Regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzindədir

Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqaməti kimi diqqəti cəlb edir. Bununla bağlı dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətində saxlayır, yerlərdə ölkənin strateji resurslarını milli inkişafa təkan verən mühüm layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf yönümündə reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Bu, bir həqiqətdir ki, hazırda Azərbaycanın regionlarında yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Bu isə təbii ki, əhalinin rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm dövlət başçımız bu barədə demişdir: "Regionlarda işlər çox uğurla gedir. Regionlara səfərlərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimidir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimidir.
Bununla bərabər, regional infrastruktur layihələri ilə bağlı digər istiqamətlər üzrə işlər sürətlə gedir. Həm magistral yollar, həm də şəhərlərarası yollar və kənd yolları tikilir. Deyə bilərəm ki, bu il kənd yollarına müasir Azərbaycan tarixində ən böyük vəsait qoyulmuşdur. Hər bir bölgədə kənd yolları tikilir və onlarla kənd, şəhərlər, rayon mərkəzləri bir-biri ilə birləşir. Bunun çox böyük mənası vardır. Bu, həm sosial məsələdir, biz bunu insanların rahatlığı üçün edirik".
Regionların sosial-iqtisadi inkişafını yaşadığım Bərdə rayonunun timsalında da aydın görə bilərik. Əvvəla onu deyim ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövründə Bərdə rayonunun istər iqtisadi, istərsə də sosial-mədəni sahələrində mühüm uğurlar əldə edilmişdir. Ulu öndərin ikinci hakimiyyəti illərində isə Azərbaycanın hər yerində olduğu kimi, burada da tikinti-quruculuq və abadlıq işləri böyük vüsət almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə reallaşdırılan məqsədyönlü siyasət nəticəsində Bərdə rayonu daha da inkişaf etmiş, müasirləşmiş, güclü istehsal potensialı, infrastruktur sistemi formalaşmışdır. Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənmiş, çoxşaxəli istehsal sahələri yaradılmış, sosial problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Bundan başqa, sakinlərlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və insanların qayğılarına həssaslıqla yanaşılması istiqamətində əməli və təsirli tədbirlər görülmüşdür.
Prezident İlham Əliyevin oktyabrın 7-də Bərdə rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlər, sosial-iqtisadi sahələrlə tanışlıq bir daha göstərdi ki, burada abadlıq-quruculuq işlərinin miqyası getdikcə genişlənir, yeni iş yerləri yaradılır. Möhtərəm dövlət başçımız rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə də bu məqamı xüsusi vurğuladı. Həmin görüşlərin iştirakçısı kimi deyə bilərəm ki, ictimaiyyət nümayəndələri ilə söhbətlərində bərdəlilər möhtərəm dövlət başçımızın səfərindən məmnunluq hissi keçirdiklərini, ölkə Prezidentinin daxili və xarici siyasətini dəstəklədiklərini ifadə etdilər.
Cənab Prezident dedi: "Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir. Çox şadam, çünki Bərdənin inkişafı üçün çox böyük işlər görülmüşdür və görülməlidir. Bərdə bizim tarixi şəhərimizdir, qədim şəhərdir. Bərdə qədim xəritələrdə vardır. Bu, reallıqdır. Əlbəttə, biz hər bir rayonun inkişafı üçün bütün işləri görürük. Ancaq Azərbaycan tarixində xüsusi yeri olan şəhərlər, rayonlar, diyarlar üçün xüsusi proqramlar da hazırlanmalıdır.
Mən Bakıya qayıdandan sonra Bərdənin sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam imzalayacağam. Sərəncamda həm Bərdənin tarixi əhəmiyyəti vurğulanacaq, eyni zamanda, rayonun inkişafı istiqamətində əlavə tədbirlərin görülməsi üçün əlavə vəsait də nəzərdə tutulacaqdır".
Möhtərəm dövlət başçımız bu görüşdən bir gün sonra Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bərdə Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılması barədə sərəncam imzaladı.
Yuxarıda qeyd etdiyim kimi, son illər Bərdənin siması tanınmaz dərəcədə dəyişmişdir. Rayonda infrastruktur layihələrinin icrasına başlanılmışdır. Artıq qazlaşdırma, içməli su, kanalizasiya layihələri həyata keçirilir. Qarşıya vəzifə qoyulmuşdur ki, gələn ilin sonuna qədər içməli su layihəsi tam reallaşdırılsın və Bərdə şəhəri 24 saat dayanıqlı içməli su ilə təmin edilsin.
Rayonda yolların abadlaşdırılmasına da xüsusi diqqət yetirilir. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli sərəncamı ilə 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisinə ötən ilin dövlət büdcəsində kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılmışdır. Yolun tikintisinə ötən ilin sentyabrında başlanılmış və müasir tələblərə uyğun olaraq başa çatdırılmışdır. Bu yolun istifadəyə verilməsi ilə Alpout və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi üç dəfə qısalmışdır.
Mən iş adamı olaraq bir məqama da toxunmaq istərdim. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin gərgin əməyi sayəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir. Bununla da ölkəmizdə ciddi nailiyyətlər əldə edilmiş, sahibkarların işgüzarlıq səviyyəsi, fəaliyyət istiqamətləri və güzəştli kreditlərə çıxış imkanları genişlənmişdir. Bu sahədə Sahibkarlığa Kömək Milli Fondunun səmərəli fəaliyyətinin təşkil edilməsi xüsusilə əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələri güzəştli qaydada maliyyəşdirilir, yeni müəssisələr, iş yerləri açılır. Bunun bariz ifadəsini Bərdənin timsalında da aydın görmək olar. Möhtərəm Prezidentimizin rayona səfəri çərçivəsində yeni istifadəyə verilmiş "Qarabağ" Aqrar Sənaye Kompleksinin Bərdə ət emalı fabriki və soyuducu anbar kompleksi də bu istiqamətdə reallaşdırılmış tədbirlərin nəticəsidir.
Xatırladım ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq rayonun Mehdili kəndi ərazisində tərkibində ət emalı fabriki və soyuducu anbar olan aqrar-sənaye kompleksi layihəsinə Sahibkarlığa Kömək Milli Fondu 4,5 milyon manat güzəştli kredit vermişdir. Fabrikdə ilkin olaraq Bərdə və ətraf rayonlardan mal-qaranın alınması, sanitar-gigiyenik normalara əməl edilməklə kəsilməsi, doğranması və qablaşdırılaraq istehlakçılara təqdim edilməsi mümkün olacaqdır. Soyuducu anbar kompleksi müəssisənin öz məhsulları ilə yanaşı, Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri meyvə-tərəvəz, ət və süd məhsullarının uzun müddət itkisiz saxlanmasına imkan yaradacaqdır. Ət emalı fabrikinin xammal bazasının yaradılması məqsədi ilə 3 min başlıq ətlik və südlük istiqamətli heyvandarlıq komplekslərinin tikinti işlərinə başlanılmışdır. Bu layihələrin maliyyələşdirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılmışdır. Layihələrin icrası nəticəsində 250 nəfər işlə təmin olunmuşdur.
"Qarabağ" çörək zavodu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bərdə şəhərinin mərkəzində ən müasir standartlar səviyyəsində tikilmişdir. Bu layihənin həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu 2,7 milyon manat güzəştli kredit ayırmışdır. Zavodun tikintisinə 2011-ci ilin fevralında başlanılmışdır.
Zavodun xammal bazasının yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit hesabına taxıl sahəsi, taxıl anbarı və dəyirman kompleksi də inşa edilmişdir. Bu isə istehsal olunan çörəyin və un məmulatlarının maya dəyərinin aşağı olmasını şərtləndirir.
Yeri gəlmişkən, Bərdə rayonu üzrə 872 sahibkara 32 milyon manatadək kredit ayrılmışdır. Bundan başqa, yeni texnologiyalara əsaslanan 10 layihəyə 17,8 milyon manat güzəştli kreditlər verilmişdir.
Azərbaycanın hər yerində olduğu kimi, Bərdədə də sahibkarlığa, özəl bölməyə xüsusi onəm verilməsi təsadüfi deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə ətraflı danışılmışdır. Dövlət başçısı demişdir: "Əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr, emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları, çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın illərdə hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz gücümüzə arxalanaraq təmin edək. Bu, həm sosial məsələdir, həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir, iş yerlərinin yaradılmasına gətirib çıxarır. Yəni, biz burada bir neçə hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər məni qane edir. Çünki biz bu işlərə sistemli yanaşmışıq, pərakəndə şəkildə yox.
Sistemli təhlil aparılmışdır və biz bu istiqaməti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də sahibkarlara göstəririk. Çünki bu alət də çox səmərəlidir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulur, onların böyük əksəriyyəti artıq verilmişdir. Mən göstəriş verdim ki, gələn il biz bu məbləği artıraq və gələn il bu fond vasitəsilə üç yüz milyon manat məbləğində güzəştli kreditlər verilməlidir. Çünki bu, çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti altında qoyulan investisiyalardır. Ancaq özəl sektor da bu investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər verməklə onların fəaliyyətini genişləndiririk, eyni zamanda, daxili istehsalı da stimullaşdırırıq".
Bərdədə görülən işlər barədə daha geniş danışmaq olar. Lakin yuxarıda qeyd etdiyim faktlar göstərir ki, cənab Prezidentin bu qədim diyara qayğı və diqqəti rayonu daha da gözəlləşdirəcək, müasirləşdirəcək, əhalinin rifahını, sosial şəraitini yaxşılaşdıracaq. Ona görə də cənab Prezidenti Azərbaycanın, bütün xalqımızın ümid və inam yeri hesab edirik.

{nl}


Məhərrəm ŞƏFİYEV, "Bərdə Çörək" ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında