Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyinin yeni binası istifadəyə verilmişdir

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyinin yeni binasının açılışı olmuşdur. Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.

Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov demişdir ki, muxtar respublikada sığorta işinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son 17 ildə sığorta haqlarının toplanması 133 dəfə, bağlanmış sığorta müqavilələrinin həcmi isə 16 dəfə artmışdır. 2011-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis sədrinin qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıqlar sığorta işinin günün tələbləri səviyyəsində qurulmasına səbəb olmuşdur. Müşavirədən sonra agentlik və onun yerli orqanlarına əlavə ştatlar ayrılmış, işçilərin əməkhaqları artırılmışdır. Hikmət Əsgərov yeni binanın istifadəyə verilməsi və müasir iş şəraitinin yaradılmasına görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə hüquqi dövlət quruculuğu sisteminin formalaşması digər sahələr kimi, sığorta fəaliyyətinin inkişafına da səbəb olmuş, 2007-ci ildə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu" qəbul edilmişdir. Ölkəmizdə sığorta sahəsində zəngin qanunvericilik bazasının yaradılması bu sahənin inkişafını tam təmin etmişdir".

“İqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətləri sığortasız təsəvvür etmək çətindir” , – deyən Ali Məclisin sədri bildirmişdir ki, sığorta olmadan dəymiş ziyanı aradan qaldırmaq, iqtisadi dövriyyənin sabitliyini təmin etmək, təsərrüfat fəaliyyətində yaranan riskləri azaltmaq mümkün deyil. Sığorta-bazar münasibətləri hər bir ölkədə infrastrukturun vacib elementi, sabit yüksəlişin təminatı sayılır. Sığorta sığortaolunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti ilə əlaqədar əmlak mənafelərinin bərpası məqsədilə yaradılan münasibətlər sistemidir. Bu münasibətlər sistemində iştirak edən hər iki tərəf - sığorta və sığortaolunanlar arasında qarşılıqlı münasibət, inam və etibar olmalı, sığorta üzrə əməliyyatlar qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməlidir.

Ali Məclisin Sədri demişdir: “ Ulu öndərin siyasi xəttini uğurla davam etdirən hörmətli Prezidentimiz sığorta işinin əhəmiyyətini nəzərə alaraq bu sahənin fəaliyyətinin tənzimlənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlər görür. İstifadəyə verilən bu bina da sığorta sahəsində həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Yaradılan şərait muxtar respublikanın sığorta sistemində çalışanların fəaliyyətinin artmasına, şəhər və rayon Dövlət Sığorta agentlikləri ilə əlaqələrin daha səmərəli qurulmasına imkan verəcəkdir” .

Ali Məclisin sədri demişdir ki, muxtar respublikamızda sığorta fəaliyyətinin tənzimlənməsinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında sığorta işinin təşkili Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən həyata keçirilir. Agentlik öz fəaliyyətini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2004-cü il 2 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi haqqında Əsasnaməyə və digər normativ-hüquqi aktlara uyğun olaraq qurmuşdur. Bu sahənin vacibliyi nəzərə alınaraq, sığorta sistemində çalışanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə müasir inzibati binalar inşa olunmuş, yüksək iş şəraiti yaradılmışdır. Bu, imkan verir ki, sığorta sahəsində işlər daha səmərəli qurulsun, əhaliyə nümunəvi xidmət göstərilsin.

Ali Məclisin sədri qeyd etmişdir ki, hazırda muxtar respublikada 8 növdə icbari, 18 növdə könüllü sığorta üzrə əməliyyatlar həyata keçirilir. “İcbari sığortalar haqqında” Qanuna əsasən, həyata keçirilən icbari sığortalar təbii fəlakət və digər səbəblərdən dəymiş ziyanın aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Muxtar respublikada könüllü sığorta sahəsində fəaliyyət də getdikcə canlandırılır. Könüllü sığortanın lazımi səviyyədə təşkili üçün maarifləndirmə və izahat işlərinin aparılması vacib şərtdir.

“2012-ci ilin nəticələri onu göstərir ki, bu sahədə işlər lazımi səviyyədə həyata keçirilir”, – deyən Ali Məclisin sədri bildirmişdir ki, bu il ərzində Dövlət Baş Sığorta Agentliyi tərəfindən 94 mindən artıq sığorta müqaviləsi bağlanmışdır ki, onun 44 mindən çoxu icbari, 50 minə yaxını isə könüllü sığortanı əhatə edir. Bu, onu göstərir ki, insanların sığorta işinə marağı vardır. Bu işi daha da canlandırmaq üçün maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçirilməli, mühüm əhəmiyyət daşıyan sığorta işi daha da inkişaf etdirilməli, insanlara nümunəvi xidmət göstərilməlidir.

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.

Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan bina müasir tələblər səviyyəsində inşa olunub. Binanın tikilməsinə Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən bu ilin əvvəlində başlanmış və qısa vaxtda keyfiyyətlə başa çatdırılmışdır. Binada hərtərəfli şərait yaradılmış, əməkdaşların istifadəsinə 16 iş otağı və 45 yerlik iclas zalı verilmiş, yeni kompyuter dəstləri qoyulmuşdur.

Məlumat verilmişdir ki, Naxçıvan Şəhər Dövlət Sığorta Agentliyi də bu binada fəaliyyət göstərəcək.

Ali Məclisin sədri Dövlət Baş Sığorta Agentliyinə, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək Dövlət Sığorta agentliklərinə yeni “ NAZ Lifan-620" markalı minik avtomobillərinin açarlarını təqdim etmişdir.

Binanın həyətində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemləri qurulmuş, avtomobil dayanacaqları yaradılmışdır.

Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dizayn elementlərinin peşəkarlıqla uzlaşdırıldığı bina müasir memarlığın ahəngini özündə təcəssüm etdirir. Binanın orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də məhz Naxçıvan memarlıq məktəbinə xas bəzək ornamentlərindən istifadə olunmasıdır. Bina incə zövqlə işlənmiş, fasad hissə muxtar respublikada istehsal olunan dekorativ tikinti materialları ilə üzlənmişdir. Bu memarlıq əsəri muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işlərinin daha bir nümunəsi olmaqla bərabər, Naxçıvan şəhərinin simasına da özünəməxsus yaraşıq verir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında