Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində "Açıq qapı" günü keçirilmişdir

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departametində (VCİAD) "Açıq qapı" günü keçirildi. Tədbir KİV nümayəndələrini vergi xidmətinin mühüm fəaliyyət istiqamətlərindən biri olan vergi hüquqpozmaları ilə mübarizə sahəsində aparılan işlərlə tanış etmək məqsədi daşıyırdı. 
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departametinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədov departamentin fəaliyyət istiqamətləri barədə mətbuat nümayəndələrinə ətraflı məlumat verdi. KİV nümayəndələrinin nəzərinə çatdırıldı ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin yaradılmasından 11 ildən artıq bir vaxt keçir. Departament Vergilər Nazirliyi sistemində cinayətlərin ibtidai araşdırılmasını və əməliyyat-axtarış tədbirlərini həyata keçirən strukturdur.
Bildirildi ki, VCİAD-ın yaradılmasının ilk təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyev 2000-ci ildə prokurorluq orqanlarının rəhbər işçiləri ilə, habelə Vergi Məcəlləsinin layihəsinin müzakirəsi ilə əlaqədar keçirdiyi müşavirələrdəki çıxışlarında vergi hüquqpozmalarına və bu sahədə törədilən cinayətlərə qarşı mübarizənin aparılması üçün vergi orqanlarına əlavə səlahiyyətlərin verilməsinin zərurətə çevrildiyini vurğulamışdı. Məhz onun göstərişləri ilə 2000-ci ildə Vergilər Nazirliyinin tərkibində Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsi, sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi, 2001-ci il iyun ayının 7-də isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradılmışdır.
Xatırladıldı ki, 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi orqanlarına əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq səlahiyyətlər verilmiş, sonralar departamentin səlahiyyətləri daha da genişləndirilmişdir. Bu illər ərzində departament tərəfindən vergi cinayətlərinin vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə ciddi işlər həyata keçirilmişdir.
Sonra KİV nümayəndələri departamentin bir il əvvəl istifadəyə verilmiş yeni binası, istintaq və əməliyyat idarələri, təhqiqat, mühafizə və xidmət şöbələri, kriminalistika və uçot bölməsi ilə tanış olmuşlar. "Açıq qapı" günü çərçivəsində KİV nümayəndələri üçün VCİAD-ın fəaliyyəti, eləcə də açıq hökumətin qurulması sahəsində Vergilər Nazirliyinin gördüyü işlərlə bağlı təqdimatlar keçirilmişdir.
Vergilər nazirinin müşaviri Günay Cəfərli vergi xidmətində açıq hökumətin qurulması sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, vergi xidmətində aparılan islahatlarda başlıca prinsiplərdən biri kimi prosesin şəffaflığının təmin olunmasını, onun ictimai müzakirələrinin aparıldığını qeyd etmişdir. Media nümayəndələrinə Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı və bu sənədlərlə bağlı Vergilər Nazirliyində aparılan işlər barədə məlumat verilmişdir.
Departamentin strukturunda yeni yaradılmış xidmət sahələri, xüsusilə Kriminalistika və uçot bölməsinin fəaliyyəti, aparılan araşdırmalar zamanı kriminalistik metodlardan istifadə edilməsi, xüsusi uçotların istifadəsi ilə cinayət törətmiş şəxslər və onların əməlləri barədə ətraflı məlumatların əldə olunması ilə bağlı VCİAD-ın təqdimatında yer almış məlumatlar KİV nümayəndələrinin marağına səbəb oldu.
Məlumat verildi ki, departament vergi cinayətlərinə qarşı mübarizə sahəsində vergi cinayətlərini törətmiş fiziki və hüquqi şəxsləri aşkarlayaraq, dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsini reallaşdırmaq, cinayət törətmiş və istintaqdan qaçıb gizlənən şəxsləri axtarıb tapmaq, sübutların toplanmasında kriminalistik metodlardan istifadə etməklə təhqiqat və istintaq aparmaq, xüsusi uçot bazalarını formalaşdırmaq və araşdırma ilə bağlı digər vəzifələri həyata keçirir. Qeyd olundu ki, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs dövlətə vurduğu ziyanı tamamilə ödədikdə məsuliyyətdən azad olunur.
Sonra KİV nümayəndələrinə vergi hüquqpozmaları ilə mübarizə sahəsində aparılan işlər barədə məlumat verildi. Bildirildi ki, departamentdə 2000-ci ildən 2006-cı ilədək, yəni 5 il ərzində cəmi 747 cinayət işi başlanmışdır. 2006-cı ildən 2011-ci ilədək olan dövrdə departamentdə başlanmış cinayət işlərinin sayı 2063-ə çatmışdır. Ümumilikdə ötən illər ərzində cari il nəzərə alınmaqla departament tərəfindən 3057 cinayət işi başlanmışdır. Həmin illərdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə 2155 nəfər cinayət törətmiş şəxs müəyyən edilmiş və onlardan 904 nəfəri məsuliyyətə cəlb edilmişdir. Departamentin icraatında olan işlər üzrə 2001-ci ildə 3,7 milyon manat, 2011-ci ildə isə 41,8 milyon manat dövlət büdcəsinə ödətdirilmişdir. Ümumilikdə son 11 ildə departamentin icraatında olmuş işlər üzrə 108 milyon manata yaxın məbləğdə vergilər dövlət büdcəsinə ödətdirilmişdir.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında