Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsini təmin edən "Əsrin müqaviləsi"nin imzalandığı gün ölkəmizdə neftçilərin peşə bayramıdır. Ulu öndərin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il sentyabrın 20-si Azərbaycanda "Neftçilər günü" kimi qeyd edilir. Azərbaycanın həyatında son dərəcə mühüm rol oynayan bu müqavilə ilk dəfə olaraq xalqımızı öz maddi sərvətlərinin, o cümlədən öz neftinin sahibinə çevirdi.
Beləliklə, Azərbaycanın neft sənayesi tarixində yeni bir dövrün əsası, iqtisadiyyatımızın dinamik inkişafının təməli qoyuldu. Bütün bunlar müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmləndirilməsi üçün möhkəm zəmin oldu. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxmasına şərait yaratdı. "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəyə milyardlarla dollar sərmayə qoyuldu, yeni iş yerləri açıldı, güclü infrastruktur, kadr potensialı yaradıldı.
Bu tarix, həm də ölkəmizdə 1999-cu və 2004-cü illərdə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümündə rəsmi səviyyədə bayram kimi qeyd edilib. Artıq on bir ildir ki, həmin gün neftçilərin peşə bayramıdır. Bu, milli neft strategiyasının real uğurlarının nəticəsi kimi dəyərləndirilir.
"Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir. Azərbaycanın neft və qaz sənayesinin inkişafında xalqımızın dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin Vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar.
Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada "Neft diyarı", "Odlar ölkəsi" kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur. Neftin boru kəməri ilə nəqli də ilk dəfə Azərbaycanda baş tutub. 1883-cü ildə Bakı-Batumi dəmir yolunun, 1907-ci ildə Bakı-Batumi neft kəmərinin istismara buraxılması Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına şərait yaradıb. Məhz həmin dövrdə dünyadakı neft hasilatının yarısı ölkəmizin payına düşürdü.
Yeraltı və yerüstü sərvətlərilə zəngin olan Odlar Yurdunun hər qarış torpağı qızıldır. Azərbaycan hələ qədim zamanlardan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkə kimi tanınıb. Uzun illər Böyük İpək Yolu ilə həyata keçirilən mal dövriyyəsində Azərbaycanın "qara qızılı" xüsusi qiymətə malik olub.
XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edib və faşizm üzərində qələbənin qazanılmasında çox böyük rol oynayıb. Keçmiş Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri vardır. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları "İkinci Bakı", "Üçüncü Bakı" kimi adlandırılırdı. .
1949-cu ildə Neft Daşlarında ilk dəfə olaraq sahildən 100 kilometr məsafədə - açıq dənizdə neft hasil edilməsi Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə yüksəltdi. Əfsanəvi Neft Daşlarının şöhrəti tezliklə bütün dünyaya yayıldı. Bu, ölkəmizin neft mütəxəssislərinin zəngin biliyə və böyük təcrübəyə malik olmsından xəbər verirdi. Ölkəmizin neft sahəsində ən böyük nailiyyətlərindən biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsi olmuşdur. O vaxtdan başlayaraq həyata keçirilən mühüm tədbirlər nəticəsində neft sənayesi daha da möhkəmləndirilmiş və geniş infrastrukturu yaradılmışdır.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərliyi dövründə ilk vaxtlar - 1970-1980-cı illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu tikilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. Azərbaycan geridə qalan respublikalar sırasından qabaqcıllar sırasına qoşuımuş və SSRİ-nin süqutuna qədər qabaqcıllar cərgəsində olmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün sahələr böhranlı vəziyyətdə idi. Neft sənayesi də iflic vəziyyətinə düşmüşdü. Xalqımız qurtuluş yolunu ulu öndər Heydər Əliyevdə görürdü. 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə misli görünməmiş quruculuq işlərinə başlamış, əsaslı islahatlar apararaq qısa müddət ərzində Azərbaycanı beynəlxalq aləmdə demokratik və sabit ölkə kimi tanıtdırmış, neft amilindən bacarıqla istifadə edərək qarşıdakı onilliklər üçün hesablanmış mərhələli strategiya hazırlamışdı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nın imzalanması ilə yeni neft strategiyasının əsası qoyuldu. Dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə olaraq neft və qaz yataqlarının birgə istismarına başlanılmışdır. Çox qısa müddətdə "Çıraq-1" ilk hasilat platforması istismara verilmiş, Bakı-Novorossiysk neft kəməri bərpa edilmiş, Bakı-Supsa yeni neft boru kəməri tikilmiş, "Dədə Qorqud", "İstiqlal", "Qurtuluş" kimi nəhəng dəniz qazma qurğuları istifadəyə verilmişdir. 1994-cü il sentyabrın 20-si imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktik nəticələri bu gün də göz qabağındadır. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərin həyat səviyyəsinin getdikcə yaxşılaşmasına xidmət edir.
Yeni neft strategiyasının gerçəkləşməsi Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsi üçün real zəmin yaratdı. Qarşıya qoyulmuş vəzifələrin, o cümlədən iqtisadi islahatlar konsepsiyasının həyata keçirilməsi üçün əlverişli şərait yarandı. Bununla da ulu öndər o dövrün böhranlı siyasi, sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi cəsarət, polad iradə, siyasi uzaqgörənlik və müdriklik göstərdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, Azərbaycanın bugünü və gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" müstəqil respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olundu və ölkəmizin beynəlxalq aləmdəki nüfuzu xeyli artdı. Bundan sonra dünyanın inkişaf etmiş dövlətləri və iri şirkətləri respublikamızla əməkdaşlığa xüsusi maraq göstərdi. Tarixi faktlar da təsdiqləyir ki, Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin böyük əhəmiyyəti olmuşdur.
Ulu öndər Heydər Əliyevin yeni neft siyasətinin uğurunu dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də yüksək qiymətləndirmişlər. Corc Buş, Süleyman Dəmirəl, Riçard Armitac, Madlen Olbrayt, Bill Klinton, Jak Şirak, Toni Bleyer, Zbiqnev Bzejinski kimi tanınmış siyasət xadimləri də bunu dəfələrlərlə bəyan etmişlər. Müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində möhtərm Prezidentimiz İlham Əliyevin yorulmaz fəalliyyəti təkcə ölkəmizdə deyil, dünya miqyasında da yüksək qiymətləndirilir. Dövlətimizin başçısının ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, respublikamızın dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. Möhtərəm Prezidentimizin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində Azərbaycanın iqtisadi qüdrəti artmış, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, əhalinin həyat səviyyəsi xeyli yüksəlmiş, regionların sosial - iqrisadi inkişafı yeni mərhələyə qədəm qoymuş, yoxsulluğun səviyyəsi aşağı düşmüş və çoxlu sayda yeni iş yerləri yaranmışdır. Son səkkiz ildə ölkədə bir milyona yaxın yeni iş yeri açılmışdır. Artıq xarici ölkə vətəndaşları işləmək üçün respublikamıza üz tutublar.Təkcə neft sektorunda 40 mindən artıq iş yeri açılıb. 2006-cı il iyulun 13-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tam bir sistem kimi işə düşməsi ilə əlaqədar Türkiyənin Ceyhan şəhərində təntənəli mərasim təşkil olundu. Həmin gün Azərbaycanın tarixinə şanlı səhifə kimi həkk olundu. Ölkə iqtisadiyyatının yüksək templə inkişafına təkan verən bu kəmərin açılışı münasibətilə Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində ulu öndərin neft strategiyasını misilsiz xidmət adlandıraraq demişdir: "Bu, bir daha göstərir ki, ölkəmiz qarşıda duran bütün vəzifələri icra etməyə hazırdır və buna qadirdir... Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu danılmazdır. Biz bütün dünyaya sübut etdik ki, müstəqil ölkə kimi yaşaya bilərik və biz öz siyasətimizi Azərbaycan xalqının maraqları üzərində qururuq. Biz Azərbaycanı dünya birliyinə sürətlə inteqrasiya edirik. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, ölkə daxilində olan sabitlik, vətəndaş həmrəyliyi möhkəmlənir və müstəqil ölkə kimi Azərbaycan bundan sonra da yaşayacaq və əbədi yaşayacaqdır".
Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar , xüsusilə uğurlu enerji siyasəti nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən birinə çevrilib. Hazırda Cənubi Qafqazın iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Bu faktı diqqətə çatdıran möhtərəm Prezidentimiz XIX Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının açılışındakı çıxışında demişdir: "...Belə olan halda 10 il, 20 il, 30 il qabağa baxmaq lazımdır. Azərbaycanın neft-qaz sahəsində xoşniyyətli, xoşməramlı siyasəti əməkdaşlığa, qarşılıqlı maraqların nəzərə alınmasına yönəldilib. Nəticə etibarilə bu siyasət hər bir tərəfin marağına xidmət edəcək. Enerji siyasəti ölkələri birləşdirməlidir, ayırmamalıdır. Enerji amilindən qarşıya hansısa siyasi məqsədlər qoymaq və onlara çatmaq üçün istifadə edilməməlidir. Bizim yanaşmamız bundan ibarətdir. Bizim üçün dost olan ölkələrin enerji təhlükəsizliyi məsələlərinə töhfəmiz də buna dəlalət edir. Biz bəzi hallarda bəzi ölkələrin çətinliklərini nəzərə alaraq onlara yardım etmək üçün əlimizi uzatmışıq.Həm dostluğumuzu möhkəmləndirmişik, həm də iqtisadi və siyasi maraqlarımızı təmin edə bilmişik. Eyni zamanda, digər sahədə - xarici investorlar, yerli şirkətlər və yerli hakimiyyət orqanları arasında əməkdaşlıq baxımından hesab edirəm ki, Azərbaycanda vəziyyət nümunəvidir. Mən dəfələrlə qeyd etmişəm və artıq bu, reallıqdır ki, Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bu siyasəti aparmaq üçün bizə güc verən əlbəttə ki, xalqla iqtidar arasında olan birlikdir və eyni zamanda, iqtisadi müstəqilliyimizdir. Biz iqtisadi cəhətdən tam müstəqil ölkəyik. Biz enerji resurslarının ixracı məsələlərində tam müstəqilik. Çünki qeyd etdiyim kimi, çoxşaxəli neft-qaz kəmərlərimiz vardır, bir yoldan asılı deyilik. Bu, bizə imkan verir ki, siyasi müstəvidə siyasətimizi inamla və cəsarətlə aparaq". Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da genişləndirilən neft strategiyasının uğurlu nəticələri Azərbaycan xalqının həyat səviyyəsinin davamlı yüksəliş göstəricilərində də öz real əksini tapıb. Uğurla həyata keçirilən neft strategiyası bu gün xalqımızın milli maraqlarına xidmət edir, ölkəmizə böyük səmərə gətirir. Artıq Azərbaycan dövləti özünün neft strategiyasının bəhrəsini görür. Bu strategiya müstəqil Azərbaycanın hərtərəfli inkişafına uğurlu töhfədir.
{nl}
Sona MƏMMƏDBƏYOVA, filologiya üzrə fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.