İyunun 21-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının təşkilatçılığı ilə "Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları" mövzusunda konfrans işə başlamışdır.
İslam İnkişaf Bankı (İİB) Müdirlər Şurasının 35-ci illik toplantısı çərçivəsində reallaşan tədbirdə Azərbaycan, MDB və digər ölkələrdən dövlət rəsmiləri ilə yanaşı, İİB Qrupu və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, maliyyə və bankçılıq, logistika, səhiyyə, sənaye, tikinti, enerji və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli və xarici iş adamı iştirak edir.
Konfransın açılışında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev forum çərçivəsində aparılan müzakirələrin, ikitərəfli görüşlərin, Azərbaycan, eləcə də digər MDB ölkələri ilə İİB-in üzv dövlətləri arasında əməkdaşlığın, işgüzar əlaqələrin daha da genişləndirilməsinə yeni təkan verəcəyinə, yeni-yeni layihələrlə bağlı razılaşmalar əldə olunacağına ümidvar olduğunu diqqətə çatdırmışdır. Ölkəmizin iqtisadiyyatı, aparılan islahatlar, əldə olunmuş uğurlar, eləcə də respublikamızın investisiya imkanları barədə ətraflı məlumat verən nazir konfransda 23 ölkədən 100-dən çox nümayəndənin iştirakını investorlar tərəfindən Azərbaycana marağın göstəricisi kimi dəyərləndirmişdir.
Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən amillərdən söhbət açan Ş.Mustafayev konfrans iştirakçılarının diqqətini bununla bağlı nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına yönəltmişdir. Bildirilmişdir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business-2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business-2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək 133 dövlət arasında 51-ci, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir.
Bütün bu uğurların Azərbaycanda biznes mühitinin ildən-ilə yaxşılaşması sayəsində qazanıldığını deyən nazir məlumat vermişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha səmərəli mexanizmi formalaşdırılmışdır. Bunun sayəsində 2009-cu ildə sahibkarlara 130 milyon manat güzəştli kreditlər verilmiş, güzəştli kreditlərdən yararlanan iş adamlarının sayı 2100-ü ötmüşdür. Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonaların yaradılmasının qanunvericilik bazası formalaşdırılmışdır.
Hazırda Azərbaycanın dünyanın 138 ölkəsi ilə ticarət sahəsində əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir, 2009-cu ilin yekunlarına əsasən respublikamızın xarici ticarət dövriyyəsinin 20,8 milyard ABŞ dolları təşkil etdiyini vurğulamışdır. Dövlətimizin başçısının "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2010-cu il 14 may tarixli fərmanı məhz verilmiş tapşırıqların konkret icra mexanizmi olaraq ölkədə idxal-ixrac əməliyyatlarının daha da sadələşdirilməsinə yönəlmişdir.
Nazir tədbir iştirakçılarını əmin etmişdir ki, fərmana uyğun olaraq Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına edilmiş əlavə və dəyişikliklər, xarici ticarət fəaliyyətinin daha da liberallaşdırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və proseduraların asanlaşdırılması biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın davamlı inkişafına əlavə stimul yaradacaqdır.
Ş.Mustafayev çıxışının sonunda konfrans iştirakçılarını ölkəmizin investisiya imkanlarından bəhrələnməyə, Azərbaycanda səmərəli layihələr həyata keçirməyə dəvət etmişdir. Bildirilmişdir ki, azad, rəqabətli, liberal bazar iqtisadiyyatına, ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafına, tam məşğulluğa, gəlirlərin ədalətli bölüşdürülməsinə, ətraf mühitin qorunmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa, əhalinin layiqli həyat səviyyəsinə nail olmaq Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetləridir.
İİB Qrupunun prezidenti Əhməd Məhəmməd Əli Azərbaycanın və digər MDB dövlətlərinin investisiya imkanlarına həsr olunmuş Bakı konfransının əhəmiyyətini yüksək qiymətləndirmişdir. Müsəlman dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan qonaq, bunun üçün mövcud imkanlardan səmərəli istifadə etməyin vacibliyini söyləmişdir.
Konfransın təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirən Əhməd Məhəmməd Əli bu tədbirin İİB ilə MDB-nin müsəlman dövlətlərinin, eyni zamanda, Rusiya Federasiyasının Tatarıstan Respublikasının müvafiq maliyyə qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün gözəl fürsət olduğunu diqqətə çatdırmışdır.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid əl-Abudinin çıxışında da Bakı konfransının İİB-ə üzv dövlətlər arasında əməkdaşlığın, işgüzar əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayacağına inam ifadə olunmuşdur.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin icraçı direktoru Toğrul Köçərli təmsil etdikləri qurumların fəaliyyəti, həyata keçirdikləri layihələr, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Orxan Novruzov isə muxtar respublikanın investisiya imkanları barədə maraqlı təqdimatlarla çıxış etmişlər.
Bundan əlavə, müxtəlif yerli şirkətlər tərəfindən Azərbaycanda potensial investisiya layihələrinin təqdimatı da keçirilmişdir.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İqtisadi İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu, Azərbaycan İnvestisiya Şirkəti, "Azərtoxum" və "Azəraqro" MMC arasında birgə investisiya qoyuluşuna dair müqavilə, Azərbaycan Beynəlxalq Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında "Azərbaycan Beynəlxalq Bankı üçün təklif olunan maliyyələşdirmə xəttinin şərtləri üzrə saziş" imzalanmışdır.
Rusiya Federasiyasının Tatarıstan Respublikası üzrə təqdimatlar da maraqla qarşılanmışdır. Tatarıstan hökumətinin təmsilçisi İsgəndər Muflixanov, həmçinin müxtəlif şirkətlərin rəhbərləri Linar Yakupov, Murad Gadilşin və başqaları respublikanın iqtisadiyyatından, investisiya imkanlarından bəhs edən təqdimatlarla çıxış etmişlər.
İyunun 22-də konfrans işini davam etdirəcəkdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.