DSMF-nun yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılmasının 20 illiyinə həsr olunmuş toplantı iştirakçıları öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoydular. Onlar akademik Zərifə xanım Əliyevanın məzarını tər gül dəstələri ilə ziyarət etdilər.
Şəhidlər Xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edildikdən sonra DSMF Aparatı üçün yeni inşa olunan inzibati binada ümummilli lider Heydər Əliyevin büstünün açılışı oldu. Tədbir iştirakçıları fondun 20 illik tarixini əks etdirən muzeylə tanış oldular.
Yubiley tədbirində DSMF-nun sədri Səlim Müslümov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sığorta-pensiya siyasətinin gerçəkləşməsi nəticəsində Azərbaycanın tam özünəməxsus sığorta-pensiya sisteminin formalaşmasından söz açdı: "Dövlət Sosial Müdafiə Fondunun 20 illik inkişaf tarixi, eyni zamanda, sığorta-pensiya sisteminin inkişaf tarixi kimi xarakterizə edilə bilər. Bu tarix əsasən dörd mərhələni - 1992-1995, 1996-2002, 2003-2005-ci illər və 2006-cı ildən sonrakı dövrləri əhatə edir. Pensiya sisteminin yeni şəraitə uyğun qurulmasına zəruri dəyişikliklərə etibarlı iqtisadi baza yaradıldıqdan sonra başlamaq, buna qədər isə əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq, əsas taktiki addımlar kimi seçilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi həmin istiqamətlər çərçivəsində, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmış, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdir".
Ölkəmizdə sosial müdafiə sisteminin yenidən qurulması məqsədilə islahatların aparılmasında beynəlxalq standartların və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının əsas götürülməsi nəticəsində 2006-cı ildən müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilmişdir. Azərbaycanın sığorta-pensiya sistemində üçpilləli pensiya təminatı müəyyənləşdirilmiş, əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır. Bütövlükdə pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə və pensiya məbləğlərinin indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunmasına şərait yaratmışdır.
S.Müslümov vurğuladı ki, aparılan islahatlar əmək pensiyalarının sürətli artımını təmin etmişdir: "Əgər 2003-cü ildə Azərbaycanda sığorta-pensiya sistemində əvəzetmə əmsalı 23-25 faizlə ifadə olunurdusa, indi bu göstərici artıq 40 faizdir. 2003-cü ilin əvvəlinə Azərbaycanda orta aylıq pensiyanın məbləği 20 manat idi. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manatdır. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatmışdır. Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək DSMF-nun xərcləri 4,4 dəfə artıb 2,5 milyard manata çatmış, gəlirləri isə 4,1 dəfə artmış, sığortaolunanların sayı 1 milyon 300 min nəfərdən 2 milyon 100 min nəfəri ötmüş, sosial sığorta haqqının dərəcələri 29 faizdən 25 faizə endirilmişdir. Əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır. Bu islahat tədbirinin illik maliyyə tutumu 500 milyon ABŞ dollarından çox olmuşdur".
S.Müslümov Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq aləmdə qazandığı uğurlara toxunaraq Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirildiyini, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunduğunu vurğuladı. "Azərbaycan 2004-cü ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. Komitənin ilk iclasının 2008-ci il iyulun 2-də Bakıda keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir. 2011-ci ilin iyun ayında Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılmış, 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda DSMF "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosu Azərbaycanda sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır: 2012-ci ilin yanvarında DSMF 2011-ci ilin nəticələri üzrə BMT İP-nin illik hesabatında "Yaxşı və səmərəli idarəetmə" nominasiyasının qalibi elan edilmişdir".
Sonda DSMF sədri "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində sığorta-pensiya sistemində islahatların davam etdirildiyini, sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktual tədqiqatlar aparıldığını xatırlatdı və həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə dayanıqlığının təmin edilməsi üçün tədbirlər işlənildiyini bildirdi.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında