“Azərbaycan sikkələri” kitabı dəyərli tarixi mənbə kimi maraq doğurur

Xalq Bankın “Xalq Əmanəti” layihəsi tərəfindən son “Azərbaycan sikkələri” adlı kitab da daxil olmaqla 2010-cu ildən indiyə kimi yeddinci nəşri işıq üzü görmüşdür.

Xalq Bankın “Xalq Əmanəti”  layihəsi tərəfindən son “Azərbaycan sikkələri” adlı kitab da daxil olmaqla 2010-cu ildən indiyə kimi yeddinci nəşri işıq üzü görmüşdür. Bundan əvvəlki nəşrlərə Böyükağa Mirzəzadənin “Rəngkarlıq və qrafika”, Məmməd Arazın “Seçilmiş əsərləri”, Maral Rəhmanzadənin “Rəgkarlıq və qrafika”, Hüseyn Arifin “Seçilmiş əsərləri”,  Xalidə Səfərova və Mahmud Tağıyevin “Rəngkarlıq və qrafika”, Səttar Bəhlulzadənin “Rəngkarlıq və qrafika” əsərləri daxil idi.

Bu əsərlərin nəfis tərtibatda və yüksək dizaynla nəşr edilməsində müəlliflər, tərtibatçılar, elmi redaktorlarla yanaşı, Xalq Bankın və onun kollektivinin də böyük əməyi olmuşdur.

Layihə rəhbəri R.Həşimovdur. Nəşrin koordinatoru M. Mərcanlı, tərtibatçısı isə A.Əmirovadır. Elmi redaktorları tarix elmləri doktoru, professor R.Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru T.Əfəndiyev olan “Azərbaycan sikkələri”  kitabı  tarixi, mədəni baxımdan çox nəfis tərtib edilmişdir. Kitaba ön sözü əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov yazmışdır. Alim yazır: “Azərbaycan sikkələri” kitabının ən uğurlu cəhətlərindən biri ondan ibarətdir ki, burada qədim Azərbaycan Albaniya dövlətinin sikkələrindən başlayaraq müasir dövrə qədər – təqribən 2500 il ərzində zərb olunmuş və kəsilmiş bütün Azərbaycan pullarının  qiymətli nümunələri öz əksini tapmışdır.

Ümumiyyətlə, “Azərbaycan sikkələri” kitabı son illərdə ölkəmizdə numizimatika elminə verilən ən böyük töhvələrdən biri sayılmalıdır. Kitabın  ərsəyə gəlməsinə böyük əmək sərf etmiş Azərbaycan alimi  Əli Rəcəbli bu alboma qədər “Azərbaycanın qədim və orta əsr sikkələri” albomunu, “Azərbaycan numizimatikası” monoqrafiyasını çap etmişdir.  Bu tədqiqatda alim  öz əsas vəzifəsini Azərbaycan dövlət sikkəsini əsl tarixi mənbə, çoxəsrlik Azərbaycan dövlətçiliyinin ən mühüm atributlarından biri kimi onun rolunu və əhəmiyyətini ön plana çəkməkdə görmüşdür. Bundan əlavə, son illər Numizimatika fonduna daxil olmuş yeni, nadir, unikal sikkələr hesabına kitab daha da zəngin olmuşdur.

Əsər Azərbaycanın sikkə işində əksini tapan uzaq və yaxın keçmişin tarixi reallıqları ilə əlaqədar, ölkə tarixinə maraq göstərən oxucular üçün də çox gözəl əyani vasitədir. Kitabı vərəqlədikcə antik dövrdən bu günə kimi Azərbaycanın sikkə işi və pul tədavülünün tarixini öyrənmək üçün daha geniş imkanların burada əksini tapmasının şahidi oluruq.

Oxucuların nəzərinə çatdıraq ki, “Azərbaycan sikkələri”  əsərində əksini tapmış maraqlı faktlardan biri də Makedoniyalı İsgəndərin adı ilə bağlıdır. Ümumən ölkə ərazisində numizimatik tapıntıların sistemli şəkildə qeydiyyata alınması yalnız ötən  əsrdən başlamışdır. Bu tapıntılara görə, Azərbaycanda ilk xarici ölkə sikkələri Makedoniyalı İsgəndərin (e.ə 336-323) sikkələridir. Bu sikkələr böyük fatehin yeni yaranmış dünya imperiyasının müxtəlif şəhərlərində zərb edilmiş gümüş draxmalar və tetradraxmalardır.

Kitabda XVIII əsrin II yarısında Şimali Azərbaycan xanlıqlarında sikkə işi ilə bağlı aparılan işlər  barədə geniş məlumat da öz əksini tapıb. Burada Qarabağ, Gəncə, Şirvan, Şəki, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan xanlıqları ərazisində kəsilmiş sikkələr barədə də ətraflı məlumat verilir.

Kitabda əks olunmuş numizimatika nümunələri olan sikkələr həmdə ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir. Bunun əyani sübutu kimi sikkənin dövlətin atributu sayılmasını misal göstərə bilərik. Bu kitab qədim Azərbaycan tarixinin öyrənilməsi və təbliği baxımından da  böyük əhəmiyyət kəsb edir. Zənnimizcə, yüksək səviyyədə  hazırlanmış “Azərbaycan sikkələri” kitabı mütəxəssislərin və geniş oxucu kütləsinin böyük marağına səbəb olacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında