Müasir dövrümüz sürətli inteqrasiya prosesləri ilə xarakterizə olunur. Hazırkı dövrdə inteqrativ proseslər o dərəcə geniş vüsət almışdır ki, hər hansı bir ölkənin bu prosesdən kənarda qalması, sadəcə qeyri-mümkündür. Ümumiyyətlə, dünyanın tarixi inkişaf mərhələlərinə nəzər saldıqda da aydın olur ki, hər hansı bir dövlətin dünyaya inteqrasiya olunmadan, digər dövlətlərlə siyasi-hüquqi və iqtisadi əlaqələr yaratmadan inkişaf etməsi mümkün deyil.
Başqa sözlə desək, dövlətlərarası münasibətlər, xüsusən, iqtisadi əlaqələr dünyanın, eləcə də ayrı-ayrı dövlətlərin inkişafına təkan verən mühüm amilə çevrilmişdir. Aydındır ki, dövlətlərarası iqtisadi əlaqələrin əsasını idxal-ixrac əməliyyatları təşkil edir. İstənilən dövlət öz tələbatından artıq istehsal etdiyi məhsulu ixrac edir, onun müqabilində isə özündə çatışmayan əmtəələri alır, beləliklə də beynəlxalq iqtisadi münasibətlər formalaşır.
Bütün dünya dövlətləri kimi, Azərbaycan Respublikasında da hələ Sovet hakimiyyəti illərində dünyanın müxtəlif ölkələri ilə ikitərəfli münasibətlər yaratmaq, bilavasitə müstəqil xarici iqtisadi əlaqələr prosesində yaxından iştirak etmək üçün dəfələrlə cəhd göstərilmişdir. Təbii ki, o zaman Azərbaycan SSRİ-nin bir hissəsi idi və mərkəzləşdirilmiş planlaşdırma, eləcə də inzibati amirlik sisteminin hökm sürdüyü sosialist təsərrüfatı sistemində bu, mümkün olmamışdır. Ona görə ki, Azərbaycan iqtisadiyyatının formalaşması, inkişafı və ictimai əmək bölgüsündə ixtisaslaşması bütünlükdə SSRİ iqtisadiyyatının yüksəlişinə, o cümlədən ittifaq respublikalarının iqtisadi inkişaf səviyyələrinin tarazlaşdırılmasına xidmət edirdi.
Belə bir vəziyyətdə isə müstəqil surətdə dünya bazarına çıxmaq imkanında olmayan Azərbaycan Respublikası iqtisadi tərəqqi baxımından çox vacib olan xarici iqtisadi əlaqələr sahəsində lazımi təcrübə toplaya bilməmiş və beləliklə, malik olduğu potensiala dünya bazarında lazımi mövqe qazandıra bilməmişdir.
Keçmiş Sovet İttifaqı dağıldıqdan və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə müstəqil olaraq lazımi xarici iqtisadi əlaqələr qurmaq üçün münbit siyasi, iqtisadi zərurət və şərait yarandı. Həmin dövrdən etibarən Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçmək, dövlət mülkiyyətini özəlləşdirmək və özəl sektoru inkişaf etdirməklə yanaşı, tədricən beynəlxalq aləmə inteqrasiya olunmağa, dünya bazarına çıxmağa, beynəlxalq əmək bölgüsündə yaxından iştirak etməyə və xarici iqtisadi əlaqələri genişləndirməyə xidmət edən islahatların həyata keçirilməsi zərurəti yaranmışdır.
Bunun üçün ilk növbədə, ölkə daxilində müvafiq islahatların həyata keçirilməsi, milli iqtisadiyyatda struktur yenidənqurmasının aparılması, istehsalın tələb və təklif əsasında ixtisaslaşdırılması, xarici iqtisadi əlaqələrin infrastrukturunun formalaşdırılması və s. kimi zəruri tədbirlərin reallaşdırılması ilə beynəlxalq əmək bölgüsündə və dünya iqtisadi arenasında özünə səmərəli mövqe formalaşdırmağa başladı.
Ancaq müstəqilliyin ilk illərində uzunmüddətli mərkəzləşdirilmiş sistemdən və inzibati amirlik idarəetmə üsulundan yenicə azad olmuş Azərbaycan iqtisadiyyatının əksər sahələrində tənəzzül baş verməsi, eləcə də bu prosesin 1990-94-cü illər ərzində daha da dərinləşməsi yuxarıda sadalanan tədbirlərin vaxtında və səmərəli formada həyata keçirilməsinə mane olurdu. Araşdırmalardan aydın olur ki, 1991-94-cü illər ərzində əksər istehsal müəssisələri öz fəaliyyətini dayandırmış və ya məhdudlaşdıraraq, öz gücünün 15-20 faizi səviyyəsində işləmişdir. Nəticədə həmin dövrdə sənaye sahəsində hər il 20-24 faiz, kənd təsərrüfatında 15-20 faiz, iqtisadiyyatın ayrı-ayrı sahələrinə kapital qoyuluşlarında isə 40 faiz tənəzzül baş vermişdir.
Milli iqtisadiyyatda müşahidə edilən geriləmə meyillərinə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə son qoyulmuş və 1994-cü ildən başlayaraq ayrı-ayrı sahələrdə mövcud olan tənəzzül sürətli tərəqqi ilə əvəz olunmuşdur. Artıq 16 ildir ki, Azərbaycan Respublikası uzaq-yaxın xarici ölkələrlə müstəqil iqtisadi əlaqələr yaradaraq, beynəlxalq iqtisadi proseslərdə yaxından iştirak etməkdədir. Əksər dünya dövlətlərində olduğu kimi, ölkəmiz xarici iqtisadi əlaqələri idxal-ixrac, investisiya qoyuluşu, elmi-texniki əməkdaşlıq, müştərək və birbaşa müəssisələrin təşkili və fəaliyyəti, iş qüvvəsinin miqrasiyası, istehsalın beynəlxalq kooperasiyası, valyuta-maliyyə əlaqələrinin təkmilləşdirilməsi və s. istiqamətlərdə həyata keçirir. Eyni zamanda, bu əlaqələr dövlət tərəfindən, milli qanunvericiliyin və beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq tənzimlənir.
Qeyd olunduğu kimi, son illər dünya iqtisadiyyatında gedən sürətli qloballaşma prosesi dövlətlərin bir-birinə daha sıx inteqrasiya etməsini, o cümlədən xarici iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri etmişdir. Eyni zamanda, bu proses xarici iqtisadi əlaqələrdə, eləcə də idxal-ixrac əməliyyatlarında daha operativ yolların axtarıb tapılmasını tələb edirdi. İdxal-ixrac əməliyyatlarının mütəmadi olaraq bütün iştirakçı tərəflərin maraqlarını nəzərə almaqla təkmilləşdirilməsi ondan irəli gəlir ki, ticarət münasibətləri beynəlxalq iqtisadi münasibətlərin əsasını təşkil edir. O cümlədən Azərbaycan Respublikasında da xarici iqtisadi əlaqələrin özülünü təşkil edən ticarət sahəsində ilbəil inkişaf müşahidə edilməkdədir. Aparılan təhlillərdən aydın olur ki, bu inkişaf həm miqyas, yəni ticarət əlaqələrində daha çox dövlətin iştirakı baxımından, həm də ticarət edilən məhsulların çeşidi və miqdarı baxımından müşahidə edilir. İndi isə son illər ərzində Azərbaycan Respublikasının xarici ticarət əlaqələrində əldə edilmiş inkişaf dinamikasına nəzər salaq.{nl}
1998-2008-ci illərdə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi (mln. Dollar)
{nl}
İLLƏR Cəmi dövriyyə O cümlədən Saldo
İdxal İxrac
1998 1682,7 1076,5 606,2 - 470,4
1999 1965,6 1035,9 929,7 - 106,2
2000 2917,3 1172,1 1745,2 573,2
2001 3745,3 1431,1 2314,2 883,1
2002 3832,9 1665,5 2167,4 501,9
2003 5216,6 2626,2 2590,4 - 35,8
2004 7131,4 3515,9 3615,5 99,5
2005 8558,4 4211,2 4347,2 135,9
2006 11639,8 4623,5 6372,2 1005,2
2007 11766,9 5708,6 6058,3 349,7
2008 54922,8 7166,6 47756,2 40589,6
{nl}
Cədvəldə verilmiş statistik məlumatlardan göründüyü kimi, 1998-ci ilə nisbətən, 2008-ci ildə, yəni son 10 il ərzində cəmi xarici ticarət dövriyyəsi təqribən 32,6 dəfə, idxal və ixracın həcmi isə uyğun olaraq, 6,7 və 78,8 dəfə artmışdır. Yuxarıda qeyd olunduğu kimi, xarici ticarətdə ən aşağı göstəricilər 1992-ci ildə əldə edilmiş, 1994-cü ildən başlayaraq bu sahədə dinamik artıma nail olunmuş və 2000-ci ildə artıq 1990-91-ci illərdə mövcud olan səviyyəni ötüb keçmişdir. Eyni zamanda, 2007-ci ildə 2006-cı ilə nisbətən ixrac 4,9 faiz və ya 313,9 milyon dollar artmış, idxal isə 8,4 faiz və ya 440,9 milyon dollar azalmışdır. Bu dinamika sonrakı illərdə daha da sürətlənmişdir. Belə ki, 2008-ci ildə 2007-ci ilə nisbətən xarici ticarət dövriyyəsi 4,7 dəfə, ixrac 7,9 dəfə, idxal isə 1,3 dəfə artmışdır. Rəqəmlərin dili ilə desək, 2008-ci ildə ixrac 41697,9 milyon dollar artdığı halda, müvafiq dövrdə idxalın artımı cəmi 1458 milyon dollar olmuşdur.
Tədqiqatlardan aydın olur ki, xarici ticarət göstəriciləri ölkənin ÜDM, milli gəlir və s. makroiqtisadi göstəriciləri ilə sıx bağlıdır. Bu göstəricilər arasında müqayisəli təhlil aparılmasının xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, müxtəlif illərdə Azərbaycanın xarici ticarət dövriyyəsinin ÜDM-də payına diqqət edək.
{nl}
Azərbaycan Respublikasının xarici ticarətinin ÜDM-ə nisbəti (%-lə)
{nl}
İLLƏR Xarici ticarət dövriyyəsi, mln.doll. ÜDM, mln.doll. Xarici ticarətin ÜDM-ə nisbəti, %-lə
2000 2917,3 5273 55
2001 3745,3 5707,7 66
2002 3832,9 6236 61
2003 5216,6 7276 72
2004 7131,4 8680 82
2005 8558,4 13238 64
2006 11639,8 20189 58,7
2007 11766,9 29399,9 40,0
2008 54922,8 46258,2 84,2
{nl}
Statistik məlumatlar göstərir ki, 2008-ci ildə Azərbaycan Respublikasında fəaliyyət göstərən rezident və qeyri-rezident şəxslər tərəfindən dünyanın 137 ölkəsi ilə 54,9 milyard ABŞ dolları həcmində xarici ticarət əməliyyatları aparılmışdır. O cümlədən, il ərzində 47,8 milyard dollar məbləğində 2454 çeşiddə mal ixrac, 7,2 milyard dollar həcmində 6755 çeşiddə mal isə idxal edilmiş, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo 40,6 milyard dollar olmuşdur.
Araşdırmalardan aydın olur ki, Azərbaycanın xarici ticarət əlaqələrində ənənəvi olaraq keçmiş SSRİ respublikaları, daha doğrusu, MDB ölkələri xüsusi yer tutur. Məlumdur ki, SSRİ dağıldıqdan sonra süni şəkildə yaradılmış ümumittifaq xalq təsərrüfatı kompleksi də alt-üst oldu. Qarşılıqlı əlaqələr qurmadan lazımi inkişafa nail olmağın qeyri-mümkünlüyünün şahidi olan respublikalar 1991-ci ildə nisbətən fərqli şərtlər əsasında Müstəqil Dövlətlər Birliyini təsis etdilər.
Azərbaycan Respublikasının 1993-cü ildə qoşulduğu MDB ölkələri arasında iqtisadi inteqrasiyanın əsas həyata keçirilmə mexanizmlərindən biri də gömrük orqanının yaradılması ilə bağlı idi ki, bu da birbaşa xarici ticarətə təsir edən mühüm amillərdəndir. Ona görə də üzv ölkələr arasında səmərəli sərhəd-buraxılış sisteminin formalaşdırılması və ümumilikdə gömrük proseduralarının təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Eyni zamanda, MDB üzvləri arasında paralel olaraq istehsal, elm, texnika və s. sahələrdə də geniş inteqrasiya prosesləri gedir ki, bu da nəticədə ikitərəfli münasibətlərin dərinləşməsinə səbəb olur. Konkret olaraq Azərbaycan Respublikası ayrı-ayrı MDB üzvləri ilə çoxtərəfli və ikitərəfli əməkdaşlıq etməkdədir. Bunun nəticəsidir ki, təkcə MDB ölkələri ilə 350-dən çox ölkələrarası, hökumətlərarası, təşkilatlararası və s. müqavilə, saziş və digər ikitərəfli razılaşmalar imzalanmışdır. 2008-ci ildə Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi, təqribən 3,9 milyard dollara bərabər olmuşdur ki, bunun da 2,3 milyardı idxal, 1,6 milyard dolları isə ixrac əməliyyatlarının payına düşür.
Ümumiyyətlə, dünya səviyyəsində götürdükdə ölkəmizə daha çox məhsul idxal edən ölkələr kimi Rusiya (893,0 mln. dollar və ya ümumi idxalın 15,6%-i), Türkiyə (519,0 mln. dollar və ya ümumi idxalın 9,1%-i), Ukrayna (434,0 mln. dollar və ya ümumi idxalın 7,6%-i), Almaniya (415,0 mln. dollar və ya ümumi idxalın 7.3%-i) və s., Azərbaycan Respublikasının daha çox məhsul ixrac etdiyi ölkələr kimi isə Türkiyə (912 mln. dollar və ya ümumi ixracın 15,1%-i), İtaliya (879 mln. dollar və ya ümumi ixracın 14,5 %-i), Rusiya (475 mln. dollar və ya ümumi ixracın 7,8 %-i), İran (421 mln. dollar və ya ümumi ixracın 7,0 %-i) və s. qeyd etmək olar. Uzaq xarici ölkələrin Azərbaycanın idxalında xüsusi çəkisi 1992-ci ildə 35%-dən 2000-ci ildə 63%-ə, 2007-ci ildə isə 67%-ə qədər artmışdır. İxraca dair müvafiq göstəricilər 1992-ci ildə 51%-dən 2007-ci ildə 82%-ə qədər yüksəlmişdir.
Beləliklə, Azərbaycan Respublikasının xarici ticarət əlaqələrinin inkişaf dinamikasına dair aparılan araşdırmalardan göründüyü kimi, istər uzaq xaric, istər yaxın qonşu dövlətlər, istərsə də MDB üzvü olan ölkələrlə ticarət əlaqələri ilbəil genişlənir. Eyni zamanda, inkişaf dinamikasının müsbət xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, xarici ticarət dövriyyəsində ilbəil əldə edilən artım əsas etibarı ilə ixracın çoxalması hesabına əldə edilir və bu da Azərbaycan hökumətinin həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsidir.
Hazırda da Azərbaycan Respublikasında ixrac potensialının yüksəldilməsi, ixracyönümlü istehsal sahələrinin inkişaf etdirilməsi, ixracı əvəz edən sahələrin inkişafı kimi mühüm istiqamətlər dövlət siyasətinin, xüsusilə regional siyasətin prioritetini təşkil edir. Bu isə gələcəkdə ölkəmizin xarici ticarət əməliyyatlarından daha çox səmərə əldə edəcəyinə və Azərbaycanın iqtisadi qüdrətinin daha da yüksələcəyinə inamı artırır.
Bir məsələni də qeyd etmək lazımdır ki, son illər milli iqtisadiyyatda əldə edilmiş uğurların əsas hissəsi qeyri-neft sektorunun payına düşür. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində, eləcə də neftdən daxil olan vəsaitlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi səbəbindən artıq nəqliyyat, yüngül sənaye, turizm, kənd təsərrüfatı və s. sahələr məşğulluğun əsas təminatçısına, eləcə də dövlət büdcəsinin əsas gəlir mənbələrinə çevrilmişdir.
Bütün bunlarla yanaşı, məlumdur ki, müasir dünyada heç bir dövlət dünyadan təcrid olunmuş halda inkişaf edə bilməz. Başqa sözlə desək, hər bir ölkənin inkişaf səviyyəsi onun digər dövlətlərlə qarşılıqlı əlaqəsindən və beynəlxalq aləmə inteqrasiya səviyyəsindən çox asılıdır. Bu mənada Azərbaycan Respublikasında da əldə edilmiş iqtisadi inkişaf dinamikasında xarici iqtisadi əlaqələrin özünəməxsus əhəmiyyəti və rolu vardır.
Azərbaycan Respublikasının xarici əlaqələrinin güclənməsində, eləcə də beynəlxalq aləmə inteqrasiya olunmasında ölkəmizin iştirakı ilə reallaşan TRASECA, İNOGEYT və s. kimi iri beynəlxalq layihələrin xüsusi əhəmiyyəti vardır. Bu layihələrin reallaşması ilə həm Azərbaycan Respublikasının ticarət tərəfdaşları çoxaldı, ikitərəfli dövlətlərarası münasibətlər inkişaf etdi, həm də ölkəmiz tranzit dövlətə çevrildi, bütün bunlar da milli iqtisadiyyatın inkişafına ciddi təsir göstərdi.
Aydındır ki, ölkə iqtisadiyyatının inkişafı investisiya qoyuluşlarının həcmindən çox asılıdır. Bu baxımdan daxili və xarici investisiyaların iqtisadiyyata cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Son beş ildə Azərbaycan iqtisadiyyatına 44 milyard dollardan çox investisiya qoyulmuşdur ki, bu da bütün müstəqillik dövründə qoyulan investisiyaların əsas hissəsini təşkil edir. Təbii ki, investisiya qoyuluşlarının artması, ölkənin investisiya cəlbediciliyinin yüksəlməsi, məhz yuxarıda qeyd olunan beynəlxalq layihələrin müstəsna nəticəsi idi.
Dünya təcrübəsi də sübut edir ki, müasir dövrdə beynəlxalq iqtisadi inteqrasiyanın qloballaşdığı bir şəraitdə milli iqtisadiyyatın təşəkkülü və inkişafı prosesində qarşıya çıxan problemlərin həlli yalnız daxili imkanlar hesabına deyil, daxili və xarici amillərin dialektik vəhdəti bazasında mümkündür. Odur ki, ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra keçmiş müttəfiq respublikalar kimi, beynəlxalq əmək bölgüsünün yaratdığı imkanlardan daha çox faydalanmaq məqsədilə xarici iqtisadi əlaqələri sürətlə inkişaf etdirməyə və bu əsasda fəal surətdə dünya təsərrüfat sisteminə inteqrasiya olunmağa istiqamətlənmiş siyasət yürütdü.
Ölkə iqtisadiyyatı inkişaf etdikcə xarici iqtisadi-ticari əlaqələr də daim genişlənmişdir. Hal-hazırda Azərbaycan dünyanın 140-dan çox ölkəsi ilə ticarət-iqtisadi əlaqələrə malikdir ki, bu da müasir dünyanın 70 faizi deməkdir. Elə bunun nəticəsidir ki, təkcə 2008-ci ildə xarici ölkələrlə aparılan ticarət əməliyyatlarının həcmi 54,9 milyard ABŞ dolları təşkil etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının idxal və ixrac məhsullarında ayrı-ayrı ölkələrin xüsusi çəkisi müxtəlifdir. Statistik məlumatlardan aydın olur ki, ölkəmizdən ixrac olunan məhsulların 40,25 faizi təkcə İtaliyanın payına düşür. İtaliya, ABŞ və İsrail kimi uzaq xarici ölkələrin payına bütövlükdə ixracın 60 faizi düşür.
Göründüyü kimi, yaxın xarici və MDB ölkələrindən heç biri göstərilən 10 ölkə içərisində xüsusi çəkiyə malik deyildir. Təbii ki, cədvəl məlumatları xarici əlaqələrin bir qismini əhatə edir və ümumilikdə xarici iqtisadi münasibətlərdə yaxın xarici ölkələrin də xüsusi rolu vardır. Belə ki, ölkəmizin ixrac etdiyi məhsullardan fərqli olaraq, idxal münasibətlərində aparıcı mövqe yaxın xaricə, daha dəqiqi Rusiya və Türkiyəyə məxsusdur.
Ümumilikdə, ölkənin cəmi idxalında ilk onluğa daxil olan müxtəlif xarici ölkələrin xüsusi çəkisi aşağıdakı kimidir: Rusiya - 18,83%, Türkiyə - 11,27%, Almaniya - 8,36%, Ukrayna - 7,92%, Çin - 6,68%, Böyük Britaniya - 5,39%, ABŞ - 3,72%, Finlandiya - 3,43%, Yaponiya - 3,36% və Qazaxıstan - 2,79%.
Statistik məlumatlardan göründüyü kimi, Azərbaycan Respublikasının dünyaya inteqrasiyası son dövrlər sürətlənmiş və ölkəmizin dünya dövlətlərinin əksəriyyəti ilə idxal-ixrac münasibətləri formalaşmışdır. Bu münasibətlər isə öz növbəsində istehsal amillərinin inkişafında, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında, ədalətli rəqabət mühitinin formalaşmasında və s. mühüm rol oynayır.
Beləliklə, aparılan araşdırmalar bu nəticəyə gəlməyə əsas verir ki, xarici iqtisadi əlaqələr ölkənin iqtisadi inkişafında, onun beynəlxalq aləmə inteqrasiya olunmasında, istehsal edilən məhsulların keyfiyyətinin artırılmasında, ölkəyə valyuta axınında, milli iqtisadiyyatın investisiya cəlbediciliyinin təmin olunmasında və s. həlledici təsirə malikdir.
Dünya təcrübəsi sübut edir ki, xammal və təbii ehtiyatlara nisbətən, son məhsul ixrac edən ölkələr ikitərəfli münasibətlərdə daha çox səmərə əldə edirlər. Ona görə də Azərbaycan Respublikasında da əldə edilmiş inkişafı gələcəkdə davamlı inkişafa çevirmək, istehsal sahələrini genişləndirmək, səmərəli məşğulluğu təmin etmək və s. məqsədlərə nail olmaq üçün ölkəmizin xammal ixracatçısı kimi deyil, hazır (son) məhsul ixracı istiqamətində inkişafı labüd və zəruridir.
Təbii ki, ölkə başçısının həyata keçirdiyi məqsədyönlü və düşünülmüş daxili və xarici siyasət Azərbaycan dövlətini tezliklə dünyaya son məhsul ixracatçısı kimi tanıdacaqdır. Bu isə artıq ölkəmizin davamlı inkişafının əsasını qoyacaqdır.
{nl}
Dünyamalı VƏLİYEV, Azərbaycan Universitetinin kafedra müdiri, iqtisad elmləri namizədi, dosent, Aqil ƏSƏDOV, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,iqtisad elmləri namizədi
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.