Qalmaz qazsaxlama anbarı üçün yeni quyular qazılır
Məlum olduğu kimi, ölkə iqtisadiyyatının və əhalinin təbii qaza olan tələbatının sabit şəkildə təmin olunması üçün ARDNŞ-də işlənib hazırlanmış xüsusi qaz proqramı uğurla həyata keçirilməkdədir. Bu proqram çərçivəsində 2010-cu ildə qarşıya qoyulan əsas vəzifələrdən biri də Qalmaz yeraltı qaz anbarının genişləndirilməsi və modernləşdirilməsi işləridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən qaz ehtiyatlarının təhlükəsiz şəraitdə yığılıb saxlanması məqsədilə Qalmaz yeraltı qaz anbarının aktiv saxlama həcminin iki dəfə artırılaraq 1,2 milyard kubmetrdən 2,4 milyard kubmetrə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə anbarda yenidənqurma işləri aparılır, qazma işləri nəticəsində mövcud quyuların sayı artırılır.
ARDNŞ-in Kompleks Qazma İşləri Tresti də bu tədbirlərdə fəal iştirak edir. Trestin "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsi burada 2 yeni quyu qazır. Layihə dərinliyi 1400 metr olan 338 nömrəli quyuda qazma işləri başa çatmaq üzrədir. 339 nömrəli digər quyuda da qazma işləri uğurla davam etdirilir. Layihə dərinliyi 1400 metr olan bu quyunun may ayının əvvəllərində təhvil verilməsi nəzərdə tutulub.
{nl}
Kompressor stansiyalarında təmir-bərpa işləri aparılır
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi üzrə qaz təsərrüfatının 2010-2013-cü illərə dair İnkişaf Proqramı"na uyğun olaraq regionların qazlaşdırılması istiqamətində görülən işlərin sürəti artır. Birliyin bu sahədə reallaşdırdığı məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkəmizin müxtəlif bölgələrində əhalinin "mavi yanacaq"la fasiləsiz və keyfiyyətli təchizatında ciddi irəliləyişlərə nail olunur, kompressor stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz edilməsi üçün 2005-ci ildə inşa edilərək istismara buraxılmış Astara kompressor stansiyasının maksimal çıxış təzyiqi 5,5 MPa və maksimal buraxma qabiliyyəti sutkada 2,2 milyon kubmetr təşkil edir. Muxtar respublikaya ötürülən təbii qaz ilə yanaşı, İran İslam Respublikasına sutkada 5 milyon kubmetr miqdarında qazın ixrac olunması burada yeni stansiyanın qurulması zərurətini yaratmışdır. Bu məqsədlə Astara şəhərində yeni kompressor stansiyasının inşası üçün layihə tapşırığı hazırlanmış və quraşdırılacaq avadanlıqların seçilməsinə başlanılmışdır. Yeni tikiləcək kompressor stansiyasının çıxış təzyiqi 7,5 MPa olacaq ki, bu da İran İslam Respublikasına sutkada 5 milyon kubmetr təbii qazın nəql edilməsinə imkan verəcək.
Cari ildə Rusiya Federasiyasına ixrac olunan təbii qazın miqdarının artması ilə əlaqədar olaraq Qusar rayonunda yerləşən və 1994-cü ildən istismarı dayandırılan "Şirvanovka" kompressor stansiyasının bərpası istiqamətində də işlərə başlanılmışdır. Stansiyada quraşdırılmış qaz ötürücü aqreqatların yeni parametrlərlə istismar olunması üçün yenidənqurma, təmir-bərpa və modernləşdirilmə işləri həyata kecirilməkdədir. Stansiyada qazötürücü aqreqatların iş rejiminin iki pilləli olması sutkada 10 milyon kubmetr təbii qazın Rusiya Federasiyasına nəql edilməsinə şərait yaradacaq. Stansiyanın bərpası 2010-cu ilin sonunadək başa catdırılacaq.
2010-cu ildə yeraltı qazsaxlama anbarlarına qazın vurulması üçün Qazıməmməd kompressor stansiyasının istifadəsi də nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq burada da qazötürücü aqreqatlar təmir olunur və onların idarəetmə sistemi yenisi ilə əvəz olunur, köməkçi sistem və avadanlıqlar təftiş olunaraq işlək vəziyyətə gətirilir. Qazıməmməd kompressor stansiyasının aprel ayında istismara buraxılacağı gözlənilir. Bu stansiyanın istismara buraxılması Qalmaz yeraltı qazsaxlama anbarında quraşdırılmış aqreqatlar vasitəsi ilə qazın tələb olunan təzyiq altında vurulmasına şərait yaradacaqdır.
{nl}
Qazsazlama İdarəsində texniki avadanlıqlar yeniləşdirilir
ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin Qazsazlama İdarəsində müasir texnika və texnalogiyaların tətbiqinə diqqət getdikcə artırılır. İdarənin sınaq mərkəzində yenicə istismara verilən LCQM-100, UPC-16, Combikal-1600 və BPG-500 tipli unikal stendlər vasitəsi ilə məişət və sənaye qaz sayğaclarını müasir standartlara uyğun olaraq dövlət yoxlamasından keçirmək mümkündür. Bu avadanlıqlar sənaye, kommunal və məişət istehlakçılarına məxsus qaz sərfölçmə cihazlarının, tənzimləyicilərin, avtomatik qazpaylayıcı stansiyaların və digər nəzarət-ölçü cihazlarının metroloji təminatına və onların sınaqdan keçirilməsinə imkan verir. Burada il ərzində 330 ölçü qovşağına texniki xidmət göstərilir. Müasir texnologiyaların tətbiqi nəticəsində hər ayın sonunda Bakı şəhəri və respublikanın 6 istiqaməti üzrə aylıq göstəricilər elektron tipli "ROC-407" cihazlarından və sayğaclardan yığılaraq emal edilir. Təhlil və hesabatların nəticələri əsasında aylıq qaz sərfi hesablanır və balans tərtib olunur.
Son vaxtlar aparılan texniki avadanlıqların yeniləşdirilməsi prosesi bu baxımdan Qazsazlama İdarəsi qarşısında yeni imkanlar açır. Artıq təbii və səmt qazının hesabatının ayrı-ayrılıqda və yüksək dəqiqliklə aparılması, normadan artıq itkilərin qarşısının alınması məqsədilə qazın qəbul nöqtələrindən ayda üç dəfə nümunələrin götürülüb xramatoqraf üsulu ilə təhlil olunması mümkündür. Bu üsulla qazın fraksiyalarının (CO2 və O2) faizlə miqdarı dəqiq təyin olunur və qısa müddət ərzində elektron tipli cihazların yaddaşına daxil edilir. Bu isə idarənin işinin keyfiyyətini yüksəltməyə şərait yaradır. Təkcə 2010-cu ilin birinci rübündə sifarişlər əsasında 134 ədəd diafraqma dəyişdirilmiş, 66 ədəd ölçü qovşağı üçün hesabat vərəqələri hazırlanmış və təsdiq edilmişdir. 380 cihazda yaranan sönmə halları operativ surətdə aradan qaldırılmışdır.
Bununla yanaşı, ölçü qovşaqlarına və cihazlara mütəmadi texniki xidmət göstərilməkdədir. İdarənin sənaye obyektlərinin qaz sayğaclarına xidmət sahəsi tərəfindən respublika ərazisində qazdan istifadə edən sənaye obyektlərində müqavilə əsasında 250 ədəd qaz sayğacı quraşdırılmış və həmin cihazlara texniki xidmət göstərilmişdir. İstismarda olan məişət qaz sayğaclarının təmiri və yoxlamadan keçirilməsi işi də sürətləndirilmişdir. Cari ilin ilk rübü ərzində Almaniyadan alınan 41888 ədəd məişət qaz sayğacından 32058 ədədi dövlət yoxlamasından keçirilmiş və dövlət vəsaiti hesabına əhali abunəçilərinin mənzillərində quraşdırılmışdır.
{nl}
Kompleks Qazma İşləri Tresti "Günəşli" yatağında yeni quyular qazır
ARDNŞ-in Kompleks Qazma İşləri Tresti neft-qaz hasilatının artırılması istiqamətində işləri sürətləndirir. Şirkətin socar.az saytının məlumatına görə, bu günlərdə trest "Günəşli" yatağında 2 quyuda qazma işlərinə başlamışdır. "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən yataqdakı 10 nömrəli platformadan Qala Lay Dəstəsinə qazılan 50 nömrəli quyunun layihə dərinliyi 3850 metrdir. Bundan başqa, adı çəkilən idarə "Günəşli" yatağındakı 19 nömrəli platformadan 69 nömrəli quyuda qazma işlərinə başlamışdır. Layihə dərinliyi 3800 metr olan bu quyu da Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, istismara verildikdən sonra hər iki quyunun gündəlik hasilatı 35 ton neft, 350 min kubmetr qaz təşkil edəcəkdir. Məlumat üçün bildiririk ki, quyular "28 May" adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.
{nl}
Maye qazın dərin emalı "Petkim"də həyata keçiriləcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan maye qazın dərin emalı bundan sonra Türkiyədə - "SOCAR-TURKAS" Birgə Müəssisəsinin idarəçiliyində olan "Petkim" Petrokimya Holdinqində həyata keçiriləcəkdir. Zavodda ildə 120-150 min ton həcmində istehsal olunan maye qazın "Petkim"də dərin emaldan keçirilməsi iqtisadi baxımdan ARDNŞ üçün yeni imkanlar yaradacaqdır. "Palmali" Şirkətlər Qrupu ilə əldə olunmuş razılaşmaya əsasən, Bakıda istehsal edilən maye qazın Gürcüstandakı Batumi limanından "Petkim"in yerləşdiyi Türkiyənin Əliağa bölgəsinə daşınması adı çəkilən gəmiçilik şirkətinin yeni aldığı xüsusi tanker vasitəsi ilə həyata keçiriləcəkdir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.