Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi və sosial sabitliyinin başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır.
Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasəsətinin başlıca istiqamətlərindən biridir. Hələ keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılmışdır. 2008-ci ildə ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilmiş və bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsularının istehsalı əhəmiyyətli dərəcədə artmışdır.
Bununla yanaşı, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azalması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir. Lakin ölkədə əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmamışdır. Digər tərəfdən, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətlərinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 1 may tarixli 2786 nömrəli sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı məhz bu məqsədə nail olmaq üçün 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Artıq ötən dörd il ərzində həmin tədbirlərin xeyli hissəsi həyata vəsiqə almış və bunun da sayəsində aqrar sektorun inkişafında diqqətəlayiq nəticələr əldə edilmişdir. Bu, ilk növbədə ölkənin əkin strukturuna təsir edərək, onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan vermişdir. Bu gün Azərbaycan fermerləri tərəfindən əhalinin kartof, tərəvəz, bostan məhsullarına və meyvəyə olan illik tələbatı artıqlaması ilə ödənilir və onların ixrac imkanları genişlənir.
Əsas ərzaq məhsulu hesab edilən dənli və dənli-paxlalıların da istehsalında ildən-ilə artım nəzərə çarpır. Əgər 1999-cu ildə ölkədə cəmi 1 milyon 98,3 min ton taxıl istehsal edilmişdisə, cari ildə bu rəqəm 2 milyon 594,2 min tona çatdırılmışdır. Bu, keçənilki göstəricidən 306,2 min ton çoxdur. Mütəxəssislərin rəyinə görə, fermerlər və fərdi torpaq sahibkarları ölkə üzrə taxıl istehsalını 3 milyon tona çatdırsalar, Azərbaycanın xarici ölkələrdən buğda almasına ehtiyac qalmayacaqdır. Əksinə, bu zirvə fəth edilsə, Azərbaycanın özü taxıl ixrac edən ölkəyə çevrilə bilər.
Qarşıya qoyulan məqsədə çatmaq üçun hər cür imkan və şərait var. Neçə illərdir ki, Naxçıvan Muxtar Respublikasında, Şəki, Cəlilabad, Neftçala rayonlarında mövsüm ərzində 100 min tondan çox arpa və buğda istehsal edilir. Onların sırasına bu il Ağsu və Füzuli rayonları da qatılmışdır. Saatlı, Xaçmaz rayonlarının taxılçıları 100 min tonluq həddi haqlamaq üzrədirlər. Deməli, 2015-ci ildə, yəni əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının yerinə yetirilməsinin sonuncu ilində respublikamızda 3 milyon ton taxıl istehsal ediləcəyi barədə proqnoz real əsaslara söykənir. Sadəcə, bunun üçün qabaqcılların iş təcrübəsi hərtərəfli öyrənilib, geniş yayılmalıdır. Çünki onların fəaliyyətində nümunə götürüləsi işlər istənilən qədərdir.
Bu mənada Şəki rayonu taxılçılarının fəaliyyəti diqqət çəkəndir. Lütvəli Əliyev onların haqqında həvəslə, ürək dolusu danışır. Onun buna mənəvi haqqı var. Uzun illərdir rayonun statistika idarəsinin rəisi kimi taxılçıların fəaliyyətini nəzarətdə saxlayan Lütvəli müəllim deyir ki, son on ildə Şəkidə 1 milyon 628,7 min tondan çox arpa və buğda istehsal olunub. Əgər 2003-cü ildə rayonda 71975 ton taxıl tədarük olunmuşdusa, bu rəqəm cari ildə 256143 tona çatdırılmışdır. Son on ildə dəmyə şəraitində taxıl yetişdirən fermerlər və fərdi torpaq sahibkarları rayon üzrə hər hektarın məhsuldarlığını 17,8 sentnerdən 35,2 sentnerə qaldırmışlar. İstehsal edilən taxılın 183577 tonunu buğda məhsulu təşkil edir ki, bu da əvvəlki ildəkindən 24159 ton çoxdur.
Lütvəli Əliyevin dediyinə görə, beynəlxalq standartlara uyğun olaraq gündə hər adama 400 qram çörək norması müəyyənləşib. Bu hesabla 176 min nəfər əhalisi olan Şəkiyə hər gün 70,4 ton çörək tələb olunur. İl ərzində isə bu rəqəm 25696 tona bərabərdir. Rayonun taxılçılarının tədarük etdiyi buğda məhsulu illik tələb olunan çörəyin istehsalını dəfələrlə üstələyir, başqa yerlərə də xeyli miqdarda arpa və buğda satılır.
Dəmyə şəraitində hər il yüksək məhsuldarlığa nail olmaq gərgin əməkdən, zəngin təcrübədən xəbər verir. Turan kənd icra nümayəndəliyinin ərazisində fəaliyyət göstərən fermerlər və fərdi torpaq sahibkarları bu il hər hektardan 44,1 sentner taxıl yığmışlar. Bolludərə kənd nümayəndəliyində bu göstərici 43,4, Suçma kənd nümayəndəliyində 40,4, Başlayışqı kənd nümayəndəliyində 30,5, Böyük və Kiçik Dəhnə kənd nümayəndəliklərində 38 sentner təşkil etmişdir. İndi gəlin görək, şəkililər belə yüksək zirvələri fəth etmək üçün hansı tədbirləri həyata keçirmişlər.
Keçən ilin payızında 2012-ci ilin məhsulu üçün rayonda 76265 hektar sahədə taxıl əkini həyata keçirilmişdir ki, onun da 54560 hektarını buğda, 21705 hektarını isə arpa təşkil edirdi. Səpinin optimal müddətdə və tələb olunan aqrotexniki qaydalara uyğun həyata keçirilməsinə diqqət və nəzarətin artırılması hesabına taxıl sahələrində yaxşı çıxış alınmışdır. Erkən yazdan etibarən taxıl sahələrinə ardıcıl aqrotexniki qulluq işləri aparılmış, 23000 hektar sahəyə yemləmə gübrəsi verilmiş, 8000 hektar sahədə alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmış, 4300 hektar sahə suvarılmışdır. Taxıl əkinlərinə göstərilən ardıcıl aqrotexniki qulluq nəticəsində sahələrdə bol məhsul yetişmişdir.
Təəssüflər olsun ki, cari ilin iyun ayının 1-2-də rayon ərazisinə düşən güclü yağış və dolu 3537 hektar taxıl sahəsini məhv etmişdir. 2012-ci ilin məhsulu üçün olan əkinlərin dəqiq uçotunun yekunları haqqındakı statistik məlumata görə, rayonda 73541 hektar taxıl sahəsi salamat qalmışdır ki, onun da 53344 hektarını buğda, 19384 hektarını isə arpa təşkil edirdi.
Yetişmiş məhsulun vaxtında və itkisiz yığılıb anbarlara daşınması üçün öncədən bütün zəruri tədbirlər həyata keçirilmişdir. Taxıl biçininə cəlb olunmuş bütün texnikalar, xüsusi ilə də taxıl biçən kombaynlar təmir edilərək saz vəziyyətə gətirilmiş, onların hissələrinin ehtiyatı yaradılmış, məhsul daşınası yollar hamarlanmış, taxıl töküləcək xırman və anbarlar təmir edilmişdir. Yanğından mühafizə tədbirlərinə diqqət artırılmış, bu məqsədlə istər istehsalçılar, istərsə də ictimaiyyət arasında geniş təbliğat işləri aparılmış, biçiləcək ərazilər ilkin yanğınsöndürən avadanlıqlarla təmin olunmuş, biçində iştirak edən kombaynlara şum traktorları təhkim edilmişdir.
2012-ci il mayın 23-də Aqroservisin Şəki filialında Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə yanğından mühafizə tədbirlərinə dair zona müşavirəsi keçirilmiş, fermerlərə dəyərli məsləhətlər verilmişdir. Bundan əlavə, Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın 14 iyun 2012-ci il tarixli yığıncağında taxıl biçininin uğurla həyata keçirilməsi məqsədilə geniş müzakirə aparılmış və fermerlərə kömək üçün konkret qərarlar qəbul edilmişdir.
Rayonda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılmasının təmin edilməsi, istehsalçıların üzləşdiyi problemlərin operativ həll edilməsi və xüsusilə də taxıl biçinində istifadə olunan texnikaların rayon ərazisində çevik hərəkətinin təşkili məqsədilə şəhər icra hakimiyyətində operativ qərargah yaradılmışdır. Qərargah üzvləri tərəfindən biçinin gedişinə mütəmadi nəzarət olunmuş, kənd təsərrüfatı texnikalarından səmərəli istifadəyə diqqət artırılmış, taxıl istehsalçılarının üzləşdiyi hər bir problem yerində həll edilmişdir.
Rayonda taxıl biçininə 197 ədəd kombayn, 168 ədəd şum traktoru, 320 ədəd məhsul daşıyan texnika, 68 ədəd küləş bağlayan aqreqat cəlb edilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini vaxtında uğurla başa çatdırılmışdır. Ən önəmli hallardan biri də ondan ibarət olmuşdur ki, biçin dövründə heç bir yanğın hadisəsi qeydə alınmamış və bu səbəbdən taxıl itkisinə yol verilməmişdir.
73541 hektar zəminin hamısı tam biçilmiş, həmin sahələrdən 256143 ton taxıl istehsal olunmuş və rayon üzrə hər hektarda orta məhsuldarlıq 35,2 sentner təşkil etmişdir. O cümlədən, 53344 hektar buğda sahəsi biçilmiş, 183577 ton məhsul istehsal edilmiş, hər hektarda məhsuldarlıq 34,8 sentner olmuşdur. Həmçinin 19384 hektar arpa sahəsindən 71484 ton məhsul götürülmüş və hər hektarın məhsuldarlığı 37 sentnerə çatmışdır. Beləliklə, cari ildə taxıl istehsalının həcmi Şəkinin tarixində ən yüksək zirvəyə qalxmışdır.
Dövlət Statistika Komitəsinin son məlumatına əsasən Şəki respublikamızda taxıl istehsalının həcminə və hər hektardan orta məhsuldarlığa görə birinci yerdədir. Rayonda istehsal olunan taxıl təmizliyinə və keyfiyyətinə görə də çoxsaylı alıcıları özünə cəlb edir. Respublikamızın ayrı-ayrı rayonlarının fermerləri və iş adamları tərəfindən istər birbaşa biçin sahələrindən, istərsə də xırmanlardan xeyli miqdarda taxıl satın alınmışdır.
Rayonun fermerlərinin və fərdi torpaq sahibkarlarının fikrincə, əldə olunan nailiyyət son hədd deyildir. Burada mövcud olan torpaq, su və iqlim amilləri daha yüksək nailiyyətlərin əldə edilməsi üçün zəmin yaradır. Odur ki, fermerlər növbəti təsərrüfat ilində daha yüksək nailiyyətlər əldə etmək üçün indidən hərtərəfli hazırlıq görürlər. Belə ki, rayonda biçin qurtardıqdan dərhal sonra sahələr küləşdən təmizlənmiş və taxılçılıqda vacib olan yay şumuna başlanılmışdır. Hazırda bu iş sürətlə davam edir. Bununla yanaşı, payız səpini üçün keyfiyyətli toxum hazırlığına da ciddi fikir verilir. Rayonda fəaliyyət göstərən 38 toxumçuluq təsərrüfatında 15 min tonadək yüksək reproduksiyalı, rayonlaşdırılmış məhsuldar sort toxum fondu yaradılmışdır. Bu, Şəkinin taxıl əkinçiliyi ilə məşğul olan fermerlərinin toxuma olan tələbatını tam ödəyəcəkdir. Payız səpininin uğurla həyata keçirilməsi üçün digər hazırlıq işləri də ardıcıl həyata keçirilir.
Faktlardan göründüyü kimi, Şəki rayonunun taxılçıları yüksək məhsuldarlığa nail olmaq üçün elə bir qeyri-adi iş görmürlər. Sadəcə onlar əkin, becərmə və biçin dövrlərində lazımi aqrotexniki tədbirləri vaxtında, yüksək keyfiyyətlə həyata keçirirlər. Bir də ki, burada taxılçılar qazanılan nailiyyətlə heç vaxt kifayətlənmir, daim irəliyə getmək həvəsi ilə işləyirlər.
{nl}
Telman ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.