Şriftin ölçüsü:
22.10.2012 11:27 | Oxunma sayı: 3465
Payız-qış mövsümü üçün indiyədək anbarlara 3 milyard 74, 7 milyon kubmetr qaz vurulmuşdur
{nl}
Son illər Dövlət Neft Şirkəti tərəfindən ölkə əhalisinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə ölkənin qaz təsərrüfatının işi əsaslı şəkildə yaxşlaşdırılır. Xüsusən də payız-qış mövsümündə əhalinin "mavi yanacaq"la fasiləsiz təminatı üçün ciddi işlər görülür. Yeraltı qazsaxlama anbarları yenidən qurulur, ölkənin qaz təsərrüfatı üçün son dərəcə vacib olan bu obyektlərin imkanları artırılır.
"Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində də bu baxımdan məqsədyönlü işlər görülür. Məlumat üçün bildiririk ki, hazırda idarənin tərkibində Qaradağ və Qalmaz yeraltı qaz anbarları ilə yanaşı, quyuların əsaslı və yeraltı təmir sexi fəaliyyət göstərir. Yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında "mavi yanacağa" olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır.
Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyevin 2005-ci il 14 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı Dövlət Proqramı"nın 33-cü bəndində mövcud qaz anbarlarının imkanlarının genişləndirilməsi və mərhələlər üzrə qaz tutumunun 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. Dövlət başçısının "Neft-qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi" haqqında 2009-cu il 1 iyul tarixli sərəncamına əsasən isə "Azəriqaz" QSC Dövlət Neft Şirkətinin tabeliyinə verildikdən sonra yeraltı qaz anbarlarının imkanlarının artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Bu məqsədlə Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının tutumunun artırılmasına dair xüsusi proqram hazırlanmışdır. Ötən müddətdə bu istiqamətdə xeyli iş görülmüş, dövlət başçısı İlham Əliyevin müvafiq göstərişinə əsasən ölkənin yeraltı qaz anbarlarının tutumu üç dəfədən çox artırılmışdır. Bu tədbirlər hazırda da davam etdirilir, qaz anbarlarının imkanlarının genişləndirilməsi məqsədilə yeni quyular qazılır, qaz-mədən sahələrində quyuağzı avadanlıqlar dəyişdirilir, quyuətrafı sahələr abadlaşdırılır. Cari ilin ötən doqquz ayında da bu baxımdan məqsədyönlü işlər görülmüş, quyularda əsaslı və cari təmir işlərinə diqqət xeyli artırılmışdır. Məlumat üçün bildiririk ki, hazırda "Azneft" İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsi üzrə ümumi fonda 404 quyu daxildir ki, artıq onlardan 206-sı ləğv olunmuşdur. İdarə üzrə mövcud 163 istismar quyusunun 140-ı qazvurmada iştirak edir. Daha 32 quyudan isə texniki məqsədlər üçün istifadə olunur. Hazırda idarənin tərkibində olan Qaradağ yeraltı qaz anbarının balansında 221 quyu vardır. Bu ilin qazgötürmə mövsümünün başlandığı vaxtdan indiyədək adı çəkilən anbar üzrə 39 quyuya 1 milyard 147,9 milyon kubmetr qaz vurulmuşdur. Bütövlükdə isə hazırda anbardakı ehtiyatın ümumi həcmi 1 milyard 736,8 milyon kubmetr təşkil edir. Qalmaz yeraltı qaz anbarının ümumi fondunda isə 183 quyu mövcuddur. Mövsümə start verildiyi andan indiyədək bu anbara 800 milyon kubmetrə yaxın qaz vurulmuşdur. Anbarın hazırkı ehtiyatı isə 1 milyard 337,8 milyon kubmetrdən çoxdur. 2012-ci il aprel ayının 5-dən qazvurma mövsümünə start verildiyi gündən indiyədək Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən iki yeraltı anbar üzrə ümumilikdə 1 milyard 894 milyon 862 min kubmetr "mavi yanacaq" tədarük edilmişdir. Bütövlükdə isə qalıq ehtiyatlarla birlikdə hazırda idarə üzrə qazın həcmi 3 milyard 74 milyon 696 min kubmetr təşkil edir. Bu da ölkəmizin payız-qış mövsümündə qaza olan tələbatının təmin edilməsi üçün kifayət qədər ehtiyatın mövcudluğundan xəbər verir. Onu da qeyd etmək lazımdır ki, ötən mövsümdə hər iki yeraltı anbara 2 milyard 101 milyon 854 min kubmetr qaz vurulmuş, qazgötürmə dövründə isə istehlaka 2 milyard 62 milyon 896 min kubmetr "mavi yanacaq" yönəldilmişdir. Cari ilin payız-qış mövsümünü uğurla başa çatdırmaq üçün də təqribən bir o qədər qaz tədarükü yetərli hesab olunur.
Yeri gəlmişkən, qaz anbarlarında rekord həcmdə qaz tədarükünə nail olunması, heç şübhəsiz, rəhbərliyin peşəkar fəaliyyətinin və kollektivin əzmkarlığının nəticəsidir. Qeyd etmək lazımdır ki, qaz anbarlarının tutumunun artırılması üçün vacib şərtlərdən biri anbarlara vurulan qazın həcminin artırılması və yatağın hermetikliyinin qorunmasıdır. Yeraltı anbarlara vurulan qazın həcminin artırılması üçün isə, ilk növbədə, əlavə quyuların qazılması tələb olunur. Cari ilin ötən dövrü ərzində Qaz Anbarları İstismar İdarəsinin kollektivi tərəfindən Qalmaz və Qaradağ yeraltı qaz anbarları üçün beş yeni quyu qazılaraq istismara verilmişdir. İdarə üzrə əsaslı və yeraltı təmir işlərinə də xüsusi diqqət yetirilir. Təkcə onu demək kifayətdir ki, Qaradağ və Qalmaz yeraltı qaz anbarları üzrə fəaliyyət göstərən 7 əsaslı və cari təmir briqadasının gücü ilə bu ilin doqquz ayında 29 əsaslı və 11 cari təmir işi həyata keçirilmişdir. Nəticədə 18 quyuda ləğvetmə və təkrar ləğvetmə işləri aparılmış, 4 quyu isə təmirdən sonra yenidən qazvurma prosesinə cəlb edilmişdir. Qaradağ və Qalmaz sahələrində qazın yüksək təzyiqlə anbarlara vurulması üçün qaz-kompressor təsərrüfatının işinin günün tələbləri səviyyəsində qurulması istiqamətində də konkret tədbirlər həyata keçirilmişdir.
Hazırda ölkənin yeraltı qaz anbarlarına qazvurma mövsümü davam edir. Gələcəkdə isə Qalmaz və Qaradağ yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 milyard kubmetrə çatdırılması qarşıya mühüm bir vəzifə kimi qoyulmuşdur. Hazırda bu məqsədlə anbarlarda, eləcə də kompressor və elektrik təsərrüfatlarında mühüm yenidənqurma və genişləndirilmə işləri aparılır, yeni layihələr işlənir, tikinti işləri aparılır...
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.