Yeni neft strategiyası Azərbaycanın iqtisadi kursunun mühüm tərkib hissəsidir

Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesi də dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdən etibarən Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.
Tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan vermək məqsədilə ölkəyə müasir ağır yük qaldıran və boruçəkən gəmilər, seysmik, sərnişin və başqa gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə, 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 metr dərinlikdə zəngin neft ehtiyatları olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Məhz böyük siyasi xadim Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda, neftayırma zavodlarının yenidən qurulmasına başlanmışdır. "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə "ELOU-AVT-6", 1980-ci ildə "Katalitik Riforminq", 1986-cı ildə "Neftin kokslaşdırılması", "Katalitik Krekinq" qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır.
Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər məkanında 450 milyon ABŞ dollarının ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) ulu öndərin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. Zavodun tikilməsinə 1978-ci ildə başlandı və 1989-cu ildə istismara verildi.
Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. O, çox gözəl anlayırdı ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edəcəkdir. Tarix ümummilli lider Heydər Əliyevin haqlı olduğunu sübut etdi.
Azərbaycanın yeraltı - yerüstü sərvətləri illər boyu talanmış, nəhəng bir axınla mərkəzə daşınmışdı. Ümummilli lider Heydər Əliyev böyük bir siyasi məharətlə həmin axının üzünü geri çevirmiş, Azərbaycanın sərvətlərini respublikamızın inkişafına, xalqımızın rifahına yönəltməyə nail olmuşdu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində ciddi problemlərlə qarşılaşdı. Müttəfiq respublikalarla Azərbaycan arasında iqtisadi əlaqələrin qırılması, ölkə ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfıra enməsi neft və qaz sənayesini ağır böhran vəziyyətinə salmışdır. Digər tərəfdən isə ölkədə dövlət idarəçiliyinin itirilməsi, hakimiyyətin naşı adamların əlinə düşməsi vəziyyəti daha da gərginləşdirmişdi. Azərbaycanın beynəlxalq aləmlə əlaqələri yox səviyyəsində idi. İqtisadi sahədə tənəzzül getdikcə dərinləşirdi.
Belə vəziyyətdə xalqın xahişi ilə yenidən Azərbaycana rəhbərliyə qayıdan Heydər Əliyev digər sahələrin inkişafı ilə yanaşı neft - qaz sənayesini də ciddi nəzarət altına aldı. Çünki Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və beynəlxalq aləmə inteqrasiyasında bu sahənin böyük rolu var idi. Ulu öndər "Neft Azərbaycanın milli sərvətidir"- devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış dözülməz vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi.
Azərbaycan xalqının ümummilli lideri iri xarici neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və qısa bir vaxt ərzində "Yeni neft strategiyası" işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı qarşılaşdığı mövcud ağır vəziyyətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü il sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı.
"Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. "Yeni neft strategiyası"nın möhtəşəm uğurları ölkəmizin sürətli inkişaf yoluna qədəm qoymasına təkan verdi. Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edildi. "Əsrin müqaviləsi"ndən ötən müddət ərzində xarici neft şirkətləri ilə xeyli neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dollarından çox sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu da respublikamızın iqtisadi qüdrətinin artmasına əsl qarant olmuşdur. Azərbaycan neftinin dünya bazarına müstəqil, heç bir dövlətin asılılığı olmadan və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sistemi yaradıldı.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas ixrac neft kəməri"nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmış, sonradan isə Türkiyə, Azərbaycan və Gürcüstan parlamentləri bu müqaviləni ratifikasiya etmişlər. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməli qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu.
Bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verdi, həmçinin "İpək yolu"nun və türkdilli ölkələrin də əsas magistral kəmərinə çevrildi. Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir və bu kəmər dünya iqtisadiyyatının "arteriya"sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.
Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlər hesabına əhalinin həyat səviyyəsi tamamilə dəyişmiş, dövlət büdcəmiz 20 dəfəyədək artmış, regionların sosial - iqtisadi inkişafında əsaslı dönüş yaradılmış, imkansız ailələrə ünvanlı sosial yardım və digər müavinətlər verilməsinə başlanılmışdır. Şəhid ailələri və Vətənimizin müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərə dövlət hesabına evlər tikilir, pulsuz minik avtomobilləri verilir. Ölkənin sosial - mədəni sahəsi yeni inkişaf mərhələsinə qədəm qoymuş, paytaxtda və regionlardakı məktəb və xəstəxanalar yenidən tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmişdir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca, əhalini narahat edən problemlər tədricən aradan qaldırılır. Bu gün respublikamızın əksər rayonlarında müalicə - diaqnostika mərkəzlərinin və olimpiya-idman komplekslərinin tikintisinin reallaşması məhz neftdən gələn gəlirlər hesabına baş tutmuşdur.
Ötən illərdən bəri çoxlu sayda dövlət proqramları təsdiq edilmiş və bu proqramlar hesabına müstəqil dövlətimizin sosial, mədəni sahəsində əsaslı dönüş yaradılmışdır. Neftdən gələn gəlirlər hesabına ölkəmizin cari sosial ehtiyacları ödənilməklə, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, yetişən gənc nəsillər üçün də əlverişli şərait yaradılır.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana gətirilməsidir. Xüsusilə, tikintidə və yataqların işlənilməsində, qazmada və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinin inkişafına öz təsirini göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri yatağında 48 quyunun qazılmasına imkan verən nəhəng və əzəmətli dərin dəniz özülləri zavodu tikilib istifadəyə verilmişdir. Texniki baxımdan dünya miqyasında ən iri terminallardan biri Səngəçaldır və burada genişləndirmə ilə əlaqədar çoxlu obyektlər tikilmişdir. Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə, firmalarda çoxlu sayda Azərbaycan vətəndaşının işləməsi düşünülmüş strategiyanın nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində həyata keçirdiyi strategiyada neft - qaz sənayesinin inkişafı böyük rol oynayır.
Ulu öndərin yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyasının meydana qoyulması və onun reallığa çevrilməsidir. Hazırda dünyanın inkişaf etmiş dövlətləri və mötəbər beynəlxalq təşkilatların rəhbərləri bu kəmərin rellaşdırılmasını ölkəmizin iqtisadi sahədə ən böyük uğuru kimi dəyərləndirirlər. Bu kəmərin həyata vəsiqə alması bir daha təsdiqlədi ki, Azərbaycan iri infrastruktur layihələri reallaşdırmağa qadir ölkədir.
Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasını təmin etmişdir. Ölkəmizin 90-cı illərin əvvəllərində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının əsas səbəbi də məhz bu siyasət, bu strategiyadır.

{nl}

Sona MƏMMƏDBƏYOVA, filologiya üzrə fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında