Bu işdə beynəlxalq qurumlarla əməkdaşlıq səmərəli nəticələr verir
{nl}
Bu gün dünya ölkələrinin bir çoxunda içməli su problemi ən aktual məsələ kimi gündəmdədir. Getdikcə azalmaqda olan su ehtiyatı əhalinin artması fonunda daha artıq çətinliklər yaratmaqdadır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycan üçün də içməli su problemi həllivacib məsələlərdəndir. İçməli su çatışmazlığı ilə üzləşmə ehtimalının artması, nəinki Azərbaycanı, eləcə də əksər dövlətləri problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Çünki heç kimə sirr deyil ki, içməli suya olan tələbat ildən-ilə artır. Statistik məlumatlara görə, Azərbaycan ərazisində hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraqlıq dövrlərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.Hazırda Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudur. Yer kürəsində ümumi su balansı sabit saxlanıldığı halda, təxminən son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Nəticədə dünyada hər 6 insandan biri içməli su çatışmazlığından əziyyət çəkir.
{nl}
Çirkli sudan istifadə həm də bir çox xəstəliklərin əsas mənbəyidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da bildirib ki, çirkli sudan istifadə bir sıra yoluxucu xəstəliklərin, həmçinin mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklərin yaranması standartlara uyğun olmayan içməli sudan istifadə ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə, hazırda dünya əhalisinin 80 faizi aşağı keyfiyyətli, 40 faizi isə çirkli sudan istifadə edir.
{nl}
BMT-nin dünyanın su ehtiyatlarının vəziyyəti haqqında məruzəsində bildirilir ki, 2070-ci ilədək Mərkəzi və Cənubi Avropada hiss ediləcək su qıtlığı təkcə bu regionda 44 milyon adamın həyatına təsir edəcək.
{nl}
Hazırda Fransanın Marsel şəhərində keçirilən 6-cı Dünya Su Forumunda da məyusedici faktlar açıqlanıb. Forumda bildirilib ki, hazırda 800 milyon insan içməli suya möhtacdır. 1 milyard insan isə həftədə sadəcə olaraq, bir neçə saat sudan istifadə edə bilir. Əksəriyyəti uşaq olmaqla, ildə 3,6 milyon insan içməli su çatışmazlığı problemindən dünyasını dəyişir.
{nl}
BMT-nin Baş Katibliyinə konsaltinq xidməti göstərən "Aquafed" şirkəti isə açıqlayıb ki, dünyada 3-4 milyard insan mütəmadi şəkildə içməli su ilə təmin olunmayıb və onların istifadə etdikləri suyun keyfiyyəti də "şübhəli" kateqoriyaya daxildir.
{nl}
Problemin həlli istiqamətində müxtəlif dövlətlərdə böyük layihələr hazırlanıb həyata keçirilir. İçməli su probleminin həlli istiqamətində respublikamızda da hələ ötən əsrin 90-cı illərin ikinci yarısından məqsədyönlü işlər aparılır. Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi ilə başlayan həmin işlər bu gün daha geniş miqyasda davam etdirilir. Azərbaycanda əhalinin içməli suya olan tələbatını tam ödəmək məqsədilə Prezidenti İlham Əliyevin tapşırığına əsasən 50-yə yaxın inzibati ərazi tədqiq olunub. Dünya Bankının ekspertlərinin apardığı araşdırmalar zamanı müəyyənləşdirilib ki, Bakının su təchizatı sistemini dünya səviyyəsinə çatdırmaq üçün 2 milyard ABŞ dolları, ölkə üzrə bu problemin həllinə isə 10 milyard ABŞ dolları həcmində vəsait tələb olunur.
{nl}
Qeyd edək ki, 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu, üç il sonra isə adıçəkilən kəmər istifadəyə verildi. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilənədək Bakı şəhərində əhalinin 60 faizi içməli suyu fasilələrlə alırdı. Bu kəmərlə özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir. Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir.
{nl}
Hazırda, demək olar ki, Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya problemlərinin həlli üçün praktiki işlər, yaxud da bu işlərin başlanmasına hazırlıq görülür. "2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında da respublikanın bir çox bölgələrində su və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulur.
{nl}
İçməli su probleminin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü işlərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kür və Araz çayları boyunca yaşayan əhalini təmiz su ilə təmin etmək üçün quraşdırdığı sutəmizləyici qurğulardır. Hazırda çaylar boyu yerləşən kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 300 mindən artıq Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilir. Qeyd edək ki, onlar əvvəllər keyfiyyətsiz çay sularından istifadə edirdilər.
{nl}
Yəni bu gün Azərbaycan hökumətinin qarşısında duran əsas məsələlərdən biri olan içməli su, kanalizasiya layihələrinin həyata keçirilməsi uğurla davam etdirilir. Sevindirici haldır ki, bu yöndə xarici şirkətlərlə əməkdaşlıq uğurla davam edir.
{nl}
Azərbaycan hökumətinin Almaniyanın KfW Bankı və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı II" çərçivəsində respublikamızın ikinci ən böyük şəhəri olan Gəncənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin ilkin mərhələsi 2012-ci ilin sonunadək başa çatdırılacaq.
{nl}
Qeyd edək ki, 2 mərhələdə həyata keçirilən Gəncə şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi çərçivəsində şəhərin təqribən yarısını əhatə edən şəbəkələr üzrə tender prosedurau başa çatıb və qalib şirkətlə podrat müqaviləsi imzalanıb.
{nl}
Layihə çərçivəsində Gəncə şəhərində ümumi tutumu 39 min kubmetr olan 5 ədəd yeni su anbarı tikiləcək, müxtəlif diametrli borularla 576 kilometr uzunluğunda paylayıcı su xətti, 582 576 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 52 minə qədər ünvanda birləşdirmə aparılacaq və sayğac quraşdırılacaq. Gəncə şəhərində çirkab sutəmizləyici qurğuların tikintisi üzrə texniki iqtisadi əsaslandırma sənədləri hazırlanıb və yaxın vaxtlarda tender prosesinə başlanılacaq. Layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 388 min nəfərin keyfiyyətli içməli su ilə təmin edilməsinə və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
{nl}
Su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində əməkdaşlıq etdiyimiz qurumlardan biri də Asiya İnkişaf Bankıdır. Ölkəmiz 1999-cu ildə bu quruma üzv olduqdan indiyədək 756,4 milyon ABŞ dolları dəyərində kredit almışdır. Hazırda Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə "Şəhər su təchizatı və kanalizasiya" layihəsinin ikinci mərhələsində işlər sürətlə davam etdirilir. Qeyd edək ki, cari ilin iyunun 6-da "Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2" çərçivəsində Asiya İnkişaf Bankı Azərbaycana güzəştli şərtlərlə 300 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsaitin 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunacaq.
{nl}
Naxçıvan şəhərində "Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı" layihəsi çərçivəsində ikinci tranş üzrə işlərin 2013-cü ildə tamamilə başa çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində 136 kilometr şəhərdaxili kanalizasiya, 162 kilometr şəhərdaxili su şəbəkəsinin və 10 mindən yuxarı ev birləşməsinin tikintisi aparılacaqdır. Layihənin icrasından sonra perspektiv də nəzərə alınmaqla Naxçıvan şəhərinin əhalisi 2035-ci ilədək keyfiyyətli içməli su ilə təmin olunacaqdır.
{nl}
Həmçinin cari ilin sentyabrından "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Göyçay şəhərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ikinci mərhələsinə başlanılmışdır.
{nl}
İkinci mərhələ çərçivəsində işlər başlanandan Göyçay şəhərində 4200 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Bununla da 49,1 576 kilometr olan kanalizasiya xətlərinin tikilən hissəsi 27 kilometrə çatdırılaraq işlərin 55 faizi yerinə yetirilmişdir. Hazırda kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı ünvanların kanalizasiya şəbəkəsinə qoşulması aparılır və 2340 ünvanın 700-də bu işlər yekunlaşmışdır.
{nl}
Cari ilin oktyabrında Göyçaya səfər edən Asiya İnkişaf Bankının şəhər təsərrüfatının inkişafı üzrə baş mütəxəssisi Vicay Padmanabhan jurnalistlərə müsahibəsində demişdir ki, 2012-ci ilin yanvar ayından icrasına başlanılan layihənin ikinci mərhələsi 18 aydan sonra başa çatacaq və Göyçayda hər bir ailə həftənin bütün günlərində fasiləsiz içməli su ilə təchiz olunacaqdır.
{nl}
Ümumiyyətlə, proqram çərçivəsində Naxçıvan, Ağdaş, Göyçay, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığı təmin olunacaqdır. Layihənin həyata keçirilməsi üçün Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan hökumətinə 600 milyon dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Artıq bu vəsaitdən 375 milyon dolların ayrılması təsdiqlənmişdir. Naxçıvan, Göyçay, Ağdaş şəhərləri üçün birinci tranş 75 milyon, ikinci tranş isə 300 milyon dollar təşkil edir. Layihənin 3-cü tranşı isə 2013-cü ilin birinci rübündə həyata keçiriləcəkdir.
{nl}
"Azərsu" ASC-nin sədri Qorxmaz HÜSEYNOV bu günlərdə Beyləqan şəhərinin su və kanalizasiya komplekslərinin təməlqoyma mərasimində bildirmişdir ki, layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılır. Layihə çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir. Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhəri və ətraf iki kəndin 25 mindən artıq sakininin su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. Layihənin icrasının 18 aya başa çatdırılması nəzərdə tutulmuşdur.
AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono müsahibələrinin birində demişdir ki, bizim əsas hədəfimiz ölkənin sosial-iqtisadi inkişafına nail olmaq və sadə insanların həyat şəraitini yaxşılaşdırmaqda Azərbaycan Hökumətinə kömək etməkdir.
{nl}
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi texnika elmləri üzrə fəlsəfə doktoru Madər MUSAYEV beynəlxalq qurumlarla əməkdaşlıqdan əldə edilən uğurlardan danışdı:
{nl}
- Asiya İnkişaf Bankı və Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə respublikamızın beş şəhərində su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsi həyata keçirilir. İşlərin birinci mərhələsi 2009-cu ildə başa çatıb. AİB birinci tranşda 75 milyon ABŞ dolları həcmində vəsait ayırmışdır ki, bunun 47 milyon dolları "Azərsu" vasitəsiylə Ağdaş və Göyçay rayonlarının, qalanı isə Meliorasiya və Su Təsərrüfatı üzrə Dövlət Agentliyi vasitəsiylə Naxçıvan şəhərinin su təchizatının yaxşılaşdırılmasına sərf olunub. AİB ilə Azərbaycan arasında çoxtranşlı maliyyə əməliyyatlarında su təsərrüfatının yenidən qurulmasınına ümumilikdə 600 milyon ABŞ dolları həcmində kredit ayrılması nəzərdə tutulur. Qeyd edək ki, layihə çərçivəsində yuxarıda göstərilən rayonlardan başqa Ağcabədi, Balakən və Beyləqanın rayon mərkəzlərinin su təchizatı da yenidən qurulacaq.
{nl}
İmişli rayon sakini Validə ZÜLFÜQAROVA İmişlidə su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərə münasibət bildirərək deyir:
{nl}
- Təmiz içməli su rayonun inkişafı, insanların sağlamlığı üçün çox böyük məna daşıyır. İçməli su həyat deməkdir. Təmiz içməli su isə sağlam həyat deməkdir. Aran bölgəsində yaşayan sakinlər daha çox içməli sudan korluq çəkirdilər. Uzun illər rayonumuzun ərazisindən keçən Araz və Kür çaylarının suyundan istifadə edirdik. Bu da təbii ki, insanların sağlamlığına mənfi təsir göstərirdi. İnanırıq ki, işlər başa çatandan sonra vəziyyət xeyli dəyişəcək.
Sonda bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan hökumətinin beynəlxalq qurumlarla birlikdə həyata keçirdiyi su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin bir məramı var-insanların həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, ifrastrukturun müasir tələblər səviyyəsinə qaldırılması, yeni iş yerlərinin yaradılması. Görülən işlər onu deməyə əsas verir ki, tərəflərin uğurlu əməkdaşlığı gələcəkdə ölkəmizdə sosial poblemlərin həlli işinə mühüm töhfələr verəcəkdir.
{nl}
Qabi lYUSIFOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
Məqalə Asiya İnkişaf Bankının "Su təhlükəsizliyinin artırılması" mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.