Dövlət qayğısı neftçiləri yeni nailiyyətlərə ruhlandırır

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqust ayının 16-da "Neftçilər Günü" peşə bayramının təsis edilməsi haqqında imzaladığı tarixi fərman, eləcə də son illər neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən yüksək dövlət qayğısının parlaq təzahürüdür.  
Dövlətin onlara göstərdiyi yüksək etimadı layiqincə doğruldan bu çətin və şərəfli peşə sahibləri, hər il olduğu kimi, builki bayramı da yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə qarşılayırlar. Sevindirici haldır ki, artıq "Neftçilər Günü" ölkəmizdə əsl ümumxalq bayramına çevrilmişdir. Bu da, heç şübhəsiz, neft sənayesinə, neftçi peşəsinə olan hörmət və ehtiramdan irəli gəlir.
"Azneft" İstehsalat Birliyinin qocaman neft-qazçıxarma müəssisəsi olan H. Z. Tağıyev adına NQÇİ-də də yüksək bayram əhval-ruhiyyəsi hökm sürür. Bu da təsadüfi deyil. Belə ki, cari ilin səkkiz ayında H.Z Tağıyev adına NQÇİ-nin kollektivi 37 min 246 ton neft hasil etmiş, dövlətə 37 min tondan artıq "qara qızıl" təhvil vermişdir. Bundan əlavə, hesabat dövründə idarə üzrə 2 milyon 811 min kubmetr qaz hasil edilmiş, bunun da 2 milyon 647, 3 min kubmetri təhvilə yönəldilmişdir.
Hazırda idarənin balansında 227 quyu vardır ki, bunlardan da 156-sı işlək quyulardır. 70 quyu fəaliyyətsiz fondda, bir quyu isə mənimsəmə prosesindədir. Son illər fəaliyyətsiz fond üzərində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, cari ilin səkkiz ayında fəaliyyətsiz fonddan 6 quyu istismara qaytarılmış və nəticədə 467 ton əlavə neft çıxarılmışdır. Ötən müddətdə qazmadan istismara daxil edilmiş 4 quyudan isə 3146 ton neft alınmışdır. Quyularda neft hasilatını sabit saxlamaq məqsədilə geoloji və texniki tədbirlərə də diqqət getdikcə artırılır. Təkcə onu demək kifayətdir ki, bu ilin yanvar-avqust aylarında idarə üzrə 567 texniki tədbir həyata keçirilmiş, nəticədə 3960 ton neft hasil edilmişdir. Ötən səkkiz ayda mədənlərdə həyata keçirilmiş 106 geoloji tədbir də 6832 ton əlavə neft hasilatına imkan yaratmışdır. Bundan əlavə, quyuların sabit reyimdə işləməsini təmin etmək məqsədilə idarə üzrə 110 əsaslı və 947 yeraltı təmir işi aparılmışdır. Yeri gəlmişkən, idarə üzrə neft hasilatının sabit saxlanması və qismən artırılımasında nəqliyyat departamentinin və layların neft veriminin artırılması idarəsinin mühüm xidmətləri olmuşdur.
H. Z. Tağıyev adına NQÇİ-nin kollektivi "Buzovna-Maştağa", "Qala", "Köhnə Qala" və "Zirə" yataqlarının işlənməsini həyata keçirir. İndi neftçilər hasilat tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı, ərazinin ekoloji sağlamlığının da qayğısına qalırlar. Bu ilin səkkiz ayında NQÇİ-nin mədən ərazilərində istehsalat fəaliyyəti nəticəsində atmosfer havası, torpaq, və su hövzələrinin çirklənmədən mühafizəsinə ciddi nəzarət olunmuş, bununla əlaqədar bir sıra mühüm işlər görülmüşdür. Belə ki, "Buzovna-Maştağa" yatağında lay sularının qapalı sistemdə idarə olunması təmin edilmiş, 26 ədəd 50 min kubmetrlik, 4 ədəd isə 30 kubmetrlik yeraltı tutum tikilib istismara verilmişdir. Bununla yanaşı, neftlə çirklənmiş 30 hektardan artıq sahə təmizlənmiş, ərazidə abadlıq işləri görülmüşdür. "Qala" sahəsində isə 4500 metr uzunluğunda neft və 2500 metr uzunluğunda su kollektorlarının təmiri və dəyişdirilməsi təmin edilmiş, ərazinin ekoloji sağlamlığının qorunması üçün bir sıra digər zəruri tədbirlər həyata keçirilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.
H.Z.Tağıyev adına NQÇİ zəngin ənənələrə malik olmaqla yanaşı, həm də neftçi peşəsini seçən, istehsalatda ilk addımlarını atan şəxslər üçun, sözün həqiqi mənasında, böyük təcrübə məktəbi olmuşdur. Ölkəmizin neft sənayesinin bir çox aparıcı simaları, təcrübəli neftçilər əmək fəaliyyətinə məhz buradan başlamışlar. Həmin ənənə bu gün də davam edir. Belə ki, hazırda idarənin baş mühəndisi Mahir Mirzəyev, baş geoloq Rasim Əhmədov, 4 saylı neft və qazçıxarma sexinin rəisi Vaqif Mirzəyev, neft və qaz hasilatı üzrə operator Elman Dadaşov, yeraltı təmir operatorları İlham Ağayev və Qurban Bağırov, qazmaçı köməkçisi Yusif Abbasov, kompressor sexinin elektriki Fərhad Məmmədov və başqaları neftçi peşəsinin sirlərinə məhz burada yiyələnmiş, zəngin təcrübə toplamışlar.
Bütövlükdə isə idarə üzrə əldə olunmuş nailiyyətlərdən kollektivin bütün üzvlərinə xüsusi pay düşür. Bir sözlə, qəhrəman neftçilər, bu çətin və şərəfli peşə sahibləri hər cür ehtirama layiqdirlər. İdarənin rəisi Şahmar Hüseynov da qazanılmış uğurların kollektiv əməyinin nəticəsi kimi dəyərləndirdi. O dedi:- Son illər Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısından ruhlanan neftçilərimiz hasilat tapşırıqlarını vaxtında və artıqlaması ilə yerinə yetirmək üçün yüksək əzmkarlıq göstərirlər. Bütövlükdə isə "Neftçilər Günü"nün hər il təntənə ilə qeyd olunmasını neftçi peşəsinə göstərilən yüksək dövlət qayğısının təzahürü kimi dəyərləndirən kollektivimizin hər bir üzvü buna əməli işlə cavab verməyə çalışır. Bütün bunlar, xüsusən də "Azneft" İstehsalat Birliyi tərəfindən qurulmuş dəqiq mexanizm işin ahəngdar rejimdə getməsinə imkan verir. Yeri gəlmişkən, "Azneft" İstehsalat Birliyində keçirilən müzakirələrdə yeni texnikaların istehsalatda tətbiqi, payız-qış mövsümünə hazırlıqla bağlı işlərin icra vəziyyəti və digər mühüm məsələlər nəzərdən keçirilir, dəqiq qərarlar qəbul olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, kollektivimiz 2012-ci ili uğurlu göstəricilərlə başa vuracaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında