Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkədir və əlbəttə ki, dünyada gedən proseslər bizdən yan keçə bilməz. Buna baxmayaraq, zaman göstərib və sübut edibdir ki, biz böhranlı durumda da normal yaşaya, inkişaf edə bilərik. Azərbaycan öz hesabına yaşayır, daxili imkanlarına güvənir, Azərbaycan xalqının istedadına, imkanlarına, Azərbaycan iqtisadiyyatının gücünə, öz siyasi gücünə arxalanır, bölgədə əldə edilmiş mövqelərə və müstəqil siyasətə arxalanır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı, Türkiyə və Orta Şərq İdarəetmə İnstitutu, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Servis Universiteti və Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin iştirakı ilə Bakıda - Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti: Dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda maraqlı beynəlxalq elmi konfrans keçirildi. Konfransın internetdə yerləşdirilmiş mövzusu bu problemlə əlaqədar olan beynəlxalq elmi-ictimaiyyətin, ictimai və humanitar elmlər sahəsində çalışan alimlərimizin də böyük marağına səbəb olmuşdur. Konfransın işində yuxarıda adını çəkdiyimiz nüfuzlu ali təhsil müəssisələrinin rəhbərləri və böyük bir elmi nümayəndə heyəti iştirak edirdi.
Belə bir konfransı keçirmək qərarımız Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin keçirdiyi məlum müşavirədə qarşımıza qoyulan vəzifələrdən irəli gəlmişdir.
Konfransın işində, həmçinin Azərbaycanın bir sıra nüfuzlu elm və tədris müəssisələrinin, o cümlədən, AMEA-nın İqtisadiyyat İnstitutunun, Fəlsəfə və Sosiologiya İnstitutunun, Auditorlar Palatasının rəhbərləri, tanınmış iqtisadçı alimlər, filosof, politoloq və hüquqşünaslar, görkəmli iqtisadçı alim akademik Asəf Nadirov, eyni zamanda, Dövlət İdarəçilik Akademiyasından AMEA-nın müxbir üzvü Əli Nuriyev və digər tanınmış alim və müəllimlər iştirak edirdilər.
Konfransda Türkiyə və Orta Şərq İdarəçilik İnstitutunun baş direktoru professor dr.Eyyup Günay İsbir, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Servis Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri iqtisad elmləri doktoru, professor Vladimir Anatolyeviç Çernenko, Türkiyə Cümhuriyyəti Mərmərə Universiteti maliyyə kafedrasının müdiri, professor dr.Hasan Selcuk, Mərmərə Universitetinin dosentləri dr.Erol Ulusoy, dr.Gülcan Çağıl, Azərbaycan Sənaye Bankı İdarə Heyətinin sədri Ahmet Yeman, professor Zahid Məmmədov, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov və başqaları maraqlı məruzələrlə çıxış etdilər.
Bu gün dünyamızı möhkəm silkələyən qlobal maliyyə böhranı, iqtisadi böhran iqtisadçılarla yanaşı, həmçinin ictimai və humanitar sahənin alimlərini, filosofları, politoloqları, tarixçiləri də çox düşündürür, həm də onlardan bu böhrandan çıxış yolu üçün təkliflər gözləyir.
Ara-sıra bir qədər səngiməyinə baxmayaraq, hazırda hələ də bəzi region və ölkələrdə qlobal maliyyə böhranı davam etməkdədir. Təbiidir ki, belə bir şəraitdə bunun səbəb və nəticələrini elmi cəhətdən müzakirə edərək araşdırmaq çox mühüm əhəmiyyət və həm də zərurət təşkil edir. Dünyanı bürümüş bu maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi inkişafı və tətbiq etdiyi antiböhran siyasəti dünya elmi ictimaiyyətində bu gün xeyli maraq doğurur. Heç də təsadüfi deyildir ki, qlobal maliyyə böhranı kontekstində Azərbaycan dövlətinin həyata keçirdiyi antiböhran siyasəti ən nüfuzlu beynəlxalq elmi nəşrlər və dairələrdə bəzən hətta optimal strateji bir resept kimi də qiymətləndirilir. Doğrudur, Azərbaycanın makroiqtisadi səviyyədə həyata keçirdiyi antiböhran siyasəti əsasən jurnalist və ya publisist mövqeyi səviyyəsində şərh edilir. Ancaq bununla belə artıq iqtisadi tədqiqatlarda qlobal maliyyə böhranına qarşı mübarizənin prinsip etibarilə "Azərbaycan modeli" haqqında mövzular tədqiq edilməkdədir. Bu, çox lazımdır. Çünki məlum məsələdir ki, idarəçilik sistemində qəbul edilən bir çox qərarlar, o cümlədən antiböhran siyasətinin məqsəd və mahiyyəti də hökmən müəyyən elmi təhlilə əsaslanmalıdır.
Bu mənada hesab edirəm ki, konfrans qlobal böhranın qarşıya qoyduğu sadə və eyni zamanda, çox mürəkkəb suallara elmi cəhətdən əsaslandırılmış cavabların tapılması işinə müəyyən qədər kömək oldu.
Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti: Dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda keçirdiyimiz beynəlxalq elmi-praktiki konfransın məqsədi qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasətin təsviri xarakteristikasını deyil, qlobal maliyyə böhranının dünya iqtisadiyyatına təsirini təhlil və qiymətləndirməklə yanaşı, ondan çıxış yolları və çıxarılacaq dərslərdən alınacaq nəticələri elmi cəhətdən müzakirə edərək müəyyən təklif və tövsiyələr hazırlamaq idi.
Bu baxımdan beynəlxalq konfransda bu vacib məsələlərə dair əhəmiyyətli fikirlər irəli sürüldü. Təbii ki, elmi dəlillərə əsaslanan bu fikirlər qlobal böhranın mahiyyətinin nədən ibarət olduğuna, bu qlobal problemin necə və hansı alternativ yollarla həll oluna biləcəyi və sair məsələlərə də müəyyən qədər aydınlıq gətirildi.
Konfransda Türkiyə və Orta Şərq İdarəçilik İnstitutunun baş direktoru, dr.professor Eyyup Günay İsbir, Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin rektor vəkili, Bankçılıq və Sığortaçılıq İnstitutunun direktoru professor Camal İbiş, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Servis Universitetinin rektor vəkili professor V.A. Çernenko rəsmi protokol çıxışlarında bəzi region və ölkələrdə davam edən qlobal maliyyə böhranının səbəb və nəticələrini elmi cəhətdən müzakirə etmək və dünyanı bürümüş qlobal maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi inkişafı və dövlət idarəetmə sistemində tətbiq etdiyi antiböhran siyasətinə dünya elmi ictimaiyyətində və ən nüfuzlu beynəlxalq elmi nəşrlərdə belə istifadə ediləcək optimal strateji resept kimi yüksək qiymət verdilər. Onlar dünyanı bürüyən maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi inkişaf modeli və dövlət idarəetmə sistemində tətbiq etdiyi antiböhran siyasətinin dünya elmi ictimaiyyətində böyük maraq doğurduğunu bildirdilər. Konfransa Rusiya Federasiyası hökuməti yanında Maliyyə Akademiyasının rektoru, professor M.A.Eskinderov və Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin rektoru, professor İ.A.Maksimevin konfrans iştirakçılarına göndərdikləri təbrik məktubunda deyilir: "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfransda qlobal maliyyə böhranının dünya iqtisadiyyatına təsirini araşdırmaqla yanaşı, ondan çıxış yolları və gərəkli dərslərdən nəticələri elmi cəhətdən müzakirələr nəticəsində qəbul edilən qərar və tövsiyələr gələcəkdə dövlət idarəetmə sistemində antiböhran siyasət proqramlarının hazırlanmasında faydalı və yararlı ola bilər".
Daha sonra konfrans proqramında nəzərdə tutulan məruzəçilərin çıxışları dinlənildi. "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti ümumi problemlər və fərqli yanaşmalar" mövzusunda məruzə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektorunun elmi məsələlər üzrə müşaviri iqtisad elmləri doktoru, professor Z.F.Məmmədov çıxış etmişdir. O, məruzəsində? qlobal maliyyə böhranının bəzi ölkələrə şok təsir göstəricilərini, o cümlədən qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsir kanallarını təhlil etmiş və müxtəlif ölkələrin dövlət idarəetmə sistemində tətbiq olunan antiböhran tədbirlərinin prioritetləri və fərqli xüsusiyyətləri haqqında elmi cəhətdən əsaslandırılmış mülahizələrini konfrans iştirakçılarının nəzərinə çatdırmış və antiböhran tədbirlər proqramının tətbiqində diqqətə alınması üçün faydalı ola biləcək təkliflərini konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra Türkiyə Cümhuriyyəti Mərmərə Universiteti maliyyə kafedrasının müdiri, professor dr. Hasan Selcuk "Qlobal böhranın Türkiyə iqtisadiyyatına təsiri" mövzusunda məruzə ilə çıxış etdi. O, məruzəsində Türkiyə hökumətinin qlobal böhrana qarşı həyata keçirdiyi antiböhran tədbirlər proqramının məqsəd və vəzifələrini, proqramın maliyyələşmə mənbələrinin istifadəsi haqqında ətraflı məlumat verdi.
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Servis Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, professor V.A. Çernenko "Qlobal böhran şəraitində Rusiya iqtisadiyyatının diversifikasiyası" mövzusunda maraqlı məruzə etdi.
"Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda maliyyə bazarının vəziyyətinin təhlili və dəyərləndirilməsi" mövzusunda məruzə ilə dosent Vidadi Zeynalov çıxış etdi və Azərbaycan dövlətinin həyata keçirdiyi antiböhran tədbirlər kompleksindəki istiqamətlərin çoxşaxəli olduğunu xüsusi qeyd etməklə yanaşı, hazırlanan antiböhran tədbirlər paketində Azərbaycanın yol xəritəsinin də müəyyənləşməsinin böyük əhəmiyyətliyini qeyd etdi. Onun fikrincə, Azərbaycanın antiböhran siyasəti proqramı konkret xarakter daşıyır və bu proqramın konkret icra mexanizmləri, maliyyə bazası haqqında da o, məruzəsində ətraflı məlumat verdi. O, çıxışında həmçinin Azərbaycanın antiböhran siyasəti modelinin mahiyyətini açıqladı. Məruzə və çıxışlarda qlobal maliyyə böhranının bütün ölkələrə təsir kanalları hər yerdə eyni olduğu halda, Azərbaycanda antiböhran siyasətinin özünəməxsusluğunun optimal reseptləri konfrans iştirakçılarının nəzərinə çatdırıldı.
Müzakirə edilən mövzu ətrafında müzakirə və təhlillər aparılaraq birgə elmi konfransların gələcəkdə də keçirilməsi qərara alındı. Xüsusi vurğulandı ki, Azərbaycan üçün səciyyəvi olan bu mütərəqqi inkişaf modelinin uğurları hazırda ölkə hüdudlarından kənarda da diqqətlə izlənilir və maraqla qarşılanır.
Konfrans iştirakçıları yekdilliklə qeyd etdilər ki, qlobal maliyyə böhranı şəraitində idarəetmə sistemində Azərbaycan dövlətinin antiböhran siyasəti olduqca təqdirəlayiqdir. Konfransda həmçinin qlobal maliyyə böhranı şəraitində Azərbaycan modelinin nümunəvi model olaraq qəbulu və bunu dünya elm ictimaiyyətinə elmi cəhətdən əsaslandırılması məqsədi ilə "Dövlət idarəetmə sistemində antiböhran siyasəti, dünya təcrübəsi və Azərbaycan modeli" elmi nəşrinin hazırlanması haqqında qərar qəbul edildi.
Məlum olduğu kimi, hazırda ölkəmizdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dəyərlərə əsaslanan dövlət quruculuğu, aparılan geniş miqyaslı islahatlar nəticəsində siyasi və iqtisadi sabitlik təmin edilmişdir. Möhkəm təməl üzərində qurulmuş iqtisadiyyat sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, şaxələndirilmiş və nəticədə ölkəmizi regionda lider dövlətə çevirmişdir. Yaradılan hüquqi baza, aparılan islahatlar, respublikanın hərtərəfli inkişafı üçün görülən tədbirlər iqtisadiyyatın inkişaf dinamikasının yüksələn xətt üzrə artmasına təkan vermişdir. Əgər belə olmasaydı, qlobal maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın maliyyə imkanlarının artması, iqtisadiyyatın inkişafı baş verməzdi.
2009-cu il yanvarın 16-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasında dünyada gedən iqtisadi proseslər kontekstində Azərbaycan iqtisadiyyatındakı vəziyyəti geniş təhli etmiş və qlobal maliyyə böhranını nəzərə alaraq qəbul ediləcək qərarlarla bağlı mövqeyini açıqlamışdır. Möhtərəm Prezident qlobal iqtisadi böhranla bağlı Azərbaycanın konseptual mövqeyini ifadə edərək bildirmişdir ki, "2009-cu il üçün nəzərdə tutulmuş iqtisadi, infrastruktur və sosial proqramlar həyata keçirməyə paralel olaraq, dünya maliyyə, iqtisadi böhranının Azərbaycana təsirini minimuma endirmək" lazımdır. Bu, qarşıya qoyulmuş aydın və konkret vəzifə idi.
Bu, dövlət başçısı səviyyəsində qlobal maliyyə böhranına reaksiya verən və ondan çıxış yolunu bütövlükdə göstərən ilk açıqlama idi. Bununla da ilk dəfə idi ki, rəsmi olaraq qlobal iqtisadi böhrana reaksiyanı nəzərdə tutan "antiböhran tədbirlər paketi" ortaya qoyuldu.
Antiböhran tədbirlər paketində, hər şeydən əvvəl, mövcud vəziyyət xarakterizə edilmiş və gələcək üçün hazırlıq planı müəyyənləşdirilmişdir. Mövcud vəziyyətin qiymətləndirilməsində belə nəticə çıxarılmışdır ki, Azərbaycanda iqtisadiyyat böhran səviyyəsinə enməyib, amma böhranın təsir kanalları mövcuddur və onu minimuma endirmək üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi lazımdır.
Qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirini mümkün edə biləcək amillərdən biri neftin və digər qeyri-neft ixrac məhsullarının dünya bazarında qiymətinin aşağı düşməsi, milli bank sisteminə xarici kredit axınlarının məhdudlaşması və eyni zamanda, xaricdən pul baratlarının azalmasıdır. Bunların qarşısının vaxtında alınmasının nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin pozulması, milli valyutanın devalvasiyası və inflyasiyasının yüksəlməsi, maliyyə sabitliyinin pozulması, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadi geriləmənin baş verməsi, yaradılmış iş yerlərinin itirilməsi kimi risklərə məruz qalmadı.
Deməli, əslində, Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət proqramı qlobal böhranın təsirini minimuma endirməyə hazır olduğunu nümayiş etdirmiş oldu.
Azərbaycan dövləti son beş-altı il ərzində bölgələrə çox böyük sərmayə qoymuş, bununla bərabər, həmçinin özəl sektorun inkişafı üçün də iri həcmdə kreditlər ayırmış, sahibkarlığın inkişafına sanballı dəstək verilmişdir. Bu, təkcə mənəvi, siyasi dəstək yox, həm də maddi dəstək olmuşdur. Yəni bütün bu amillər birlikdə uğurlarımızı təmin etmişdir. Azərbaycanın son altı il ərzində keçdiyi yoldakı nailiyyətləri də bunu aydın göstərir. Ölkəmizin təcrübəsi və aparılan siyasət göstərir ki, respublikamızda maliyyə imkanlarından düzgün istifadə olunur. Bu maliyyə resursları əsasən investisiyalara, iqtisadiyyatın real sektoruna qoyuldu, energetikada, qazlaşdırmada, nəqliyyatda, səhiyyə və təhsildə, humanitar sahədə istifadə olundu. Beləliklə, xidmət səviyyəsi qalxdı, imkanlar artdı. Biznes üçün daha əlverişli şərait yaradıldı.
Azərbaycan dövlətinin həyata keçirdiyi bu antiböhran tədbirlər kompleksindəki istiqamətlər çoxşaxəlidir. Bunların içərisində prioritet təşkil edən sahələrdən biri istehlak qiymətlərinin azaldılması zərurəti təşkil edir.
Məlumdur ki, hələ 2005-ci ildə, Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi və inflyasiyanın tənzimlənməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi işinə start verilmişdir. Digər prioritet sahələrdən biri də bu illər ərzində inhisarçılıqla mübarizənin gücləndirilməsi olmuşdur. Belə ki, bu illər əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə qarşı mübarizə gücləndirilmiş, dövlət qurumları tərəfindən qanunsuz müdaxilələrin qarşısının alınmasına diqqət artırılmışdır. Bu qanunsuz işlərlə məşğul olanlar ciddi surətdə cəzalandırılmış və həmin proses davam etdirilməkdədir. Çox mühüm prioritet sahələrdən biri də, heç şübhəsiz ki, milli banklara olan dəstək, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqinin tətbiqi olmuşdur ki, bu da öz növbəsində maliyyə intizamının möhkəmlənməsinə kömək olmuşdur. Bu sahədəki, əsas tədbirlərdən biri də dövlətin valyuta ehtiyatlarının bir qisminin Azərbaycan banklarında yerləşdirilməsi olmuşdur. Məhz buna görə də bu gün Azərbaycanın milli bankları ölkənin Neft Fondunun aktivlərinin daha etibarlı "saxlanc yerlərinə" çevrilməkdədir.
Bütün bunlardan əlavə, antiböhran tədbirləri sahibkarlara bundan sonra da güzəştli kreditlərin verilməsini nəzərdə tutur.
Bugün dövlətin həyata keçirdiyi antiböhran tədbirlərin içərisində real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi, sosial öhdəliklərin dəstəklənməsi, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər də çox böyük əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanda istehlak olunan məhsulların tam əksəriyyəti, yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu, böyük nailiyyətdir və məhz bunun da nəticəsində hazırda biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik.
Prezident İlham Əliyevin rəhbərliyi altında hazırlanmış antiböhran tədbirlər paketində Azərbaycanın antiböhran yol xəritəsi müəyyənləşdirilmişdir. Məhz buna görə də təsadüfi deyildir ki, Prezident İlham Əliyev görülən bu tədbirləri ümumiləşdirərək bildirmişdir ki, "Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var. Digər tərəfdən, konkret proqramlar icra olunmağa başlanmışdır, maliyyə sektorunda nizam-intizam möhkəmləndirilmişdir. Əlbəttə ki, neft-qaz sahəsində görülən işlər maddi imkanlarımızı genişləndiribdir və biz bu imkanlardan çox səmərəli istifadə edirik. Həm investisiyalar qoyuldu, həm də özəl sektorun inkişafına çox gözəl şərait yaradıldı, böyük həcmdə kreditlər verilməyə başlanmışdır. Beləliklə, bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı artıq oturuşmuş iqtisadiyyatdır və dünyanı bürümüş maliyyə və iqtisadi böhran zamanı Azərbaycanda bu, çox az hiss olunur. Biz elə etməliyik ki, böhranın ola biləcək mənfi təsirini maksimum dərəcədə azaldaq və mən şübhə etmirəm ki, buna nail olacağıq".
Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən amillərdən biri və ən başlıcaı isə istehlak qiymətlərinin azaldılması zərurətinin, inhisarçılıqla mübarizənin, milli banklara dəstək siyasətinin, real iqtisadiyyata sərmayə qoyuluşunun, sosial siyasətin gücləndirilməsinin, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsinin və eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanda antiböhran tədbirlərinin prioritet sahələri kimi irəli sürülməsidir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması ilk növbədə dövlət başçısı İlham Əliyevin dərindən düşünülmüş və ciddi elmi əsaslara söykənən müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir.
2009-cu il əksər dünya ölkələrində qlobal böhranın güclənməsi ilə müşayiət olunsa da, respublikamızın daxili potensiala əsaslanmaqla həyata keçirdiyi antiböhran tədbirləri dinamik inkişaf tempini qoruyub saxlamağa imkan verdi. Bir sıra yaxın və uzaq ölkələrdə iqtisadi tənəzzülün dərinləşməsinə baxmayaraq Azərbaycanda ümumi daxili məhsulun 9 faiz artımı, ölkədə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsində baş verdi. Qlobal böhran ötən illərdən başlanmış dinamik inkişaf tempinin sürətini bir qədər azalda bildi, bu da təbiidir: Dünyaya açıq ölkə olan, beynəlxalq iqtisadi-təsərrüfat sisteminə uğurla inteqrasiya edən Azərbaycan qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərindən tamamilə yayına bilməzdi. Əsas nəticə odur ki, qlobal böhran şəraitində bir sıra ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olunub və bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Həm Beynəlxalq Valyuta Fondu, həm də dünyanın aparıcı reytinq agentliyi olan "Standart & Poors" öz hesabatlarında Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olduğunu və dayanıqlığını, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin dünya böhranının nəticələrinə digər ölkələrlə müqayisədə daha hazır olduğunu bildirmişdir.
Uğurla həyata keçirilən inkişaf və modernləşdirmə strategiyası sahəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirmədi, artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bildi. Antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da yaxşı imkanlar yaratdı.
Azərbaycan manatı məzənnəsini qoruyub saxladı, dövlət məhz əhalinin sosial mənafeyini əsas tutaraq manatın devolvasiyasına imkan vermədi.
Azərbaycan üçün səciyyəvi olan bu mütərəqqi inkişaf modelinin uğurları ölkə hüdudlarından kənarda diqqətlə izlənilir, maraqla qarşılanır. Dünya Bankı, Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi və digər qurumlar ilin yekunlarını Azərbaycan üçün kifayət qədər uğurlu saydılar. Eyni zamanda, bu il üçün verilən proqnozlarda respublikamız üçün 7-8 faizlik iqtisadi artım proqnozlaşdırılır.
2010-cu ilin dövlət büdcəsinin təhlili göstərir ki, Azərbaycan yenə də qarşıya qoyduğu bütün strateji planları, vəzifə və məqsədləri uğurla gerçəkləşdirəcək. Ən əsası odur ki, qlobal böhranın mənfi təsirlərindən uğurla sığortalanan ölkəmiz inkişaf və tərəqqiyə hesablanan proqramların gerçəkləşdirilməsinə çox diqqət ayırmaq imkanında olacaqdır. Əldə edilmiş bütün bu nailiyyətlər daha yeni uğurlarımızın əsasını təşkil edir.
{nl}
Seyfəddin QƏNDİLOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.