Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Dövlət başçısının rəhbərliyi altında reallaşdırılan və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirmişdir.
Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən biri isə onun çoxcəhətli xarakterə malik olması, özəl sektorun tərəqqisinə xüsusi diqqət yetirilməsidir. Elə bunun nəticəsidir ki, hazırda ölkədə sahibkarlığın mükəmməl hüquqi bazası yaradılmış, sahibkarlara müasir dövlət dəstəyi sistemi formalaşdırılmışdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət tərəfindən ayrılan güzəştli kreditlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin qarşısının alınması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan qanunun qəbulu iş adamları tərəfindən razılıqla qarşılanır.
Ötən illər ərzində ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti iqtisadiyyata 100 milyard dollara yaxın investisiya yönəldilməsinə imkan vermişdir. Əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində son illər daxili investisiyaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. 2000-ci ildə 47,5 faiz paya malik daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artaraq ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların ümumi həcmində 75,7 faiz paya malik olmuşdur. Eyni zamanda xarici investisiyalar da son 10 il ərzində 4,7 dəfə artmışdır. Hazırda özəl sektorun dinamik inkişafı nəticəsində ÜDM-in istehsalının 80 faizdən çoxu özəl sektor tərəfindən təmin edilir.
Bütövlükdə, son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft sahələrinin inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət və əldə olunan yüksək nailiyyətlər beynəlxalq maliyyə institutları, elmi-tədqiqat mərkəzləri, eləcə də, nüfuzlu nəşrlər tərəfindən təqdir olunmaqdadır. Respublikamızın mühüm nəqliyyat-kommunikasiya infrastrukturları yaradaraq bölgədə əsas tranzit məkanlarının mərkəzinə çevrilməsi, beynəlxalq ticarət sisteminə inteqrasiyası, strateji nəqliyyat dəhlizlərinin yaradılması üçün təşəbbüskar kimi çıxış etməsi və digər amillər dünyanın ən nüfuzlu nəşrlərinin aparıcı mövzularına çevrilmişdir. Xüsusilə də Azərbaycan hökumətinin neft gəlirlərini nəhəng infrastruktur layihələrinin reallaşmasına sərf etməsi xarici ölkələrin tədqiqat mərkəzləri tərəfindən təqdir olunur, ölkəmizin iqtisadi-sosial həyatında mühüm dəyişikliklərə səbəb olduğu diqqət mərkəzində saxlanılır.
Hakimiyyətin mütəmadi olaraq gördüyü işlər barədə xalqa hesabat verməsini idarəçilikdə müsbət ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz praqmatik liderlik keyfiyyətləri sayəsində qısa müddətdə respublikamızı bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Prezident İlham Əliyevin inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoymuşdur. Qeyd etdiyimiz kimi, bu dinamizm, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyi, sosial islahatların tamamilə modernizasiyası yeni iqtisadi modelin doğurduğu pozitiv tendensiyaların məntiqi nəticəsidir.
İqtisadiyyatın modernləşməsi sosial strukturların da yeni innovasiyalara uyğunlaşmasını tələb edir və bu istiqamətdə də pozitivlik artmaqdadır. Xüsusən də, hər il adambaşına düşən ümumi daxili məhsulun artımı sosial hədəflərə səmərəli şəkildə çatmağa imkan verir. Son 10 ilin ümumi makroiqtisadi dinamikasına nəzər salsaq, hər ay ÜDM-in və strateji valyuta ehtiyatlarının artımını görmək olar. Həm ÜDM-in, həm də milli məhsulun adambaşına düşən hissəsinin yüksəlməsi isə ölkəmizin "orta gəlirli ölkələr" qrupuna daxil olması üçün əlverişli zəmin yaradır.
Ümumiyyətlə, 2000-2011-ci illərdə və bu ilin ilk yarısında respublikamızın sıçrayışlı inkişafını xarakterizə edən mühüm makroiqtisadi göstəricilər əldə olunmuşdur. XXI əsrin birinci onilliyində Azərbaycanda iqtisadi inkişaf 4,5 dəfə artmışdır. Bu illər ərzində dövlət büdcəsinin vəsaitlərində artım 15 dəfədən çox, investisiya xərcləri 106 dəfə, strateji valyuta ehtiyatları isə 35 dəfə artmışdır. Qeyd olunan dövrdə əhalinin gəlirləri 5 dəfədən çox, bank aktivləri 15, əhalinin əmanətləri isə 37 dəfə çoxalmışdır. Bundan başqa, ölkəmizin ixrac gücü 17 dəfədən çox yüksəlmişdir.
Son illər sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da impuls verib. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir. Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Müasir dövrdə dövlət büdcəsi hər bir dövlətin inkişafının mühüm göstəricisi, belə demək mümkünsə, tərəqqisinin meyarı sayılır.
Hazırda 42 milyard dollar həcmində güclü maliyyə resurslarına malik olan Azərbaycan hökuməti sosial siyasətlə bağlı addımlar atarkən bunun digər makroiqtisadi təsirlərini də nəzərdən keçirir və sosial sferada ölçüb-biçilmiş, düşünülmüş təmkinli qərarlar qəbul edir. Yəni, əməkhaqqı artımının istehlak bazarında ciddi fəsadlara yol açmamasını nəzərə alan hökumət kifayət qədər rasional, eyni zamanda, təmkinli sosial müdafiə tədbirləri həyata keçirir.
Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq gələcəkdə də Azərbaycanın davamlı inkişafı təmin ediləcək. Həmçinin, qarşıdakı illərdə makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə, neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq.
Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra edilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası isə davam etdirilir. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən 40 mindən çox yeni müəssisə yaradılmışdır.
İstehsal proseslərində yeni texnologiyaların tətbiqində, keyfiyyətli və rəqabətqabiliyyətli yerli istehsalın formalaşmasında və ölkə iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasında xüsusi əhəmiyyət kəsb etməsi, həmçinin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsində rolu baxımından xarici ticarət ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən hesab olunur. Müstəqillik illərində ölkəmiz xarici ticarət sahəsində böyük nailiyyətlər əldə etmiş, idxal edilən texnoloji avadanlıqlarla yeni istehsal müəssisələri qurulmuş, texnoloji infrastruktur yenilənmiş və gücləndirilmiş, son nəticədə qlobal bazarlarda rəqabətqabiliyyətli olan yerli məhsul ixracı artmışdır.
Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılır. Bu, dövlət büdcəsinin hazırlanması zamanı da nəzərə alınmışdır.Belə ki, 2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.
{nl}
İsaq HƏSƏNZADƏ
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.