Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılmışdır

Oktyabrın 17-də Bakıda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılmışdır. 
Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək aqrar sahənin, o cümlədən arıçılığın inkişafından, görülən işlərdən danışmış, yarmarkanın əhəmiyyətindən bəhs etmişdir.
Aslan Aslanov bildirmişdir ki, "Arıçılıq haqqında" Qanuna əsasən bu tədbirin hər il keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Sərgi-satış yarmarkası xüsusilə Bakı sakinlərində böyük maraq doğurur. Yarmarkanın məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır.
Nazir müavini diqqətə çatdırmışdır ki, yarmarkaya 51 şəhər və rayondan 200 nəfər arıçı gəlmişdir. Satışa 107 ton bal, 40 kiloqram çiçək tozu, 1,5 kiloqram arı südü, 10 kiloqram vərəmum çıxarılmışdır. Yarmarka başlamamışdan əvvəl satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılmışdır. 1 kiloqram yüksək keyfiyyətli bal 15 manata satılır.
A.Aslanov qeyd etmişdir ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Ölkəmizin əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genofondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyəti baxımından xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində isə ən faydalı təsərrüfat sahəsidir.
Bu il yanvarın 1-nə Azərbaycanda 212 min 651 arı ailəsinin olduğunu deyən A.Aslanov bildirmişdir ki, hər arı ailəsindən keçən illərdə orta hesabla 10-11 kiloqram bal alınırdı. Cari ildə 1100 ton bal istehsalı gözlənilir. Ölkəmizdə arıçılıqla 6 min nəfərdən çox adam məşğul olur. Hesablamalar göstərir ki, ölkədə arı ailəsinin sayını 5 dəfə, onun məhsuldarlığını 2 dəfə artırmaq mümkündür. 2004-cü ilə nisbətən 2011-ci ildə Azərbaycanda arı ailələrinin sayı 2,2 dəfə artmışdır. Azərbaycanda bal istehsalı daxili tələbatı tam ödəyir.
Nazir müavini ekoloji cəhətdən təmiz arıçılıq məhsullarının ixracına nail olmağa çalışdıqlarını vurğulamışdır. Çünki Azərbaycan balına olan tələbin kökündə onun yüksək keyfiyyəti durur.
Gəlirli, rəqabət qabiliyyətli arıçılığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan A. Aslanov nəzərə çatdırmışdır ki, arıçılıqda elmi əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda mövcud arı təsərrüfatlarının 80-90 faizi primitiv üsullarla, köhnə qaydalarla idarə olunur. Arı məhsullarından əsasən bal istehsal olunur. Digər məhsulların (arı zəhəri, mum, arı südü və s.) istehsalı da diqqətdə saxlanılmalıdır. Arıçılıqda seleksiya-damazlıq işləri ildən-ilə təkmilləşdirilir. Hazırda ölkədə 32 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir.
Nazir müavini bildirmişdir ki, Azərbaycanda "Peşəkar arıçılar", "Qızıl pətək", "Dağ arıçıları" ictimai birlikləri fəaliyyət göstərir. Bunlarla yanaşı, respublikada Arıçılar İttifaqı yaradılmışdır. Onlar bu sahədə geniş iş aparırlar. Nazirlik arıçılığın inkişaf etdirilməsinə ciddi fikir verir.
A. Aslanov onu da əlavə etmişdir ki, gələn il daha böyük, 400-500 nəfər tutan yerdə sərgi-satış yarmarkasının keçirilməsi planlaşdırılır.
Digər çıxış edənlər də ölkədə arıçılığın inkişafından danışmışlar. Məlumat verilmişdir ki, yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinə qarşı ciddi mübarizə aparılır.
Sonra sərgi-satış yarmarkası ilə tanışlıq başlanmışdır.
Yarmarka noyabrın 5-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında