Şriftin ölçüsü:
28.11.2012 10:59 | Oxunma sayı: 812
Noyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi Direktorluğunun sabiq direktoru, operativ səlahiyyətli iqtisadi operatorlar sisteminin tərtibatçısı, "The Stairway-Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi" kitabının müəllifi Lars Karlssonu və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupunun icraçı direktoru Patrik Heinessonu qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev təcrübəli gömrük mütəxəssislərinin Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə etmiş, gömrük sahəsində qarşılıqlı əlaqələrin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır.
Müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna diqqət çəkən DGK sədri ümummilli lider Heydər Əliyevin dövlətimizin qurulması və inkişaf etməsi, dünya dövlətləri sırasında öz layiqli yerini tutması naminə həyata keçirdiyi və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin, dünyanın bir çox ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığının daha da zənginləşdiyini bildirmişdir. A.Əliyev dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin intensivləşməsinin bütün digər sahələr kimi, ölkəmizin gömrük işinin inkişafına da müsbət təsir göstərdiyini konkret faktlarla diqqətə çatdırmışdır.
Azərbaycan Gömrük Xidmətinin bugünkü inkişafından ətraflı söhbət açan DGK sədri Aydın Əliyev onu da qeyd etmişdir ki, hazırda beynəlxalq standartlara uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, ölkənin dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına, iqtisadi təhlükəsizliyin etibarlı təmin olunmasına öz töhfəsini verməkdədir.
Ölkəmizin gömrük xidmətinin davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açan komitə sədri, bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyi və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupu arasında imzalanacaq müqaviləni qarşılıqlı əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirmişdir. O, əmin olduğunu bildirmişdir ki, təchizat zəncirinin idarə olunmasının təkmilləşdirilməsi üzrə avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasını özündə ehtiva edən bu müqavilənin imzalanması, ticarətin daha da asanlaşdırılmasına öz töhfəsini verəcək və beləliklə də respublikamızın gömrük sistemi daha modern bir qurum kimi digər dövlətlər üçün nümunə olacaq.
Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi Direktorluğunun sabiq direktoru Lars Karlsson respublikamızda yenidən olmaqdan məmnunluğunu ifadə etmiş, Azərbaycanın həqiqətən sürətlə inkişaf etdiyini vurğulamış, əsl iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.
Ölkəmizin Gömrük Xidmətinin inkişaf tempindən razılıqla söhbət açan L. Karlsson Azərbaycanın region üçün bir nümunə olduğunu qeyd etmişdir. Qonaq həmçinin ÜGT-nin fəal üzvlərindən biri olan respublikamızın gömrük sisteminin, birgə əməkdaşlıq potensialının reallaşması nəticəsində dünya ölkələri sırasında, inkişaf tendensiyasına görə fərqlənən bir quruma çeviriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra DGK sədri Aydın Əliyev Lars Karlssonun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Bakı şəhərində yerləşən ÜGT potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin dəstəyi ilə Azərbaycan və rus dillərində çap edilmiş "The Stairway-Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi" kitabını müəllifə təqdim etmişdir.
Müəllifə məlumat verilmişdir ki, Azərbaycan və rus dillərində çap edilmiş bu nəşrlər Azərbaycan Gömrük Xidməti tərəfindən Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin gömrük xidmətlərinə, eləcə də respublikamızın ali təhsil ocaqlarına, kitabxanalara təmənnasız olaraq paylanmışdır.
Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyi və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupu arasında müqavilənin imzalanma mərasimi olmuşdur. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupunun icraçı direktoru Patrik Heinesson imzalamışlar.
DGK mətbuat xidməti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.