Azərbaycanın neft-qaz sənayesinin potensialı

Neft geofizikası sahəsində görkəmli alim, AMEA-nın müxbir üzvü, professor, tanınmış karikaturaçı rəssam Kərim Kərimov ömrünün yetkinlik çağında da yorulmaq bilmədən, ilhamla çalışır, elmdə və sənətdə uğurlarını artırır. Neftçilər Günü ərəfəsində vətənpərvər alim həmkarları və sənətsevərlər qarşısında yaradıcılıq hesabatı ilə çıxış etmişdir.
Azərbaycanda Atatürk Mərkəzində keçirilən mərasimdə Kərim Kərimov çoxillik tədqiqatlarının nəticəsi olan "Azərbaycan neft-qaz sənayesinin potensialı" fundamental monoqrafiyasını və erməni faşizminin ölkəmizə qarşı törətdiyi fəlakətləri və onun işğalçılıq siyasətinin arxasında dayanan imperialist dairələrin fitnəkarlığını açıb göstərən karikaturalar toplusunu ictimaiyyət nümayəndələrinə təqdim etdi.
Hər iki kitab barədə ətraflı məlumat verən Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov Kərim Kərimovun neft sənayesinin inkişafında xidmətlərindən, dünya neft geofizikasına və yer elminə verdiyi töhfələrdən söz açdı, milli karikatura sənətinin mübariz bir janr kimi yaşadılması sahəsində səmərəli fəaliyyətini vurğuladı.
Natiq bildirdi ki, hələ sovet dövründə Azərbaycanın quruda və dənizdə neft-qaz ehtiyatlarının müasir geofiziki kəşfiyyat üsulları ilə öyrənilməsində təşəbbüskarlıqla çalışmış Kərim Kərimov dövlət müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının mötəbər elmi təminatının yaradılmasında, "Əsrin müqaviləsi"nə qarşı yönəlmiş xarici təxribat və təbliğatın puça çıxarılmasında yaxından iştirak etmişdir.
Alimin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış neft-qaz geofizika elm-istehsalat qurumu mövcud yataqaların ehtiyatlarının dəyərləndirilməsi və yeni strukturların kəşf edilməsi ilə bağlı tədqiqatlarla milli neft sənayemizin yüksəlişinə əsaslı xidmətlər göstərmişdir. Kərim müəllimin yüzlərlə karikaturası vaxtaşırı işıq üzü görən toplular və müxtəlif sərgilər vasitəsi ilə düşmənlərimizə qarşı nifrəti artırır, çağdaş nəsillərə vətənpərvərlik ruhu aşılayır.
Energetika nazirinin müavini Natiq Abbasov Kərim Kərimovun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılmış neft-qaz kəşfiyyatı işlərinin elmi-praktiki əhəmiyyətini geniş açıqladı. O, bildirdi ki, bu tədqiqatlar hələ uzun illər Azərbaycan neft sənayesinin uğurlar qazanmasına xidmət göstərəcəkdir. Ölkə neftçiləri Kərim müəllimi həmişə kəşfiyyat cəbhəsinin önündə görmüş və özlərinin yaxın dostu kimi sevmişlər. Onun yeni uğurları neftçiləri daha çox sevindirir.
AMEA Rəyasət Heyətinin elmi katibi Ramiz Babayev də Kərim Kərimovun elmi uğurlarından, yaradıcı ziyalı kimi fəal ictimai mövqeyindən danışdı, elmi ictimaiyyət arasında nüfuz sahibi olduğunu söylədi. Alim bildirdi ki, professor Kərim Kərimovun zəlzələlərin qabaqcadan proqnozlaşadırılması ilə bağlı irəli sürdüyü orijinal elmi mülahizə beynəlxalq sertifikat almış, elmi təsdiqini getdikcə daha da möhkəmləndirir.
Bakı Dövlət Universitetinin prorektoru Aydın Kazımzadə təmsil etdiyi ali məktəbdə gənc geoloqların hazırlanması sahəsində Kərim müəllimin pedaqoji fəaliyyətinə toxundu, onun elmdə öz ardıcıllarını yetişdirməsindən məmnunluqla danışdı. Alimin Güney Azərbaycanlı aspirantı Sina Danişvar öz müəlliminin gənc tədqiqatçılar üçün örnək olduğunu və onlara hərtərəfli himayədarlıq göstərməsini qədirbilənliklə qeyd etdi.
Qocaman neftçi jurnalist Ələsgər Cabbarov, neftçi-şair Zaməddin Ziyadoğlu, musiqişünas Məcnun Kərimov, publisist Akif Cabbarlı, sənətşünas Sabir Tağıyev və b. Kərim Kərimovun ictimai və elmi-mədəni mühitdə mötəbər mövqeyini açıqladılar, onunla dostluq və yaradıcılıq əlaqələrinin qarşılıqlı faydasını yüksək qiymətləndirdilər. Çıxış edənlər alimin hər iki kitabının elmi-praktik və bədii-estetik əhəmiyyətini müxtəlif yönlərdən dəyərləndirdilər, müəllifi səmimi təbrik etdilər və ona yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda professor Kərim Kərimov yeni kitabları, Vətən qarşısındakı xidmətləri barədə söylənən xoş sözlərə görə təşəkkürünü bildirdi, xalqa təmənnasız xidməti həyatının mənası kimi səciyyələndirdi.
Təqdimat mərasimindən sonra alim-rəssamla görüşüb yeni kitabları barədə müəllif açıqlamasını yazıya aldıq:
-Ölkəmizdə həm neftçi alim, həm də rəssam kimi tanınmağım, qəbul olunmağım mənim üzərimə həmişə ikiqat yük və məsuliyyət qoyub. Mən bu qoşa qanadla uçmuşam, uğurlar qazanmışam. Azərbaycan qədimdən odlar diyarı, neft səltənəti kimi tanınsa da, son 150 ildə bu sərvətin həyatda artan rolu ilə bağlı ölkəmiz dünya siyasətində maraq mərkəzlərindən biri olmuş, neft hasilatının artan həcmi ilə regionda önəmli rol qazanmışdır. Hər iki dünya müharibəsinin iştirakçıları "neft kralı" Bakıya sahib olmaq istəmişdilər. II Dünya savaşının əsas qalibi SSRİ-nin neftə tələbatının 70 faizini Bakı ödəmişdi.
Sovet imperiyasının süqutu dövründə Azərbaycanda neft sənayesi böhran vəziyyətində olsa da, ulu öndər Heydər Əliyev müstəqil ölkənin neft-qaz potensialını hərəkətə gətirərək respublikamızın dünya neft hasilatçıları sırasında mövqeyini yenidən yüksəltməyə nail oldu. Bizim elmi proqnozlarımız düzgünlüyü ilə neft strategiyamıza uğur qazandırdı.
Artıq bir neçə ildir ki, Azərbaycan neftçiləri tarixdə heç vaxt olmadığı miqdarda-ildə 50 milyon ton civarında neft, 30 milyard kubmetrə yaxın qaz istehsal edirlər. Azərbaycan təkcə özünün deyil, Avropanın da enerji tələbatının ödənilməsinə xidmət edir. Bu minvalla ölkəmiz hələ yarım əsr net-qaz hasilatında indiki mövqeyini davam etdirəcək.
Ölkəmizin neft-qaz ehtiyatlarının öyrənilməsi prosesi də hazırda uğurla davam edir. Mən qəti əminəm ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələlik bizə bəlli olduğundan xeyli çoxdur. Ona görə də kəşfiyyat işlərini köhnə və yeni yataqlarda durmadan davam etdiririk. Xüsusən, Xəzər dənizinin enerji ehtiyatları böyük maraq doğurur.
Oxuculara təqdim etdiyim monoqrafiya bu baxımdan əvvəlki illərdə apardığım axtarışların davamı olub yeni yataqların əhatə dairəsini xeyli genişləndirir. Öz mülahizələrimi Azərbaycan dilindən əlavə, ingilis, rus, türk, alman, fransız, ərəb dillərində də şərh etmişəm. Kitabda çağdaş kəşfiyyat işləri umumiləşdirilməklə, Azərbaycanın neft-qaz ehtiyatları barədə yeni qənaətlərim əksini tapıb.
Uzun illər ölkəmizdə davam etdirilən geoloji-geofiziki tədqiqatların, həmçinin Kür-Cənubi Xəzər sahəsində regional əyilmələrdə (çökmələrdə) və ona bitişik ərazilərdə aparılan termobarik, petrofiziki və aerokosmik tədqiqatlar sahəsində görülmüş əlavə işlərin analizi göstərmişdir ki, 10 min kilometr boyunca uzanan Alp-Himalay qırışıqları sistemində Azərbaycan, demək olar ki, dünyanın ən zəngin neftli-qazlı regionlarından biridir.
Monoqrafiyada bu həqiqətin əksini tapması ilə yanaşı, neftli-qazlı sahələrin işlənilməsi zamanı ayrı-ayrı lokal strukturlardakı (onların sayı 600-dən də çoxdur) karbohidrogen ehtiyatlarının hesablanmasında bu vaxtadək buraxılan çatışmazlıqlar və xətalar da göstərilmişdir. Sonralar bu cür xətalara yol verməmək məqsədilə neft-qaz yataqlarının səmərəli istismarını təmin edə bilən layihələrin və həmçinin axtarış-kəşfiyyat işlərinin yeni istiqamətini müəyyənləşdirmək üçün kitabda təkliflərə də yer ayırmışam.
Dünyada neftə olan tələbatın artması yeni ehtiyatların aşkara çıxarılmasını tələb edir. Bunun üçün bütün mezakaynozoy kompleksinin çöküntü qatlarının kəsilişlərində, o cümlədən qeyri-aniklinal və stratiqrafik tipli tələlərdəki neft-qaz etiyatlarına diqqəti cəlb etmək çox vacibdir. Kitabda bu baxımdan neftlilik-qazlılıq obyektləri elmi cəhətdən əsaslandırılmışdır.
Azərbaycan, həqiqətən, dünyada ilk olaraq həm quruda, həm də Orta və Cənub Xəzər hövzələri sahələrində iri neft və qaz yataqlarının kəşf edildiyi regionlardan biridir. Alim və mütəxəssislərimizin iş təcrübəsinin həyata keçirilməsi bir sıra sənaye ehtiyatlı neft və qaz yataqlarının kəşfinə və tədqiqinə imkan yaratmışdır.
Respublikamızdakı yataqların ərazilərində açılmış və Cənub Orta Xəzər hövzələrində onlara bitişik yataqların əsr yarım ərzində işlənməsi nəticəsində 1,5 milyard tondan çox neft, yüz milyardlarla kubmetr qaz hasil edilmişdir. Aşağı Kür çökəkliyində, Abşeron yarımadasında bütün qeyd olunan potensialın, əsasən, Orta Pliosen yaşlı və xüsusilə məhsuldar qatının yuxarı və orta bölmələri ilə əlaqəli olması aşkar olunmuşdur. Sonralar şərqi-cənubi Abşeron çökəkliyinə doğru şimal-şərqə-Ceyrankeçməz depressiyası, Abşeron yarımadası və Abşeron-Balxanyanı qırışıq zonası istiqamətində irəlilədikcə, əsasən orta pliosenin məhsuldar qatının aşağı hissələri ilə əlaqədar olan iri yataqlar aşkar edilmişdir. Bir neçə oxşar yataqlar orta Kür çökəkliyində, Talış-Vəndam qalxım zonası boyunca yerləşmiş ərazilərdə də kəşf olunmuşdur. Əvvəlki yataqlardan fərqli olaraq, onların poleogen-miosen və qismən də üst təbaşir yaşlı vulkanogen əmələgəlmələr də daxil olmaqla, daha qədim çöküntü kompleksləri ilə əlaqəli olması müəyyələşdirilmişdir.
Bu yataqların hamısı, əsasən, 5000 metrə qədər dərinliklərlə yerləşir. Bununla yanaşı, Bakı arxipelaqının qarışıq sahəsində, qaz və qaz kondensatı daxil olmaqla, bir sıra neft-qaz yataqları da aşkar edilmişdir. Azərbaycanın Xəzərdəki milli sektoru daxilində bu cür yataqlardan bir neçəsini misal göstərmək olar-Şahdəniz, Abşeron, Bahar, Ümid, Babək, Zəfər-Məşəl, 8 Mart, Bulla-dəniz, Ələt-dəniz və bir sıra başqaları.
Artıq belə nəticəyə gəlmək olar ki, Azərbaycanda və ona bitişik Cənub və Orta Xəzər hövzəsinin sahələrində axtarış-kəşfiyyat işləri 5000 metrə qədər, bəzi hallarda 5500-6000 metr və çox nadir halda 6500 metrə qədər dərinliyi əhatə etmişdir.
Ümumilikdə, dərin kəşfiyyat quyuları vasitəsilə açılmış kəsilişlərdə və xüsusilə də qliosenin alt təbəqələrinin stratifikasiyası zamanı bir neçə dəfə səhv hesablamalara və xətalara yol verilmişdir. Şübhəsiz ki, hər açılan horizontun nomenklaturasının təyin olunmasında yaranan bu cür dolaşıqlıq, neft və qaz hasilatı üçün aparılan axtarış-kəşfiyyat işlərinin səmərəliliyinə, həmçinin regionda onun perspektivlərinin qiymətiləndirilməsinə mənfi təsir göstərir. Azərbaycanın bütün ərazisində bu cür səhvlər olub və hal-hazırda da Maykop, Eosen və hətta üst Təbaşirin altında açılmış kəsilişlərin parçalanması məsələlərində də özünü göstərir.
Bütün bunlara baxmayaraq, yerinə yetirilmiş tədqiqat işlərinin nəticələrinə, regionda çoxsaylı palçıq vulkanlarının fəaliyyətindən alınan məlumatlara əsaslanaraq, dərin qatlarda olan kəsilişlərin çoxunun karboflüidləri ilə zəngin olmasını əsaslandırmağa çalışmışam. Nəticə etibarilə dərin quyuların sınağı zamanı onların əksəriyyətində yenə də qaz və qaz kondensatı alınmışdır.
Sonda demək istəyirəm ki, Azərbaycan öz neft-qaz sərvətlərinə sahib olub, onun kəşfiyyatını və istehsalını genişləndirməklə dövlət müstəqilliyini də möhkəmləndirir. Bu gün neft gəlirləri xalqın yüksələn güzəranı, ölkənin gücü-qüdrəti deməkdir. İllik büdcəmizin 22 milyard manata çatması, valyuta ehtiyatlarımızın 40 milyard manatı keçməsi bunun sübutudur. Neft-qaz gəlirləri bir sıra problemlərin həllinə kömək etdiyi kimi, ən ağrılı bəlamız olan Qarabağ münaqişəsinin qələbə ilə sona çatmasında da öz sözünü deyəcək. Təkcə bunu demək kifayətdir ki, bu gün ölkəmizin hərbi büdcəsi işğalçı Ermənistanın ümumi büdcəsindən artıqdır. Prezident İlham Əliyev ölkənin neft-qaz gəlirlərini maksimum səmərə ilə paylaşdırır.
Qarşıdan gələn Neftçilər Günü münasibətilə sahənin bütün kollektivini, bu komplekslə bağlı işçiləri ürəkdən təbrik edirəm. Azərbaycanın böyük neft-qaz potensialını öyrənən biz alimlər bundan sonra da ümummilli lider Heydər Əliyevin neft strategiyasının axıradək gerçəkləşdirilməsinə töhvəmizi verəcəyik.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında