Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və müstəqil ölkənin milli mənafelərinə xidmət edən siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatının ən ümdə problemləri təhlil edilərək həlli yolları müəyyənləşdirildi. Ümummilli liderin rəhbərliyi ilə bu yolların reallaşdırılması məqsədilə həyata keçirilən islahatlar nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi təməli yaradıldı, iqtisadi tərəqqi sahəsində böyük uğurlar qazanıldı. Artıq 1995-ci ildən etibarən ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmağa başlandı. Ümummilli liderimiz bununla bağlı demişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq və respublikanın iqtisadiyyatında islahatlar aparmaq, öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq prinsiplərini əsas götürmüşdür".
Dahi ondərimiz o dövrdə əsas diqqəti iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də təsərrüfatsızlığı aradan qaldırmağa yönəltdi. Çünki həmin illər hasilat kəskin azalmışdı və vəziyyəti düzəltmək üçün isə heç bir tədbir görülmürdü. Ulu öndər Heydər Əliyev bu sahədə əsaslı islahatlara başladı. Tədricən hasilat artdı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın tarixində misilsiz hadisə baş verdi: "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsini əhatə etdi.
"Əsrin müqaviləsi" imzalanarkən çoxları onun uğur qazanacağına inanmır və hesab edirdi ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və regional məsələlər öz həllini tapmalı idi. Heydər Əliyev diplomatiyası qarşıda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Heydər Əliyevin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdə nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium yaratdılar və AÇG kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar.
Həmin dövrdə tanınmış rus siyasətçilərindən biri yazırdı ki, "vaxtı ilə Neft daşlarının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan "Əsrin müqaviləsi" isə gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi".
"Əsrin müqaviləsi"nin mühüm əhəmiyyətlərindən biri də ondan ibarət idi ki, bu müqavilə Azərbaycanın iqtisadi müstəvisində çox güclü qanunvericilik bazası yaratdı, investorlar öz kapilallarının etibarlı müdafiəsinə inandılar və bununla da Azərbaycan əlverişli və etibarlı investisiya mühiti olan sivil bir ölkəyə çevrildi.
Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınızsa, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi".
Etiraf olunmalıdır ki, iqtisadiyyatın bu sürətlə artmasının başlıca səbəblərindən biri həqiqətən "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəyə axan xarici investisiyalar olmuşdur. Statistik məlumatlara diqqət yetirsək görərik ki, 1994-cü ildən 2010-cu ilə kimi iqtisadiyyatımızın inkişafına 54,4 milyard dollar məbləğində xarici investisiya cəlb edilmişdir. İnvestisiyaların 68,8 faizi iqtisadiyyata birbaşa investisiya şəklində yönəldilmiş, eyni zamanda, 33,1 milyard dollar və ya 60,9 faizi isə neft sənayesinin inkişafına sərf edilmişdir.
"Əsrin müqaviləsi" tezliklə real nəticələr verməyə başlamışdı. 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Bununla bağlı ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün düzgün və uzaqgörən qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyası idi.
BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr, günlər çoxdur. Onlardan biri də 1999-cu il noyabrın 18-dir. Həmin gün ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalandı. Həmin sənədə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar. Bundan bir il əvvəl, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalanmışdı. İstanbul zirvə toplantısında beş ölkənin prezidentlərinin imzaladığı bu növbəti saziş BTC-nin tikintisinə yol açan, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.
2002-ci il sentyabrın 18-də, Səngəçal terminalında BTC-nin təməli qoyularkən ümummilli lider belə demişdir: "Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük. Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki. bu, xəyal deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcütsan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq".
Həmin gün Səngəçalda dünya miqyaslı bir layihənin təməli qoyulurdu və güman etmək olardı ki, bundan sonra işlər rəvan yolla irəliləyəcək. Lakin belə olmadı. Azərbaycanın xaricində və daxilində BTC-nin bədxahları rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Ümummilli lider Heydər Əliyev isə belə çətin anlarda da inam və qətiyyətlə deyirdi: "BTC tikiləcək! BTC reallaşacaq! BTC olacaq!"
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi strategiyasını, islahatlar kursunu böyük bacarıqla və uğurla davam etdirir. Bu, müstəqil Azərbaycanın dinamik inkişafında yeni mərhələdir. Həmin mərhələnin nəticələri isə göz önündədir: ölkədə bərqərar olmuş sabitlik daha da möhkəmlənmiş, respublikamızın regionda və dünyada nüfuzu artmış, dövlətçilik və ölkənin qüdrəti güclənmiş, yeni istehsal müəssisələri yaradılmış, əhalinin sosial müdafiəsi xeyli yaxşılaşmışdır. Eləcə də iqtisadiyyatın bütün sahələrində geniş miqyasda köklü islahatlar, yenidənqurma və bərpa işləri həyata keçirilmiş, mövcud olan güclü potensial inkişaf yoluna çıxmışdır. Bir sözlə, iqtisadiyyatımız sürətlə irəli gedir və indi Azərbaycanda heç bir ölkədə görünməyən inkişaf mövcuddur.
Ötən illər Azərbaycana yönəldilən investisiyaların qoyulduğu sahələrdə qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Yaradılan əlverişli biznes mühiti nəticəsində xarici investorlar enerji sahəsilə yanaşı, qeyri-neft sektoruna da xüsusi maraq göstərirlər və son nəticədə bu, qeyri-enerji sferasına qoyulan sərmayələrin həcminin artması ilə yanaşı, istehsalın da artımında müstəsna rol oynayır. Xarici investisiyalar hesabına müasir texnologiya və avadanlıqların tətbiqi, qabaqcıl idarəetmə təcrübəsinin öyrənilməsi nəticəsində bu gün Azərbaycanda yüksək keyfiyyətli, rəqabətə davamlı məhsullar istehsal edilir və indi bu bizim inkişaf strategiyamızın prioritet istiqamətlərindən biridir.
Ölkəmiz böyük sənaye ehtiyatları olan neft, qaz, kondensat, elektrik enerjisi, o cümlədən alternativ və bərpa olunan enerji mənbələri - dəmir filizi, alüminium xammalı, mis, qızıl, sink, molibden, bentonit, dolomit, müxtəlif kimya xammalı, 200-ə qədər təbii tikinti materialları yataqları və digər ehtiyatlara malikdir və bu ehtiyatlardan səmərəli istifadə hazırda qarşımızda duran vacib məsələlərdəndir. Çünki qloballaşan dünyada enerji təhlükəsizliyinin ön plana çəkildiyi bir vaxtda bu, çox vacibdir. Heç təsadüfi deyil ki, məhz bu sahədə həyata keçirilən tədbirlər nəticəsində sanballı yanacaq-enerji resursları əldə edən Azərbaycan Avropa dövlətləri üçün etibarlı tərəfdaşa çevrilmişdir.
BTC düzgün düşünülmüş, real bir layihə idi. Ona görə də bu möhtəşəm qurğunun müəllifi - ulu öndər Heydər Əliyev tikilən kəmərin gələcəyi, hətta onun istifadəyə veriləcəyi tarixi barədə əvvəlcədən qəti fikir söyləyirdi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaq və biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq".
Heydər Əliyevin şah əsəri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallığa çevrilməsi ulu öndərin neft strategiyasında yeni bir mərhələ oldu. Layihə ətrafında kəskin diskussiyalar getdiyi bir vaxtda gənc siyasətçi İlham Əliyev böyük uzaqgörənliklə deyirdi: "Biz özümüz kəmərə nəzarət etməliyik və buna nail olacağıq... Biz imkan verə bilmərik ki, "kimsə" kəmərin mülkiyyətçisi, sahibi olsun."
Kəmərin tikintisi nəzərdə tutulan vaxtda başa çatdı. 2005-ci il mayın 25-də Səngəçal terminalında kəmərə ilk neftin vurulması təntənəli surətdə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, bu təntənələrdə daha üç ölkənin - Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etdilər. Bir il sonra - 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhana çatdı.
2006-cı ilin mayında ötürmə qabiliyyəti 60 milyon ton olan BTC kəməri işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: "BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi.
BTC bu gün həqiqətən də beynəlxalq enerji təhlükəsizliyi sisteminin əsas elementlərindən birinə çevrilmişdir. Mərkəzi Asiyanın nəhəng neft mərkəzlərindən olan Qazaxıstan artıq "Tengiz" yatağından hasil etdiyi neftin müəyyən hissəsini məhz bu kəmər vasitəsi ilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürür. Hazırda ulu öndərin adını daşıyan bu kəmər vasitəsi ilə sutkada 1,2 milyon barrel neft Səngəçal terminalından Aralıq dənizi sahillərinə yola salınır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Rolan Kobia qeyd edir ki, "müstəqillik illəri Azərbaycan iqtisadiyyatının böyük inkişaf dövrü olmuş və indiki vaxtda ölkə qabaqcıl neft və qaz təminatçılarından birinə çevrilmişdir. Şəffaf müqavilə şəraiti, uzunmüddətli əməkdaşlıq imkanları, xarici şirkətlər üçün yaradılmış şərait və ARDNŞ-in fəaliyyəti dünya səviyyəsindədir. Azərbaycan qlobal səviyyədə neft və qaz istehsalçısıdır."
Azərbaycanın müstəqillik illərində həyata keçirilən bir mühüm layihəsi də, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri olmuşdur. Ötürmə gücü 20 milyard kubmetr olan bu kəmər hazırda ölkənin əsas qaz ixrac kəməridir. Lakin ölkənin qaz potensialını reallaşdırmaq, eyni zamanda, Avropa istehlakçılarının Xəzər regionuna və onun karbohidrogen resurslarına çıxışını təmin etmək üçün bir çox layihələr üzərində ciddi iş gedir.
Prezident İlham Əliyev Azərbaycan qazının müxtəlif bazarlara nəqli üçün də öz infrastrukturuna sahib olmasının vacibliyini qeyd edərək bildirir ki, "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi bizim regionun qaz sahəsində əməkdaşlığının inkişafında böyük rol oynadı. Diversifikasiyanın bizim hamımıza böyük faydası olacağını nəzərə alaraq, biz hazırda yeni marşrutların müəyyənləşdirilməsi üzərində işləyirik. Bu işin həyata keçirilməsi üçün bizim planlarımız da, siyasi iradəmiz də var."
Azərbaycanda strateji sahələr - neft-qaz sektoru və bir çox iri şirkətlərin dövlət nəzarətində olması da ona imkan verir ki, bu sahələrdən gələn maliyyə resurslarını dövlətin ehtiyat fondlarına, büdcəsinə yönəltsin və digər lazımi tədbirlər görsün. Bu mənbələrin dövlət nəzarətində olması hər hansı təhlükənin qarşısını almaq və vəziyyətə real müdaxilə etmək üçün hökumətə geniş imkanlar açır.
Bu gün Azərbaycanın neft-qaz və ixrac layihələri həqiqətən də ölkəyə və regiona gəlir gətirməkdədir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərindən əldə olunan gəlirlər hesabına ən ümdə problemlər həll olunur. Qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi üçün vəsait məhz bu hesabdan ayrılıb. Neft gəlirləri ilə yeni infrastruktur qurulur, qeyri-neft sektoru inkişaf etdirilir.
{nl}
Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.