Bakıda İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu keçirilir

İyunun 21-də Bakıda "Gülüstan" Sarayında İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair "Qlobal sabitlik və inteqrasiyaya doğru" mövzusuna həsr olunmuş 5-ci Qlobal Forumu öz işinə başlamışdır.
Forum İslam Tədqiqat və Tədris İnstitutunun (İTTİ) təşəbbüsü ilə, İİB-in əlaqədar şöbələri və digər təşkilatlarla sıx əlaqədə keçirilir. Məqsəd İİB-in fəaliyyət dairəsinə daxil olan ölkələrdə strateji siyasət dialoqunun və İslam Maliyyə Xidmətləri (İMX) sənayesinin müxtəlif seqmentlərinin inkişafı, qarşıya çıxan problemlərin birgə müəyyən edilməsi və İMX-nin inkişafının rəqabətədavamlı və sabit inkişafı naminə çətin problemlərin sistemli həlli yolunda bilik mübadiləsi, qarşılıqlı əlaqələrin gücləndirilməsinin təşviqi ilə əlaqədar institusional təcrübə mübadiləsini təmin etməkdir. Forum İTTİ tərəfindən 2006-cı ildən bəri keçirilən silsilə forumların davamıdır.
Forumun birinci sessiyasının açılış mərasimində Qurani-Kərimdən surə oxunduqdan sonra İTTİ-nin Baş direktoru Bambang P.Brodjonegoro, CIBAFI sədri Şeyx Salah Kamel, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış etmişlər.
Qeyd edilmişdir ki, təkrarlanan maliyyə və iqtisadi böhranlar, o cümlədən sonuncu böhran da daxil olmaqla, nəinki təkcə maliyyə institutlarına təsir göstərmişdir, onlar eyni zamanda əhalinin yoxsul təbəqəsinin həyat səviyyəsinin daha da ağırlaşmasına səbəb olmuşdur. İndiki maliyyə böhranında İslam maliyyə institutları özlərinin nisbətən daha dayanıqlı olduqlarını nümayiş etdirmişlər. Lakin sonralar onlar da ümumi iqtisadi tənəzzülün və daşınmaz əmlak sektorunda durğunluğun təsirini hiss etmişlər. Bütün bunları nəzərə alaraq İİB-in 5-ci Qlobal Forumu, ilk növbədə, İslam maliyyə sektorunun tələblərinin və səviyyəsinin sabitliyinin qiymətləndirilməsini ön plana çəkəcəkdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov tədbirin aktuallığını vurğuladıqdan sonra demişdir ki, son üç il ərzində dünya iqtisadiyyatı özünün ağır dövrünü yaşayır. Artıq böhranın ilk dərsləri, səbəb və nəticələrin qiymətləndirilməsi deməyə əsas verir ki, böhranaqədərki dövrdə liberal iqtisadi siyasət və əhəmiyyətli maliyyə innovasiyalarının adekvat tənzimləmə potensialı ilə müşayiət olunmaması qlobal böhranın əsas səbəblərindən biri olmuşdur. Hələ ötən il mərkəzi banklar və hökumətlər iqtisadiyyata irihəcmli dəstək verərkən resessiyanın tez bir zamanda bitəcəyini vəd edirdilər. Buna baxmayaraq, dünya iqtisadiyyatının bərpası ləng və qeyri-bərabər gedir.
Elman Rüstəmov vurğulamışdır ki, Azərbaycan böhranı kifayət qədər hazırlıqlı qarşılamışdır. 2003-2008-ci illərdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi doktrina ölkənin fundamental inkişafını təmin etmişdir. Bu dövrdə ölkənin ümumi daxili məhsulu 3 dəfəyə yaxın artmış, adambaşına düşən milli gəlir həmin vaxtın qiymətləri ilə 9 min ABŞ dollarını ötmüş, Azərbaycan inamla ortagəlirli ölkələr qrupuna daxil olmuşdur. Ölkənin strateji valyuta ehtiyatları 13 dəfə artaraq ÜDM-in yarısını ötüb keçmişdir. Bu ehtiyatlar dövlətin xarici borclarını 6 dəfə üstələyir. Sürətli iqtisadi inkişaf fonunda bank-maliyyə sistemi də yüksək dinamiklik nümayiş etdirmişdir. Azərbaycan bank sektoru, onun həcmi, potensialı 10 dəfəyə yaxın artmışdır. Belə bir iqtisadi və maliyyə inkişafı makroiqtisadi potensial yaratmaqla, Azərbaycanın qlobal böhrana yüksək dözümlülüyünü təmin etmişdir.
Natiq qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirindən də söz açmışdır.
İİB Qrupunun prezidenti Əhməd Məhəmməd Əli salamlama nitqində foruma uğurlar arzulamışdır. Sonra birinci sessiyanın əsas məruzəsi - doktor Məhəmməd Əli Elqarinin "İslam maliyyə sisteminin etik hüdudları - maliyyə böhranının dərsləri" məruzəsi dinlənilmişdir.
Forum öz işini daha dörd sessiyada davam etdirir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında