NAXÇIVAN: müasir iqtisadiyyat və sosial rifaha doğru

Ötən 17 ildə bu səhədə misilsiz uğurlar qazanılmışdır

Ötən 17 ildə bu səhədə misilsiz uğurlar qazanılmışdır

Muxtar respublika iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən sosial-iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində Naxçıvan Muxtar Respublikasının genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ərzaq və enerji təhlükəsizliyi, əsas etibarı ilə, təmin olunmuşdur.

Blokada şəraitinin yaratdığı çətinliklərə, iqtisadi resurslara çıxış imkanlarının məhdudluğuna baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən irimiqyaslı islahatlar bütün sahələrdə öz səmərəli nəticələrini göstərməkdədir.

Ümumilikdə, son 17 ildə iqtisadi inkişafın və intensiv sosial islahatların aydın xarakteristikası deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi alternativsiz inkişaf yolu muxtar respublikada böyük əzmlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.

Ötən 17 il muxtar respublika iqtisadiyyatı üçün uğurlu olmuş, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasında, infrastrukturun təkmilləşdirilməsində, xarici iqtisadi əlaqələrin genişlənməsində və əhalinin rifahının yüksəlməsində mühüm nailiyyətlər əldə edilmişdir. Ümumi daxili məhsul 42,5 dəfə artmışdır. Bu dövr ərzində reallaşdırılan səmərəli iqtisadi islahatların uğurlu nəticəsidir ki, orta illik inflyasiya 1995-ci ildəki 511,8 faizdən 2012-ci ilin on bir ayı üzrə 0,2 faizlik deflyasiya ilə əvəzlənmişdir. Makroiqtisadi sabitlik və davamlı inkişaf fonunda son 17 il ərzində əsas iqtisadi göstəricilər üzrə sürətli inkişaf meyilləri xarakterik hal almışdır.

Ötən dövrdə sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə iqtisadi qüdrətin artırılmasına yönəldilmişdir.

17 ildə muxtar respublikada 379 yeni sənaye müəssisəsi işə başlamışdır. Əgər 1996-cı ilin əvvəlinə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə,   1 dekabr 2012-ci ilədək olan dövr ərzində bu müəssisələrin sayı 8 dəfə artaraq 435-ə çatmışdır.

Ötən illər ərzində elektroenergetika sahəsində intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur yenilənmiş, enerji təhlükəsizliyi təmin edilmişdir. Əgər 1996-cı ilə kimi muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 5-ə çatdırılmışdır.

2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 657 milyon kvt/saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci ildəki göstəricidən 5,9 dəfə çoxdur. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına da imkan yaratmışdır.

1 dekabr 2012-ci il tarixə 79 min 879 əhali abonenti mavi yanacaqla təmin olunmuş, bütün mənzillərdə pulsuz olaraq mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır. Hazırda aktiv təsərrüfat subyektləri daha səmərəli enerji növü kimi təbii qazdan istifadəyə üstünlük verməkdədirlər.

Muxtar respublikanın dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlbi xüsusi rol oynamaqdadır. 2012-ci ilin yanvar – noyabr aylarında əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki göstəricini 294 dəfə üstələyərək 896 milyon 597 min manatdan çox olmuşdur.

1 yanvar 1996-cı ildən 1 dekabr 2012-ci ilədək olan dövr ərzində muxtar respublikada 212 inzibati bina, mənzil təsərrüfatı üzrə 39 obyekt, 52 nasos stansiyası, 280 subartezian quyusu, 74 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 347 obyekt və qurğu, 59 xidmət və ticarət mərkəzi, 164 elm və təhsil müəssisəsi, 172 mədəniyyət müəssisəsi, 149 səhiyyə müəssisəsi, 22 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 463 fərdi ev, 558 istehsal və xidmət obyekti tikilərək  istifadəyə verilmişdir.

Bu dövrdə 237 halda inzibati binaların, mənzil təsərrüfatı üzrə 602 halda obyektlərin, 111 halda nasos stansiyalarının, 100 halda subartezian quyularının, 61 halda körpülərin, 9 xidmət və ticarət mərkəzinin, 111 halda  elm və təhsil müəssisələrinin, 145 halda mədəniyyət müəssisələrinin, 47 halda səhiyyə müəssisələrinin, 15 halda idman obyektlərinin, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 21 halda fərdi evlərin yenidən qurulması və  ya əsaslı təmiri aparılmışdır.

İdarəetmənin səmərəli təşkili və ucqar yaşayış məntəqələrinin, kəndlərin inkişafı da bu müddət ərzində diqqətdə saxlanılmış, 80 kənd mərkəzi istifadəyə verilmişdir. 2012-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 348 min 182 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici ilə  müqayisədə 20,7  dəfə çoxdur.

Muxtar respublikanın müdafiə qabiliyyətinin və ordunun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, bu müddət ərzində 174 obyekt,  o cümlədən 17 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası,   1 tam orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 58 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq  istifadəyə verilmişdir.

Ötən 17 il ərzində reallaşdırılan səmərəli aqrar siyasətə uyğun olaraq, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı müntəzəm əsasda stimullaşdırılmış, kənd təsərrüfatı məhsulu istehsalçılarının müasir texnika, gübrə, toxum ilə təminatı xeyli yaxşılaşdırılmışdır. 

2012-ci ilin məhsulu üçün 60 min 118 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur. Bu il 2831 hektar sahədə kartof əkilmiş və bu sahələrdən 39440 ton məhsul yığılmışdır ki, bu da 1995-ci ildəki göstəricidən 99 dəfə çoxdur. Artıq muxtar respublikada bitkiçilik məhsullarına olan tələbat, əsas etibarı ilə, yerli istehsal hesabına ödənilməkdədir. 2012-ci ildə muxtar respublikada 101 min 848 ton taxıl, 65 min 809 ton tərəvəz, 41 min 791 ton bostan məhsulları, 55 min 443 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,3 dəfə, 50,6 dəfə, 104,5 dəfə, 3 dəfə üstələmişdir.

Müasir kənd təsərrüfatı texnikasının istehsal prosesinə intensiv qaydada cəlb olunması tədbirlərinə uyğun olaraq, bu sahədə texnika parkı xeyli genişləndirilmiş və əlavə olaraq 879 ədəd kənd təsərrüfatı maşın və mexanizmləri gətirilərək iş prosesinə cəlb olunmuşdur.

Bu dövr ərzində tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə verilmiş və 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik olan Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. 

2012-ci ilin ötən dövrü ərzində 1995-ci illə müqayisədə ət istehsalı (kəsilmiş çəkidə) 1,6 dəfə artaraq 9214 tona, süd istehsalı isə 2,1 dəfə artaraq 75027 tona çatmışdır. 45 yeni quşçuluq və 11 balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir. 2012-ci ildə muxtar respublikada 1175 ton bal istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki müvafiq göstəricini 12,2 dəfə üstələyir.

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə və  ayrı-ayrı fiziki şəxslərə, ümumilikdə, 21 milyon 492 min manatdan artıq və yaxud 1995-ci illə müqayisədə 128 dəfə çox kredit verilmişdir. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, yerli tələbatın ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaranmışdır. 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 276 milyon 167 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki  müvafiq göstəricidən 7,2 dəfə çoxdur.

Son 17 ildə muxtar respublikada 3350 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuşdur. 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 74 körpü tikilmiş, 61 halda isə körpülər əsaslı təmir olunmuşdur. Digər tərəfdən bu müddət ərzində dəmir yolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir. 1995-ci illə müqayisədə cari ilin ötən dövrü ərzində yük daşınması 19,5 dəfə, sərnişin daşınması isə 3,4 dəfə artmışdır.

İnformasiya-kommunikasiya texnologiyaları davamlı olaraq inkişaf etdirilmişdir. Bu dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması, mövcud koordinattipli avtomat telefon stansiyalarının hamısının elektrontipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, İran və Türkiyə ərazilərindən keçməklə fiberoptik kabellərin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin, Yeni Nəsil Telekommunikasiya Şəbəkəsinin istifadəyə verilməsi və digər tədbirlər muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının iqtisadi və sosial həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir.

Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 318 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 204 növü qeyri-ərzaq məhsullarıdır. 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 304 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq, 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil etmişdir.

Sahibkarların maliyyə resurslarına çıxış imkanları xeyli genişləndirilmişdir. 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 1995-ci illə müqayisədə 220 dəfə artaraq 55 milyon 76 min manat təşkil etmişdir. Məşğulluq sahəsində ötən 17 il ərzində muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, yeni müəssisələr yaradılmış, səmərəli məşğulluq üçün mühüm layihələr reallaşdırılmışdır. 1996-cı ildən 1 dekabr  2012-ci il tarixədək muxtar respublika üzrə, ümumilikdə, 76659 yeni iş yeri yaradılmışdır ki, bu iş yerlərinin 50220-si və ya  65,5 faizi daimi iş yeridir.

2012-ci ilin yanvar-noyabr ayları ərzində 385 milyon 847 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bunun da 314 milyon 141 min ABŞ dollarını ixrac, 71 milyon 706 min ABŞ dollarını idxal təşkil etmişdir. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 20,3 dəfə,  o cümlədən ixracın həcmi 162,2 dəfə artmışdır. Cari ilin ilk 11 ayı üzrə xarici ticarətdə 242 milyon 436 min dollar həcmində müsbət saldo yaranmışdır.

2012-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının icmal büdcəsinin həcmi   476 milyon 125 min manat olmuşdur ki, bu da 1995-ci ildəki göstəricini 59,9 dəfə üstələyir.

1995-ci ildən muxtar respublikada elm və ali təhsil üzrə 12 obyektin, 40088 şagird yerlik 125 ümumtəhsil məktəbinin, 9 məktəbəqədər müəssisənin, 13 uşaq musiqi məktəbinin və 4 digər təhsil müəssisəsinin tikintisi, elm və ali təhsil üzrə 8 obyektin, 37842 şagird yerlik 66 ümumtəhsil məktəbinin, 6 məktəbəqədər müəssisənin, 10 uşaq musiqi məktəbinin və 12 digər təhsil müəssisəsinin yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.

Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, arxeoloji işin səmərəli idarə edilməsi, onun tətbiqini həyata keçirən təşkilatların fəaliyyətinin dəstəklənməsi, arxeoloji zonaların və qədim şəhər yerlərinin tədqiqinin sürətləndirilməsi və həmin ərazilərin mədəniyyət və turizm təyinatlı istifadəyə uyğunlaşdırılması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Tarixi mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi son 17 il ərzində diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası davamlı xarakter almışdır. Ümumilikdə, 172 mədəniyyət obyektinin tikintisi, 145 halda mədəniyyət obyektlərinin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır. Cari ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrdən və respublikanın digər bölgələrindən 324 min 133 nəfər turist gəlmişdir ki, bu da 1995-ci illə müqayisədə 8,4 dəfə çoxdur.

Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bütün növ tibbi xidmətlərin keyfiyyətinin artırılması, əhalinin sağlamlığı üzrə tədbirlərin, sanitariya maarifi işinin təşkili sahəsində müxtəlif layihələrin həyata keçirilməsi təmin olunmuşdur. Ümumilikdə, 149 səhiyyə obyektinin tikintisi, 47 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır. Ötən dövr ərzində 22 idman obyekti tikilmiş, 15 idman obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.

Müasir dünyada demoqrafik gərginliyin aradan qaldırılmasının ən doğru yolu ümumi inkişafa nail olmaqla insanların həyat səviyyəsinin yaxşılaşdırılması hesab olunur. Ötən dövr ərzində muxtar respublikada demoqrafik vəziyyət yaxşılaşmış, 1 dekabr 2012-ci il tarixə əhalinin sayı 1 yanvar 1996-cı il tarixə olan göstəriciyə nisbətən 88,6 min nəfər artaraq 426,4 min nəfərə çatmışdır. 2010-cu ildən başlayaraq muxtar respublikada il ərzində doğulan körpələrin sayı 10 min nəfəri üstələməkdədir.

İqtisadi və sosial həyatımızın ötən 17 ili üzrə qazanılmış əsaslı nailiyyətlər, çətin şəraitdə böyük əzmkarlıqla təmin olunmuş makroiqtisadi sabitlik və davamlı inkişaf  muxtar respublikamızın inkişaf və yüksəliş yolunda olduğunun daha bir göstəricisidir.

 

(Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır)

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında