Ölkəmizin neft-qaz sənayesində mühüm infrastruktur layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin böyük diqqət və qayğısı, ölkənin neft strategiyası çərçivəsində həyata keçirilən irimiqyaslı işlərlə şəxsən maraqlanması nəzərdə tutulan bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunmasını sürətləndirir. Təsadüfi deyil ki, son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsi, dənizdə və quruda yeni-yeni obyektlərin tikilib istismara verilməsi istiqamətində işlər xeyli intensivləşmişdir.
Neft-qaz sənayesi üzrə mühüm infrastruktur layihələrinin böyük əksəriyyəti Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir. Hazırda trestin inşaatçıları Azərbaycanın neft-qaz sektorunda müstəsna rolu olan "Günəşli" və "Neft Daşları" yataqlarında, eləcə də Pirallahı, Çilov adaları ətrafında, Səngəçal-Duvannı rayonunda və digər ərazilərdə dəniz hidrotexniki qurğularının, qaz-kompressor stansiyalarının, yeraltı qaz anbarlarının, sualtı və yerüstü boru kəmərlərinin, magistral neft və qaz xətlərinin, neft terminallarının, mədəni-məişət və sosial obyektlərin tikintisi və təmiri istiqamətində mühüm işlər həyata keçirirlər.
2012-ci ilin ötən dövründə trestin tabeliyində olan tikinti-quraşdırma idarələri tərəfindən podrat işləri proqramında nəzərdə tutulmuş obyektlərin tikintisi ilə yanaşı, Dövlət Neft Şirkəti rəhbərliyinin iştirakı ilə "Azneft" və "Azəriqaz" istehsalat birliklərinin müəssisələrində keçirilmiş texniki müşavirələrdə, tədbirlər proqramında qeyd olunmuş bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti-quraşdırma işləri aparılmışdır. İstehsalat müşavirələrində "Günəşli", "Neft Daşları", "Palçıq Pilpiləsi"və "Bulla dəniz" yataqlarında neft və qaz hasilatının artırılması məqsədilə stasionar dəniz özüllərinin genişləndirilməsi və yenidən qurulması, quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım-nəql sistemlərinin təkmilləşdirilməsi, çıxarılan qazın sahilə itkisiz nəqlinin etibarlı sisteminin qurulması, neft və qaz kəmərlərinin təmir-tikinti işləri "Neftqaztikinti" Trestinə həvalə olunmuşdur. Bu etimadı layiqincə doğruldan inşaatçılar cari ilin ötən aylarında ölkənin neft-qaz təsərrüfatına aid onlarca iri istehsalat obyektinin tikintisini başa çatdıraraq istismara təhvil vermişlər.
"Azneft" İstehsalat Birliyi üzrə çıxarılan ümumi neftin yarısından çoxunu verən "Günəşli" yatağındakı 6 saylı dərin dəniz özülünün əlavə üç quyunun qazılması üçün yenidən qurulması, adı çəkilən yataqda alçaq təzyiqli qazın yığılaraq Neft Daşlarındakı 2 saylı kompressor stansiyasının girişinə vurulması üçün 4 saylı dərin dəniz özülündə kompressor stansiyasının tikintisi, 14 saylı dərin dəniz özülünün genişləndirilmiş hissəsində əlavə altı, 13 saylı özülün isə əlavə iki quyunun qazılması üçün yenidən qurulması, Dübəndidəki əmtəə neftini mövcud boru kəməri ilə 11 saylı parka vurmaq üçün nasosxananın inşası bu kimi mühüm işlərdəndir.
63 il əvvəl dünyada ilk dəfə olaraq açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu "Neft Daşları" yatağında hasilatın artırılması üçün hazırda mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə adı çəkilən yataqda yeni özüllər inşa olunur, mövcud özüllərdə genişləndirmə işləri həyata keçirilir. Buradakı tikinti-quraşdırma işləri isə "Neftqaztikinti" Trestinin inşaatçıları tərəfindən aparılır. Cari ilin ötən dövründə bu sahədə mühüm nailiyyətlər qazanan fədakar inşaatçıların səyi ilə "Neft Daşları" yatağında 12 ədəd istismar quyusunun qazılması üçün 2585 saylı stasionar dəniz özülünün birinci kompleksinin tikintisi başa çatdırılmış, buradakı bir neçə meydançalararası estakada, xüsusi baza və yanacaqdoldurma məntəqəsi yerləşən meydança əsaslı təmir olunmuş, "Palçıq Pilpiləsi" yatağında sualtı texnoloji xətlər çəkilmiş, adı çəkilən yataqda alçaq təzyiqli qazın yığılması üçün 1201 saylı stasionar dəniz özülündə 10 ədəd kompressor quraşdırılmışdır.
Bu ilin ötən dövründə inşaatçılar "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "Darvin bankəsi" yatağında 12 ədəd istismar quyusunun qazılması üçün 720 saylı stasionar dəniz özülünün tikintisini, Şimal estakadasının 4 saylı dərin dəniz özülü və 2 saylı baza meydançası arası hissəsinin əsaslı təmirini uğurla tamamlamışlar. Bundan əlavə, trestin kollektivi N. Nərimanov adına NQÇİ-nin sifarişi ilə 90 saylı axtarış quyusunun qazılması üçün 29 saylı platformanın genişləndirilməsi və yenidən qurulması, eləcə də idarənin balansındakı neftyığma məntəqələrini birləşdirən sualtı qaz xətlərinin tikintisini də vaxtından əvvəl başa çatdırmışdır.
Cari ilin ötən dövrü dəniz hidrotexniki qurğuları ilə yanaşı, quruda da neft sənayesi üçün son dərəcə vacib olan bir sıra obyektlərin tikintisi ilə əlamətdar olmuşdur. Bu sahədə mühüm uğurlara imza atan inşaatçılar "Bibiheybət" NQÇİ-nin lay sularının yığılması, nəqli və laylara vurulması, həmçinin H. Z. Tağıyev adına NQÇİ-nin "Buzovna" yatağında 3 və 4 saylı mədənlərin neftyığma sahəsinin, neftin, suyun kompleks hazırlanması və vurulması məntəqəsinin tikintisi layihələrinin icrasını vaxtından əvvəl tamamlayaraq sifarişçi təşkilatlara təhvil vermişlər.
Son illər ölkəmizdə qaz hasilatının artırılması üçün konkret proqram həyata keçirilir. Dövlət qaz proqramında nəzərdə tutulmuş kompleks tədbirlərin reallaşdırılması, eləcə də regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartlara uyğun qurulması işləri də "Neftqaztikinti" Trestinə həvalə olunmuşdur. Trestin inşaatçıları əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də bu sahədə xeyli iş görmüş, bir sıra dövlət əhəmiyyətli obyektlər tikib istismara vermişlər. Onlar, həmçinin Azadkənd-İmişli magistral və Qazıməmməd-Qazax qaz kəmərlərinin ikinci hissəsinin əsaslı təmirini də uğurla başa çatdırmışlar.
Bu il Azərbaycanın qaz təsərrüfatı üçün son dərəcə mühüm bir hadisə baş vermişdir. "Ümid" qaz-kondensat yatağında ilkin qazın hasilatına başlanılması ilə ölkəmizdə qaz hasilatının artırılması sahəsində daha bir uğura imza atılmışdır. Adı çəkilən yataqda hasilat platformasını inşa edib quraşdıran "Neftqaztikinti" Trestinin inşaatçıları təbii qazın sahilə nəqlini nəzərdə tutan infrastrukturun yaradılması sahəsində də müstəsna rol oynamışlar. Xatırladaq ki, "Ümid" yatağının neft və qaz hasilatının nəql sisteminin layihələndirilməsi" obyekti çərçivəsində tikinti-quraşdırma işləri məhz adı çəkilən trestin inşaatçılarına həvalə olunmuşdur. Bu mühüm dövlət əhəmiyyətli layihənin icrasını vaxtında və keyfiyyətlə yerinə yetirən fədakar inşaatçılar qısa müddət ərzində geniş miqyaslı tikinti-quraşdırma işləri həyata keçirmiş, "Süleyman Vəzirov" borudüzən gəmisi vasitəsilə "Ümid" yatağı-82 saylı stasionar dəniz özülü arası 18 kilometrlik boru kəmərinin inşasını vaxtından əvvəl və keyfiyyətlə başa çatdıraraq "Neftçilər Günü" ərəfəsində istismara vermişlər. Kollektiv hazırda "Ümid" yatağından 82 saylı özülədək daha bir qaz xəttinin çəkilməsinə hazırlaşır. Bundan əlavə, ötən müddətdə "Azneft" İB-nin sifarişi ilə N. Nərimanov adına NQÇİ üçün yüksək təzyiqli qaz kəmərinin tikintisini uğurla başa çatdıran inşaatçılar hazırda Kənizdağ-Daşgil neftyığma məntəqələrini birləşdirən qaz xəttinin çəkilişini sürətlə davam etdirirlər. Bütövlükdə isə bu ilin doqquz ayı ərzində "Neftqaztikinti" Tresti tərəfindən 49,9 kilometr sualtı, 139,8 kilometr quruda və 31,6 kilometr estakada və özüllərdə müxtəlif diametrli neft-qaz kəmərləri, 406,2 kilometr yüksək gərginlikli elektrik ötürücü xətləri çəkilmişdir. Bundan əlavə, hesabat dövründə inşaatçılar estakada və meydançalarda bir sıra təmir-tikinti işləri həyata keçirmişlər.
Yaxın illərdə Azərbaycanda dünya standartlarına tam cavab verən gəmiqayırma zavodu fəaliyyətə başlayacaq. Yeri gəlmişkən, 2010-cu il martın 19-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş bu nəhəng müəssisənin inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin istehsalını və təmirini həyata keçirməkdən ibarətdir. Sözügedən istehsalat sahəsinin tikintisinin sürətləndirilməsi məqsədilə "Neftqaztikinti" Trestinin tərkibində yeni struktur idarə-Sənaye Tikinti İdarəsi yaradılmışdır. Xatırladaq ki, layihə çərçivəsində 300 metr uzunluğunda gəmi yanalma pirsinin, istehsalat binalarının, kran yollarının, yarımstansiya və yardımçı yarımstansiya binalarının, çirkab sutəmizləyici qurğusunun, iki ədəd kompressor stansiyasının, dörd ədəd nasosxananın tikintisi nəzərdə tutulmuşdur. Hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
2012-ci ilin ötən dövrü ərzində trestin kollektivi Dövlət Neft Şirkətinin mədənlərində ekoloji vəziyyətin yaxşılaşdırlması üçün nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlər proqramının yerinə yetirilməsinə də mühüm töhfələr vermişdir. Belə ki, Abşeron yarımadasında yerləşən mədən sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə neftin hasilatı, yığılması və nəqli üçün qapalı sistemin yaradılması, neft gölməçələrinin qurudulması, torpaqların təmizlənməsi, istifadəsiz kommunikasiya xətlərinin, mühəndis qurğu və avadanlıqlarının sökülməsi və həmin ərazilərin abadlaşdırılması işlərində "Neftqaztikinti" Trestinin kollektivi də yaxından iştirak etmişdir.
Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən aylarında da neftçilərin mədəni-məişət və sosial vəziyyətlərini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra sosial obyektlərdə təmir-tikinti işləri aparılmışdır. Bu işlərin önündə gedən "Neftqaztikinti" Trestinin inşaatçıları tərəfindən ötən il "Günəşli" yatağındakı 4 saylı dərin dəniz özülündə işçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün yaşayış bloku yenidən qurulmuş, 5 saylı özüldə yaşayış bloku əsaslı təmir olunmuş, "Ələt-dəniz" yatağında yerləşən stasionar dəniz özülündəki yaşayış-məişət blokunda təmir-tikinti işləri aparılmış və obyekt neftçilərin istifadəsinə verilmişdir. Hazırda isə inşaatçılar "Günəşli" yatağındakı 9 və 15 saylı dərin dəniz özüllərinin, eləcə də Neft Daşlarında neftin ilkin hazırlanması və nəqli sexinin 72 yerlik yaşayış bloklarında əsaslı təmir işləri aparırlar.
Ölkəmizin neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verən, quruda və dəniz akvatoriyasında yerləşən zəngin karbohidrogen ehtiyatlarının hasilatı üçün möhkəm zəmin yaradan inşaatçılar hazırda cari ilin podrat proqramlarının yerinə yetirilməsi istiqamətində tədbirləri davam etdirirlər. Bütün bu tədbirlərin yerinə yetirilməsi isə öz növbəsində ölkəmizin neft-qaz sənayesinin infrastruktur imkanlarının daha da genişlənməsinə səbəb olacaq.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.