Cari ilin beş ayı ərzində ölkədə iqtisadi artım 4,3 faiz təşkil etmişdir
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı uğurla davam edir. Son altı ildə iqtisadiyyatımızın 2,8 dəfə artması ölkəmizdə aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. İki il əvvəl dünyanı ağuşuna almış qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda yüksək inkişaf və tərəqqi davam etmiş, bütün sahələrdə uğurlu göstəricilər əldə olunmuşdur. Təkcə onu demək kifayətdir ki, dünya tarixində böhran ili kimi qalmış 2009-cu ildə Azərbaycan iqtisadiyyatı təqribən 10 faiz artmışdır. Bu da bir daha onu sübut edir ki, Azərbaycanda aparılan siyasi, iqtisadi və sosial islahatlar qlobal maliyyə böhranının ölkəmizə təsirini minimuma endirməyə imkan yaratmışdır.
Son zamanlar əksər beynəlxalq təşkilatlar da Azərbaycanın maliyyə böhranından üzüağ, şərəflə çıxdığını birmənalı olaraq təsdiqləyir və bu amili olduqca yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun iyunun 16-da "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda keçirdiyi konfransda Azərbaycanın qlobal iqtisadi böhrandan ən az zərər çəkən ölkə olması bir daha təsdiqlənmişdir. "Böhran dövrü Azərbaycan iqtisadiyyatına bir o qədər də ziyan vurmamışdır. Hətta bəzi sahələrdə dinamik inkişaf da müşahidə edilmişdir. Bu, aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Onu da deyim ki, Azərbaycandan daha çox neft ehtiyatlarına malik olan Rusiya və Qazaxıstan kimi ölkələrdə belə inkişaf nəzərə çarpmır. Ümid edirəm ki, Azərbaycan gələcəkdə də çoxşaxəli iqtisadi inkişafını davam etdirəcəkdir". Bu fikirlər adı çəkilən konfransda iştirak edən Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya Departamentinin nümayəndəsi Ratna Sahay tərəfindən səsləndirilmişdir. Burada maraq doğuran cəhətlərdən biri də Azərbaycanda son illər müşahidə edilən yüksək inkişafın heç də neft amilindən asılı olmamasının mötəbər beynəlxalq tədbirlərdə bir daha təsdiq edilməsi ilə bağlıdır. Elə dövlətimizin başçısı İlham Əliyev də dəfələrlə bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatı neftdən tam asılı deyil və bizdə artıq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görülür, qeyri-neft sektoru sürətlə inkişaf edir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: "Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft- qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkan yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək".
Nazirlər Kabinetinin iclasında 2010-cu ilin ölkə iqtisadiyyatı üçün uğurla başladığını vurğulayan dövlət başçısı inkişaf dinamikasının ilin sonuna qədər davam edəcəyinə əminliyini bildirmişdir. Elə son ayların statistik göstəriciləri də bunu deməyə əsas verir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı qarşısıalınmaz bir prosesdir. Dövlət Statistika Komitəsinin 2010-cu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafı ilə bağlı hesabatında əksini tapmış makroiqtisadi göstəricilər də bunu deməyə əsas verir. Hesabatda qeyd olunur ki, cari ilin beş ayında ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 16,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Ötən beş ayda istehsal edilmiş ümumi məhsulun 68 faizi məhsul istehsalı sahələrində, 26 faizi xidmət sahələrində yaradılmış, 6 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Ötən ilin yanvar-may aylarına nisbətən əlavə dəyər məhsul istehsalı sahələrində 3,7 faiz, xidmət sahələrində isə 5,2 faiz artmışdır. Hesabat dövründə ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 1858,1 manat və ya 2321,8 ABŞ dolları təşkil etmişdir ki, bu da 2009-cu ilin beş ayı ilə müqayisədə 3,1 faiz artım deməkdir. Yanvar-may aylarında əlavə dəyər ölkənin neft sektorunda 3,5 faiz, qeyri-neft sektorunda isə 4,9 faiz artmışdır.
Azərbaycanda yüksək sənayeləşmə tendensiyası davam edir. Ayrı-ayrı sənaye sahələrinin işində yüksək canlanma müşahidə olunur, ölkənin neft-sektoru ilə yanaşı, qeyri-neft sahələrində də istehsalın həcmi artır. 2010-cu ilin əvvəlindən etibarən ölkəmizin sənaye potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımlar da müsbət nəticələr vermişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında ev təsərrüfatının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin də işi nəzərə alınmaqla 12,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 4,3 faiz çoxdur. Ötən beş ayda istehsal olunmuş sənaye məhsulunun 78,1 faizi mədənçıxarma, 16,6 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təchizat bölmələrinin payına düşmüşdür. Məhsulun çox cüzi hissəsi - 0,5 faizi isə su təchizatı, çirkab və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Sənayenin mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayı ilə müqayisədə 3,3 faiz artmışdır. Daha dəqiq desək, cari ilin yanvar-may aylarında Azərbaycanda 21,1 milyon ton neft və 7,2 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir. Hesabat dövründə ölkədə hasil olunmuş neftin 17,6 milyon tonu, əmtəəlik təbii qazın isə 4,5 milyard kubmetri Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin payına düşmüşdür.
Sənayenin ikinci böyük xüsusi çəkiyə malik emal bölməsində yanvar-may aylarında müəssisə və ev təsərrüfatları tərəfindən 2 milyard 18,9 milyon manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz çoxdur. Sahənin ümumi artım dinamikasında neft, kimya, metallurgiya, elektrik avadanlıqları, maşın və avadanlıqlar, qoşqu və yarımqoşqular, geyim və qida məhsulları xüsusi yer tutmuşdur.
2010-cu ilin beş ayı ərzində sənayenin elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təchizat bölməsində 586,2 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artım deməkdir. Hesabat dövründə ölkədə istehsal olunmuş 7,9 milyard kilovat-saat elektrik enerjisinin 77,4 faizi istilik, 22,6 faizi isə su elektrik stansiyalarının payına düşmüşdür.
İqtisadiyyatın digər mühüm sahələrindən sayılan aqrar bölmədə 341,6 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu, 2009-cu ilin yanvar-may aylarına nisbətən 0,4 faiz artıqdır. Artıq ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin kütləvi əkini başa çatmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il iyun ayının 1-nə kimi 325,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, 98,1 min hektar sahədə dənli və dənli paxlalılar, 26,8 min hektar sahədə dən üçün qarğıdalı, 63,9 min hektar sahədə kartof, 78,1 min hektar sahədə tərəvəz, 27,4 hektar sahədə pambıq, 30,7 min hektar sahədə bostan bitkiləri, 8,3 min hektar sahədə şəkər çuğunduru və 1291 hektar sahədə tütün əkilmişdir.
Bununla yanaşı, ölkənin kənd əməkçiləri artıq yetişdirdikləri məhsulları da toplamağa başlamışlar. İyun ayının 1-dək tarlalardan 4 min ton dənli və dənli paxlalılar, 47,5 min ton kartof, 60,5 min ton tərəvəz, 4,4 min ton meyvə və giləmeyvə, 246,9 ton yaşıl çay yarpağı yığılmışdır. İlin əvvəlindən ölkədə 120,1 min ton diri çəkidə ət, 601,9 min ton süd, 508,6 milyon ədəd yumurta və 10,7 min ton yun istehsal olunmuşdur.
2010-cu ilin ötən beş ayı ərzində ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard manat məbləğində vəsait yönəldilmiş, bunun da 2 milyard manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 2,3 milyard manatını və ya 77,7 faizini daxili investisiyalar təşkil etmişdir. Bu ilin beş ayında əsas kapitala yönəldilmiş vəsait əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 4,4 faiz üstələmiş, xarici mənbələrdən yönəldilmiş investisiyalar isə 44,6 faiz artaraq 675,1 milyon manat təşkil etmişdir.
2010-cu ilin beş ayı ölkənin nəqliyyat və rabitə sahələri üçün də uğurlu olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə yükdaşımanın həcmi 3 faiz artaraq 76,4 milyon tona, nəqliyyat vasitələri ilə daşınmış sərnişinlərin sayı isə 3,4 faiz artaraq 537,3 milyon nəfərə çatmışdır.
Hesabat dövründə ölkənin rabitə müəssisələri tərəfindən əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 419,1 milyon manatlıq, yaxud 2009-cu ilin beş ayı ilə müqayisədə 25,1 faiz çox rabitə xidməti göstərilmişdir.
İlin əvvəlindən ölkənin istehlak və xidmət bazarlarında əhaliyə 6,8 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Yanvar-may aylarında ölkə üzrə əmtəə dövriyyəsi 8,1 faiz artaraq, 5,2 milyard manata, pullu xidmətlərin həcmi isə 10,4 faiz artaraq 1,6 milyard manata çatmışdır.
Azərbaycanın idxal-ixrac əməliyyatları apardığı ölkələrin sırası da getdikcə genişlənir. Cari ilin yanvar-aprel aylarında Azərbaycan 118 ölkə ilə 8 milyard 7,9 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirmişdir. Hesabat dövründə ölkəmizdən xaricə 6 milyard 246,6 milyon dollarlıq məhsul göndərilmiş, idxal olunmuş məhsulların həcmi isə 1 milyard 761,3 milyon dollar təşkil etmişdir. Bu da xarici ticarət dövriyyəsində 4 milyard 485,3 milyon dollarlıq müsbət saldo deməkdir.
Göründüyü kimi, ilin ötən beş ayının makroiqtisadi göstəriciləri son dərəcə uğurlu olmuşdur ki, bu da ölkədə əldə edilmiş davamlı və tarazlı inkişafın, həyata keçirilmiş məqsədyönlü sosial-iqtisadi islahatların məntiqi nəticəsidir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.