Azərbaycanda geniş vüsət alan abadlıq-quruculuq işləri Suraxanıda da yüksələn templə davam edir. Bu inkişaf prosesinə adıçəkilən rayon da öz layiqli töhfələrini verməkdədir. Etiraf etməliyik ki, Suraxanıda bu tərəqqinin əsl müəllifi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla reallaşdıran Prezident İlham Əliyevdir. Qazanılan hər bir nailiyyətə dövlət başçısının rayona göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Bunu belə bir fakt da təsdiq edir: son 5 ildə ölkə Prezidenti 17 dəfə Suraxanıda olmuş, 13 obyektin açılış mərasimində iştirak etmişdir.
Suraxanıda sosial tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun da mühüm rolu var. Bir sıra sosial təyinatlı obyektlərin, o cümlədən, 2 saylı Uşaq evinin yenidən qurulması, kompüterlərlə, televizorlarla, kondisionerlərlə və avtobusla təmin olunması, həmin müəssisə üçün yeməkxananın inşası, Reabilitasiya Mərkəzinin tikintisi və mərkəzə ən müasir avadanlıq, mebel, trenajor alətləri və xüsusi inkişafetdirici vasitələrin, "Hyundai" markalı avtobusun hədiyyə edilməsi Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Xatırladaq ki, hər yeni tədris ilində ibtidai sinif şagirdlərinə fond tərəfindən məktəb ləvazimatları hədiyyə olunur.
Abadlıq-quruculuq işləri geniş vüsət alır
Öncə bir məqamı xatırlatmaq istərdim. Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə bir müddət bundan əvvəl "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda keçirilən konfransdan əvvəl media nümayəndələri son illər sözügedən rayonda reallaşdırılan abadlıq-quruculuq işlərinin bir qismi ilə yaxından tanış oldular. Bu sətirlərin müəllifinin də iştirak etdiyi həmin tədbirdə jurnalistlərə yeni istifadəyə verilən 268 saylı körpələr evi-uşaq bağçasının, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzinin, 327 saylı tam orta məktəbin və "Atəşgah məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunun fəaliyyəti barədə geniş məlumat verildi. Media mənsublarında bir daha əminlik yarandı ki, paytaxtın digər rayonlarında olduğu kimi, Suraxanıda da abadlıq-quruculuq işləri geniş vüsət almışdır.
Yuxarıda qeyd edilənlərin təsdiqi kimi, rayonda bu ilin 9 ayında görülmüş işlərə qısaca nəzər salaq. Əvvəla xatırladaq ki, müvafiq Dövlət Proqramına əsasən, Suraxanıda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 31-i tam icra olunmuş, 47-nin icrasına başlanılmışdır. Başlanılan və sona çatdırılan tədbirlər proqramın 76,5 faizini təşkil edir. Həmçinin, ölkə Prezidentinin müvafiq sərəncamı ilə rayon üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuş, onlardan 37-si təhsil sahəsinə, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yanğına qarşı su hovuzlarının tikintisi və təmirinə aiddir.
Dövlət Proqramının icrası ilə əlaqədar sözügedən dövrdə 295,3 min metr qaz, 16,7 min metr su, 4,5 min metr kanalizasiya xətləri çəkilmiş, 10 min ədəd elektron qaz, 2782 ədəd su sayğacı quraşdırılmışdır. "Dədə Qorqud" adlandırılan yaşayış sahəsinin yaxınlığında 2 ədəd 10 min kubmetr həcmli su anbarının tikintisi başa çatdırılmış, Hövsan qəsəbəsinin 32 min sakini fasiləsiz içməli su ilə təmin edilmişdir. Hazırda Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış sahəsini içməli su ilə təmin etmək üçün Ramana yaşayış sahəsində 10 min kubmetrlik su anbarı tikilir.
Rayonun elektrik şəbəkəsində 89 min metr kabel xətləri çəkilmiş, yeni yarımstansiyalar, transformator məntəqələri tikilmiş, köhnələrində isə təmir işləri aparılmış, yenidən qurulmuşdur. Rayonun küçə və yollarına, məhəllələrə 200 min kvadratmetr asfalt örtüyü salınmışdır. Hazırda Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 9 mərtəbəli sayca 2-ci yaşayış binasının, rayon Gənclər Evinin inşası həyata keçirilir, Olimpiya idman zalı, şahmat məktəbi, süni örtüklü mini-futbol meydançası və digər obyektlərin tikintisi ilə bağlı isə işlər davam etdirilir.
Bu ilin 9 ayında rayonun sənaye müəssisələri tərəfindən 233,1 milyon manatlıq iş yerinə yetirilmiş, artım 117 faiz təşkil etmişdir. Bir işçinin orta aylıq əmək haqqı 543 manata çatmışdır. 1802 nəfər isə yeni iş yerləri ilə təmin olunmuşdur. Sahibkarlar üçün Bülbülə və Qaraçuxur qəsəbələrində kredit yarmarkaları keçirilmiş, 24 sahibkara 1 milyon 44 min manat məbləğində ətlik və quşçuluq təsərrüfatlarının, xidmət sahələrinin yaradılması məqsədilə güzəştli kreditlər verilmişdir. "Atəşgah məbədi" Dövlət tarix-memarlıq abidəsi daxilində, ətrafında abadlaşdırma işləri davam etdirilmişdir. Hazırda qoruqda arxeoloji tədqiqatların aparılması, Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərində fasadların təmir olunaraq rənglənməsi işləri sürətlə həyata keçirilir.
Yaşıllaşdırmaya xüsusi önəm verilir
Rayonda son illər yeni yaşıllıq zolaqları salınmış, yol kənarlarında, həyətlərdə ağac və gül kolları əkilmişdir. Bundan əlavə, cari ilin 9 ayında sənaye müəssisələri tərəfindən neftlə çirklənmiş 18,7 hektar torpaq sahəsi tullantılardan təmizlənmiş, mexaniki rekultivasiya aparılmış, ümumi sahəsi 15,6 hektar olan 46 neft-su gölməçəsi qurudulmuşdur. Hövsan-Binə-Dədə Qorqud-Bahar qəsəbələri ətrafındakı 300 hektar ərazidə müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması, Hövsan qəsəbəsində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədilə 215,7 kilometr uzunluğunda boru xəttinin yenidən qurulmasına başlanılmışdır.
Rayonda yaşıllaşdırma işlərinin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək" təşəbbüsünün də əhəmiyyəti danılmazdır. Onu da qeyd edək ki, respublikamızda 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar Suraxanıda 31 min ağac və dekorativ kol əkilmişdir.
Son illər əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə də bir sıra önəmli işlər görülmüşdür. Belə ki, 2006-2012-ci illərdə rayonda müasir tələblərə cavab verən 12 yeni park, o cümlədən Heydər Əliyev parkı salınmış, 12-si isə yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir. Hazırda Yeni Günəşlidə müasir tipli park tikilir, Qaraçuxur və Hövsan qəsəbələrində isə 2 parkda yenidənqurma işləri davam etdirilir.
Məqsəd təhsilin keyfiyyətini artırmaqdır
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonda 2011-ci ildə 5, 2012-ci ildə 6 məktəb əsaslı təmir edilmişdir. Həmçinin həmin illərdə 7 məktəb üçün 2560 şagirdlik 128 sinif otağı tikilmişdir. Hazırda 3 məktəb üçün 1600 şagirdlik 80 sinif otağı inşa olunur. Yeri gəlmişkən, gələn il rayonda 12 məktəbin əsaslı təmiri, 9 məktəb üçün isə 3820 şagird yerlik 191 sinif otağının tikilməsi qərara alınmışdır.
Rayonda fəaliyyət göstərən təhsil ocaqları tərəfindən ötən tədris ilində bir sıra uğurlar əldə edilmişdir. Belə ki, 2011-2012-ci dərs ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 3 şagird qızıl medala layiq görülmüş, 146 və 278 nömrəli tam orta məktəblər "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsində, 290 saylı məktəbin müəllimi Fatimə Sayılova "Ən yaxşı müəllim" müsabiqəsində qaliblər sırasında olmuşlar. Təhsilin inkişafındakı xidmətlərinə görə 114 saylı məktəbin direktoru Ceyran Novruzovaya və Xarici Dillər Təmayüllü Gimnaziyanın direktor müavini Etibar Cəfərova "Əməkdar müəllim" fəxri adı verilmişdir.
2011-2012-ci tədris ilində rayon məktəblərini 1960 şagird bitirmiş, məzunlardan 819 nəfər tələbə adını qazanmışdır. Abituriyentlərin 53 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yüksək balla ali məktəbə daxil olmuş 3 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Bundan başqa, 2011-2012-ci tədris ilində rayon məktəblərini bitirmiş 1960 şagirdin 819-u tələbə adını qazanmışdır. Abituriyentlərin 53 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yüksək balla ali məktəbə daxil olmuş 3 məzun dövlət başçısı İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
Sosial müdafiə diqqət mərkəzindədir
Dövlət qayğısının və yerli imkanların genişlənməsi nəticəsində rayonda yoxsulluğun səviyyəsi aşağı düşmüş, ehtiyacı olan insanlara müxtəlif xarakterli yardım göstərilmişdir. Faktlara diqqət yetirək. Cari ilin 9 ayında Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3497 ailəyə 3,9 milyon manat məbləğində ünvanlı sosial yardım verilmiş, həmçinin imtiyazlı 7255 vətəndaşa 3,5 milyon manat məbləğində sosial müavinət ödənilmiş, 73 əlil vətəndaş istirahət mərkəzlərinə göndərilmişdir. Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 505 nəfərin işlə təminatı reallaşmış, 86 nəfərə işsizlik statusu verilmiş, 95 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərdən 123,6 min manat vəsait toplanmış, artım 21,2 faiz olmuş, 826 nəfərə pensiya təyin edilmiş, bu dövr ərzində 26469 nəfər təqaüdçüyə xidmət göstərilmiş və 38,4 milyon manat pensiya ödənilmişdir.
Suraxanı rayonu ərazisində 19 min 933 nəfər məcburi köçkün məskunlaşmışdır. Onların məişət-kommunal xidmətləri, rastlaşdıqları çətinliklərlə əlaqədar yazılı və şifahi müraciətləri RİH-in daim diqqət mərkəzindədir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nın bütün bəndlərini rəhbər tutaraq ərazidə məskunlaşmış məcburi köçkün ailələrinin sosial şəraitinin yaxşılaşdırılması, işlə təminat və s. məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır.
Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
2012-ci ilin 9 ayı ərzində rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş 2682 müraciətdə qaldırılmış mənzil-məişət-kommunal, yol və nəqliyyat, fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin tikintisi və sənədləşdirilməsi, iş, mənzil və ya torpaq sahəsi ilə təmin olunma, maddi yardım göstərilməsi və s. məsələdən 1354-ü müsbət həll edilmiş, 17-nin icrası nəzarətə götürülmüş, 35-i aidiyyəti üzrə baxılmaqdadır, 1276-na qanunamüvafiq izahat verilmişdir. Bu dövr ərzində RİH başçısı tərəfindən 612 nəfər vətəndaş qəbul edilmiş, qaldırılmış məsələlərdən 308-i müsbət həll edilmiş, 8-nin icrası nəzarətə götürülmüş, 4-ü aidiyyəti üzrə baxılmaqdadır, 292-nə qanunamüvafiq izahat verilmişdir.
Rayon icra hakimiyyəti tərəfindən qəsəbələrdə 1154 nəfər sakinin iştirakı ilə 21 səyyar görüş-qəbul keçirilmiş, qaldırılmış 77 məsələnin əksəriyyəti həll olunmuş, digər qaldırılan məsələlərlə əlaqədar aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon icra hakimiyyətində tətbiq edilmiş "Elektron icraçı" Avtomatlaşdırılmış İdarəetmə Sistemi proqramına sənədlərin daxil edilməsi davam etdirilmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.