Təşəkkülü və inkişaf tarixi respublika kənd təsərrüfatı elminin formalaşması ilə ayrılmaz surətdə bağlı olan Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu (AzETKTİ və Tİ) SSRİ Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı ilə Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat şöbəsi əsasında yaradılmışdır. İnstitut fəaliyyətə başladığı qısa vaxt ərzində yüksək ixtisaslı kadrları işə cəlb etmiş, aqrar elmin qarşısına qoyulmuş mühüm vəzifələrə uyğun olaraq elmi-tədqiqat işlərinə başlamış, həmçinin kənd təsərrüfatının aktual problemlərinə aid konfrans və seminarların keçirilməsini təmin etmişdir.
Keçən əsrin 60-cı illərində institutun elmi-tədqiqat işləri əsasən kənd təsərrüfatı təşkilatlarında infrastrukturun inkişafı, kooperasiya və inteqrasiya, istehsal-iqtisadi münasibətlərin inkişafı, təsərrüfat hesabının tətbiqi, sahələr üzrə ixtisaslaşma, əmək məhsuldarlığı və onun təyin edilməsi metodları, kəndin sosial problemlərinin həlli, kənd təsərrüfatı müəssisələrində əməyin elmi təşkili və onun zəmanətli ödənişi məsələlərinə istiqamətlənmişdi. O dövrdə kənd təsərrüfatına dövlət tərəfindən mütəmadi yardım göstərilsə də aqrar sahə yenə də geri qalırdı. Bu gerilik bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı, rentabellik və mənfəət üzrə planların yerinə yetirilməsində daha çox nəzərə çarpırdı. Kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə lazımınca diqqət yetirilmir, mövcud problemlərin həllində elmi nailiyyətlərdən zəif istifadə olunurdu.
1969-cu ilin iyulunda ulu öndərimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikanın kənd təsərrüfatı sahəsində siyasət kökündən dəyişdi. Azərbaycan KP MK-nın həmin ilin avqust ayında keçirilən plenumunda respublikanın ictimai-iqtisadi inkişafının əsas istiqamətləri əsaslandırıldı. Pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütünçülük və çayçılıq sahələrində işlərin vəziyyəti hərtərəfli təhlil edildi, kənd təsərrüfatının bu sahələrindəki nöqsanlar və səhvlər göstərildi, mövcud imkanlar müəyyənləşdirildi və elmi nailiyyətlər əsasında kənd təsərrüfatının məhsuldarlığını artırmağın konkret yolları göstərildi.
Aqrar sahədə çalışan alimlərin qarşısında dənli bitkilər, pambıq, tərəvəz, meyvə və başqa məhsulların yetişdirilməsi, becərilməsi ilə əlaqədar mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə vəzifələr qoyuldu. Ötən əsrin 50- ci illərinin sonlarında akademik Ə.Mahmudovun yaratdığı aqrar iqtisad məktəbi bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Sovet aqrar iqtisad məktəbinin təsiri altında formalaşan kadr potensialı Elmi- Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun əsasını qoydu.
1970-ci il iyulun 23-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafı tədbirləri haqqında" qərar qəbul etdi. Bu sənəd respublikada kənd təsərrüfatının inkişafı üzrə konkret məsələləri müəyyən edən fəaliyyət proqramı oldu. Tezliklə kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, üzümçülük, meyvəçilik, çayçılıq və heyvandarlıq kimi sahələrinin sonrakı inkişafı üzrə proqramlar işlənib hazırlandı. Respublikanın ayrı-ayrı regionlarında bitkiçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşmanın əsası qoyuldu.
Kənd təsərrüfatının sonrakı inkişafı üzrə ittifaq və respublika hökumətinin qərarları institutun fəaliyyətində islahatlar aparılmasının və elmi- tədqiqat işləri planında köklü dəyişikliklərin əsasını təşkil edirdi. Aqrar elmin qarşısında duran yeni vəzifələr nəzərə alınmaqla institutun strukturu, elmi axtarışların və tədqiqatların mövzuları müasirləşdi: təsərrüfatlararası kooperasiya və aqrosənaye inteqrasiyası, istehsalın və əməyin təsərrüfatdaxili təşkili, maddi həvəsləndirmə və başqa məsələlər tədqiq edildi. Kənd təsərrüfatı müəssisələrinin optimal ölçüləri, onların rasional yerləşdirilməsi, kənd təsərrüfatında ixtisaslaşmanın dərinləşməsi və təsərrüfatlarda əkin sahələrinin strukturunun təkmilləşdirilməsi üzrə tövsiyələr verildi. Bu tədqiqatlar beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda müzakirələrin, institut alimləri tərəfindən dərc edilmiş bir sıra monoqrafiya və kitabların əsasını təşkil etdi.
Ötən əsrin 80-ci illərindən başlayaraq respublika iqtisadiyyatında tənəzzül meyilləri özünü göstərdi. M. Qorbaçovun "yenidənqurma" ("perestroyka") adlandırdığı proses əslində dəhşətli "yenidənqırma" ("perestrelka") oldu. İqtisadiyyatda durğunluq, istehsal əlaqələrinin dağılması, ticarətdə kütləvi defisit, cəmiyyətdə korrupsiyanın, banditizmin baş alıb getməsi, əxlaqi və mənəvi dəyərlərin puç olması və s. Qorbaçovun ölkədə alkoqolizmin kökünün kəsilməsinə yönəldilmiş "islahatları" nəticəsində SSRİ ərazisində, ən əsası Azərbaycanda ucsuz-bucaqsız üzüm plantasiyaları qırıldı. Nəticədə, kolxoz və sovxozlar müflisləşdi və ölkə ilk dəfə ərzaq təhlükəsizliyi problemi ilə üzləşdi.
Həmin illərdə institutun əməkdaşları respublikanın kənd təsərrüfatında işlərin durumunu hərtərəfli təhlil edib, elmi- praktiki təkliflər vermiş və bir sıra monoqrafiyalar və kitablar yazmışdılar. Bu elmi araşdırmalar həmin illərdə institutun direktorları olmuş iqtisad elmləri doktorları, professor H. Qasımovun və professor Ə. Verdiyevin rəhbərliyi altında aparılmışdır.
SSRİ dağılandan və Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra ölkə tarixinin yeni dövrü başlandı. 1993-cü ilin iyununda xalqın təkidli tələbindən sonra dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə vəziyyəti əhəmiyyətli şəkildə dəyişdirdi. O, ilk növbədə vətəndaş müharibəsini və erməni silahlı qüvvələri tərəfindən hərbi təcavüzü dayandırmağa nail oldu. Bunun nəticəsində respublikada iqtisadiyyatın böhrandan çıxarılması və daha sonra onun stabilləşdirilməsi üçün sabitlik yarandı.
İnzibati-amirlik prinsipinə əsaslanan planlı idarəçilik sistemindən imtina edilməsi və tədricən bazar iqtisadiyyatına keçid iqtisadi sahədə ən əhəmiyyətli istiqamət idi. Bu da öz növbəsində mülkiyyət formalarının dəyişməsini, onun müxtəlif formalarının səmərəli şəkildə əlaqələndirilməsini tələb edirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi və səhmləşdirilməsi, nazirliklərdə və idarələrdə, bank və maliyyə sistemlərində struktur islahatları təsərrüfatçılıq formaları və metodlarını təkmilləşdirdi. 1996-cı ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı sabitləşməyə başladı ki, bu da ilk növbədə real ÜDM-in artımında əks olundu. Belə ki, ölkədə real ÜDM-in, sənaye və kənd təsərrüfatı məhsulları istehsalının, real orta aylıq əmək haqqının və başqa makroiqtisadi göstəricilərin ilbəil artımı baş verdi.
1999-cu il noyabrın 9-da Prezident Heydər Əliyev tərəfindən imzalanmış "1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına yardım üzrə Dövlət Proqramı" haqqında fərman respublikada aqrar sahənin sonrakı inkişafı üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bu proqram aqrar sahədə iqtisadi islahatların sürətlənməsi ilə yanaşı, sahibkarlığın inkişafı və sahibkarların iqtisadi maraqlarının müdafiəsi mexanizmlərinin formalaşması yollarını müəyyən etdi.
Ölkədə təsərrüfatçılığın müxtəlif formalarının yaradılması prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü iştirak prinsipi üzrə həyata keçirildi. Belə ki, torpaq və əmlak payları almış vətəndaşlar təsərrüfatçılığın hansı növü ilə məşğul olmağın onlar üçün daha əlverişli olmasını özləri müəyyənləşdirdilər. Respublikada kəndli (fermer) təsərrüfatları, istehsal kooperativləri, kiçik müəssisələr, səhmdar cəmiyyətləri və yeni qurumlar yaradılmağa başlandı. Onlarla yanaşı, fiziki şəxslər (ailələr) də kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olurdular. Torpaq üzərində xüsusi mülkiyyət əsasında yaradılmış yeni münasibətlər kənd təsərrüfatının yenilənən strukturunun həlledici amilinə çevrildi. Çox qısa müddətdə minlərlə müəssisə xarici firmalarla müştərək müəssisələr yaratdı. Sahibkarlığa Yardım üzrə Dövlət Fondunun yaranması bu prosesə ciddi dəstək verdi. Kənd təsərrüfatının inkişafında bankların yerli bölmələrinin yaradılması və yerlərində bank-kredit siyasətinin həyata keçirməsi də əhəmiyyətli rol oynadı.
Təbiidir ki, görülmüş bu tədbirlər bazar iqtisadiyyatına keçidin ilkin atributlarının reallaşmasına imkan yaratsa da, istehsalın hərtərəfli inkişafı və davamlı iqtisadiyyatın qurulması üçün kifayət deyildi. Məhz bununla bağlı Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) " təsdiq olundu və uğurla həyata keçirildi.Qeyd olunan Dövlət Proqramı əslində aqrar islahatların ikinci mərhələsinin konseptual əsası idi.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq Azərbaycan iqtisadiyyatının həyat qabiliyyətinin daha da gücləndirilməsi, müasir, keyfiyyətcə yeni səviyyəsinə keçid üçün zəruri olan genişmiqyaslı infrastruktur layihələri ilə bağlı təşəbbüslər irəli sürdü. Buna görə də son illərdə həm bütövlükdə respublika iqtisadiyyatında, həm də xalq təsərrüfatının bütün sahələrində, xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunda artım davam etmişdir. 2011-ci ildə qeyri-neft sektorunda artım 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 10 faiz, o cümlədən kənd təsərrüfatında - 5,8 faiz təşkil etmişdir. 2011-ci ildə əhalinin gəlirləri 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə demək olar ki, 20 faiz artaraq, 36,6 milyard manata çatmışdır, adambaşına gəlirlərin məbləği ildə 3400 manat təşkil etmiş, yoxsulluq səviyyəsi azalaraq 9,1 faizdən 7,6 faizə düşmüşdür. 2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulmuşdur.
Yuxarıda adı çəkilən Dövlət Proqramının əsas prioriteti ölkənin bütün aqrar kompleksinin inkişafını təmin etməkdir. Bunun üçün ilk növbədə taxıl əkilən sahələri genişləndirərək 900 min hektara, hektarın məhsuldarlığını artıraraq 32 sentnerə, ət istehsalını 340 min tona, süd və süd məhsulları istehsalını 2,4 milyon tona, quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə, kartof istehsalını 1,12 milyon tona, tərəvəz və bostan məhsulları istehsalını 1,72 milyon tona, çay istehsalını 3 min tona, meyvə istehsalını 800 min tona, qarışıq yem istehsalını 2 milyon tona çatdırmaq nəzərdə tutulur. Yağlı bitkilər üçün əkin sahələri genişləndirilərək 35 min hektara, şəkər çuğunduru sahəsi 20 min hektara, yem bitkiləri sahəsi 500 min hektara çatdırılması planlaşdırılır. Elə buna görə də institutun elmi- tematik planına aqrar sahədə bazar münasibətlərinin inkişafına aid bir sıra əlavələr edilmişdir. Bu əlavələr iqtisadiyyatın aqrar sektorunda dövlət siyasəti, aqrar islahatın və onun nəticələrinin qiymətləndirilməsi, aqrar-sənaye məhsulları istehsalına dövlət dəstəyinin formaları və metodları, aqrar məhsulların və kənd təsərrüfatı üçün resursların qiymət dispariteti üzrə tədbirlər, təsərrüfatçılıq subyektlərinin maliyyə durumu ilə bağlıdır. Bundan əlavə, aqrar-sənaye məhsulları istehsalının mütənasib və tarazlaşdırılmış inkişaf sxemlərinin işlənib hazırlamasına, onun iqtisadi mexanizminin təkmilləşdirilməsinə, istehsal potensialından daha yaxşı istifadə edilməsinə və başqa hədəflərə yönəldilmiş kompleks tədqiqatlar aparılmışdır.
Bu məsələlər üzrə tədqiqat işlərinin təşkilinə hərtərəfli yanaşma yuxarı təşkilatların marağına səbəb olmuşdur. Məsələn, dövlət proqramları və regional proqramlar işlənib hazırlanarkən ərzaq təhlükəsizliyinin təminatına və quşçuluğun sənaye əsasında inkişafına dair təkliflərimiz reallaşdırılmışdır. Bundan başqa, institut respublikanın regionlarının sosial-iqtisadi inkişafının əsas prinsiplərinin işlənib hazırlanmasına, aqrar islahatların təşkilatı-iqtisadi mexanizminin təkmilləşdirilməsinə, əmək resurslarından istifadənin iqtisadi səmərəliliyinin artırılması prioritetlərinin əsaslandırılmasına, kənd yerində sosial infrastrukturun inkişafına, torpaqdan istifadənin iqtisadi səmərəliyinin artırılmasına dair təkliflər hazırlamışdır.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi strategiyasının reallaşdırılması və kənd təsərrüfatının davamlı inkişafına dair optimal qərarlar qəbul edilməsi məqsədilə, həmçinin etibarlı, obyektiv və vaxtaşırı yenilənən informasiya bazasının təmin edilməsi üçün institut tərəfindən FAO (BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı) ilə əməkdaşlıq əsasında Quba-Xaçmaz, Aran və Lənkəran iqtisadi rayonlarında informasiya-monitorinq sisteminin ilkin pilot mərhələsi yaradılmışdır. Bu sistemin təkmilləşdirilməsi və genişləndirilməsi, ölkənin bütün regionlarını əhatə etməsi üçün iş davam etdirilir.
İnstitutun əməkdaşları əsas tədqiqat mövzularının araşdırılması, aqrar-sənaye sahəsində təsərrüfatçılığın forma və metodlarının təkmilləşdirilməsinə dair təkliflər və tövsiyələr hazırlanması ilə yanaşı, aqrar məsələlər üzrə bir sıra qanunların və normativ-hüquqi aktların, o cümlədən "Pambıqçılığın inkişafı haqqında", "Üzümçülüyün inkişafı haqqında", "Ailə -kəndli təsərrüfatları haqqında", " Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında", "Kənd təsərrüfatında kooperasiya haqqında" və başqa qanunların hazırlanmasında iştirak etmişlər.
Bu gün institutun kollektivi aqrar sektorun dövlət tənzimlənməsinin prioritet istiqamətlərinin əsaslandırılması, torpaq münasibətlərinin və kənddə sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında idarəetmənin təşkilati strukturunun təkmilləşdirilməsinin optimal parametrlərinin əsaslandırılması, aqrar bazar infrastrukturunun formalaşması, aqrar sahədə kooperasiya və inteqrasiya münasibətlərinin inkişafı, istehsalın proqnozlaşdırılması, aqrar sahədə investisiya cəlbediciliyinin artırılması və investisiya siyasətinin prioritetlərinin əsaslandırılması problemlərinin həlli üzərində işləyir.
İnstitutda aktual mövzulara həsr edilmiş elmi-praktik konfransların keçirilməsinə böyük diqqət yetirilir. Bu konfransların işində həm Azərbaycan Respublikasında, həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan başqa ölkələrdə fəaliyyət göstərən elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, nazirlik və idarələrin nümayəndələri iştirak edirlər. 2001-2011-ci illərdə institutda 11 konfrans, o cümlədən 3 beynəlxalq və 8 respublika elmi-praktik konfransı keçirilmişdir.
İnstitutda elmi kadrların hazırlanması və möhkəmlədilməsi məsələsinə böyük diqqət və qayğı göstərilir. 1991-2011-ci illərdə 82 nəfər aspiranturaya, 135 nəfər dissertanturaya və 42 nəfər doktoranturaya qəbul edilmişdir. Bu müddətdə 140 nəfər iqtisad elmləri namizədi və 11 nəfər iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Hazırda institutda çalışan 112 nəfərdən 66-sı elmi işçi, onlardan 8-i iqtisad elmləri doktoru və 24-si iqtisad elmləri namizədidir.
Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu mövcud olduğu 50 il ərzində ölkənin aparıcı aqrar-iqtisadi tədqiqat mərkəzii kimi tanınmışdır. İnstitut ölkənin aqrar siyasət strategiyasının və aqrar münasibətlərin, ərazi-sahəvi əmək bölgüsünün, aqrar bazarın formalaşmasının, aqrar sənaye kompleksində təsərrüfatçılığın müxtəlif təşkilatı-hüquqi formalarının inkişafının, aqrar-sənaye kompleksində islahatların, yüksək effektivliyə malik çoxukladlı aqrosənaye istehsalının yaranması, formalaşması və tənzimlənməsi, aqrar-sənaye kompleksində innovasiya proseslərinin, təsərrüfatlararası kooperasiyanın və aqrosənaye inteqrasiyasının inkişafı, aqrar sahədə maddi-texniki ehtiyatlar bazarının formalaşması və idarəetmənin təkmilləşdirilməsi, kəndin sosial inkişafı, ölkənin aqrar-sənaye kompleksinin səmərəliyinin artırılmasının və başqa aktual problemlərinin həllinin nəzəri və metodoloji əsaslarının işlənib hazırlamasına, həyata keçirilən tədbirlərin elm tutumluğunun artırılmasına nəzərəçarpacaq töhfələr vermişdir.
Respublikada təsərrüfatçılıq sisteminin forma və metodlarında əsaslı dəyişikliklərlə əlamətdar olan indiki mərhələdə institutun alimləri onların qarşısında duran məsələlərin həlli üçün bundan sonra da öz qüvvə və yaradıcılıq qabiliyyətlərini tam səfərbər etmək əzmindədirlər.
{nl}
Sadıq SALAHOV, AzETKTİ və Tİ-nin direktoru, iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.