Şriftin ölçüsü:
25.06.2010 04:52 | Oxunma sayı: 627
Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir.
Naxçıvan MR dövlət büdcəsinin icrası ilə əlaqədar maliyyə naziri Xalid İsgəndərovun məlumatı dinlənilmiş və müvafiq qərar qəbul edilmişdir.
"Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa müvafiq dəyişikliklər edilmişdir.
Seçki qanunvericiliyinin daha da demokratikləşdirilməsi, seçki prosesinin sadələşdirilməsi və seçki komissiyalarının daha səmərəli fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi qəbul olunmuşdur.
"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin Mərkəzi Seçki Komissiyasının üzvləri haqqında təklifi təsdiq olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanları təsdiq edilmişdir.
Sessiyada yaz əkinlərinin yekunu, taxıl biçininə hazırlığın vəziyyəti və daxili bazarın qorunması tədbirləri haqqında məsələ müzakirə olunmuşdur.
Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-kənd təsərrüfatı naziri Məmməd Abbasov, iqtisadi inkişaf naziri Famil Seyidov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov, Naxçıvan "Aqrobiznes" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Xəlil Əliyev və Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılovun məlumatları dinlənilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada çıxış etmişdir.
Ali Məclisin sədri demişdir ki, hələ 1992-ci ildə ümummilli liderimizin muxtar respublikaya rəhbərliyi dövründə Azərbaycanda ilk dəfə olaraq məhz Naxçıvanda aqrar islahatlara başlandı. İslahatlar nəticəsində zərərlə işləyən kolxoz və sovxozlar ləğv olundu, mal-qara özəlləşdirilərək onun bazasında şəxsi təsərrüfatlar yaradıldı, torpaqların özəlləşdirilməsi həyata keçirildi. Sonrakı dövrlərdə də fərdi təsərrüfatlara bir çox güzəştlər edilmiş, onlar vergidən azad olunmuş, güzəştli kreditlər almışlar. Bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri motor və sürtkü yağlarına görə subsidiyaların verilməsi, onların toxum, gübrə və damazlıq heyvanlarla təmin olunmaları aqrar sahəyə olan marağı daha da artırmışdır. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair 2008-2015-ci illər, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illər dövlət proqramlarında nəzərdə tutulan tədbirlər də kənd təsərrüfatının üstün inkişafı üçün əlavə stimul yaratmışdır. Muxtar respublikada 2010-cu ilin məhsulu üçün 59 min 204 hektardan çox sahədə əkin aparılmışdır. Bunun 26 min 294 hektarını cari ilin yazlıq əkinləri təşkil edir. Əkinçilikdə cari ildə də taxılçılıq üstün mövqeyə malikdir. Belə ki, muxtar respublika üzrə əkin sahələrinin 61 faizini, yaxud 36 min hektardan çoxunu dənli və dənli paxlalılar təşkil edir. Cari ilin məhsulu üçün 25 min 276 hektar sahədə buğda, 8 min 678 hektar sahədə isə arpa səpilmişdir. Kartof istehsalçılarına 1 milyon 344 min manatdan çox kredit verilmiş, məhsuldar toxum sortları gətirilərək müvafiq qiymətlərlə sahibkarlara satılmış, 2740 hektardan çox sahədə kartof əkilmişdir. Muxtar respublikada nəzarətdə saxlanılan sahələrdən biri də şəkər çuğundurudur. Cari ildə 1716 hektardan çox sahədə şəkər çuğunduru əkilmiş, əkin sahələrinin həcmi ötən illə müqayisədə 500 hektar artmışdır. Naxçıvan Muxtar Respublikasında daxili bazarın qorunması və idxaldan asılılığın azaldılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq hazırda 286 növdə, 750 çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları istehsal edilir. Bu gün daxili bazarda 88 növ ərzaq, 153 növ qeyri-ərzaq məhsullarına, bütövlükdə 241 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Sessiyada müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunmuşdur.
Ali Məclisin sədri sessiyanın işinə yekun vuraraq demişdir: Bugünkü sessiyada muxtar respublikada istər qanunvericiliyin təkmilləşdirilməsi, istərsə də iqtisadiyyatın inkişafı ilə bağlı aktual məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Bütün bunlar qarşıdan gələn parlament seçkilərində, eləcə də digər sahələrdə rəhbərlik üçün nəzərə alınmalı, elan olunmuş yeniləşmə ilində hər birimiz daha ciddi çalışmalı, Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etməklə doğma Azərbaycanımızın tərəqqisinə öz töhfəmizi verməliyik.
Bununla da üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.