Neft-qaz sənayesi Azərbaycanın tərəqqisinə xidmət edir

Qədim neft diyarı kimi tanınmış Azərbaycan bütün dünyada neft-qaz sənayesinin inkişafına mühüm töhfələr vermişdir. Neftin sənaye üsulu ilə çıxarılması, tankerlərlə, dəmir yolu ilə daşınması, boru kəmərləri vasitəsi ilə nəql edilməsi kimi əlamətdar hadisələrin başlanğıcı da məhz Azərbaycanda qoyulmuşdur. Təsadüfi deyil ki, Bakı dünyanın neft elminin paytaxtı sayılmış, "neft akademiyası" adlandırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyası odlar yurdu, qədim neft-qaz ölkəsi olan Azərbaycana əvvəlki şan-şöhrətini qaytardı, dünyanın nəzərlərini yenidən ölkəmizə cəlb etdi. Mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan bu strategiya hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. 
Ötən əsrin sonlarında xaricdən və daxildən çoxsaylı müqavimətlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də dünyanın 11 transmilli neft şirkəti ilə ARDNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Bununla da, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, ölkəmizin və bütövlükdə Cənubi Qafqazın makroiqtisadi dirçəlişinə imkan yaratmış, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşımışdır. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış gənc Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilmiş, onun dünya birliyinə sıx inteqrasiyasını təmin etmişdir. Bu mənada "Əsrin müqaviləsi" artıq beynəlxalq aləmdə böyük nüfuz qazanmış, regionun lider ölkəsi kimi dünyada yaxşı tanınan Azərbaycan dövlətinin sosial-iqtisadi yüksəlişinin təməl daşı sayılmalıdır. Təsadüfi deyil ki, xalqımız artıq neçə illərdir, "Əsrin müqaviləsi"nin imzalandığı günü-sentyabrın 20-ni Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təntənə ilə qeyd edir. Neftçilər ulu öndərin bizə bəxş etdiyi bu şərəfli gündə keçilən yola nəzər salır, görülən işləri təhlil edir, gələcək perspektivləri müəyyənləşdirirlər.
Qazanılmış nailiyyətlərdən danışarkən, ilk növbədə, zəngin tarixi ənənələrə malik neft-qaz sənayemizin yeniləşdiyi qeyd olunmalıdır. 1994-cü ildən indiyədək neft sektoruna təqribən 50 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, ölkəmizin mövcud yataq və strukturları üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir. Hazırda Azərbaycanda hasilatın pay bölgüsünə dair 32 saziş üzrə iş aparılır ki, həmin layihələrdə də dünyanın 19 ölkəsini təmsil edən 41 şirkət iştirak edir. Bu sazişlərin, habelə ARDNŞ-in müstəqil surətdə həyata keçirdiyi layihələrin müvəffəqiyyətlə icra olunması yeni texnologiyaların, müasir avadanlıqların, maşın və mexanizmlərin istehsalatda tətbiqinə, yeni idarəçilik metodlarının mənimsənilməsinə, neft sənayesinin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına böyük imkanlar yaratmışdır.
Ötən müddətdə xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş görülmüş, uğurlu nəticələr əldə olunmuşdur. Nəhəng "Şahdəniz" qaz-kondensat yatağı, orta səviyyəli "Əşrəfi" və "Qarabağ" yataqları, son illərdə "Abşeron" yatağı, habelə ARDNŞ-in daxili imkanları hesabına "Ümid" yatağı açılmış, "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində ehtiyatların nəzərdə tutulduğundan iki dəfəyə yaxın çox olması dəqiqləşdirilmişdir. Belə ki, 1994-cü ildə müqavilə imzalanan zaman bu blok üzrə çıxarıla bilən ehtiyatlar 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində qiymətləndirilirdisə, aparılmış səmərəli kəşfiyyat qazması nəticəsində artıq bu ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir.
"Əsrin müqaviləsi" çərçivəsində ilk neftin çıxarılması ölkədə neft hasilatının sürətli inkişafına təkan vermişdir. Bu il Azərbaycan neftçiləri "Çıraq" yatağından ilkin neftin hasil olunmasının 15-ci ildönümünü qeyd edirlər. Bu da təsadüfi deyil. Çünki məhz həmin dövrdən ölkə üzrə neft hasilatı təxminən 4,1 dəfə artaraq, 1997-ci ildəki 9 milyon tondan 2011-ci ildə 45,6 milyon tona çatdırılmışdır. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda indiyədək 143 quyu qazılmışdır ki, onların da 64-ü uğurla istismar olunur. Ötən müddətdə həmin quyulardan təxminən 280 milyon ton neft və 74,4 milyard kubmetr qaz hasil edilmişdir.
Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulması ölkəmizin enerji təhlükəsizliyini təmin etmiş, Avropa və digər uzaq ölkələrin enerji təminatı istiqamətində yeni perspektivlər açmışdır. Şimal istiqaməti üzrə mövcud olan Bakı-Novorossiysk kəməri ilə yanaşı, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ilin mayında isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərləri işə salınmışdır. Bütün Avrasiya regionunda mövcud olan analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən BTC əsas ixrac neft kəməri artıq neçə ildir, dünyada enerji təhlükəsizliyinin əsas elementlərindəndir. Kəmərin ötürücülük qabiliyyəti 60 milyon tondur və bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Bu gün sutkada 1,2 milyon barel Azərbaycan nefti bu kəmər vasitəsi ilə Aralıq dənizi üzərindən dünya bazarına çıxarılır. BTC istifadəyə veriləndən cari il sentyabrın 1-nə qədər bu kəmər vasitəsi ilə 196 milyon 500 min tona yaxın Azərbaycan nefti nəql olunmuşdur. BTC həm də Türkmənistanda hasil olunan neft həcmlərinin nəqli istiqamətində mühüm rol oynayır. İndiyədək kəmərlə 5,5 milyon ton türkmən nefti nəql edilmişdir.
2011-ci ildə Dövlət Neft Şirkəti tərəfindən 8,4 milyon ton neft hasil olunmuşdur. Bu ilin yanvar-avqust aylarında isə Azərbaycanda 29,6 milyon ton neft hasil edilmişdir ki, bunun da 5,5 milyon tonu ARDNŞ-in payına düşmüşdür. Hazırda ölkə üzrə gündəlik neft hasilatının həcmi 898 min barrel-təxminən 120 min ton təşkil edir. Əlavə neft resurslarının axtarılması və aşkara çıxarılması istiqamətində araşdırmalar aparılır. İndi bp şirkətinin Abşeron yarımadasının dayazsulu hissəsində və ölkənin quru ərazilərində kompleks tədqiqatlar aparılması istiqamətində təklifləri öyrənilir. Alim və mütəxəssislərin fikrincə, neft yataqlarının kəşf edilməsi quru sahələrində məhsuldar qatdan daha dərində yatan mezozoy çöküntülərində axtarış-kəşfiyyat işlərinin aparılması ilə bağlıdır. Son iki ildə mezozoy çöküntülərinin öyrənilməsinə və axtarış-kəşfiyyat işlərinin aparılmasına diqqət artırılmışdır.
Azərbaycan 2006-cı ildən etibarən dünyanın dəniz akvatoriyaları üzrə ən iri qaz-kondensat yataqlarından sayılan "Şahdəniz" yatağının işlənməsi layihəsi üzrə aparılmış işlər nəticəsində beynəlxalq bazarlarda özünü həm də yeni, alternativ təbii qaz mənbəyi, etibarlı "mavi yanacaq" təchizatçısı kimi təqdim etməyi bacarmışdır. Qısa müddətdə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilmişdir. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. 2011-ci ildə bu yataqdan 6,7 milyard kubmetr qaz və 1,8 milyon ton kondensat hasil olunmuşdur. Hasilata başlanıldığı vaxtdan indiyədək "Şahdəniz" yatağından 35,2 milyard kubmetr qaz və 9,3 milyon ton kondensat çıxarılmışdır. Hazırda "Şahdəniz" yatağında orta gündəlik qaz hasilatı 24-26 milyon kubmetr, kondensat hasilatı isə 6,4 min ton təşkil edir.
Artıq layihənin ikinci mərhələsinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Hazırlanmış inkişaf konsepsiyasına əsasən əlavə hasilat ildə minimum 16 milyard kubmetr səviyyəsinə çatdırılmalı, bunun üçün 30 hasilat quyusu istismara verilməli, yeni platforma və kommunikasiya sistemi tikilməlidir. İkinci mərhələ üzrə ilk qazın alınması isə 2017-ci ilə proqnozlaşdırılır.
Hazırda bütün dünyada təbii qaza tələbat artmaqdadır. Bu baxımdan qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir. 2004-2011-ci illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq, 5,5 milyard kubmetrdən 26 milyard kubmetrə çatdırılmışdır ki, bunun da 7,1 milyard kubmetri (27,5 faiz) ARDNŞ-in payına düşmüşdür. Bu il isə ölkədə 28,3 milyard kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
"Şahdəniz-1" layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədi ilə 2006-cı ildə BTC əsas ixrac neft kəmərinə paralel olaraq çəkilb istismara verilmiş Cənubi Qafqaz qaz boru kəmərinin ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetrdir. 2011-ci ildə "Şahdəniz" yatağından hasil edilən 6,7 milyard qazın 2,1 milyard kubmetri Azərbaycana verilmiş, 0,7 milyard kubmetri Gürcüstana, 3,7 milyard kubmetri isə Türkiyəyə ixrac olunmuşdur.
2011-ci ildə Fransanın TOTAL və GdF şirkətləri ilə əməkdaşlıq şəraitində Xəzərin Azərbaycan sektorunda "Abşeron" yatağı kəşf olunmuşdur. Ötən ilin əvvəllərində dənizin dərinliyi 473,5 metr olan sahəsində başlanmış axtarış-qazma işləri ilin sonunda 6874 metr dərinlikdə öz bəhrəsini vermişdir. Yatağın ehtiyatları ilkin qiymətləndirmələrə görə, 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmindədir.
ARDNŞ-in öz gücü ilə 2010-cu ildə kəşf etdiyi "Ümid" yatağında qazılmış 10 saylı ikinci quyu cari ilin iyun ayında mənimsənilmiş və işə salınmışdır. Quyunun gündəlik istehsal gücü bir milyon 200 min kubmetr qaz və 150 ton kondensat təşkil edir. Alınmış nəticələr "Ümid" yatağının böyük karbohidrogen ehtyatlarına malik olduğunu bir daha əyani şəkildə sübut etmişdir. Hazırda bu ehtiyatlar 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Ötən müddətdə, həmçinin "Ümid" platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilmiş və ölkə neftçilərinin peşə bayramı ərəfəsində quyu istismara verilmişdir. Yeri gəlmişkən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi "Ümid"də qazanılmış bu nailiyyət ARDNŞ-in öz inkişafında yeni mərhələyə qədəm qoymasının daha bir bariz nümunəsidir.
Yaxın vaxtlarda Almaniyanın RWE şirkəti ilə "Naxçıvan", bp şirkəti ilə "Şəfəq-Asiman" perspektiv strukturlarında kəşfiyyat işlərinə başlayacağıq. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənməsi məsələsi də hazırda baxılma mərhələsindədir. İlkin qiymətləndirmələrə əsasən, buradakı qaz ehtiyatları təqribən 300 milyard kubmetr civarındadır.
ARDNŞ-in fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən qaz proqramı çərçivəsində şirkətin müstəqil fəaliyyət göstərdiyi qaz-kondensat yataqlarında quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilmiş, əlavə qaz quyuları qazılıb istismara daxil edilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, boru xətləri çəkilmiş, əlavə neft-mədən obyektləri tikilmişdir. Ölkədə qaz hasilatının və ixracının artması ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Neft Şirkəti qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun iki dəfə artırılaraq 3 milyard kubmetrə çatdırılmasına dair qoyulmuş vəzifəyə təxirə salınmadan və yüksək keyfiyyətlə əməl olunmuşdur. Nəticədə 2011-ci ilin qazvurma mövsümünün sonunda anbarlarda yığılan qazın həcmi 3,3 milyard kubmetr olmuşdur. Cari ildə isə mövsümün sonuna kimi bu həcmin 3,5 milyard kubmetrə çatdırılması təmin ediləcəkdir. Artıq Qaradağ qaz anbarında yenidənqurma işləri tamamlanmışdır. Qalmazda aparılan işlər də uğurla davam etdirilir.
Yeni yataqların açılması ilə etibarlı qaz ixracatçısı kimi Azərbaycanın strateji əhəmiyyəti də ilbəil artır. Biz bu gün Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstanın qaz təminatında mühüm rol oynayırıq. Hazırda Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə tədarük olunması üçün əlverişli variantlar araşdırılır. "Cənub" enerji dəhlizinə dair Avropa Birliyi ilə imzalanmış birgə Bəyannaməyə uyğun olaraq təklif olunan marşrutlar, o cümlədən, Transadriatik (TAP) və "Nabucco-West" qaz kəmərləri layihələri nəzərdən keçirilir. Avropa ölkələrinə qazın hansı yolla nəql olunacağı haqda son qərar isə 2013-cü ildə veriləcəkdir.
Azərbaycan və Türkiyə arasında TANAP-Transanadolu qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması bu baxımdan mühüm addımdır. "Cənub enerji dəhlizi" layihəsinin əsasını təşkil edəcək TANAP Türkiyə və Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etmək məqsədi daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın birgə təşəbbüsü və siyasi qətiyyəti nəticəsində qısa bir müddətdə beynəlxalq birliyin enerji gündəmində möhkəm qərarlaşmış TANAP layihəsi nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış, eyni zamanda Avropanın enerji təhlükəsizliyi məsələsinin praktiki həlli üçün mühüm təkan olmuşdur.
Yeri gəlmişkən, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini dünyada get-gedə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasına tərəfdardır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlarımız var. Bu isə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunu daha da artıracaqdır.
"Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nda işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, lazımi təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi və s. məsələləri ARDNŞ qarşısında başlıca vəzifə kimi qoyulmuşdur. Proqrama uyğun olaraq, neftçilər dəniz və quru yataqlarında hasilatın artırılması üçün mövcud imkanları səfərbər edir, səylərini əsirgəmirlər. Ötən ilin göstəriciləri də bunu təsdiq edir. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, 2011-ci il ərzində ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 147 min 287 metr qazma işi görülmüşdür ki, bunun da 133 min 343 metri istismara aid olmuşdur. Ötən il qazmadan istismara daxil edilmiş 121 quyudan 280,5 min ton, bu ilin yanvar-avqust aylarında qazmadan istismara verilmiş 75 quyudan isə 136,2 min ton neft hasil edilmişdir. 2012-ci il sentyabrın 1-nə olan məlumata əsasən, ARDNŞ-nin istismar quyu fondu 9140 ədəd təşkil etmişdir. Ötən il fəaliyyətsiz fonddan 287 quyu istismara qaytarılmış, nəticədə əlavə olaraq 77,9 min ton neft hasil edilmişdir. Bu ilin yanvar-avqust aylarında isə 188 quyu fəaliyyətsiz fonddan işlək quyu fonduna daxil edilmiş, bu quyulardan əlavə 46,1 min ton neft alınmışdır.
"Azneft" İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində neft hasilatının artırılması məqsədilə mütəmadi olaraq geoloji-texniki tədbirlər görülür. 2011-ci ildə 5065 belə tədbir həyata keçirilmiş, nəticədə əlavə olaraq 470 min ton neft hasil edilmişdir. 2012-ci ilin 8 ayında isə 2978 texniki-geoloji tədbir həyata keçirilmişdir ki, bu da 176 min ton əlavə neft hasilatına zəmin yaratmışdır.
Neft və qaz hasilatında davamlı artıma nail olmaq üçün yeni platformaların inşası xüsusi önəm daşıyır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Bakıda tikilmiş, bu gün də MDB məkanında dərin dəniz özüllərinin inşası sahəsində ixtisaslaşmış yeganə müəssisə kimi aktuallığını saxlayan Bakı Dərin Özüllər Zavodu Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində özünəməxsus yer tutmuşdur. "Günəşli", "Çıraq", "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli" platformaları, eləcə də, müvafiq üst tikililəri hazırda ulu öndərin adını daşıyan bu zavodda inşa olunmuşdur. Ötən illərdə zavodun imkanları genişləndirilmiş, burada yeni sexlər, istehsal sahələri yaradılmışdır. Xəzərin Azərbaycan sektorunda, eləcə də akvatoriyanın digər sektorlarında neft-qaz əməliyyatlarının intensivliyi artdıqca bu müəssisənin əhəmiyyəti də yüksəlir. Ötən il "Darvin bankası" yatağında hərəsi 12 quyunun qazılması üçün nəzərdə tutulmuş 670 və 720 nömrəli stasionar dəniz özülləri tikilib istismara verilmiş, "Bulla Dəniz" yatağındakı 29 saylı stasionar dəniz platformasının genişləndirilməsi və yenidən qurulması işləri başa çatdırılmışdır. Bu il isə "Darvin bankası" yatağında 16 quyuluq 700 nömrəli stasionar dəniz özülünün istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Hazırda "Günəşli" yatağı üçün 12 quyuluq 7 saylı platformanın inşası, habelə "Qərbi Abşeron" yatağı üçün yeni platformanın metal konstruksiyalarının zavod şəraitində hazırlanması prosesi uğurla davam etdirilir. "Günəşli" yatağındakı 4 saylı stasionar dəniz özülünün genişləndirilməsi və yüksək təzyiqli qazlift kompressor stansiyasının tikinti işləri də uğurla həyata keçirilir.
Hazırda xam neft və neft məhsullarımız müxtəlif marşrutlarla ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya daxil olmaqla dünyanın 30-dan artıq ölkəsinə ixrac edilir. Tarixdə ilk dəfə İsveçrədə ARDNŞ-nin treyder şirkətinin yaradılması Azərbaycan mənşəli neft və neft məhsullarının son istehlakçılara birbaşa satışını təmin etmək və bu sahədə fəaliyyəti mərkəzləşdirmək məqsədi daşıyırdı. Azərbaycan dövlətinin mənafelərinə xidmət edən, qarşısında "Azəri Layt" markalı neftin bazarlanması, rəqabət qabiliyyətinin artırılması, habelə qeyri-Azərbaycan mənşəli xam neft və neft məhsullarının alqı-satqısı kimi olduqca mühüm məqsədlər qoyulan "SOCAR Trading" cəmi 4 il ərzində bu vəzifələrin öhdəsindən layiqincə gəlmiş, böyük beynəlxalq nüfuz qazanmış, fəaliyyət dairəsini genişləndirmişdir. Şirkət neft-qaz əməliyyatlarında inamla iştirak edir. Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Vyetnamdakı nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda mövqeyimizi xeyli möhkəmləndirmişdir.
Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azəriqaz" İstehsalat Birliyi ARDNŞ-nin tərkibinə daxil edildikdən sonra ölkənin qaz təchizatı sisteminin yenilənməsi, əhalinin və sənayenin fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə qaz təsərrüfatının əsaslı inkişaf proqramı işlənilmiş, prioritet sahələr müəyyənləşdirilmişdir. Bütün ölkəni əhatə edən qaz təchizatı şəbəkəsinin, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması, respublikanın qaz-nəql sistemində idarəetmə və rabitənin modernləşdirilməsi, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində çoxşaxəli kompleks tədbirlər həyata keçirilmişdir. Görülən işlər nəticəsində respublikanın elektrik stansiyaları tam qaz yanacağına keçmiş, qısa müddətdə 1000 kilometrdən artıq yüksək təzyiqli sualtı və magistral qaz kəmərləri çəkilmiş, yüzlərlə kilometr uzunluğunda magistral kəmərlər təmir edilmişdir. Təkcə 2011-ci ildə 5000 kilometrdən çox yeni qaz kəmərləri çəkilmiş, 1536 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri və 8 qazpaylayıcı stansiya əsaslı təmir edilmiş, bütün bunların nəticəsində əhali kateqoriyasına aid olan 90 min abonent, cari ilin 8 ayı ərzində isə daha 63 min abonent təbii qazla təchiz edilmişdır. Son bir il ərzində 143 yaşayış məntəqəsində qazlaşdırma aparılmış və ya qaz təminatı bərpa edilmişdir.
Azərbaycan bu gün dünyada təkcə neftin və qazın deyil, eyni zamanda neft emalı məhsullarının ixracatçısı kimi də layiqli yer tutur. Hazırda ölkədə ARDNŞ-ə məxsus və ümumi gücü ildə 16 milyon ton olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və "Azərneftyağ" Neft Emalı Zavodu fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan neft məhsulları öz həcminə görə ölkədaxili tələbatı üstələyir və qalan hissə ixraca göndərilir. Neft məhsullarının ixrac coğrafiyası əsas etibarilə Gürcüstan, Xəzər və Qara dəniz hövzəsi ölkələrini əhatə edir. 2011-ci ildə şirkətin neft emalı zavodlarında ümumilikdə 6 milyon 326,9 min ton xam neft emal olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə 1,7 faiz çoxdur. Əsas emal məhsulu olan avtomobil benzinlərinin istehsalı 3,7 faiz artmışdır. Təkrar emal qurğularının gücündən səmərəli istifadə olunmuş, neftin emal dərinliyinin miqyası 92,6 faiz təşkil etmişdir. 2011-ci ildə istehsal olunmuş neft məhsullarının 64,8 faizi daxili bazara yönəldilmiş, 35,2 faizi isə ixrac olunmuşdur.
İllik emal gücü 6,5 milyard kubmetr təşkil edən Qaradağ Qaz Emalı Zavodunda qazın təmizlənməsi və emalı prosesləri də ilbəil təkmilləşdirilir. 2011-ci ildə zavodda 4067,5 milyon kubmetr qaz emal edilərək 4011,1 milyon kubmetr təmizlənmiş quru qaz, 29,2 min ton texniki butan və 31,8 min ton qaz benzini istehsal edilmişdir. Qaz benzini həcmləri bütünlüklə "Azərikimya" İstehsalat Birliyinə, texniki butanın 69,6 faizi ixraca, 30,4 faizi isə daxili bazara yönəldilmişdir. Zavodun əməkçiləri bu ilin 8 ayında da proqnoz göstəricilərinə layiqincə əməl etmişlər.
Ölkəmizdə neft-kimya sənayesinin inkişaf tempi də yüksəlmişdir. Ötən il "Azərikimya" İB üzrə xammalın emal həcmi əvvəlki ilə nisbətən 26,8 faiz artaraq, 284,5 min ton təşkil etmişdir. Birliyin aparıcı müəssisəsi olan Etilen-Polietilen Zavodunda etilenin çıxım faizi proqnoza nisbətən 1,4 faiz artmışdır. Hazırda zavodun piroliz qurğusunda yeni xammalın emalı prosesinin optimallaşdırılması, xammal və enerjidaşıyıcılarının sərfinin azaldılması, istehsal olunmuş etilen və propilen monomerlərindən daha səmərəli istifadə edilməsi məqsədilə polimerləşmə qurğusunun gücünün artırılması və yeni polipropilen istehsalı qurğusunun alınıb quraşdırılması istiqamətində iş aparılır.
ARDNŞ, həmçinin Türkiyə Respublikasının neft-kimya sənayesinin inkişafında mühüm rol oynayır. Qardaş ölkənin ən böyük neft-kimya holdinqi "Petkim"in səhmlərinin 61,32 faizi bizə məxsusdur. İdarəçiliyimiz dövründə "Petkim" ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olub. Lakin biz bununla kifayətlənmirik. Holdinqin istehsal gücünün durmadan artırılması məqsədilə apardığımız ardıcıl tədbirlər yaxın illərdə "Petkim"in Türkiyədə ən böyük, Avropada isə aparıcı istehsal komplekslərindən birinə, regionun iri logistika mərkəzinə çevrilməsinə yönəldilmişdir. Ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə, holdinqin Əliağa kompleksi ərazisində "STAR" neft emalı zavodunun təməlqoyma mərasimi keçirildi. "Petkim"in xammala, əsasən naftaya olan tələbatının ödənilməsi, idxaldan asılılığının aradan qaldırılması məqsədini daşıyan bu zavodun inşası Türkiyədə özəl sektor xətti ilə həyata keçirilən ən böyük investisiya layihəsidir. Emal gücü 10 milyon ton təşkil edəcək, ən qabaqcıl texnologiyalar əsasında qurulacaq "STAR" zavodunda 11 çeşiddə məhsul istehsal olunacaqdır. "Petkim" limanının genişləndirilməsi, burada böyük həcmli konteyner terminalının inşası və kompleksin enerji tələbatını tam şəkildə təmin edəcək yeni sistemin tikilib quraşdırılması istiqamətində də intensiv işlər görülür. İllik gücü 1,5 milyon TEU tutumuna malik konteyner limanının logistik dəstək sahəsi ümumən 53 hektarlıq bir ərazini təşkil edir. Limanın gücünün bazardakı tələbatdan asılı olaraq 3 milyon TEU-ya qədər artırılması planlaşdırılır. "Petkim" limanının genişləndirilməsi ilə Türkiyədə limançılıq işi yeni bir mərhələyə qədəm qoyacaq, ölkə dünya bazarlarına açılacaq və iri limanlar arasında körpü yaranacaqdır. Bu isə öz növbəsində iki qardaş ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcəkdir. .
Biz qazanılmış nailiyyətləri yüksək qiymətləndirir, mövcud infrastrukturun qorunması, müasirləşdirilməsi, zərurət olduqda yenilənməsi məsələlərini prioritet vəzifələrimiz hesab edirik. Dövlət Neft Şirkəti və onun xarici tərəfdaşları tərəfindən Bakıda Xəzər dənizi hövzəsində analoqu olmayan yeni gəmiqayırma zavodunun inşası istiqamətində görülən işləri buna misal göstərmək olar. Zavodun tikintisi iki ildir ki, şirkətimizin "Neftqaztikinti" Tresti tərəfindən uğurla davam etdirilir. Gələn il bu zavodda istehsal olunmuş birinci gəmi suya buraxılacaqdır. Zavodun istismara verilməsi Xəzər hövzəsində genişmiqyaslı kəşfiyyat, qazma, tikinti və təmir işləri aparmağa qadir ixtisaslaşmış Xəzər Neft Donanmasının gəmi parkının yenilənməsində, Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycanın digər dövlət qurumlarının, habelə hövzə ölkələrinin müasir tanker və gəmilərlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
ARDNŞ cəmiyyət qarşısında sosial məsuliyyət daşıdığını daim xatırlayır, ölkənin ictimai həyatında fəal iştirak edir, respublikamızda həyata keçirilən mühüm sosial-iqtisadi layihələrə öz layiqli töhfəsini verir. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı genişmiqyaslı dövlət proqramları, iri maliyyə tutumlu proqramlar həyata keçirilir. Dövlət Neft Şirkəti də bütün ölkə boyunca geniş vüsət alan bu ekoloji hərəkatın ön sıralarındadır. Azərbaycanda neftin sənaye üsulu ilə çıxarıldığı 160 ildən artıq bir dövr ərzində neft-qaz hasilatı və emalı nəticəsində minlərlə hektar torpaq sahəsi çirklənərək yararsız hala düşmüşdür. 2006-cı ildən neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində xeyli iş görülmüş, reabilitasiya edilmiş mədən ərazilərində 500 minə qədər ağac əkilib və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir.
Şanlı əmək ənənələrinə daim sadiq qalan neftçilərimiz, hər zaman olduğu kimi, bu gün də ölkədə gedən sosial-iqtisadi proseslərin önündədirlər. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuz və mövqeyinin möhkəmləndirilməsi, dövlətimizin iqtisadi qüdrətinin durmadan artırılması naminə gecə-gündüz çalışan fədakar neftçilərimiz yaxşı bilirlər ki, çəkilən əziyyət, görülən işlər son nəticədə xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Onlar inanırlar ki, Azərbaycan dövləti müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha işıqlı sabahlara aparır. Əminəm ki, çoxminli neftçilər ordusu bundan sonra da ulu öndər Heydər Əliyevin yeni neft strategiyası çərçivəsində qazandıqları nailiyyətləri davam etdirəcək, dövlətimizin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

{nl}


Rövnəq ABDULLAYEV, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında