Azərbaycanda məşğulluq strategiyası uğurla həyata keçirilir

Azərbaycanda iqtisadi inkişafla bağlı məsələlər uğurla icra edilir.

Azərbaycanda iqtisadi inkişafla bağlı məsələlər uğurla icra edilir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları tərəfindən ölkəmizdə sosial-iqtisadi  sahələrdə aparılan islahatlar çox yüksək qiymətləndirilir, respublikamızın kredit reytinqləri artırılır. İndiki böhranlı dövrdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünyanın nüfuzlu təşkilatı - Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı növbəti hesablamalarında Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək 55-ci yerə layiq görmüşdür. Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan birinci yerdədir.

Son illər ölkəmizin maliyyə vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır. Bu barədə dövlət başçısı İlham Əliyev demişdir: “Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir, eyni zamanda, baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini aşağı salmışdır və bu vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük mənfəət əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlər artıq araşdırılır. Beləliklə, vəsaitimizin daha da səmərəli şəkildə mənfəət gətirmə əmsalı əminəm ki, daha da yüksək səviyyədə olacaqdır.

Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir”.

Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan bir məqama da toxunaq. Prezident İlham Əliyevin  2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın və 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)” icrası ilə əlqədar  əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, bir sözlə, ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu, hazırda da uğurla davam edir. Ümumilikdə isə  bu tədbirlər qeyri-neft sektorunun inkişafında önəmli rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin  2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası nəticəsində  işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur. Bununla yanaşı,  əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, dövlət başçısının 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur. Dövlət Proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi-sosial və institusional mühitin yaradılması əsasında ölkə Prezidentinin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nda 2011-2015-ci illərdə nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir.

Adıçəkilən Dövlət Proqramı ilə qarşıya bir sıra vəzifələr də qoyulmuşdur. Proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da  möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur. Məhz elə bunun nəticəsidir ki,  2012-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,6 faiz artaraq 24,2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12 faiz artaraq 2644,7 manata (orta hesabla ayda 293,9 manata) çatmışdır. Gəlirlərin 62,9 faizi son istehlaka, 8,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Cari il sentyabr ayının sonuna olan məlumatlara görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanına uyğun olaraq, keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində ölkədə 819,8 min əmanətçiyə 349,1 milyon manat ödənilmişdir.

Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 387,5 manata çatmışdır. Yanvar-oktyabr aylarında sənayedə çalışanların orta aylıq əmək haqqı 594 manat, tikinti kompleksində 561,7 manat, nəqliyyatda 492 manat, informasiya və rabitədə isə 618,7 manat təşkil etmişdir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2012-ci ilin 9 ayı ərzində ölkədə 93,6 min yeni, o cümlədən 72,7 min daimi iş yeri açılmışdır.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-avqust aylarında dövlət büdcəsinə 11 milyard manat, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 42 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 9,7 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 29 faiz çox vəsait xərclənmiş, 1,3 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 3,6 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 40,7 faizi və ya 4 milyard manatı iqtisadiyyatın inkişafına, 12 faizi, yaxud 1,2 milyard manatı sosial müdafiə və sosial təminata, 11,8 faizi və ya 1,1 milyard manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 22,5 faizi və ya 2,2 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 21,9 faiz artaraq sentyabr ayının 1-nə 4,5 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2,6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 milyard manat olmuşdur.

Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də  diqqət mərkəzində saxlanılır. Bu, 2012-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı da nəzərə alınmışdır. Belə ki, 2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası,  yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Qanuna əsasən deyə bilərik ki,  növbəti ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcəkdir. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2012-ci ildə qarşıda duran vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcəkdir.

2012-ci ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaqdır.

Bu  il əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında xüsusi əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında