İllərdir ki, cənub bölgəsinə səfərlər edib həyata keçirilən quruculuq işləri, qazanılan uğurlar, bəzən də nöqsanlar barədə müxtəlif səpkili yazılar hazırlayıram. Hər zaman obyektiv olmağa, məhz real mənzərəni qəzet səhifələrinə gətirməyə çalışmışam. Müsahiblərim də əsasən dövlət məmurları, idarə işçiləri, çeşidli sənət sahibləri, ya da adi vətəndaşlar olub. Amma Lənkərana budəfəki səfərimdə ənənəni pozaraq jurnalist həmkarlarımla görüşmək, onların fikirlərini qələmə almaq istədim.
Məlum olduğu kimi, ölkəmizin hər yerində, o cümlədən də cənubda çoxsaylı mətbu orqanlar nəşr edilir. Müxtəlif mövzulara müxtəlif baxışlar sərgilənir. Həmkarlarımın əksəri qələmin müqəddəs borcunu doğru-düzgün anlaması, ictimai mənafeyə üstünlük verməsi ilə özünə oxucu auditoriyası qazanıb. Amma məsələlərə şəxsi prizmadan yanaşıb təmənna güdən, subyektiv fikirlərini ictimailəşdirməyə çalışanlar da yox deyil. Əlbəttə, mən Lənkəranda uzun illər mətbuat cəbhəsində şərəflə “külüng” vuran, qələminin ədalətinə güvəndiyim jurnalist korpusu ilə yaxınlıqdan şərəf duyur, müəyyən məsələlərdə həqiqəti öyrənmək üçün məhz onlara üz tutur, fikirlərini daha mötəbər mənbə sayıram.
Tələbə dostum, əməkdar jurnalist İdris Şükürlü redaktoru olduğu “Lerik” qəzeti ilə bərabər, “Azad təfəkkür” adlı müstəqil qəzet də buraxır və onun səhifələrində bölgə həyatının ən müxtəlif sahələrindən maraqlı yazılar verir. Tez-tez Lənkəranda olan həmkarımı burada çoxları tanıyır, qələminin düzlüyünə şübhə etmirlər. Bu yaxınlarda İ.Şükürlü öz qəzetində “Cənub mirvarisi Lənkərana gəlin” adlı məqalə ilə çıxış edib. Yazısında Lənkəran şəhər rəhbərliyinin idarəetmə sahəsindəki uğurlarından konkret faktlarla söhbət açıb. Ölkə başçısının cənub bölgəsinin inkişafına qayğısının aşkar bəhrələrini göstərib, adamların nikbin ovqatını oxunaqlı bir dildə qələmə alıb. Elə onun yazdıqları uğurları görməzdən gələnlərə, ağa qara deyənlərə tutarlı cavabdır.
İdris müəllim həmin qəzetin birini də mənə verdi. Məmnuniyyətlə oxudum: “Hər dəfə Lənkərana gələndə bir yeniliyin şahidi oluram. Son aylarda bu qədim şəhərin gözəlliyi, səliqə-sahmanı xeyli artmışdır. Tikinti-quruculuq işləri davam edir, şəhərin infrastrukturu yeniləşir, rayonun ictimai-siyasi və mədəni həyatında bir canlanma yaranması diqqəti cəlb edir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılmış 5 milyon manat vəsait hesabına şəhər və rayonun küçələrində genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilir. İyulun 31-də cənab İlham Əliyevin Lənkərana növbəti səfəri hər kəsi daha yaxşı işləməyə, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə ruhlandırmışdır. Sözün həqiqi mənasında cənub mirvarisi Lənkəran qurub-yaratmaqla, yeniləşməklə nəfəs alır.
Bir amili xüsusi olaraq nəzərə çarpdırmaq istərdik. Hamı bilir ki, Lənkəranın icra başçıları buraya işləməyə gələndə, insafən, müəyyən işlər görmüşlər, yəni müsbət mənada bir iz saxlamışlar. Lakin onların heç biri deməmişdi ki, şəhərin illərdən bəri suvanmayan istinad divarlarını qaydaya salmaq, rəngləmək, yaddan çıxan küçələrin su arxlarını, dizə çıxmış ot-ələfini təmizləmək lazımdır. Bu addımı Lənkəranın icra başçısı təyin olunan kimi Taleh Qaraşov atdı və xeyli iş görüldü.
Bu yaxınlarda qəzetlərin birində oxudum ki, guya şəhərin bir neçə yaşlı sakini mərkəzi parkın yenidən qurulmasından narazılıq edir, oturmağa yer tapmır. Əvvəla, Lənkəranın hər bir guşəsində istirahət etməyə, çay içməyə, günəşdən, yağışdan qorunmağa yer var. İkincisi də, axı, bu inandırıcı deyil. Tutaq ki, qonaq getdiyimiz evdə döşəmədən köhnə kilimi götürüb yerinə təzə xalı salırlarsa, bunun nəyinə pis deməliyik? Əksinə, sevinməli, qürur duymalıyıq ki, cənub regionunun baş şəhəri abadlaşır, gözəlləşir, getdikcə buraya daha çox turist gəlir.
Qeyd etmək yerinə düşər ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu işlərin görülüb həyata keçirilməsində böyük təşəbbüskarlıq göstərir, hər bir işə yaxından nəzarət edir. Sirr deyil ki, o, hansı rayonda işləyibsə, oranı abadlaşdırıb, çoxlu tikinti obyektlərinin istifadəyə verilməsinə, Dövlət Proqramının uğurla həyata keçirilməsinə nail olub. Hamı onu qurucu bir şəxsiyyət kimi tanıyır”...
Tələbə dostum çay süfrəsi arxasında söhbətimizdə ürək sözlərini belə ifadə elədi:
-Uğurların obyektiv təqdiri, zəhmətin qiymətləndirilməsi ilk növbədə ovqat yaradır, ruhlandırır, nikbinliyi artırır. Eyni zamanda hansısa aşağı reytinqli KİV-də və ya onlayn qəzetdə quruculuq işlərinə qəsdən kölgə salmaq məqsədi güdən, sübut-dəlilə söykənməyən yazılara da rast gəlinir. Sosial-iqtisadi inkişafı düzgün işıqlandıran, həqiqəti olduğu tək göstərən çoxsaylı analitik məqalələr, oçerk və reportajlar arasında bu “atmaca”lar dəryada damla kimi görünür, işıqlı işlərə kölgə sala bilmir. Əsl həqiqət ondan ibarətdir ki, Lənkəranda mütərəqqi işlər xeyli artmış, sosial-iqtisadi inkişaf sürətlənmişdir. Adamların maddi və mənəvi yüksəlişi təmin edilməkdədir.
Digər həmkarım, “Respublika həyatı” qəzetinin baş redaktoru Xudaverdi Cavadov da söhbətə qoşuldu:
– Əslində, ölkənin hər yerində belədir. İnkişaf, tərəqqi bütün sahələri əhatə edir. Həyat gözəlləşir. Bunları görməmək ən azı insafsızlıqdır. İndi heç qərəzli yazıları oxuyub onlara önəm verən də yoxdur, axı. Oxucu faktları öz təhlil süzgəcindən keçirir, müqayisələr aparır, sonra müəyyən qənaətə gəlir. Bir də ki, görünən dağa nə bələdçi? Qəzet, müxbir gərək ona bəslənən inamı itirməsin. Faktları əyri güzgüdə göstərməsin. Mən özüm bu yaxınlarda ürəyimin hökmü ilə “Lənkəran yeniləşir, gözəlləşir” adlı bir məqalə yazıb qəzetdə çap etdirmişəm. Sadəcə görüb-duyduqlarımı olduğu kimi qələmə almağı özümə borc bilmişəm. Haqq üçün deyim ki, indi şəhərimizdə möhtəşəm işlər görülür.
Bayaqdan bəri söylənilənləri təmkinlə dinləyən digər tələbə dostum, Lənkəranda yenicə nəşrə başlayan “Yaşıl çay” elmi-kütləvi jurnalın redaktoru Sərraf Talıblı da mövzuya münasibətini bildirdi:
-Yazmalı, təqdir eləməli o qədər işlər var ki! Bax, bu gün Lənkəranda kənd yolları dövlət vəsaiti ilə əsaslı təmir olunur, insanların rahatlığı təmin edilir. Bu böyük işlərin fonunda, tutaq ki, bizim Cil, Şağlaser kəndlərinə gedən yolun hələlik yararsız vəziyyətdə olması mənə əsas vermir ki, “Lənkəranda kənd yolları bərbaddır” - deyib dad-aman eləyəm. Axı, bu istiqamətdə işlər gedir. Yolların hamısını birdən düzəltmək mümkün deyil, müəyyən vaxt lazımdır ki, hər tərəf abadlaşdırılsın. Amma bəzən jurnalistlər bu amili nəzərə almır, obyektivlik hissini itirir, qərəzli yazılarla xal qazanmaq istəyirlər. Bu, birmənalı şəkildə yolverilməzdir.
İltifat Əhmədov, “Lənkəran” qəzetinin redaktoru:
-Şəhər icra hakimiyyətinin rəsmi veb-saytına baxın: hər gün təzələnir. Orada yerli rəhbərliyin bütün tədbirləri operativ işıqlandırılır. Elə həftə olmur ki, Taleh müəllim bu və ya digər yaşayış məntəqəsinə əhali ilə görüşə yollanmasın, camaatı dinləməsin. Mən də bu görüşlərdə iştirak etmişəm. Yaxşı bilirəm ki, müraciətlərin, şikayətlərin, təkliflərin hamısına həssaslıqla yanaşılır. Bu görüşlərin nəticəsində cari fəaliyyət proqramları müəyyənləşdirilir, zəruri məsələlərin həlli önə çəkilir. Şahidiyəm ki, söz alıb danışanların böyük əksəriyyəti rayonda həyata keçirilən işləri, abadlıq-quruculuq yürüşünü dəstəkləyir, razılığını çatdırır. Səyyar qəbullar ictimai rəyi öyrənməyin ən səmərəli formasıdır. Rəhbərlik hər hansı bir kəndə ikinci-üçüncü dəfə ürəklə gedir. Çünki verdiyi vədlərin böyük bir qismini yerinə yetirmiş olur. İnkişaf göz önündədir.
Real vəziyyətlə bağlı mənə yetərli qədər bilgi verən həmkarlarımla söhbətdən sonra Lənkəranı gəzməyə çıxdım. Eşitdiklərimi əyani şəkildə görmək istəyirdim. Gördüm də.
Öncə Heydər Əliyev Xatirə parkının yenidən qurulmasının şahidi oldum. Burada bir tərəfdə plitələr döşənir, digər tərəfdə yeni tinglər, fidanlar əkilir, drenaj sistem qurulurdu ki, ağaclara daimi qulluq göstərilsin. Ulu öndərin abidəsinin ətrafına qranit üzlüklər çəkilir. Heydər Əliyev Mərkəzi gözəlliyi ilə uzaqdan diqqət çəkir. Arxa plandakı doqquzmərtəbəli təzə binaların rəngi elə zövqlə seçilib ki, göz-könül sevindirir. Burada yeni oturacaqlar qoyulacaq, müasir işıqlandırma sistemi tətbiq ediləcək.
Yeni Gənclər Mərkəzi tikilir. Bu məqsəd üçün 1 hektar ərazi ayrılıb, böyük bir kompleks olacaq. Üçmərtəbəli binanın şəhərin gözəlliyini daha da artıracağı indidən bəlli olur.
Gəzdiyim Heydər Əliyev prospektində səkilərə tamet döşənirdi. H.Aslanov xiyabanı, M.Axundzadə, M.Rəsulzadə, Koroğlu küçələrində də iş gedirdi. Hər tərəf abadlaşdırılırdı.
Əhali də gözəllikləri artırır. Yeni, yaraşıqlı evlər tikilir. Təkcə bu il ailələr özləri üçün 44 min kvadratmetr ev inşa edib. Orta aylıq əməkhaqqı artaraq 230 manata çatıb.
Mərkəzi rayon xəstəxanası da başdan-başa yenidən qurulur. Bu məqsədlə ölkə başçısı 3 milyon manat vəsait ayrılmasına sərəncam verib. Axı, əhaliyə qayğı ilk növbədə səhiyyədən başlayır.
Lənkəranlılar ənənəvi çayçılığı dirçəltməkdə israrlıdırlar. Artıq 220 hektarda yeni plantasiyalar salınıb. İndi daha 100 hektarda çay əkini aparılır. Ümumiyyətlə, iqtisadiyyat və sosial sahənin inkişafına bu il 50 milyon manat sərmayə qoyulub. Sənayedə 17,1 milyon manatlıq istehsal olub. Ümumi məhsul buraxılışı 225 milyon manatı ötüb.
Bir sözlə, Lənkəran yüksəlişinin növbəti mərhələsini yaşamaqdadır. Hər kəs öz işində, ona etibar edilən sahədə ürəkdən çalışır. Ağzıgöyçəklik bekar adamların işidir, — deyə onlara qulaq asan yoxdur. Tam əksəriyyət inkişafdan, tərəqqidən fərəhlənir, bu işlərə şəxsi töhfələrini verməyə səy göstərir. Əsas da elə budur.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.