Şriftin ölçüsü:
06.09.2012 11:00 | Oxunma sayı: 991
Azərbaycanda iri neft-qaz layihələrinin operatoru olan bp şirkəti həm də burada bir sıra sosial sərmayə proqramlarına dəstək verir. Bu sıradan təhsil və digər sosial layihələr diqqəti daha çox cəlb edir. Şirkət, həmçinin indiyədək Azərbaycanda həm ayrılıqda, həm də tərəfdaşları ilə birlikdə bir sıra digər uğurlu təlim layihələri ilə yerli texniki və neft-qaz ixtisaslı mütəxəssislərin peşəkar inkişafına da şərait yaratmışdır. Bunlara Səngəçal terminalında yerləşən Xəzər Texniki Təlim Mərkəzini və bp-nin şirkətdaxili "Gənc mütəxəssis" proqramını misal çəkmək olar.
Sentyabrın 4-də bp şirkəti Bakıda gənc neft-qaz mühəndisləri üçün yeni təlim proqramınının rəsmi təqdimatını keçirmişdir. Xatırladaq ki, bir neçə milyon dollar dəyərində olan bu proqram bp-yə qoşulan neft və qaz ixtisaslı yerli məzunların bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır. Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir proqramın ilk iştirakçılarına təbriklərini ünvanlayaraq demişdir: "bp şirkəti Azərbaycanda bu cür unikal təlim proqramına başlamaqdan qürur duyur. Bu proqram işə götürülən yerli mühəndislərin universitet məzunluğundan bp şirkətində uzunmüddətli peşəkar karyeraya doğru inkişafının ilk addımıdır. İnanırıq ki, proqram bp şirkətinə işə girən gənc azərbaycanlıların sayını və ümumiyyətlə beynəlxalq neft sənayesinə qoşulan milli kadrların sayını artırmağa kömək edəcək".
bp-nin 20 ildir ki, neft və qaz sənayesində Azərbaycanın ən böyük tərəfdaşı olduğunu vurğulayan R. Cavanşir ötən müddət ərzində şirkətin həmişə Azərbaycanın peşəkar və intellektual kapitalının artırılması istiqamətində göstərilən səyləri dəstəklədiyini diqqətə çatdırmışdır . Qeyd olunmuşdur ki, bp-nin Azərbaycanda öz biznesini genişləndirmək və yerli işçilərin sayını 90 faizə çatdırmaq planları var. Natiq, həmçinin dünya səviyyəli təlim və inkişaf vasitəsi kimi düşünülmüş bu yeni proqramın bp-nin planlarının həyata keçməsinə kömək etməklə yanaşı, həm də ümumilikdə Azərbaycanın neft-qaz sahəsindəki mühəndis kadrlarının və potensialının inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov bp şirkətinin Azərbaycanda gənc kadrların bilik səviyyəsinin və peşə hazırlığının artırılmasına təkan verən dünya səviyyəli belə bir proqramın həyata keçirilməsini yüksək qiymətləndirmişdir Qeyd olunmuşdur ki, gənc neft azərbaycanlı neft-qaz mühəndisləri üçün təşkil olunmuş təlim proqramı bp şirkəti ilə Azərbaycanın təhsil sistemi arasında əməkdaşlığın daha da güclənməsinə, eləcə də ölkənin ali təhsil ocaqları arasında rəqabət mühitinin güclənməsinə təkan verəcək.
Sonra bp-nin davamlı inkişaf təşəbbüsləri üzrə meneceri İbrahim İsmayılov təlim proqramı barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, beynəlxalq səviyyəli layihə təlim və inkişaf vasitəsi kimi planlaşdırılmış bu proqram gənc azərbaycanlı neft-qaz mühəndislərini bp şirkəti daxilində uğurlu karyera yolu keçməyə hazırlayacaq. Bu, həm də bp-nin regionda genişlənməkdə olan biznesinin planlarına uyğun olaraq hər il şirkətin işə götürdüyü yerli mütəxəssislərin sayının artırılması məqsədilə üst-üstə düşür. Proqramın ilk iştirakçıları yerüstü mühəndislik, geologiya-geofizika və quyular üzrə ixtisaslaşan 55 yerli mütəxəssis olacaq. Onların hamısı 2011-ci ildə bp şirkətinin neft-qaz ixtisaslı məzunlar üçün elan etdiyi iş yerlərinə ərizə vermiş təxminən min nəfər arasından seçilmişdir.
İ. İsmayılov, qeyd etmişdir ki, proqram gənc neft-qaz mühəndislərinin əsasən texniki sahələrdə və biznes üzrə bilgilərini, ünsiyyət və ingilis dili bacarıqlarını dərinləşdirmələrinə kömək etmək üçün hazırlanmış proqram həmçinin bu bilik və bacarıqların neft və qaz sənayesində praktikaya tətbiqini öyrədən bir tədris mexanizmi kimi layihələndirilmişdir. Bu proqrama qəbul hər il bp-nin məzunların işə götürülməsi planı çərçivəsində aparılacaq və dərslər sentyabr ayından başlayaraq on bir ay davam edəcək. Bu məqsədlə İçərişəhərdə bp-nin xüsusi layihələndirilmiş və avadanlıqla təchiz olunmuş yeni təlim mərkəzindən istifadə ediləcək. Proqram biznes və sənaye üzrə aparıcı və nüfuzlu beynəlxalq tədris və təlim müəssisəsi olan Heriot-uatt Universiteti (Böyük Britaniya) və TTE-Petrofak şirkəti (Böyük Britaniya) tərəfindən aparılacaq.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.