Şriftin ölçüsü:
25.08.2012 11:33 | Oxunma sayı: 1191
Avqustun 23-də "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqı tərəfindən yaradılan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada heyvandarlıq və quşçuluq sahələrinin inkişafında mühüm əhəmiyyətə malik olan müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi daim diqqət mərkəzində saxlanılmış, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilmişdir. Bu qayğının nəticəsində Azərbaycan istər sovetlər birliyi dövründə, istərsə də müstəqilliyin bərpasından sonra ərzaq məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmişdir".
Ali Məclisin sədri ölkəmizdə daxili bazarın qorunması, yerli istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin bu gün də davam etdirildiyini bildirmişdir. Ali Məclisin sədri demişdir: "Muxtar respublikamızda da ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır, iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Yeni heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması ilə yanaşı, heyvanların və quşların baş sayının artırılmasına və məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, artıq muxtar respublikada heyvandarlıq və quşçuluq məhsullarının ixrac potensialı yaranmışdır".
Ali Məclisin Sədri bildirmişdir ki, ətlik və südlük istiqamətində məhsul istehsalının artırılmasında qüvvəli yem istehsalı sahələrinin yaradılması mühüm əhəmiyyətə malikdir. Bunun üçün muxtar respublikada əlverişli şərait, dövlət maliyyə dəstəyi və investisiya mühiti mövcuddur. Əvvəllər qüvvəli yemə olan tələbatın idxal hesabına ödənilməsi müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Ötən il muxtar respublikada ilk qarışıq qüvvəli yem istehsalı sahəsinin istifadəyə verilməsi ətlik-südlük heyvanların və ətlik-yumurtalıq quşların qüvvəli yemlə təmin olunması baxımından mühüm əhəmiyyət daşımışdır. Lakin bu müəssisə tələbatı tamamilə ödəmək gücündə deyildi. Ona görə də yeni müəssisənin yaradılması üçün kredit ayrılmış, qısa zamanda bu müəssisənin yaradılmasına nail olunmuşdur. Yeni müəssisə heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradacaq, bu sahədə məhsul istehsalının artmasına səbəb olacaqdır. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal olunan qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını alacaqdır.
Ali Məclisin sədri demişdir ki, Naxçıvanda ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödəniləcək, idxaldan asılılıq aradan qaldırılacaqdır. Hazırda müəssisənin xammala olan tələbatının bir qismi yerli istehsal hesabına ödənilir. Gələcəkdə xammala olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin olunacaqdır.
Ali Məclisin sədri kollektivə uğurlar arzulamış, müəssisəni işə salaraq istehsal prosesini izləmişdir.
Məlumat verilmişdir ki, istehsal sahəsinin yaradılmasına bir milyon manat vəsait sərf olunmuşdur. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən gətirilmiş avadanlıq quraşdırılmışdır.
Qeyd olunmuşdur ki, istehsal sahəsində 4 çeşiddə 50 kiloqramlıq taralarda qablaşdırılmış yem istehsal olunacaqdır. Yeni müəssisənin qurulması daxili bazarın qorunması və tələbatın keyfiyyətli yerli istehsal məhsulları ilə ödənilməsinə imkan verəcəkdir.
Müəssisənin istifadəyə verilməsi ilə 15 yeni iş yeri açılmışdır.
Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası "Taxıl məmulatları sənaye kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl və un anbarlarına baxmış, toxumçuluq təsərrüfatlarının fəaliyyəti ilə maraqlanmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.