Son onillikdə Çin qlobal iqtisadi oyunçuya çevrilməklə bütün dünyanın diqqətini özünə cəlb edə bilmişdir. Bu, əsasən, davamlı iqtisadi inkişaf nəticəsində mümkün olmuşdur. Çinin sürətli iqtisadi inkişafı 1979-cu ildən başlamışdır. Bu, başlıca olaraq ölkə iqtisadiyyatının xarici ticarətə və investisiyalara yaşıl işıq yandırmasından sonra reallaşmışdır. Buna qədər isə Çin özünü dünya iqtisadiyyatından təcrid edən və durğunluğa gətirib çıxaran iqtisadi siyasət aparırdı, həmçinin iqtisadiyyat həddən artıq mərkəzləşdirilmişdi.
Lakin 1979-cu ildən başlayaraq, xarici ticarət və investisiyalar sahəsində həyata keçirilən islahatlar nəticəsində Çin iqtisadiyyatı sürətli artım tepmlərilə inkişaf etməyə başladı. Belə ki, 1979-cu ildən 2011-ci ilə kimi Çinin real ÜDM-i illik ortalama 10 faiz həcmində artmışdır.
Çin artıq ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Ölkə bu cür sürətli artıma güclü ixrac potensialı və ucuz işçi qüvvəsi hesabına beynəlxalq ticarətdə sahib olduğu rəqabət üstünlüyü nəticəsində çata bilib.Təsadüfi deyil ki, hətta ABŞ-la yaxın coğrafi sərhədə və iqtisadi inteqrasiya müqavilələrinə malik olan Meksika belə Çinlə rəqabət apara bilmir. Artıq Çin Meksika mallarını ABŞ bazarından sıxışdırıb çıxarmaqla ABŞ-ın bir nömrəli idxal partnyoru statusuna sahib olmuşdur. ABŞ-ın ticarət məlumatlarına əsasən, iki ölkə arasında ümumi ticarət 100 dəfədən çox artaraq, 1980-ci ildəki 5 milyard ABŞ dollarından 2011-ci ildə 503 milyard ABŞ dollarına qədər yüksəlmişdir. Bundan başqa, Çin həm də yeni texnologiyaların idxalı ilə ölkə iqtisadiyyatının dirçəlməsini təmin edə bilmişdir. Çin iqtisadiyyatının belə sürətlə böyüməsində ABŞ da maraqlı görünür. Çünki ABŞ Çinə böyük həcmli potensial bazar kimi baxır. Çinin böyük bazara çevrilməsi üçün isə ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsi lazımdır. Xarici iqtisadi asılılığı azaltmaq üçün bunda həm də Çin özü maraqlıdır. Belə ki, qlobal bohrandan ən çox Çinin ixrac sektoru ziyan çəkmişdir. Qlobal bohran səbəbindən Çin mallarına olan xarici tələbin azalması bu ölkənin iqtisadi artım tempinin aşağı düşməsinə səbəb olmuşdur. Nəticədə Çinin ÜDM-nin real artım tempi 2007-ci ildəki 14,2 fatzdən 2008-ci ildə 9,6 faizə, 2009-cu ildə isə 9,2 faizə kimi enmişdir. ÜDM-in artım tempinin zəifləməsinə həm də ölkə iqtisadiyyatına qoyulan xarici invesitisyaların və daxili yığımların azalması səbəb olmuşdur. Lakin Çinin xarici tələbdən asılılığının azalmasına mane olan əsas faktorlardan biri hazırkı iqtisadi modeldir.
Çin iqtisadi modeli
Çinin iqtisadi modelinin ən böyük özəlliklərindən biri iri dövlət müəssisələrinin iqtisadiyyatda böyük paya sahib olmasıdır. Belə ki, Çində kənd təsərrüfatından kənar ÜDM-in 50 faizdən çoxu iri korporasiyaların payına düşür. Bəzi araşdırmalara görə, iri korporasiyalar Çində 500 böyük istehsal müəssisəsinin 50 faizini, xidmət sektorunda fəaliyyət göstərən 500 top şirkətin isə 61 faizini təşkil edir. Digər tərəfdən iqtisadiyyatda böyük paya sahib olmasından əlavə, həm də Çin hökumətinin yürütdüyü iqtisadi siyasət də iri şirkətlərin xeyrinədir. Belə ki, hökumət bu şirkətləri rəqabətdən qoruyur və onları ucuz kreditlə təmin edir. Bu siyasət əsasən əhalinin yoxsullaşması və ya belə demək mümkünsə, qurbanlar verməsi hesabına həyata keçirilir. Başqa sözlə, Çin bankları əhalidən əmanətləri ucuz faizlərlə (inflyasiya səviyyəsindən aşağı faizlərlə) cəlb edərək, onları böyük şirkətlərə ucuz faizlə kredit kimi təklif edir. Çin hökümətinin ölkədən kapital ixracına qadağalar qoyması isə əhalini məcbur edir ki, öz vəsaitlərini əlverişsiz şərtlər təklif edən yerli banklara yatırsınlar. Bu isə Çində orta təbəqənin və daxili bazarın zəif olmasının əsas səbəblərindəndir. Orta təbəqənin zəifliyini göstərən ən bariz göstərici son onillikdə Çində daxili istehlakın ÜDM-in 45 faizdən 35 faizinə kimi geriləməsidir. Müqayisə üçün bildirək ki, bu göstərici ABŞ-da 70 faiz təşkil edir. Digər tərəfdən, bank sistemi əsasən, iri şirkətlər üçün kreditor rolunu oynayır. Belə ki, 2009-cu ildə Çin bankları tərəfindən verilən kreditlərin 85 faizi və ya 1,4 trilyon ABŞ dolları böyük şirkətlərin payına düşmüşdür. Həmçinin Çin modelinin özəlliklərindən biri də Çin Mərkəzi Bankının ucuz yuan siyasəti aparmasıdır. Bu siyasət Çinin ixracını ucuzlaşdırsa da, əsas mənfi cəhətlərindən biri inflyasiyaya səbəb olmasıdır. Bu isə sonda yenə də əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır.
Ümumiyyətlə, Çinin iqtisadi modeli daha çox Yapon modelini xatırladır. Başqa sözlə, böyük çoxluğun və ya ölkənin xeyrinə fərdlərin qurbanlar verməsini nəzərdə tutur. Çində bu model kollektiv iqtisadiyyatla dövlət iqtisadiyyatının və sahibkarlığın qarışığı adlanır. Buna görə də bəzi iqtisadçılar Çin modelini qırmızı kapitalizm adlandırır. Yəni bu modeldə bazar qanunları inkar edilməsə də, iqtisadiyyat dolayı yolla dövlət tərəfindən güclü şəkildə tənzimlənir.
Çin iqtisadiyyatının perspektivləri və qarşıda duran çətinliklər
Çin iqtisadiyyatının sürətli artımı bu gün iqtisadçılar arasında ən çox müzakirə olunan mövzulardan biridir. "Economic İntelligence Unit"in qiymətləndirmələrinə görə, Çin 2016-cı ilə kimi dünyanın birinci iqtisadiyyatı olan ABŞ iqtisadiyyatını ötüb keçəcək və 2030-cu ilə kimi onun iqtisadiyyatı ABŞ iqtisadiyyatından 30 faiz böyük olacaq. Lakin Çin iqtisadiyyatının bu cür böyüməsinə baxmayaraq, adambaşına düşən ÜDM-in həcmi baxımından hələ uzun illər onun ABŞ-dan geri qalacağı proqnozlaşdırılır. Belə ki, 2011-ci ildə Çinin nominal ÜDM-i 7,2 trilyon ABŞ dolları təşkil etmişdir ki, bu da ABŞ iqtisadiyyatının yarısından bir az aşağıdır. Çində adambaşına düşən ÜDM isə 5460 ABŞ dolları təşkil etmişdir ki, bu da ABŞ-dakı müvafiq göstəricinin cəmi 11 faizini, Yaponiyadakının isə 12 faizini təşkil etmişdir. Lakin alıcılıq gücünü paritet əsasında hesablayanda, Çində ÜDM-in həcmi 11,4 trilyon ABŞ dolları təşkil edir ki, bu da ABŞ iqtisadiyyatının 76 faizi deməkdir. Bu paritet, həmçinin Çinin adambaşına düşən ÜDM-in də həcmini artırır. Belə ki, sözügedən paritet əsasında yanaşdıqda, Çində adambaşına 8650 ABŞ dolları ÜDM düşür. Bu isə ABŞ-da adambaşına düşən ÜDM-in təqribən 18 faizini təşkil edir. "Economic İntelligence Unit"in proqnozlarına əsasən, 2030-cu ilə kimi bu göstərici ABŞ-da adambaşına düşən ÜDM-in 34,3 faizinə çatacaq.
Çin iqtisadiyyatının qarşısında duran əsas çətinliklər əsasən xarici investisiyalardan və ixracdan asılılıqdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2001-ci ildən 2008-ci ilə kimi investisiyalar və ixracın cəmi birlikdə Çində ÜDM-in 60 faizini təşkil etmişdir. 1990-cı ildə əsas kapital qoyuluşunun ÜDM-ə nisbəti 25 faiz təşkil edirdisə, 2011-ci ildə bu nisbət 48,5 faizə kimi yüksəlmişdir. Lakin qlobal iqtisadi böhranla əlaqədar olaraq Çin iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi azalmağa başlamışdır. Belə ki, 2011-ci ilin 6 ayı ilə müqayisədə Çin iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 0,7 faiz azalmışdır. Digər tərəfdən, Çin iqtisadiyyatı ixrac istiqamətlidir. Lakin qlobal iqtisadi böhranın təsiri ilə ixracın həcmi də ildən-ilə azalır. Belə ki, 2010-cu ildə Çinin ümumi ixracı 1,194 trilyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2008-ci ilin göstəricisi olan 1,429 trilyon ABŞ dollarından 235 milyard ABŞ dolları və ya 16,4 faiz aşağıdır. Lakin 2011-ci ildə yenidən bu göstərici artaraq 1,898 trilyon ABŞ dollarına çatmışdır. Rəqəmlərdən göründüyü kimi, qlobal iqtisadi böhranın Çin iqtisadiyyatında ən çox təsir etdiyi sahələr ixrac və xarici investisiyalar olmuşdur. Bu iki faktor isə Çin iqtisadiyyatı üçün artımın əsas lokomotivləri deməkdir.
Nəticə
Son illərdə Çinə sürətli iqtisadi inkişaf və artım templəri bəxş etməsinə baxmayaraq, bu ölkənin hazırkı iqtisadi modeli onun gələcək inkişafı baxımından bir çox çətinliklər yaradır. İnkişaf nəticəsində ucuz işçi qüvvəsinin ildən-ilə azalması ixrac yönümlü iqtisadiyyatın üstünlüklərini azaldır. Digər tərəfdən, dünya iqtisadiyyatında hökm sürən və son zamanlar tez-tez təkrarlanan iqtisadi böhranlar Çinin davamlı iqtisadi inkişafına zəmanət vermir. Bu baxımdan Çinin qarşısında duran əsas hədəflərdən biri davamlı iqtisadi inkişafa nail olmaq üçün orta təbəqənin gücləndirilməsi və insanların sosial hüquqlarının artırılmasından keçir. Bütün bunlar isə böyük keçid dövrü və maliyyə resursları tələb edir.
Ümumiyyətlə, Çin iqtisadiyyatının tamamilə bazar əsaslı iqtisadi modelə keçməsinə həm daxili iqtisadi siyasət, həm də xarici bazarlardan asılılıq mane olur. Lakin birdən-birə hazırkı iqtisadi modeldən imtina etmək mümkün deyil. Çünki bu, Çin iqtisadiyyatının artım tepmlərini aşağı salmaqla bərabər, həm də işsizliyə səbəb ola bilər. Həmçinin Çin hökuməti sayca 12-ci olan 5 illik planlarında illik ortalama 7 faizlik ÜDM artımı hədəfləyir. Bu artım isə həm də ölkədəki həyat səviyyəsinin yaxşılaşdırılması üçün vacibdir. Digər tərəfdən, əgər qarşıdakı illərdə Çin dünyanın bir nömrəli iqtisadiyyatına çevrilərsə, onda istər-istəməz öz valyuta-kredit siyasətində dəyişikliklər və ya islahatlar aparmağa məcbur olacaq. Çünki Çin valyutası ehtiyat valyutaya çevrilərsə, onda hökumət təkcə öz xalqı qarşısında deyil, həm də beynəlxalq ictimaiyyət qarşısında öhdəlik götürmüş olacaq. Belə olduqda isə hökumət ucuz yuan siyasəti apara bilməyəcək. Bu isə ilk növbədə ixraca və dövlətin dəstəklədiyi iri şirkətlərə çətinliklər yaradacaq.
Çin valyutasının dəyərlənməsi və ya Çinin yeni iqtisadi inkişaf modelinə keçməsi həm də ABŞ və Avropa ölkələrinə böhrandan daha tez çıxmağa kömək edə bilər. Belə olan təqdirdə Avropa və Amerika məhsullarının rəqabətqabiliyyətliliyi artacaq və Çin ixracda tutduğu üstün mövqelərindən müəyyən qədər geri çəkilməli olacaq. Çində orta təbəqənin güclənməsi həm də ABŞ və Avropa ölkələri üçün böyük həcmli ixrac bazarının açılması deməkdir.
Bir sözlə, Çinin qlobal iqtisadi gücə çevrilməsi, sonda həm dünya iqtisadi sistemində, həm də dünya maliyyə-kredit sistemində dəyişikliklərə səbəb olacaq.
{nl}
Vüqar BAYRAMOV, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.