Cari ilin birinci yarısında
"Əsrin müqaviləsi" çərçivəsində
16,8 milyon ton neft hasil olunmuşdur
{nl}
Azərbaycanda qeyri-neft sahələrinin dinamik inkişafı davam etsə də, hələlik neft sektoru ölkə iqtisadiyyatında aparıcı mövqeyini qoruyub saxlamaqdadır. Bu da Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artmasına imkan yaradır. Təsadüfi deyil ki, ötən müddətdə zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə olunması Azərbaycan Respublikasını regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevirmişdir. Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. Bununla yanaşı, "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası ölkə iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur.
Bu baxımdan ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü tipli sazişlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın regionun iqtisadi güc mənbəyinə çevrilməsində müstəsna rol oynamış "Əsrin müqaviləsi" nin müsbət nəticələri əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci yarısında da davam etmişdir. Elə "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2012-ci ilin ilk yarısının nəticələrinə dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, yanvar-iyun ayları ərzində konsorsium iştirakçıları tərəfindən "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyat tədbirlərinə 346,4 milyon dollar, əsaslı məsrəflərinə isə 2 milyard 516 milyon dollar xərclənmişdir.
Cari ilin birinci yarısında müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 16,8 milyon ton və ya 124,5 milyon barrel neft hasil olunmuşdur. Həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı isə 684 min barrel təşkil etmişdir. Bunun da 77 min barreli "Çıraq", 161 min barreli "Mərkəzi Azəri", 186 min barreli "Qərbi Azəri", 144 min barreli "Şərqi Azəri" və 116 min barreli "Dərinsulu Günəşli" platformalarının payına düşür. Bütövlükdə isə 1997-ci ilin noyabr ayında "Əsrin müqaviləsi" çərçivəsində ilkin neftin hasilatına başlanıldığı andan 2012-ci ilin ilk yarısının sonunadək Azəri-Çıraq-Günəşli yataqlar blokundan 276,8 milyon tondan artıq neft çıxarılmışdır.
İlin əvvəlindən müqavilə sahəsində 56 hasilat quyusundan neft çıxarılmışdır. Bundan əlavə, daha 29 quyudan isə texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.
"Azəri", "Çıraq" və "Günəşli" (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. Həmin qaz isə təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkəti 2012-ci ilin yanvar-iyun aylarında "Azəri" yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bundan əlavə, "Çıraq" platformasından hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. İlin ötən dövrü ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 11,5 milyon kubmetr qaz təhvil verilmişdir. Bütövlükdə isə 2012-ci ilin sonunadək Azərbaycanın qaz sisteminə 3 milyard kubmetr "mavi yanacaq" təhvil verilməsi planlaşdırılır. "Azəri" yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı boru kəmərləri ilə "Mərkəzi Azəri" platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə dörd quyudan laya qazvurma əməliyyatları davam edir.
2012-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində qazma işləri də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, ilin sonunadək müqavilə sahəsində yeni hasilat və texniki quyuların qazılıb istismara verilməsi nəzərdə tutulmuşdur. Artıq "Mərkəzi Azəri" platformasında bir qaz injektor quyusu təhvil verilmişdir. Bundan əlavə, "Çıraq" neft layihəsi çərçivəsində öncəqazma quyularının qazılması davam etdirilmişdir. Bütövlükdə isə səkkiz quyudan ibarət öncəqazma proqramının bu ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulmuşdur. Platformanın qazma qurğusunda planlaşdırılmış profilaktik işlər başa çatdırıldıqdan sonra A-16 quyusunda qazma və tamamlama əməliyyatları həyata keçiriləcək. İlin əvvəllərində "Mərkəzi Azəri" platformasında B-01y qaz injeksiya quyusunun qazılması tamamlandıqdan sonra fevral ayında B-24 pilot quyusu layihə dərinliyinədək qazılmışdır. Hazırda isə burada həm hasilat, həm də texniki quyuların qazıntısı davam etdirilir. Cari ilin son rübündə platformada B-25 hasilat quyusu təhvil veriləcək və B-26 qaz injektor quyusunun qazılmasına başlanacaqdır. Həmin quyunun isə gələn ilin əvvəllərində təhvil verilməsi planlaşdırılır. Yeri gəlmişkən, Azərbaycanda "Əsrin müqaviləsi" çərçivəsində böyük neft hasilatına məhz 7 il yarım bundan əvvəl - 2005-ci ilin fevral ayında "Mərkəzi Azəri" platformasının istismara daxil edilməsi ilə başlanmışdır.
Bu ilin birinci yarısında "Azəri" yatağının qərb və şərq hissələrində də uğurlu qazma işləri həyata keçirilmişdir. Belə ki, ilin əvvəllərində "Qərbi Azəri" platformasında C-07 quyusunda qazliftə uyğunlaşdırma əməliyyatları aparılmış, sonra C-04 və C-16 quyularında tamamlama işləri başa çatdırılmışdır. Bundan sonra isə C-26 hasilat quyusu ilə platformada yeni qazma əməliyyatlarına başlanmışdır. Həmin quyunun bu ilin dördüncü rübündə təhvil verilməsi nəzərdə tutulmuşdur. "Şərqi Azəri" platformasında isə D-04 quyusunda yenidən tamamlama əməliyyatları aparıldıqdan sonra D-16 quyusunda qazma və tamamlama işlərinə başlanmışdır. Bu quyunun isə yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur. Bundan əlavə, ilin qalan dövründə platformada daha bir hasilat quyusu qazılıb təhvil veriləcək.
"Əsrin müqaviləsi" çərçivəsində qazma əməliyyatları "Dərinsulu Günəşli" platformasında da uğurla davam edir. Belə ki, platformada ötən ilin dekabr ayında qazılmasına başlanmış E-16 hasilat quyusu cari ilin üçüncü rübündə təhvil veriləcək. Bununla yanaşı, iki quyuda bəzi intervensiya işləri aparılmışdır. Burada qazıntısı müvəqqəti olaraq dayandırılmış E-16y quyusunda işlər yenidən davam etdirilmişdir. Həmin quyunun isə bu ilin dördüncü rübündə istismara verilməsi planlaşdırılır. Yeri gəlmişkən, "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində Xəzər dənizində ilk dəfə olaraq sualtı suvurma əməliyyatlarının həyata keçirilməsi üçün lazımi infrastruktur yaradılmışdır. Bu ilin üçüncü rübündə "Dədə Qorqud " üzən qurğusu vasitəsilə "Dərinsulu Günəşli" platformasında H-05 və H-06 quyuları ilə qazma əməliyyatlarına başlanacaq. Xatırladaq ki, "Dərinsulu Günəşli" platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barrel su vurmaq mümkün olacaq. Qeyd etdiyimiz kimi, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmə layihəsidir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır.
İlin ötən dövründə "Əsrin müqaviləsi" çərçivəsində ixrac əməliyyatları da uğurla davam etdirilmişdir. Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neft və səmt qazı sualtı boru kəmərləri vasitəsilə Səngəçal sahil terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gücü isə gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2012-ci ilin birinci yarısında Səngəçal terminalından 147 milyon barreldən artıq neft ixrac olunmuşdur. Xam neftin 130 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 13 milyon barreli Bakı-Supsa kəmərləri, 3 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır.
Yeri gəlmişkən, Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti də getdikcə genişlənir. 2012-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə 18,9 milyon dollar sərf olunmuşdur. Artıq adıçəkilən kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrelə çatdırılmışdır. Cari ilin ilk yarısında kəmərlə 17 milyon ton neft nəql olunmuş və 168 tankerlə dünya bazarına çıxarılmışdır. Bütövlükdə isə 2006-cı il iyun ayının 4-də ilk tankerin Türkiyənin Ceyhan limanından yola salınmasından indiyədək kəmər vasitəsilə nəql edilmiş 197,3 milyon ton xam neft 1946 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Bakı-Tbilisi-Ceyhan kəmərinin bir gün üçün ən yüksək ötürmə gücü isə 1 milyon 44 min barrel təşkil etmişdir.
Hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə xam neftin və "Şahdəniz" yatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 2010-cu ilin iyul ayında imzalanmış yeni sazişə əsasən Türkmənistan nefti də daşınır. Bununla yanaşı, adıçəkilən kəmərlə Qazaxıstanın "Tengiz" yatağından neft həcmlərini daşımaq haqqında sazişlər də mövcuddur. Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır. Göründüyü kimi, Azərbaycanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün ölkəmizdə son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə imkan yaratmaqla yanaşı, ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.