Prezident İlham Əliyevin imzaladığı 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının, eləcə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Dövlət Proqramında regionlarımızın mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq əsas məqsəd kimi qarşıya qoyulmuş və bu vəzifə hazırda uğurla reallaşdırılır.
Prezident İlham Əliyevin Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri çərçivəsində həmin bölgədə reallaşdırılan tikinti-quruculuq işləri dövlət başçısı tərəfindən regionlara xüsusi diqqət yetirilməsinin bir daha əyani təzahürünə çevrildi. Ölkə rəhbəri oktyabrın 27-də Saatlı rayonunda olarkən əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur. Burada Prezidentə məlumat verilmişdir ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Ümumi sahəsi 5,6 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır. Sonra dövlət başçısı YAP Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir. Burada xatırladılmışdır ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan YAP bu gün ölkəmizin həyatının hər bir sahəsinin inkişafında yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir.
Prezident Saatlıya səfəri çərçivəsində Gənclər Mərkəzinin, tarix-diyarşünaslıq muzeyi və rəsm qalereyasının yeni binasının, şahmat məktəbinin açılışında da iştirak etmişdir. Daha sonra dövlət başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur. Burada ölkə rəhbərinə məlumat verilmişdir ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün generator qoyulmuşdur. Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır.
Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılmışdır ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Xəstəxanada fəaliyyət göstərən ekspress və klinik laboratoriyalar ən müasir avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyev Saatlıda xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "...Bütövlükdə Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır. Bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Çünki həm Bakıda, həm bölgələrdə yeni, müasir tibb ocaqları yaradılır. Əvvəlki illərdə tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir edilir və yeni xəstəxanalar tikilməkdədir...Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə yanaşır. Saatlı rayonunda Olimpiya idman mərkəzi tikilməkdədir və bu da əlbəttə ki, insanların sağlamlığına xidmət edən məsələdir".
Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak edən dövlət başçısına həmçinin məlumat verilmişdir ki, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulmuşdur. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcəkdir.
Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində eyni zamanda Ağcabədi və Beyləqan rayonlarında özəl bölmənin inkişafına yaradılan şəraitə də diqqət yetirmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və digər görülmüş işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat vermişdir. Bildirmişdir ki, fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.
Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayının, Beyləqan-Kəbirli- Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir.Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan Prezidentinə məlumat vermişdir ki, son on ildə ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlət başçısının sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Beyləqan rayonunda da geniş vüsət almışdır. Rayondakı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu tamamilə yenidən qurulmuşdur.
Prezident İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirakı zamanı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, təmsil etdiyi qurum yalnız Beyləqan şəhərinin bir hissəsinə xidmət göstərir. Hazırda Beyləqan şəhərində yaşayan 15,5 min sakinin 7,6 mini və ya 49 faizi mərkəzləşdirilmiş şəbəkədən su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1981-ci ildə yaradılmışdır. Mənbə kimi on subartezian quyusundan istifadə olunur. Şəhərin bir hissəsində 50 kilometr uzunluğunda su şəbəkəsi, 11,4 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, tutumu iki min kubmetr olan iki su anbarı və iki nasos stansiyası mövcuddur. Şəhərin çirkab suları təmizlənmədən rayon mərkəzinin kənarındakı şor kollektora axıdılır. Beyləqan şəhərində mövcud su və kanalizasiya şəbəkəsi istismara yararsızdır.
Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində burada görülmüş abadlıq-quruculuq işləri ilə maraqlanmışdır. Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olarkən dövlət başçısına məlumat verilmişdir ki, ikimərtəbəli xəstəxananın ümumi ərazisi 21,2 min kvadratmetrdir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Xəstəxananın ayrıca yarımstansiyası vardır və burada əlavə generator da quraşdırılmışdır. Yoluxucu xəstəliklər şöbəsi ayrıca binada yerləşir. Azərbaycan Prezidentinin 2010-cu il 30 mart tarixli sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılan 1,5 milyon manat vəsait hesabına 2010-cu ildə xəstəxananın əsaslı təmirinə başlanmışdır. Ötən müddətdə həyata keçirilən kompleks yenidənqurma işlərindən sonra rayon mərkəzi xəstəxanası müasirliyi ilə diqqəti cəlb edir. Dörd korpusdan ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır. Əsas binası və bütün şöbələri tamamilə yenidən qurulmuş xəstəxananın maddi-texniki bazası ən müasir standartlara cavab verir. Xəstəxananın hər bir şöbəsinin interyeri orijinal dizaynı və zəngin tərtibatı ilə fərqlənir.
Prezident taxıl anbarı kompleksinin açılışında da iştirak etmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat vermişdir ki, "Kraun KO" taxıl anbarı kompleksi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunmuşdur. Anbar ən müasir avadanlıqla təchiz edilmişdir. Kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də icrasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 4 milyon manat güzəştli kredit verilmişdir. Kompleksin tikintisinə ötən ilin aprelində başlanılmış, bu ilin oktyabrında başa çatdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüşü böyük maraq doğurmuşdur. İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və görülmüş digər işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat vermişdir. Bildirmişdir ki, fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan artıq güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.
Dövlət başçısı giriş nitqində demişdir:" ...Həm Bakıda, həm bölgələrdə sahibkarlarla görüşlərim mütəmadi xarakter daşıyır. Bugünkü görüş də bölgənin sahibkarları ilə keçirilir. Əminəm ki, müzakirə ediləcək məsələlər bu bölgənin biznes mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq.
Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. İki dövlət proqramı qəbul edilmişdir. 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulmuşdur və bu proses davam etdirilir. 2004-cü ildən bu günə qədər 90 milyard dollardan çox vəsait qoyulmuşdur. Təkcə bu ilin doqquz ayında bu məbləğ 16 milyard dollara çatmışdır. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük əhəmiyyətə malik olan məsələdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, hesab edirəm ki, son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olmuşdur. Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdi və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idi və neft-qaz amilindən asılılığı azaltmaq məqsədləri daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Bölgələrlə şəhərlər arasında, yəni paytaxt arasında fərq azalır. Bu gözəl nəticələri biz gündəlik həyatda, statistik göstəricilərdə də müşahidə edirik...".
Göründüyü kimi, bazar iqtisadiyyatının ən vacib atributlarından hesab edilən sahibkarlığın dinamik inkişafı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olaraq qalır. Bu kontekstdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlığın bütün növləri indi sürətli tərəqqi yolundadır. İstehsal, sənaye, aqrar, ticarət, xidmət, maliyyə, sığorta kimi sahibkarlıq növləri ötən illərlə müqayisədə inkişaf tempini daha da artırıb, məcmu istehsal həcmini və xidmət səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib. Bunun nəticəsidir ki, artıq ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl sektorun payı davamlı olaraq artır, bu sahədə sahibkarlıq institutu aparıcı qüvvəyə çevrilir. Bu, eyni zamanda ölkədə yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.