Azərbaycanın bütün regionları dinamik inkişaf edir

Azərbaycanda xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Əvvəlcə xatırladaq ki, regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur. Şübhəsiz ki, bunun da regionların sosial-iqtisadi simasının dəyişməsində mühüm rolu danılmazdır.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımız regionların inkişafı ilə bağlı demişdir: "Bölgələrdə regional inkişaf proqramı uğurla icra edilir. Ötən dövr ərzində, yəni, ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Regionlarda gedən quruculuq-abadlıq işləri artıq ənənəvi xarakter daşıyır. Mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yenilikləri görəndə çox sevinirəm. Deyə bilərəm ki, rayonlar arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət, əlbəttə, hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abad və inkişaf etmiş olsun. Biz də bu meyilləri gücləndiririk və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəldilibdir".
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.
Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamları da aqrar sahədə mövcud problemlərin aradan qaldırılmasına, bu sahənin dinamik inkişafına ciddi təkan vermişdir. Həmin sərəncamlar kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyası buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarın tikilməsinin təmin edilməsinə müsbət təsir göstərmiş, sadalanan işlərin görülməsini sürətləndirmişdir.
Yeri gəlmişkən, aqrar sahədəki vəziyyətə statistik göstəricilərin fonunda diqqət yetirək. Bu il iyun ayının 22-nə kimi 373,7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 31,7 min hektar sahədə dənli və dənli paxlalılar, 35,8 min hektar sahədə dən üçün qarğıdalı, 78 min hektar sahədə tərəvəz, 66 min hektar sahədə kartof, 29,1 min hektar sahədə pambıq, 30 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 10,7 min hektarda dən üçün günəbaxan, 1530 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 23,6 min hektar azalmış, eyni zamanda dənli və paxlalıların əkin sahəsi 2 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 2,2 min hektar, kartofun əkin sahəsi 841 hektar, tütünün əkin sahəsi 95 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 606,6 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1606,9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 119,7 min hektar çox sahənin taxılı biçilmiş və 415 min ton çox məhsul toplanmış, məhsuldarlıq 2 sentner yüksələrək hər hektardan orta hesabla 26,5 sentnerə bərabər olmuşdur.
Yığım başlanandan tarlalardan 245,8 min ton kartof, 315,3 min ton tərəvəz, 71,6 min ton meyvə və giləmeyvə, 48 min ton bostan məhsulları, 54 ton tütün, 277,7 ton yaşıl çay yarpağı toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,4 min ton, yaxud 2,7 faiz, bostan məhsulları istehsalı 19,2 min ton (66,4 faiz), tütün istehsalı 16,7 ton (44,8 faiz), meyvə və giləmeyvə istehsalı 8,8 min ton (14 faiz) artmış, kartof istehsalı 20,6 min ton və ya 7,7 faiz yaşıl çay yarpağı istehsalı 8,3 ton (2,9 faiz) azalmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən qara malın baş sayı 1,5 faiz artaraq 2703,5 min başa, qoyun və keçilərin sayı 1,3 faiz çoxalaraq 8741,2 min başa çatmışdır. Bu dövrdə 3,2 faiz çox və ya diri çəkidə 214,6 min ton ət, 7,3 faiz çox, yaxud 856,4 min ton süd, 16 faiz az və ya 600,4 milyon ədəd yumurta, 3 faiz çox, yaxud 14,6 min ton yun istehsal edilmişdir. Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 17,5 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 10,4 faiz artmışdır.
Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsi, əhalinin problemləri ilə maraqlanması regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının imzaladığı 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının, eləcə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Dövlət Proqramında regionlarımızın mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Hazırda regionlarda həyata keçirilən kompleks tədbirlər çərçivəsində infrastruktur layihələri uğurla icra edilir, əhalinin qaza, içməli suya olan tələbatı ödənilir. Kənd yollarının asfaltlaşdırılması, magistral yolların çəkilməsi əhalinin gediş-gəlişini daha da yaxşılaşdırır. Kənd təsərrüfatının inkişafı üçün fermerlərə kreditlər, subsidiyalar verilir. Bütün bunlar və bölgələrdə mövcud olan bəzi problemlərin həll edilməsi əhalinin güzəranını daha da yüksəldir.
Bunu Statistika Komitəsinin məlumatından da aydın görə bilərik. Belə ki, ilin əvvəlindən inşaat kompleksində 5,9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,1 faizi və ya 3,4 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 29,6 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 29,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini və ya 4,6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 38,8 faiz artmışdır.
Kompleks aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa maqistral avtomobil yolu, Sumqayıt şəhərində "Azğüntex", ağır maşınqayırma və dəqiq emal zavodları, Gəncə şəhərində Alüminium zavodu kompleksi, Goranboy rayonunda şahmat məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və şahmat məktəbi, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəba-Ojakəran və Kijəba-Qəcimardə avtomobil yolu, Qazax rayonunda konserv müəssisəsi, Tovuz rayonunda "Ayan Palace" oteli, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5924,4 milyon manat vəsaitin 2402,9 milyon manatından istifadə edilmişdir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında