Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında iqtisadi inkişaf baxımından birinci ölkədir

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan ikinci regional Dövlət Proqramında qeyd olunur ki, ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardımlar göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir. Xatırladaq ki, sözügedən proqram 2009-2013-cü illərdə respublika iqtisadiyyatını şaxələndirmək yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədi daşıyır.
İkinci regional Dövlət Proqramının icrası hazırda uğurla həyata keçirilir. Bu, Prezident İlham Əliyevin aprelin 1-də Şirvan şəhərinə səfəri zamanı bir daha özünü bariz şəkildə göstərmişdir.
Xatırladaq ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şirvan şəhəri də son illər xeyli dəyişmiş, burada sosial-iqtisadi inkişaf sürətlənmişdir. Belə ki, ötən il ümumi məhsul buraxılışı 2008-ci illə müqayisədə artaraq 221 milyon manatdan çox olmuş, sənaye məhsulunun həcmi isə 186 milyon manat təşkil etmişdir. Ötən il şəhərdə 506 min ton xam neft, 21 milyon kubmetr qaz və 2 milyard 657 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Sənaye məhsullarının 66,6 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Bu da 2004-cü illə müqayisədə 2,1 dəfə artım deməkdir.
Şəhər iqtisadiyyatının uğurlu inkişafı, yeni istehsal sahələrinin yaradılması əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmış, yeni iş yerləri açılmışdır. Bu dövrdə şəhərdə tikinti, abadlıq işləri daha geniş vüsət almış, küçə və xiyabanlar yenidən qurulmuş, "Ekologiya ili" çərçivəsində şəhərdə yaşıllıqlar salınmışdır. Səhiyyə və təhsilin səviyyəsi daha da yaxşılaşdırılmış, əhalinin təbii qaza və elektrik enerjisinə olan tələbatı ödənilmişdir. Şirvan şəhərində 2003-2009-cu illərdə 9281 yeni iş yeri açılmışdır ki, onlardan 7092-si daimidir.
Prezident İlham Əliyev Şirvan şəhərində səfərdə olarkən Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Burada dövlət başçısına məlumat verərək bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında ölkə Prezidentinin sərəncamına əsasən yaradılan mərkəz Şirvan memarlıq məktəbinin ənənələrinə və müasir memarlıq üslubuna uyğun inşa edilmişdir. Mərkəzin ətrafı abadlaşdırılmış, burada dekorativ ağac və gül kolları əkilmiş, çəmənliklər salınmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Səkkizguşə formasında olan binada əsas ekspozisiyaların yerləşdirilməsi üçün 5 guşə və zal vardır. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar nümayiş etdirilir. Zalda ulu öndər Heydər Əliyevin əzəmətli büstü və miniatür heykəllər qoyulmuşdur. Burada konfrans zalı, kitabxana, kompyuter otağı vardır, "Gənc Heydərçilər" dərnəyi fəaliyyət göstərir. Mərkəzdə ulu öndərin Şirvan şəhərinə səfərləri və bu şəhərin inkişafı ilə bağlı gördüyü böyük işləri əks etdirən fotolar və müxtəlif sənədlər də maraq doğurur.
Prezident İlham Əliyevin Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü də yaddaqalan olmuşdur. Dövlət başçısı çıxışında demişdir:
- Biz bu gün güclü dövlət qururuq. Bu dövlətin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolunu uğurla gedir. Bu yolda çətinliklər də, çox böyük sınaqlar da olub. Ancaq Azərbaycan dövləti və Azərbaycan xalqı bütün bu sınaqlardan şərəflə çıxa bilmişdir. Bu gün Azərbaycan öz daxili imkanları hesabına güclü dövlət qurubdur. Xalqımız - uzun illər, əsrlər boyu müstəqillikdən məhrum bir xalq olmasına baxmayaraq - həm özümüzə, həm bütün dünya birliyinə sübut etdi ki, biz müstəqil ölkə kimi yaşaya bilərik, öz siyasətimizi özümüz müəyyən edə bilərik.
Azərbaycan Prezidenti çıxışında vurğulamışdır ki, ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır... Həm iqtisadi, həm siyasi sahədə, bütün başqa sahələrdə, sosial məsələlərin həlli işində Azərbaycan öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət aparmaqla ölkəmizi gücləndirir. Görülən bütün bu işlər Azərbaycan xalqının zəhmətidir, Azərbaycan xalqının istedadının nəticəsidir. Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək. Problemlərin böyük hissəsi həll olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci hissəsi uğurla başa çatıb.
Ölkə Prezidenti Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə ikinci regional Dövlət Proqramının icra vəziyyətinə də toxunmuşdur: - Bu proqramın icrasında da yaxşı nailiyyətlər vardır. Amma biz elə etməliyik ki, ikinci proqramın başa çatması ilə əlaqədar bütün işlər vaxtında görülsün və proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilsin. Əgər belə olarsa, onda 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün güclü siyasi iradə, artıq güclü iqtisadi imkanlar, peşəkar kadrlar vardır. Yerlərdə artıq mövcud olan infrastruktur və texniki imkanlar əminəm ki, bu məqsədə çatmaq üçün bizə şərait yaradacaqdır.
Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ həll ediləsi problemlər çoxdur. Əhalini narahat edən problemlər çoxdur. Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 49 faizdən 11 faizə enib. Yəni bütün bunların təməlində aparılan islahatlardır, düşünülmüş siyasətdir, iqtisadi tədbirlərdir.
Prezident İlham Əliyev Şirvan şəhərinə səfəri çərçivəsində Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılmış yenidənqurma işlərinin gedişi ilə də tanış olmuşdur. Dövlətimizin başçısı zavodun həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyduqdan sonra müəssisədə yeni istehsal sahəsini işə saldı. Burada ölkə Prezidentinə məlumat verildi ki, telemexanika zavodu 1981-ci ildə fəaliyyətə başlamışdır. 1993-cü ildən 2005-ci ilədək zavod Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. Telemexanika zavodu 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Zavod nazirliyin tərkibinə keçəndən sonra müvafiq bərpa və yenidənqurma işləri aparılmış və yeni istehsal sahələri yaradılmışdır. Prezident İlham Əliyev 2007-ci ilin dekabrında Şirvana səfəri çərçivəsində bu müəssisənin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə Olimpiya İdman Kompleksinin layihəsi barədə ətraflı məlumat verdi. Bildirildi ki, beş hektar ərazidə inşa olunacaq kompleksin ümumi tikinti sahəsi 25 min kvadratmetrdir. Burada min nəfər tamaşaçı tutumu olacaq universal idman zalı, 250 nəfər tamaşaçı yerlik üzgüçülük hovuzu, güləş, trenajor və digər zallar fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, orijinal layihə əsasında tikiləcək kompleksdə 1500 yerlik futbol, basketbol, voleybol və tennis meydançaları da inşa olunacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərinə səfəri çərçivəsində eyni zamanda "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Xatırladaq ki, "Cənub" Elektrik Stansiyasının təməli 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Avropada ilk açıq tipli energetika qurğusu olan 1050 meqavatlıq Şirvan İstilik Elektrik Stansiyası isə 1967-ci ildən tam gücü ilə işləyir və istismar müddətindən 2 dəfə çox fəaliyyət göstərərək tamamilə köhnəlmişdir. Bu səbəbdən də Prezident İlham Əliyevin 2005-ci il 14 fevral tarixli müvafiq sərəncamına uyğun olaraq Şirvan şəhərində 780 meqavatlıq yeni stansiyanın tikintisinə başlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Şirvan şəhərinə səfəri bir daha göstərdi ki, ikinci regional dövlət proqramı nəzərdə tutulan səviyyədə reallışdırılır. Abadlıq, tikinti-quruculuq işlərinin həcmi gündən-günə artır. Əhalinin rifah halı yaxşılaşdırılır. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin siyasətinin bu gün də uğurla həyata keçirilməsindən xəbər verir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında