"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üzrə proqnozunu sabit saxlamışdır

Azərbaycan Mərkəzi Bankı 2012-ci ilin ilk yarısı üzrə pul siyasəti icmalını açıqlamışdır. İcmalda bildirilir ki, cari ilin I yarımilliyində ÜDM real ifadədə 1,5 faiz artmış və nominal olaraq 26 milyard manata çatmışdır. Hesabat dövründə qeyri-neft sektorunda isə artım 11,3 faiz təşkil etmişdir. ÜDM-in yarısı qeyri-neft sektorunun payına düşmüş və iqtisadiyyatın bu sektoru ümumi artıma 5,5 faiz bəndi təsir etmişdir.
Cari ilin 6 ayında qeyri-neft sektorunun bütün sahələrində artım müşahidə olunmuşdur. Sahələr arasında ən yüksək artım tempi tikinti, ictimai iaşə, rabitə və emal sənayesində qeydə alınmışdır. Sənayedə artım əsasən qida, metallurgiya, maşınqayırma və kimya sənayesindən qaynaqlanmışdır. Kənd təsərrüfatında isə müşahidə olunan yüksək artım həm bitkiçilik məhsulları istehsalında, həm də heyvandarlıqda baş vermişdir.
Hökumətin, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Dünya Bankının açıqladığı son iqtisadi xülasədə Azərbaycan üzrə iqtisadi artımın cari və gələn ildə də davam edəcəyi bildirilmişdir. Təşkilat ölkə üzrə iqtisadi artımı 2012 və 2013-cü illər üçün müvafiq olaraq 3,1 faiz və 3,5 faiz, o cümlədən qeyri-neft sektoru üzrə hər iki ildə 5,5-6 faiz artacağını proqnozlaşdırır. Bütövlükdə BMT, BVF, AYİB və DB-nın proqnozları 2012-ci ildə ölkədə iqtisadi artımın ortalama 3,5 faiz olacağını göstərir.
Yeri gəlmişkən, bir məsələyə də toxunaq.Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sistemin düzgün qurulmasını, qeyri-neft sektorunun inkişafını qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə göstərirlər. Bu barədə "Bloomberg" agentliyində dərc olunan materialda deyilir. Materialda qeyd olunur ki, 2012-ci ilin əvvəlinə olan statistikaya görə, dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil edir. Dünya iqtisadiyyatına böyük təsir imkanına malik olan ABŞ-ın 2,8, Yaponiyanın isə 3 trilyon xarici borcu vardır. Azərbaycanda isə iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Həyata keçirilən bütün bu tədbirlər hökumətin böhrana qarşı səmərəli tədbirlərindən xəbər verir. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.
Avropa ölkələrində isə dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, minlərlə işsizlər ordusu yaranır. Azərbaycanda əmək haqlarının ildən-ilə artdığı halda, Avropada vergilər artırılır, sosial ödənişlər isə azaldılır.
Materialda o da vurğulanır ki, həqiqətən də milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də işin hamısı deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Neftlə zəngin ölkə olmaq da inkişafın zəruri olacağına dəlalət etmir. Azərbaycandan da çox neft ehtiyatına malik olan ölkələr var, lakin bu ölkələrdə nəinki inkişaf müşahidə edilmir, əksinə, bir çox hallarda həmin ölkələrdə yüksək inflyasiya, qeyri-sabit ictimai-siyasi vəziyyət, vətəndaş müharibələri baş verir. Belə hallar isə inkişafa yox, geriləməyə aparır.
Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılır. Bu, 2012-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı da nəzərə alınmışdır.Belə ki, 2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üzrə proqnozunu sabit saxlamışdır. Adı çəkilən reytinq agentliyinin hesabatına əsasən, proqnozlaşdırılan 12-18 ay ərzində əlverişli makroiqtisadi şərait bank sektoru üçün sabit proqnozu saxlayacaqdır. Agentliyin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2012-2013-cü illərdə (2012-ci ildə 5,7 faiz, 2013-cü ildə isə 5,1 faiz) sabit artacaqdır.
Hesabatda bildirilir ki, bankların aktivlərinin keyfiyyəti orta hesabla proqnozlaşdırılan dövr ərzində yaxşılaşacaq, kapital səviyyəsi isə çox güman ki, Azərbaycanın əksər banklarında sabit qalacaqdır. Problemli kreditlərin səviyyəsi 2012-ci ilin sonuna olan bankların kredit portfelinin məcmu həcmindən 13 faizə enəcəkdir.
Bu gün Azərbaycanın bank sistemi proqnozu stabil olaraq qalır. Bu barədə "Moody's Investors Service" agentliyinin "Banking System Outlook" ("Bank sisteminin perspektivləri") adlı hesabatında deyilir. Bu perspektivlərin əsas aparıcı amilləri bunlardır: əlverişli əməliyyat mühiti, kapitallaşmanın aşağı səviyyədə və stabil qalmasına baxmayaraq, aktivlərin keyfiyyətində cüzi yaxşılaşma, likvidlik buferinin yetərincə olması və mənfəətliyin artımında nisbi irəliləyişlər.
"Moody's" hesabatda bildirir ki, yaxın perspektivdəki 12-18 ay ərzində makroiqtisadiyyata müsbət təsir göstərən amillər bank sektorunun proqnozunun stabil qalmasına imkan verəcəkdir. Bundan əlavə, "Mood's"in hesablamalarına əsasən, 2012-2013-cü illərdə Azərbaycanın iqtisadiyyatında nəzərəçarpacaq artım müşahidə olunacaqdır.
Neft ixracından gələn gəlirlər və dövlət tərəfindən ayrılan vəsaitlər sayəsində qeyri-neft sektorunun inkişafı üçün müvafiq əlverişli şərait yaranacaq və ölkədəki kreditləşmə şərtləri yaxşılaşacaqdır. Eyni zamanda, ölkədə bank sektoruna müdaxilə səviyyəsi aşağı olduğu üçün bankların uzunmüddətli artıma nail olmaq baxımından yaxşı imkanları vardır.
Hesabatda deyilir ki, proqnoz edilən müddət ərzində bankların aktivlərinin keyfiyyəti cüzi də olsa yaxşılaşacaqdır. Eyni zamanda, çox güman ki, Azərbaycan banklarının əksəriyyətində kapitallaşma səviyyəsi əvvəlki səviyyədə qalacaqdır. Problemli kreditlərin səviyyəsi - ümidsiz kreditlər (90 gün və daha çox) və təkrar maliyyələşdirilmiş kreditlər 2012-ci ilin sonunadək ümumi kreditlərin məcmu sayının 13 faizinə qədər azalacaqdır. Bu göstərici isə 2011-ci ildə 16 faiz qeydə alınmışdır. Bu müsbət dəyişiklik isə əlverişli iqtisadi mühitin olması ilə əlaqədardır. Əksər Azərbaycan bankları likvid aktivlərin yetərlilik göstəricisinə riayət edirlər. Banklar nisbi stabil maliyyə ehtiyatlarına malikdirlər (depozit ehtiyatlar üstünlük təşkil edir). Əksər banklar 2011-ci ildə öz mənfəət göstəricilərini yaxşılaşdırmışlar.
"Moody ‘s" yüksək kreditləşmə həcminin, sağlam faiz maraqlarının və aktivlərin stabil keyfiyyətinin proqnozlaşdırılan dövr ərzində rentabelliyin nisbətən yaxşılaşmasına səbəb olacağını da ehtimal edir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında