2012-ci ilin birinci yarısında ölkənin sosial, iqtisadi inkişafı

"2012-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən çox müsbət idi və bu, bizə imkan verirdi ki, ümumiyyətlə, 2012-ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti uğurlu il kimi qiymətləndirək."
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən sosial və iqtisadi öhdəliklərin yerinə yetirilməsi, qeyri-neft sahələrinin ardıcıl inkişafı, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin və yoxsulluğun minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan inkişaf 2012-ci ilin birinci yarısında da davam etmiş və bu uğurlar mötəbər beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları tərəfindən də təsdiqlənir. 
2012-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında 25,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 2828,0 manat (3597,5 ABŞ dolları) təşkil etmişdir.
ÜDM-in 67,7 faizi iqtisadiyyatın istehsal, 26,3 faizi xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,0 faizini təşkil etmişdir.
Sənayedə 14,0 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 54,0 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,2 milyard manatlıq (4,5 faiz), tikintidə 2,4 milyard manatlıq (9,2 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 1,8 milyard manatlıq (7,0 faiz), nəqliyyat və anbar təsərrüfatında 1,3 milyard manatlıq (4,9 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 350,0 milyon manatlıq (1,4 faiz), informasiya və rabitə xidmətlərində 431,8 milyon manatlıq (1,7 faiz), sosial və digər xidmətlər sahəsində isə 2,9 milyard manatlıq (11,3 faiz) əlavə dəyər istehsal edilmişdir.
Bu dövrdə qeyri-neft ÜDM-in əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artması ilə yanaşı, neft-qaz sektorunda əlavə dəyər istehsalı 6,4 faiz azalmış, neft və qeyri-neft sektorlarının ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 47,8 faiz və 52,2 faiz təşkil etmişdir.
2012-ci ilin birinci yarısında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 17,6 milyard manatlıq məhsul istehsal olunaraq 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz azalmışdır. Sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 8,7 faiz artmış, neft sektorunda isə azalma müşahidə olunmuşdur. Sənaye məhsulunun 77,1 faizi mədənçıxarma, 17,6 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,9 faizini təşkil etmiş, ümumi istehsalın 92,5 faizi sənaye mallarının (əmtəələrin), 7,5 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.
Mədənçıxarma bölməsində istehsalın həcmi 13,5 milyard manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 5,4 faiz aşağı olmuşdur.
Sahənin əsas məhsullarından olan xam neft hasilatı 22,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 8,8 milyard kubmetr olmuş, qaz hasilatı 8,2 faiz artmış, neft hasilatı isə 6,8 faiz azalmışdır.
Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-iyun aylarında 16,1 min ton bentonit, 173,9 min ton inşaat üçün əhəng daşı, 673,6 kq qızıl, 378,4 kq gümüş və s. istehsal edilmişdir.
Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3,1 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 7,9 faiz artmaqla daha çox hissəsi - qida məhsullarının istehsalının payına düşmüşdür. Əksər qida məhsullarının istehsalında artım müşahidə olunmuş, onlardan kolbasa məmulatlarının istehsalı 1,2 faiz artaraq 966,9 ton, duru bitki yağlarının istehsalı 63,1 faiz artaraq 35,9 min ton, marqarin 45,9 faiz artaraq 12,7 min ton, kərə yağı 1,1 faiz artaraq 10,8 min ton olmuşdur.
Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 50,9 milyon manatlıq məhsul, o cümlədən 7,1 min ton pambıq lifi, 7,2 min ton pambıq iplik, 1,1 min kvadratmetr xalça və xalça məmulatları, kişi və oğlanlar üçün 38,6 min ədəd kostyumlar və s. məhsullar istehsal edilmişdir.
Neft məhsullarının istehsalında avtomobil benzini 3,2 faiz, ağ neft 6,6 faiz, neft bitumunun istehsalı isə 23,1 faiz artmışdır. Bununla yanaşı, dizel yanacağının istehsalı 3,8 faiz azalaraq 1124,4 min ton, sürtkü yağlarının istehsalı 19,6 faiz azalaraq 34,0 min ton olmuşdur.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 132,8 milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə rezin və plastmas məmulatların istehsalı 3,1 dəfə artmış, kimya sənayesində 11,6 faiz və əczaçılıq məhsullarının istehsalında isə 2,0 faiz azalma müşahidə olunmuşdur. Əsas kimya məhsullarından polietilenin istehsalı 4,7 faiz, propilenin istehsalı 58,6 faiz, lak-boya məmulatlarının istehsalı 19,8 faiz artmışdır. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 4,6 dəfə, məsaməli poliuretan lövhələrin istehsalı 3,3 dəfə artmışdır.
Tikinti materialları sənayesi müəssisələri tərəfindən 142,3 milyon manatlıq və ya 26,1 faiz çox, o cümlədən 944,3 min ton sement, 52,4 min ton tikinti gipsi, 447,2 min ton hörmə üçün hazır beton qarışığı, 149,5 min ton asfalt və 75,3 min kubmetr tikinti kərpici və s. məhsullar istehsal edilmişdir.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 223,3 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 12,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 79,6 faiz artmışdır. Cari ilin altı ayı ərzində sahə üzrə 547,0 ton və ya 3,7 dəfə çox çuqun tökmə, 113,5 min ton polad tökmə məhsulları, 32,1 min ton polad borular istehsal edilmişdir.
Kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 128,1 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 3,0 dəfə artmış, altı ay ərzində 92 ədəd güc transformatorları, 2,0 min ədəd məişət soyuducuları istehsal edilmiş, televizorların istehsalı 1,5 dəfə artmışdır.
Maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 72,4 milyon manat olmaqla 85 ədəd yük avtomobili, 520 ədəd traktor və s. məhsullar istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən altı ay ərzində 846,2 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faizlik artım əldə edilmişdir. Ölkədə 10,7 milyard kVt-saat və ya 10,4 faiz çox elektrik enerjisi istehsal olunmuş, onun 11,4 faizi su elektrik stansiyalarının, 88,6 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlər istehsalı 5,0 faiz artmışdır.
2012-ci ilin birinci yarısında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5924,9 milyon manat vəsait yönəldilmiş, onun 57,1 faizi və ya 3384,0 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 29,6 faiz artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 3476,3 milyon manat, qeyri-dövlət müəssisələri isə 2448,6 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 2742,3 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 3182,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini daxili, 22,1 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmiş, daxili mənbələrdən yönəldilən vəsaitlərin 71,3 faizi dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 28,7 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşmüşdür.
Cari ilin birinci yarısında əsas kapitala yönəldilmiş bütün vəsaitin 38,6 faizi sənaye sahələrinin inkişafına, 17,1 faizi nəqliyyat və anbar təsərrüfatına, 10,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 10,3 faizi mənzil tikintisinə), 6,7 faizi dövlət idarəetməsinə, 5,3 faizi istirahət, əyləncə və incəsənətə, 5,0 faizi kənd təsərrüfatına, 3,0 faizi informasiya və rabitəyə, 2,9 faizi təhsilə, 2,6 faizi tikintiyə, 2,2 faizi ticarətə, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 1,7 faizi səhiyyəyə, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 1,0 faizi maliyyə və sığorta fəaliyyətinə, 0,1 faizi peşə, elmi və texniki fəaliyyətə sərf edilmişdir.
Yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1695,5 milyon manatı (28,6 faizi) neft bölməsinin, 4229,4 milyon manatı (71,4 faizi) qeyri-neft bölməsinin, o cümlədən 593,7 milyon manatı (10,0 faizi) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilmişdir.
İlin əvvəlindən Bakı şəhərində "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda "Ayan Palace" oteli, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Balakən rayonunda Mazımçay üzərində yeni körpü və digər obyektlər istifadəyə verilmişdir. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 796,7 min kvadratmetr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 360 şagird yerlik ümumtəhsil məktəbi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 140 yerlik klub istifadəyə verilmişdir.
Tikinti işlərinin qiyməti 2012-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artmışdır. İlkin mənzil bazarında qiymətlər 3,3 faiz, təkrar mənzil bazarında isə qiymətlər 1,6 faiz artmışdır.
2012-ci ilin birinci yarısında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1308,6 milyon manat təşkil edərək, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artmış, bu vəsaitin 1217,5 milyon manatı (93,0 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya Respublikası və Fransa investorlarına məxsus olmuşdur.
2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2009-2011 və 2012-ci ilin ilk altı ayı ərzində ölkədə 299,0 min yeni, o cümlədən 219,9 min daimi iş yeri açılmışdır. Təkcə 2012-ci ilin birinci yarısında 58,2 min, o cümlədən 40,4 min daimi iş yerləri yaradılmışdır ki, bu da işsizlik səviyyəsinin aşağı salınmasına təsir edən əsas amillərindən biridir. Yaradılmış iş yerlərinin 70,1 faizi regionlarda, 87,8 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması, cins mal-qaranın satışı və s.) ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmiş və nəticədə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1970,6 milyon manat olmuş, onun sabit qiymətlərlə dəyəri 2011-ci ilin müvafiq dövrünə nisbətən 10,4 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 17,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 5,5 faiz artmışdır.
Ölkədə yazlıq bitkilərin əkini əsasən başa çatmış, iyunun 22-i vəziyyətinə olan ilkin məlumatlara görə 373,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 67,5 min hektarda dənli və dənli paxlalı bitkilər, 66,0 min hektarda kartof, 78,0 min hektarda tərəvəz bitkiləri, 30,0 min hektarda ərzaq üçün bostan bitkiləri, 29,1 min hektarda pambıq, 10,7 min hektarda dən üçün günəbaxan, 3,6 min hektarda şəkər çuğunduru, 1,5 min hektarda tütün, 79,6 min hektarda çoxillik otlar əkilmişdir.
Bitkiçilik. Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 606,6 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1606,9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 119,7 min hektar çox sahənin taxılı biçilmiş və 415,0 min ton çox məhsul toplanmış, məhsuldarlıq 2,0 sentner yüksələrək hər hektardan orta hesabla 26,5 sentnerə bərabər olmuşdur.
Yığım başlanandan tarlalardan 245,8 min ton kartof, 315,3 min ton tərəvəz, 71,6 min ton meyvə və giləmeyvə, 48,0 min ton bostan məhsulları, 54,0 ton tütün, 277,7 ton yaşıl çay yarpağı toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,4 min ton, yaxud 2,7 faiz, bostan məhsulları istehsalı 19,2 min ton (66,4 faiz), tütün istehsalı 16,7 ton (44,8 faiz), meyvə və giləmeyvə istehsalı 8,8 min ton (14,0 faiz) artmış, kartof istehsalı 20,6 min ton və ya 7,7 faiz, yaşıl çay yarpağı istehsalı 8,3 ton (2,9 faiz) azalmışdır.
Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının vacib sahəsidir və son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər heyvanların məhsuldarlıqlarının yüksəldilməsinə və mal-qaranın baş sayının sabitləşdirilməsinə səbəb olmaqla yanaşı, məhsul istehsalına da öz müsbət təsirini göstərmişdir.
Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1,5 faiz artaraq 2703,5 min başa, qoyun və keçilərin sayı 1,3 faiz çoxalaraq 8741,2 min başa çatmışdır. Bu dövrdə 3,2 faiz çox və ya diri çəkidə 214,6 min ton ət, 7,3 faiz çox, yaxud 856,4 min ton süd, 16,0 faiz çox və ya 600,4 milyon ədəd yumurta, 3,0 faiz çox, yaxud 14,6 min ton yun istehsal edilmişdir.
Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması istehsalın səmərəliliyinin yüksəldilməsində, məhsulun həcminin və keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
2012-ci ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,8 milyon manat dəyərində 568 ədəd müxtəlif növ traktor, 540 ədəd kotan, 120 ədəd otbiçən, 79 ədəd çiləyici və tozlayıcı maşınlar, 41 ədəd taxılyığan kombayn, 25 ədəd bağarası frez, 22 ədəd ot dırmıqları, 19 ədəd gübrəsəpən maşın, 16 ədəd səpici aqreqat və 79 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmışdır.
Meşə təsərrüfatı. 2012-ci ilin birinci yarısında böyütmə sahələrində 38 hektarda 1479 min ədəd toxmacar əkilmiş, meşə fondu torpaqlarında 16,3 min hektar meşə əkini və səpinləri suvarılmışdır. Tədarük edilmiş ağac və kol cinsləri toxumlarının 83,8 faizi enliyarpaqlı, 16,2 faizi iynəyarpaqlı ağac toxumları olmuşdur. Enliyarpaqlı ağac toxumlarının 9,7 faizini palıd toxumu, 23,2 faizini qozmeyvəli ağacların toxumu, 67,1 faizini isə digər enliyarpaqlı ağac və kol cinslərinin toxumları təşkil etmişdir.
Balıqçılıq. Cari ilin birinci yarısında ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 928,2 min manat vəsait sərf olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 110,2 min manat çox vəsait xərclənmişdir. Xərclər əsasən süni balıqartırma müəssisələrinin fəaliyyəti və balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərini əhatə etmişdir.
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 280,7 milyon ədəd balıq körpələrinin 273,1 milyon ədədi çəkikimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların, 2,0 milyon ədədi nərəkimilərin, 0,1 milyon ədədi isə qızıl balıqların payına düşmüşdür.
Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 68,8 min manat dəyərində balıq ovlanmışdır.
Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru dayanıqlı inkişaf edir. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2012-ci ilin yanvar-iyun aylarında 103,3 milyon ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox yük daşınmış, qeyri-neft yüklərinin həcmi isə 8,5 faiz artmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 54,1 faizi avtonəqliyyat, 28,9 faizi boru kəməri, 10,7 faizi dəmir yolu, 6,3 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.
Qeyri-dövlət bölməsində yük daşınması 3,5 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73,5 faiz təşkil etmişdir.
Nəqliyyatçılar 761,2 milyon nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,6 faizi avtomobil, 13,1 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişlər.
Dəmir yolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,9 faiz artaraq 11,0 milyon ton olmuşdur. Orta hesabla sutkada 670 vaqon yüklənmiş, 531 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27,0 min ton, Qərb istiqaməti üzrə 6,1 min ton və Cənub istiqaməti üzrə 3,6 min ton yüklənmə işi yerinə yetirilmişdir.
Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,3 faiz artaraq 6,5 milyon ton təşkil etmişdir. Yüklərin 61,4 faizini neft yükləri, 38,6 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. 2012-ci ilin yanvar-iyun aylarında dəniz limanlarında 6,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və 0,4 faiz artım olmuşdur. İşlənmiş yüklərin 87,2 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 3,0 faiz artmışdır.
Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 55,9 milyon ton yük, 659,3 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,5 faiz və 8,9 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 7,6 faiz, sərnişin dövriyyəsi isə 9,9 faiz artmışdır.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 99,9 milyon nəfər olmaqla 9,0 faiz artmışdır.
Hava nəqliyyatı ilə 685,2 min və ya 14,5 faiz çox sərnişin daşınmış, daşınmanın 98,5 faizi dövlət, 1,5 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmiş və 28,4 min ton yük daşınmışdır.
Magistral neft kəmərləri ilə 22,6 milyon ton neft nəql edilmişdir. Nəqletmənin 76,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 17,4 milyon ton neft ötürülmüşdür. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1600,2 min ton tranzit Türkmənistan nefti nəql edilmişdir.
Magistral qaz kəmərləri ilə 10,2 milyard kubmetr və ya 3,5 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın beşdə bir hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 2,2 milyard kub-metr qaz ötürülmüşdür.
2012-ci ilin yanvar-iyun aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 milyon ton və ya 4,8 faiz çox yük, 129,3 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10,3 milyon tonu və ya 36,8 faizi dəmir yolu nəqliyyatı, 5,3 milyon tonu və ya 19,0 faizi dəniz nəqliyyatı, 12,4 milyon tonu və ya 44,2 faizi avtomobil nəqliyyatı ilə daşınmışdır.
Yük daşımaları fəaliyyətindən 213,6 milyon manat, sərnişin daşınmasından isə 40,6 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 21,6 faiz və 6,3 faiz artmışdır.
İnformasiya və rabitə sektorunda 2012-ci ilin yanvar-iyun aylarında təsərrüfat subyektlərinə və əhaliyə 643,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,9 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3 faiz təşkil etmişdir.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 61,5 faizi mobil telefon rabitəsindən yaranmış və 2011-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 15,9 faiz artaraq 395,8 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-iyun aylarında nəqliyyat və poçt tarifləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz, telekommunikasiya tarifləri isə 3,4 faiz aşağı düşmüşdür.
2012-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,2 faiz üstələyərək 8196,5 milyon manat olmuşdur. Pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakininə orta hesabla ayda 149,0 manatlıq və ya 2011-ci ilin eyni dövründəkindən 13,8 manat çox əmtəə realizə edilmişdir.
2012-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 0,9 faiz artaraq 4664,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi 23,2 faiz artaraq 3532,1 milyon manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkiləri müvafiq olaraq 56,9 faiz və 43,1 faiz təşkil etmişdir.
Pərakəndə ticarət şəbəkəsindən ölkənin hər bir sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 64,2 manatlıq qeyri-ərzaq malları almışdır.
Ölkə ərazisində 32 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarəti" tətbiq etmişdir. 2012-ci ilin birinci yarısında elektron ticarət dövriyyəsinin həcmi 647,8 min manat olmuş, elektron ticarət üzrə istehlak mallarının satışının 81,5 faizi hüquqi şəxslərin, 18,5 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində həyata keçirilmişdir. Elektron ticarət dövriyyəsinin 94,7 faizini qeyri-ərzaq mallarının satışı təşkil etmişdir.
2012-ci ilin yanvar-iyun ayları ərzində iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artaraq 277,2 milyon manat təşkil etmişdir.
2012-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,0 faiz üstələyərək 2,5 milyard manata çatmışdır. Artımın 68,0 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə 1,9 milyard manatlıq və ya 7,0 faiz çox pullu xidmətlər göstərilmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2012-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 135 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 82,1 faizi İtaliya, İsrail, Fransa, İndoneziya, Rusiya Federasiyası, Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, Hindistan, Çin, Bolqarıstan, Böyuk Britaniya, Gürcüstan, Yunanıstan, Ukrayna, Tayvan (Çinin əyaləti) və Sinqapur dövlətlərinin hesabına formalaşmışdır.
Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 16,2 faizi Türkiyənin, 14,4 faizi Rusiyanın, 7,7 faizi Almaniyanın, 6,5 faizi Çinin, 6,0 faizi Ukraynanın, 5,8 faizi Böyük Britaniyanın, 5,3 faizi Amerika Birləşmiş Ştatlarının, 3,5 faizi Qazaxıstanın, 2,9 faizi Koreya Respublikasının, 2,6 faizi İtaliyanın, 2,4 faizi Yaponiyanın, 2,0 faizi İran İslam Respublikasının, 1,9 faizi Braziliyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Niderlandın, hər birində 1,5 faiz olmaqla Avstriya və İsveçrənin, 16,5 faizi isə digər ölkələrin payına düşür.
İxrac olunmuş malların 22,7 faizi İtaliyaya, 10,4 faizi İsrailə, 8,9 faizi İndoneziyaya, 8,6 faizi Fransaya, 5,8 faizi Hindistana, 4,9 faizi Amerika Birləşmiş Ştatlarına, 4,1 faizi Almaniyaya, 3,3 faizi Bolqarıstana, 3,1 faizi Rusiya Federasiyasına, 2,5 faizi Yunanıstana, hər birində 2,4 faiz olmaqla Gürcüstan və Türkiyəyə, 2,3 faizi Tayvan (Çinin əyaləti), 2,0 faizi Sinqapura, 1,9 faizi Tailanda, 1,6 faizi Çexiya Respublikasına, 1,5 faizi İraqa, qalan 11,6 faizi isə digər ölkələrə göndərilmişdir.
Xarici ticarət dövriyyəsinin 90,3 faizi, o cümlədən ixracın 95,8 faizi, idxalın 74,9 faizi MDB-yə üzv ölkələr istisna olmaqla digər dövlətlərin payına düşmüşdür. 2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin həcmi 0,2 faiz, o cümlədən idxal 6,5 faiz artmış, ixrac olunan malların həcmi isə 1,5 faiz azalmışdır.
2012-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 22,2 milyard ABŞ dolları təşkil etmiş və onun 79,9 faizi (17,7 milyard dolları) ixracın hesabına formalaşmışdır.
Respublikaya idxal olunan malların qiymətləri 2012-ci ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən MDB ölkələrindən idxal olunan mallar 5,2 faiz, digər ölkələrdən idxal olunan mallar isə 1,7 faiz bahalaşmışdır.
Respublikadan ixrac olunan malların qiymət indeksi 2012-ci ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz, o cümlədən MDB ölkələrinə ixrac olunan mallar üzrə 4,3 faiz, digər ölkələrə ixrac olunan mallar üzrə isə 8,7 faiz bahalaşmışdır.
2012-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45,0 faiz artaraq 8134,3 milyon manata çatmış, xərcləri isə 7109,5 milyon manat təşkil edərək 45,6 faiz artmışdır. Büdcənin profisiti 1024,8 milyon manat və ya ümumi daxili məhsulun 4,0 faizi səviyyəsində olmuşdur.
Büdcə gəlirlərinin 13,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 13,2 faizi əlavə dəyər vergisindən, 4,6 faizi fiziki şəxslərin gəlir vergisindən, 3,2 faizi aksiz vergisindən, 4,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,7 faizi digər vergilərdən daxil olmuş, 58,5 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.
Büdcə vəsaitlərinin 2961,3 milyon manatı (41,7 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 956,4 milyon manatı (13,5 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 805,6 milyon manatı (11,3 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir.
Xərclərin 23,9 faizini (1697,8 milyon manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir.
2012-ci il iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi 10,8 milyard manat olmuş və ötən ilin müvafiq dövrünə nisbətən 21,0 faiz artmışdır. Kredit qoyuluşunun 34,1 faizi dövlət, 63,3 faizi özəl banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 72,0 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 6,5 faizinin ödənilmə vaxtı keçmişdir.
2012-ci il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 4372,6 milyon manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz artmışdır. Əmanətlərin 2480,8 milyon manatı və ya 56,7 faizi milli, 1891,8 milyon manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 48,2 və 6,4 faiz artmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsinə başlanmışdır. Belə ki, 2012-ci ilin iyun ayında 111,8 min əmanətçiyə 62 872 milyon manat və ya orta hesabla hər əmanətçiyə 562,5 manat vəsait ödənilmişdir.
2012-ci il yanvar-iyun ayları ərzində hüquqi şəxslərin sayı 1,9 faiz artaraq 77037 olmuşdur.
"İnformasiya və rabitə", "Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı", "Peşə, elmi və texniki fəaliyyət", "Maliyyə və sığorta fəaliyyəti" bölmələrində artım daha nəzərəçarpacaq dərəcədə olmuşdur.
"Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Tikinti", "Emal sənayesi" bölmələrində hüquqi şəxslərin Dövlət registrindəki xüsusi çəkisi daha yüksək olmuş və 69,3 faiz təşkil etmişdir.
Xüsusi mülkiyyətdə olan hüquqi şəxslərin əsas hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Tikinti", "Emal sənayesi" və "Peşə, elmi və texniki fəaliyyət" bölmələrinin payına düşmüşdür.
Statistik vahidlərin Dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ, Almaniya və digər ölkələrin sahibkarları tərəfindən yaradılmışdır.
2012-ci il iyulun 1-i vəziyyətinə qeydiyyatdan keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 394 mindən çox olmuşdur.
Bu dövrdə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Nəqliyyat və anbar təsərrüfatı", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" sahələrində qeydiyyatdan keçmişdir.
Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin 83,5 faizini kişilər, 16,5 faizini isə qadınlar təşkil etmişdir.
2012-ci ilin yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 2,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, pullu xidmətlərin qiymət və tarifləri isə 1,7 faiz bahalaşmışdır.
Ərzaq məhsullarından "Meyvə" qrupu məhsullarının qiymətləri 6,3 faiz, "Süd məhsulları, pendir və yumurta" qrupu 3,0 faiz, "Pivə" qrupu 0,3 faiz, "Çörək məmulatları və yarmalar qrupu məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşmış, "Balıq məhsulları" qrupu məhsullarının qiymətləri 8,5 faiz, "Tərəvəz" qrupu 0,7 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər" qrupu 1,6 faiz, "Ət məhsulları" qrupu 10,0 faiz, "Yağ və piylər" qrupu 4,4 faiz, "Spirtli içkilər" qrupu 0,5 faiz, "Tütün məmulatları" qrupu 7,2 faiz, "Qəhvə, çay və kakao" qrupu məhsullarının qiymətləri 3,2 faiz bahalaşmışdır.
Qeyri-ərzaq mallarından "Xalça və digər döşəmə örtükləri" qrupu mallarının qiymətləri 3,0 faiz, "İri alət və avadanlıqlar" qrupu 1,1 faiz, "Minik avtomobilləri" qrupu 0,3 faiz, "Oyuncaqlar" qrupu 0,1 faiz, "Telefon faksimil cihazları" qrupu mallarının qiymətləri 0,7 faiz ucuzlaşmış, "Parçalar" qrupu mallarının qiymətləri 1,0 faiz, "Geyim" qrupu 1,9 faiz, "Ayaqqabı" qrupu 1,1 faiz, "İnşaat materialları" qrupu 2,6 faiz, "Mebel və ev əşyaları" qrupu 3,6 faiz, "Məişət cihazları" qrupu 0,5 faiz, "Şüşə məmulatları, yemək qabları və əşyaları" qrupu 0,7 faiz, "Dərmanlar" qrupu 0,5 faiz, "Minik avtomobilləri üçün ehtiyat hissələri" qrupu 1,3 faiz, "Zərgərlik məmulatları" qrupu mallarının qiymətləri 3,8 faiz bahalaşmışdır.
Cari ildə "Paltarların təmizlənməsi, təmiri və kirayəsi" qrupu 2,2 faiz, "Ayaqqabıların təmiri" qrupu 3,8 faiz, "Soyuq su təchizatı" qrupu 6,7 faiz, "Zibilin daşınması" qrupu 114,3 faiz, "Kanalizasiya xidməti" qrupu 2,0 faiz, "İsti su təchizatı, buxar qızdırıcısı" qrupu 200,0 faiz, "Məişət cihazlarının təmiri" qrupu 0,2 faiz, "Tibbi xidmət" qrupu 1,0 faiz, "Stomatoloji xidmət" qrupu 1,7 faiz, "Dəmiryol sərnişindaşıma nəqliyyatı" qrupu 6,7 faiz, "Hava sərnişindaşıma nəqliyyatı" qrupu tariflərinin 9,9 faiz bahalaşması müşahidə edilmişdir.
Cari ilin yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 1651,2 manat və ya orta hesabla ayda 275,2 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 10,5 faiz bəndi üstələmişdir.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 15,1 milyard manatlıq gəlirin 63,2 faizi son istehlaka, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 25,7 faizi isə yığıma yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 13,7 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 14,5 faiz artmışdır.
2012-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 384,5 manat təşkil etmişdir. Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1421,8 manat, qeyri-neft sektorunda 355,5 manat, dövlət bölməsində 323,9 manat, özəl bölmədə 483.2 manat təşkil etmişdir.
Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
2012-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə pensiyaçıların sayı 1 273,3 min nəfər olmuş və ölkə əhalisinin 13,9 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 150,7 manata çatmış və orta əmək haqqının 39,2 faizini təşkil etmişdir.
Cari il iyul ayının 1-i vəziyyətinə 313,8 min nəfər sosial müavinət, 63,3 min nəfər birdəfəlik müavinət, 34,2 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 142,9 min ailənin 634,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 59,3 min nəfər və yaxud 0,6 faiz artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9294,4 min nəfərə çatmışdır. Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi isə kənd yerlərində məskunlaşmış, 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1015 nəfər qadın düşür.
Cari ilin yanvar-iyun ayları ərzində 86,4 min körpə doğulmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19,0-dək artmışdır. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 944-ü əkiz, 27-si isə üçəm doğulmuşdur.
Altı ay ərzində ölkədə 28,0 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,1) qalaraq dəyişməmişdir.
İlin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 40,4 min nikah və 5,4 min boşanma halları qeydə alınmış və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (8,9 və 1,2) qalmışdır.
Cari ilin birinci yarısında daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gələn və 0,1 min nəfər ölkədən gedən qeydə alınmışdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2012-ci ilin yanvar-iyun aylarında ölkədə 12 min və ya əhalinin hər 100 min nəfərinə hesabı ilə 130 cinayət hadisəsi qeydə alınmışdır.
Cinayətlərin 89 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 4008-i şəxsiyyət əleyhinə, 3899-u iqtisadi sahədə, 3500-ü ictimai təhlükəsizlik və ictimai qaydaların pozulması ilə bağlı, 546-sı isə digər sahələrdə törədilmişdir.
Cinayətlərin 105-i xarici, o cümlədən 28-i MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən, 50-si isə xarici ölkələrin vətəndaşlarına qarşı törədilmişdir.
2012-ci ilin birinci yarısında aşkar olunmuş 9089 nəfər hüquqpozucunun 75,1 faizi cinayət məsuliyyətinə cəlb edilmişdir. Hüquqpozucuların 80,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 10,3 faizi əvvəllər cinayət törətmişlər, 4,2 faizi sərxoş vəziyyətdə olanlar, 10,4 faizi qadınlardır.
Məişət zorakılığı ilə bağlı qeydə alınmış 773 cinayət hadisəsi zamanı 790 qadın zərərçəkmiş və onların 3-ü 18 yaşadək qızlar, 4 isə hamilə qadındır. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 11,3 faizi sərxoş vəziyyətdə törədilmişdir. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.
2012-ci ilin yanvar-iyun aylarında avtomobil yollarında 1278 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 6,3 faiz azalmış, baş vermiş qəzalar nəticəsində 1797 şəxs zərər çəkmiş, onların hər dörd nəfərindən biri həlak olmuş, 75,7 faizi isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanmışdır.

{nl}

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında