Azərbaycanın yeni neft strategiyasının mühüm istiqamətlərindən sayılan "Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi uğurla həyata keçirilir. Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan sayca ikinci ən böyük müqavilə "Şahdəniz" yatağının işlənməsinə dair saziş 14 il əvvəl - 1996-cı ilin iyun ayında Bakıda imzalanmışdır. Bir neçə mərhələdə işlənməsi nəzərdə tutulan "Şahdəniz" layihəsinin ilk mərhələsi çərçivəsində tikinti-quraşdırma tədbirlərinə 2003-cü ilin fevral ayında start verilmişdir. Birinci mərhələdə görülən nəhəng tikinti-quruculuq işləri "Şahdəniz" yatağının zəngin qaz-kondensat ehtiyatlarının istismarına başlamasına imkan yaratmışdır.
"Şahdəniz" yatağında quraşdırılmış unikal platformadan artıq üç il yarımdır ki, qaz hasil olunur. Sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Göründüyü kimi, ötən müddətdə "Şahdəniz" layihəsi çərçivəsində həyata keçirilən işlər Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmişdir.
2010-cu ilin birinci rübündə də layihənin reallaşdırılması uğurla davam etdirilmişdir. bp Azərbaycan şirkətinin cari ilin ilk rübünün yekunları ilə bağlı hesabatında qeyd olunur ki, yanvar-mart aylarında "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 42,8 milyon dollar, əsaslı məsrəflərinə isə 75 milyon dollar sərf olunmuşdur. İl ərzində isə layihənin əməliyyat və əsaslı məsrəflərinə müvafiq olaraq 177,8 milyon dollar və 604,8 milyon dollar xərcləməsi nəzərdə tutulmuşdur.
Hesabatda bildirilir ki, 2010-cu ilin birinci rübü ərzində "Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, "Şahdəniz" layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.
"Şahdəniz" platforması vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. Cari ilin ilk rübü ərzində "Şahdəniz" yatağından gün ərzində 22 milyon kubmetr qaz və 47500 barrel kondensat hasil edilmişdir ki, bu da əvvəlki dövrlərə nisbətən çoxdur. İlin ilk üç ayında isə yataqdan 2 milyard kubmetr qaz və 0,54 milyon ton kondensat çıxarılmışdır. 2010-cu il üçün "Şahdəniz" layihəsi çərçivəsində 7,6 milyard kubmetr qaz və 2,01 milyon ton kondensat hasilatı nəzərdə tutulur.
Bütövlükdə isə 2006-cı ilin sonlarında "Şahdəniz" yatağından hasilata başlanıldığı vaxtdan cari ilin birinci rübünün sonunadək yataqdan təqribən 19 milyard kubmetr təbii qaz və 4,98 milyon ton kondensat hasil edilərək mövcud ixrac neft boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmışdır.
Artıq "Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların da qazılmasına başlanılmışdır. Cari ilin əvvəlində yeni quyular sistemi istismara verildikdən sonra fevral ayında platformadan yeni bir quyunun qazıntısına start verilmişdir. Bundan əlavə, layihə iştirakçıları tərəfindən ilin üçüncü rübündə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları aparılacaq. Onu da deyək ki, növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca yataqda hasilat da get-gedə artacaq. "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilatın səviyyəsi ildə 8,6 milyard kubmetr qaz və təqribən 16,4 milyon barrel kondensatın təşkil edəcəyi gözlənilir.
"Şahdəniz" zəngin qaz-kondensat yatağıdır. Məhz buna görə də adı çəkilən yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində bu amil nəzərə alınaraq buradakı ehtiyatların bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilməkdə olan birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda "mavi yanacaq" Azərbaycanın ixrac imkanlarını artırmaqla yanaşı, "Şahdəniz" qazının alıcılarının sayının genişlənməsinə səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək.
Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: "Biz "Şahdəniz" qaz yatağının ikinci fazasının işlənilməsinə başlamağa hazırıq. "Şahdəniz" yatağının ikinci fazasının işlənilməsi Azərbaycan iqtisadiyyatına ən azı 20 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. Bu bizim üçün böyük bir fürsətdir".
Hazırda Qərb dövlətləri bir sıra qaz ixracı layihələrinin reallaşdırılması istiqamətində qızğın müzakirələr aparırlar. Bu baxımdan "Cənub dəhlizi" layihəsi öz aktuallığı ilə seçilir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: "Biz çox istəyirik ki, "Cənub dəhlizi" layihəsi baş tutsun... İlk növbədə bizim qazımız üçün etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar lazımdır. İkincisi, əgər "Cənub dəhlizi" layihəsi baş tutarsa, o zaman biz, daha doğrusu, xarici tərəfdaşlarımız "Şahdəniz" yatağının ikinci fazasına investisiyaların qoyuluşuna başlayacaqlar... Əgər bu layihələr baş tutarsa, Azərbaycanda qazın hasilatı indikindən ən azı 16 milyard kubmetr çox olacaq və ümumi hasilatımız 40 milyardı keçəcəkdir. Əlbəttə ki, Azərbaycan bundan fayda götürəcəkdir".
Bu arada layihə iştirakçıları "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri ilə bağlı lazımi tədbirlər həyata keçirir. Cari ilin birinci rübündə adı çəkilən layihələri irəli aparmaq məqsədilə aparılan mühəndis-layihə və qiymətləndirmə işlərinin ilin sonunadək davam etdirilməsi planlaşdırılmışdır.
"Şahdəniz" yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də rüb ərzində uğurla davam etdirilmişdir. Səngəçal terminalının emal sistemləri gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəldir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. "Şahdəniz" qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur.
Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə "Şahdəniz" qazını çatdırır. Cari ilin birinci rübündə kəmərin orta ötürücülük gücü gündə təxminən 15,35 milyon kubmetr təşkil etmişdir. 2007-ci ilin mart ayından cari ilin əvvəlinədək Cənubi Qafqaz boru kəməri ilə dünya bazarına 11,33 milyard kubmetr qaz ixrac olunmuşdur.
2010-cu ilin ilk rübü ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 3,2 milyon dollar vəsait xərclənmişdir. İlin sonunadək isə bu məqsədlə daha 9,5 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.
Bu yaxınlarda Prezident İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri zamanı ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək bir sıra vacib sənədlərin imzalanması "Şahdəniz" layihəsinin ikinci mərhələsinin reallaşdırılmasına başlamağa imkan verəcək."Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 20 milyard dollar sərmayə yönəldiləcək. Bu isə beş ildən sonra "Şahdəniz" yatağından il ərzində ən azı 16 milyard kubmetr qazın hasilatına və nəqlinə imkan yaradacaq.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.