Bakıda qadın sahibkarların III Beynəlxalq Forumu öz işinə başlamışdır

Noyabrın 14-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (AİK) birgə təşkilatçılığı ilə qadın sahibkarların III Beynəlxalq Forumu öz işinə başlamışdır.
Forum "AİK regionunda sahibkarlığın gender boşluqlarının aradan qaldırılması məqsədi ilə tərəfdaşlığın qurulması" mövzusuna həsr olunmuşdur.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Ölkədə BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına uyğun olaraq qadınların sosial durumunun yaxşılaşdırılması, onların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda iştirakının təbliği istiqamətində, eyni zamanda stereotiplərin aradan qaldırılması məqsədi ilə mühüm addımlar atılmışdır.
Qəbul olunmuş müvafiq Dövlət proqramları çərçivəsində bu sahədə ictimai birliklərin, Biznes Tədris Mərkəzinin yaradıldığını deyən komitə sədri bildirmişdir ki, bu sənədlərdə qadınların məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir, onlara zəruri köməyin göstərilməsi, qadınlar üçün əlavə iş yerlərinin yaradılması nəzərdə tutulmuşdur.
H.Hüseynova Milli Məclisdə büdcə müzakirələrində qadın sahibkarlara dəstək məqsədi ilə növbəti ildə böyük məbləğdə vəsaitin ayrılmasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
Azərbaycanda qadın sahibkarların sayı artsa da, bu sahədə müəyyən problemlərin mövcud olduğunu deyən komitə sədri qeyd etmişdir ki, maliyyə vəsaitlərinin əldə olunması, onların düzgün yönəldilməsi istiqamətində çətinliklər işə mane olur. Buna görə də qadınlar peşə hazırlığı və hazırlıq kurslarına cəlb olunmalı, onlar bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaq üçün maariflənməlidirlər.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit biznes mühitinin yaradıldığını demişdir. Qeyd olunmuşdur, ölkədə beynəlxalq standartlara uyğun hüquqi baza formalaşdırılmış, mənfəət vergisi 20 faizə endirilmiş, kənd təsərrüfatı istehsalı demək olar ki, bütün vergilərdən azad edilmiş, elektron vergi bəyannamələri, biznesin qeydiyyatı və gömrük əməliyyatlarında "bir pəncərə" sistemi üzrə aparılır. Dünya Bankının 2009-cu ilin "Doing Business" hesabatında 183 ölkə arasında Azərbaycan "top reformer" kimi qiymətləndirilmişdir.
Nazir müavini bildirmişdir ki, İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir və ən əlverişli şərtlərlə sahibkarların layihələrinin maliyyələşdirilməsini həyata keçirir. Fond tərəfindən 2002-ci ildən bu günədək 15 minədək layihəyə 110 milyon dollardan çox vəsait yönəldilmişdir. Bu layihələr üzrə 1600 qadın sahibkara 50 milyon dollaradək güzəştli kredit verilmişdir. Son 3 il və 2012-ci ilin 9 ayı ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 933 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Hazırda Fond tərəfindən kənd yerlərində qadınların ev şəraitində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təşviqi məqsədi ilə nümunəvi investisiya layihələri hazırlanır və yaxın gələcəkdə qadın sahibkarlarının maliyyələşdirilməsi daha da genişləndiriləcəkdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, Azərbaycanda son 20 ildə əldə olunan nailiyyətlər sübut edir ki, dövlətin prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsi, qadınların hüquqlarının qorunmasıdır. Ölkədə yeni iqtisadi münasibətlərə keçidlə əlaqədar əhalinin sosial-iqtisadi inkişaf səviyyəsində baş vermiş köklü dəyişikliklər qadınların bu prosesdəki rolunu artırmışdır.
Avropa İqtisadi Komissiyasının sosial məsələlər üzrə məsul şəxsi xanım Malinka Koparanova "Avropa İqtisadi Komissiyası regionunda sahibkarlığın gender boşluqlarının aradan qaldırılması məqsədi ilə tərəfdaşlığın qurulması; problemlər və imkanlar" və ABŞ-ın Brayn adına Biznes və İqtisadiyyat Məktəbinin direktoru Dayana Vels "Sahibkarlar və uğura aparan yol" mövzularında çıxış etmişlər.
Noyabrın 15-də Forum çərçivəsində "Regional əməkdaşlıq vasitəsilə gender boşluqlarının aradan qaldırılması", "İnnovasiya əsaslı sahibkarlığın gender aspektləri", "Ölkə səviyyəsində siyasət, strategiyalar və proqramlar vasitəsilə qadın sahibkarlığının təşviqi" mövzularında iclaslar keçiriləcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında