“Şahdəniz” yatağı Trans-Anadolu qaz boru kəmərinin əsas təchizatçısı olacaq

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının istismara verilməsindən altı ilə yaxın vaxt ötür.

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının istismara verilməsindən altı ilə yaxın vaxt ötür. Xatırladaq ki, adıçəkilən yatağın istismarı üçün  Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılmış platforma dünyanın ən unikal və nadir  qurğularından biridir. Həmin platformadan hasil edilən təbii qaz sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradan isə  qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə  dünya bazarına çıxarılır.  Bu da Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələri sırasındakı mövqeyini getdigcə möhkəmləndirir.

Artıq Azərbaycan bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda gündəmdə  olan bir sira nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da  ölkəmizi ən potensial qaz təchizatçısı hesab edirlər. Elə bir qədər əvvəl  həyata vəsiqə almış Trans-Anadolu boru kəməri (TANAP) layihəsi çərçivəsində çəkiləcək kəmərin də məhz “Şahdəniz” layihəsinin ikinci işlənmə mərhələsi üzrə hasil ediləcək qaz həcmlərinin hesabına doldurulması nəzərdə tutulur. 

“Şahdəniz” layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. 2012-ci ilin doqquz ayı ərzində “Şahdəniz” konsorsiumunun səhmdarları tərəfindən  layihə üzrə fəaliyyətlərin əməliyyat xərclərinə  214,9  milyon dollar, əsaslı məsrəflərinə isə 771,5 milyon dollar sərf olunmuşdur. Cari ilin ötən dövrü ərzində “Şahdəniz” yatağındakı  öncəqazma quyularından sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında quraşdırılmış unikal  platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. 2012-ci ilin doqquz ayı ərzində   yatağın gündəlik hasilat həcmi 18,8 milyon kubmetr qaz və 39 min 600 barrel kondensat təşkil etmişdir.  Ötən aylar ərzində “Şahdəniz” yatağından  6,67 milyard kubmetr qaz və 1,4 milyon ton kondensat çıxarılmışdır.  Bununla belə, yataqdakı 2 saylı quyunun texniki səbəblər ucbatından dayanması  qaz hasilatının həcminə təsirsiz ötüşməyib. Xatırladaq ki, sutkada təqribən 6 milyard kubmetr qaz verən həmin quyunun yenidən işə salınması  yataq üzrə gündəlik hasilatın həcmini 27 milyard kubmetrə çatdırmağa imkan verəcək. Bütövlükdə isə   2006-cı ilin sonlarından - “Şahdəniz” yatağında hasilata başlanıldığı vaxtdan 2012-ci ilin üçüncü rübünün sonunadək yataqdan  35,4 milyard  kubmetr təbii qaz və  9,5  milyon ton kondensat hasil edilərək mövcud ixrac  boru kəmərləri vasitəsilə  dünya bazarına çıxarılmışdır.

 “Şahdəniz” yatağındakı öncəqazma quyularından qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların da qazıntısı  davam etdirilir. Belə ki, ötən müddətdə yeni quyular sistemi istismara verildikdən sonra  platformadan qazma əməliyyatları davam etdirilmiş, 2011-ci ilin dekabr ayında SDA05x hasilat quyusunda başlanmış intervensiya işləri bu ilin fevral ayında tamamlanmışdır. Bundan sonra SDA06 hasilat quyusunda yenidən tamamlanma əməliyyatlarına start verilmiş və ikinci rübdə işlər başa çatdırılmışdır. Sentyabr ayında platformadakı qazma qurğusunun beşillik sertifikatlaşdırılması tamamlandıqdan sonra SDA03 quyusunun yanaqazma əməliyyatlarına hazırlanmasına başlanmışdır. Həmin quyunun isə gələn ilin əvvəllərində təhvil verilməsi gözlənilir.  Cari ilin dördüncü rübündə  daha bir hasilat quyusunun qazıntısına başlanılacaq. Həmin quyunun isə 2013-cü ilin ikinci rübündə istismara verilməsi proqnozlaşdırılır.

“Şahdəniz” yatağının tammiqyaslı işlənməsi üçün planlaşdırılmış tədbirlər də uğurla reallaşdırılır. Belə ki, ötən ilin mart ayında qazıntısına başlanılmış SDX07 qiymətləndirmə quyusunda işlər müvəqqəti dayandırılsa da, yaxın vaxtlarda qazma işlərinin yenidən bərpa etdirilməsi və quyunun gələn ilin birinci yarısında istismara verilməsi gözlənilir. Bununla yanaşı, yataqda SDD02 və SDS02 quyuları da qoruyucu boruyadək qazıldıqdan sonra işlər müvəqqəti dayandırılmışdır. Cari ilin sonunadək daha iki quyu qoruyucu boruyadək qazılaraq müvəqqəti olaraq bağlanacaq.

2012-ci ilin aprel ayından etibarən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə bağlı mühəndis-layihə işlərinə start verilmişdir. Bu isə Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi istiqamətində son dərəcə mühüm bir addım olmuşdur. Onu da deyək ki, 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasının ərazisindən keçən Trans-Anadolu boru kəməri (TANAP) adlandırılan yeni bir boru kəmərinin inşası və tranzit sazişləri imzalanmışdır. Bu yaxınlarda isə hər iki saziş Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edildikdən sonra qanun statusu almışdır. Artıq TANAP layihəsinin “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə paralel həyata  keçirilməsinə başlanılmışdır. Layihənin səhmdarlarından birinə çevrilməsi üçün ARDNŞ-in təklif etdiyi 12 faizlik iştirak payını əldə edən bp şirkəti hazırda Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir. Bundan əlavə, bp  TANAP layihəsinə dəstək olaraq  Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlığı da davam etdirir.

Yeri gəlmişkən, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi Azərbaycan qazını Avropya və Türkiyəyə çatdırılmasını nəzərdə tutan nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını artırmaqla yanaşı, köhnə qitənin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfələr verəcək.  Sözügedən layihənin reallaşdırılması ilə “Şahdəniz” yatağından hazırda hasil edilən illik 9 milyard kubmetrlik qazın həcmi daha 16 milyard kubmetr artırılacaq. Bu da yatağın illik hasilat gücünün 25 milyard kubmetrə çatdırılmasına imkan yaradacaq. Göründüyü kimi, “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi hazırda dünyada reallaşdırılan ən nəhəng enerji layihələrindən biridir.  “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə  “Şahdəniz” yatağının ikinci mərhələsinin  işlənilməsi Azərbaycan iqtisadiyyatına təqribən  25 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. 

Məlumat üçün bildiririk ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdiriləcək iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək  dərinliyi ilə çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəməri marşrutunun mövcud ixrac gücünə ildə 16 milyard qaz həcmlərinin əlavə olunması, eləcə də Səngəçal terminalının genişləndirilməsi daxildir. Bununla yanaşı, Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri çəkilməli və genişləndirilməlidir. Layihə üzrə ilk qazın isə 2017-ci ildə əldə ediləcəyi nəzərdə tutulur.

Bu ilin ötən dövründə “Şahdəniz” yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri “Şahdəniz” yatağından gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəltməyə imkan verir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, “Şahdəniz” qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti  30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə “Şahdəniz” qazını çatdırır. 2012-ci ilin doqquz ayı ərzində kəmərlə  ötürülən gündəlik qazın həcmi orta hesabla təxminən 11,1 milyon kubmetr təşkil etmişdir. Yeri gəlmişkən,  hesabat dövründə  Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 7,7 milyon dollar vəsait xərclənmişdir.

 Göründüyü kimi, “Şahdəniz” layihəsinin tammiqyaslı işlənməsi layihəsi Azərbaycanın dünyanın əsas qaz təchizatçıları sırasındakı mövqeyini bir qədər də möhkəmləndirəcəkdir. Təsadüfi deyil ki, ölkəmizin regionda əsas qaz təchizatçısı kimi  mühüm rol oynadığını bildirən Prezident İlham Əliyev demişdir: “Şahdəniz” yatağı bizim ən böyük yatağımızdır. Ən azı 1 trilyon 200 milyard qaz ehtiyatları vardır. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, bəlkə də birincisidir...

Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqdır”.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında