il ilk dəfə olaraq dövlət büdcəsi əvvəlki illə müqayisədə 4,1 faiz az oldu. 2011-ci ildə isə inflyasiya büdcənin artım səviyyəsindən 4,8 dəfə az olub. Bu isə onu göstərir ki, milli iqtisadiyatın sürətli inkişafı dövlət büdcəsi vasitəsi ilə əhalinin sosial rifahının yaxşılaşmasına və müasir infrastrukturun formalaşmasına səbəb olub. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ölkədə neft hasilatının kəskin artması və xarici valyuta axının sürətlənməsi heç də ciddi inflyasiyaya səbəb olmadı.
Büdcə siyasəti qeyri-neft sektorundakı artımı stimullaşdırır
Hazırda ölkəmizdə prioritet məsələ ölkə iqtisadiyyatının neftdən asılılığın və dövlət büdcəsinə Neft Fondundan transfertləri azaltmaq, vergilərin payını isə artırmaqdır. Bu məqsəd iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin liberallaşdırılması və vergi yığımında şəffaflığı təmin edilməklə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində son illər bir çox layihələr həyata kecirilir, qanunvericilikdə yeniliklər edilir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar nəticəsində 2010-cu ildə neft sektorun ÜDM-dəki 55,6 faizlik xüsusi çəkisinin 2013-cü ildə 38,6 faizə qədər azalacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun payı 2011-ci ilin yekunlarına nisbətdə 2013-cü ildə 13,8 faiz artaraq 61,4 faizə yüksələcəyi gözlənilir. Nəticədə gələcək illərdə dövlət büdcəsində neftdən və Nefd Fondu transfertlərindən asılılıq azalacaq.
Azərbaycan Respublikası dövlət büdcəsi üçün xas olan müsbət tendensiyalardan biri isə büdcə kəsirinin az olmasıdır. Bu isə büdcənin gəlirləri və xərcləri arasında balanslaşdırmanın doğru aparılması və gəlirlərin proqnozlaşdırılması zamanı real vəziyyətin düzgün qiymətləndirilməsinə dəlalət edir.
Büdcə kəsirinin ÜDM-ə olan nisbəti son illər +0,6 faizlə -1,2 faiz arasında dəyişib. Büdcə kəsirinin ən yüksək həddi 1,2 faiz olmaqla 2012-ci il üçün proqnozlaşdırılıb. Lakin neftin il ərzində orta hesabla 100 ABŞ dollarından (neftin 2012-ci il ücün büdcədəki baza qiyməti 100 ABŞ dollar nəzərdə tutulub) baha olması, ilin 9 ayı ərzində büdcə xərclərinin 10 faiz kəsirlə yerinə yetirilməsi və əksinə, gəlirlərin 3,1 faiz artıqlaması ilə icrası deməyə əsas verir ki, büdcə kəsiri gözlənildiyi kimi olmaya bilər.
2013-cü ildə ÜDM-də qeyri neft sektorunun payının 11.9%, yaxud da 5.3 mlrd. manat artacağı gözlənilir.Orta aylıq əmək haqqında da 3.9%-lik artım proqnozlaşdırılır. Gələn il infilyasiyanında təktəqəmli olacağı düşünülür.
2013 -cü il büdcəsinin gəlirləri 12,4 faiz artacaq
2013-cü il dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 2,116 milyard manat artıq olmaqla 19,154 milyard manat planlaşdırılır. Vergilər Nazirliyinin xətti ilə daxil olmalarda qeyri-neft sektorunun payı 480 milyon manat və ya 14,6 faiz çox olacaq ki, bu da büdcənin ümumilikdə 12, 4 faizlik artımından çoxdur. Dövlət Gömrük Komitəsi vasitəsi ilə daxil olan gəlirlər 2012-ci illə müqayisədə 180 milyon manat və ya 15 faiz çoxdur. Bu sahədə də irəliləyiş mövcuddur. Ölkənin Bakı şəhəri istisna olmaqla digər rayon və şəhərləri üzrə gəlirlər 515 milyon manat olacaq ki, bu da 2012-ci illə müqayisədə 100,6 milyon və ya 24,3 faiz ARDNF-dən transfertlər, 33,4 faizini vergilər, 7,2 faiz Gömrük Komitəsindən daxillolmalar, 0,1 faiz isə sair gəlirlərdən təmin ediləcəyi proqnozlaşdırılıb. Büdcə layihəsində neftin qiyməti 100 ABŞ dolları nəzərdə tutulub. Dünyadakı geosiyasi vəziyyət nəzərə alındıqda, bura İrana tətbiq edilən embarqo səbəbi ilə hasilatın faktiki olaraq 30 faizə enməsi və Suriyada vətəndaş müharibəsinin davam etməsi ilə yanaşı, ölkəyə hakim olan iqtidarsızlıq neftin qiymətinin 2013-cü il 100 dollardan yuxarı olma ehtimalı artırır. Bu səbəbdən hesab edirik ki, 2013-cü il dövlət büdcəsinin gəlirləri artıqlaması ilə yerinə yetiriləcək.
2013-cü il büdcəsinin xərcləri 12,1 faiz artacaq
2013-cü il dövlət büdcəsinin xərcləri 19,8 milyard manat proqnozlaşdırılır ki, bu cari illə müqayisədə 12,1 faiz artıqdır. Gələn il büdcədən cari xərclərə 9955,5 milyon manat, əsaslı xərclərə 9073,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı isə 780, 7 milyon manat vəsaitin yönəldilməsi gözlənilir. Xüsusi əhəmiyyətli büdcə xərclərinin necə dəyişəcəyi aşağıdakı cədvəldə daha aydın görünür.
Cədvəldən də göründüyü kimi, gələn il artım büdcə xərclərinin əsas bəndlərinin hər birinə aid edilib. Lakin ümumi dövlət xidməti və sənaye və tikinti xərci bəndləri büdcə xərclərindəki ümum artımın 82,5 faizini və yaxud, 2,138 milyard manatlıq ümumi artımın 1,762 milyard manatını əhatə edir.
Səhiyyə və təhsilə ayrılan vəsaitlərdə uyğun olaraq 0,5 faiz və 1,2 faiz artırılıb. Ayrılan vəsaitlər əsasən bu sahədə çalışanların əmək haqlarının müəyyən qədər artırılması üçün nəzərdə tutulub. Sosial müdafiə və sosial təminat xərclərinə isə 27,8 milyon manat əlavə vəsait nəzərdə tutulub. Ümumilikdə isə ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər davam etdiriləcək. Belə ki, 2013-cü ildə büdcədən maliyyələşən və ya maliyyə yardımı alan elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, müdafiə və hüquq-mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının aylıq əməkhaqları və minimum əməkhaqqının həddi artırılacaq. Bu artım təxminən 700 min nəfərə şamil ediləcək.
2013-cü il dövlət büdcəsinin yerli xərclərində 16,9 faizlik artım nəzərdə tutulmaqla 1509,1 milyon manata çatdırılıb.
Bu isə 2013-cü ildə regionlarda sosial şəraitin yaxşılaşdırılmasına xidmət edəcək.
2013-cü il dövlət büdcəsində əsaslı xərclər üçün 9073,8 milyon manat vəsait nəzərdə tutulub. Bu isə cari illə müqayisədə 15,3 faiz artım deməkdir. Əsaslı xərclərin həcminin artırılması ÜDM-dəki böyümənin əsas amili olacaq. Ölkənin sosial-iqtisadi prioritetlərinə uyğun olaraq liberal investisiya mühitinin yaradılması və iqtisadi dayanıqlığın qorunması məqsədi ilə 2013-cü ildə də dövlət əsaslı vəsait qoyuluşu ilk növbədə tamamlanması nəzərdə tutulan infrastrukturların, sosial mədəni təyinatlı müəssisələrin tikintisinə, ölkənin müdafiə, milli təhlükəsizlik və digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə yönələcək.
2013-cü ildə büdcənin müdafiə xərcləri 121,3 milyon manat, yaxud da 8,6 faiz artırılmaqla 1528,5 milyon manata çatdırılıb. Ölkənin müharibə şəraitində olması və işğal edilmiş 20 faiz Azərbaycan torpaqlarının geri alınmasının dövlət və millət üçün müqəddəs borc olmasını nəzərə aldıqda müdafiə xərclərinin artırılması məqsədəuyğundur.Həmçinin, ölkənin iqtisadi gücünün artması onun müdafiə potensialına da töhfəsini verir ki, bu da təbiidir.
Bəhs etdiyimiz mövzudan da aydın görünür ki, Azərbaycan müstəqilliyini əldə etdiyi qısa zamanda sürətli sosial-iqtisadi inkişaf yolu kecib. Ölkənin təbii ehtiyatlarının düzgün dəyərləndirilməsı və ortaya qoyulan milli iradə tez bir zamanda Azərbaycanın dünyaya inteqrasiyasını təmin etmiş və hazırda Qafqazda tam müstəqil hərbi gücə və iqtisadi potensiala malik olan yeganə dövlətdir.Bu gün Azərbaycan sosial rifahın yaxşılaşdırılması, dağılmış infrastukturun bərpası kimi ciddi problemlərin həllində müvəffəqiyyət əldə etməklə yanaşı, ölkənin təhlükəsizliyi və müdafiəsi istiqamətində də xeyli işlər görüb, regionda strateji mövqeyini möhkəmləndirib.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.