Şriftin ölçüsü:
02.08.2012 02:18 | Oxunma sayı: 1656
Ölkəmizin taxıl zəmilərində məhsul yığımı yekunlaşmaq üzrədir. Dövlət Statistika Komitəsinin iyulun 30-na olan məlumatına görə, respublikada məhsulu yığılmamış cəmi 30411 hektar zəmi qalıb. Bunun 1415 hektarı ucqar dağ rayonları olan Daşkəsən və Gədəbəyin payına düşür ki, oralarda hələ də taxıl yetişmədiyi üçün biçinə başlanılmayıb. Hesabat gününədək Azərbaycanda 2 milyon 518 min 779 ton arpa və buğda tədarük olunmuşdur. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 262 min 384 ton çoxdur. Keçən ilə nisbətən bu il ölkə üzrə hər hektardan orta hesabla 26,1 sentner taxıl yığılır ki, bu da ötənilki göstəricidən 1,4 sentner yüksəkdir.
Rəqəmlərdən göründüyü kimi, bütün parametrlər üzrə göstəriciləri əvvəlki ildəkindən yaxşıdır. Mütəxəssislərin fikrincə, fermerlərimiz və fərdi torpaq sahibkarlarımız respublika üzrə hər hektarın məhsuldarlığını orta hesabla 30 sentnerə qaldıra bilsələr, xarici ölkələrdən taxıl alınmasına ehtiyac qalmayacaqdır. Əgər qarşıya qoyulan məqsədə nail olsaq, Azərbaycan özü xarici ölkələrə taxıl sata bilər.
Məhsul istehsalının ildən-ilə artırılmasında Şəki rayonunun taxılçıları yüksək nəticələr əldə edirlər. Keçən il bütövlükdə 238 min 272 ton taxıl tədarük edən şəkililər indiyədək bu göstəricini ötüb keçmişlər. Rayonda məhsul yığılası 1365 hektar zəmi qalır. Orta hesabla rayon üzrə hər hektardan 33,1 sentner taxıl götürüldüyünü nəzərə alsaq, biçin mövsümünün sonunda Şəkidə rekord miqdarda məhsul tədarük ediləcəyinin şahidi olacağıq. Fərəhli haldır ki, burada indiyədək yığılan taxılın 170,6 min tondan çoxu buğda məhsuludur. Bu, keçən ilin müvafiq dövründəkindən təxminən 13 min ton artıqdır.
Respublikada şəkililərin ardıcılları hər il çoxalır. Məhsul istehsalına dair 100 min tonluq həddi keçən rayonların sırasına bu il Ağsu da əlavə olunub. İndi dörd rayon - Şəki, Cəlilabad, Neftçala, Ağsu taxıl istehsalında 100 min tonluq həddi arxada qoyublar. Naxçıvan MR də onların sıralarına qoşula bilər. Doğrudur, bu il hesabat gününədək Naxçıvanda 94,8 min tondan çox arpa və buğda tədarük olunub. Lakin muxtar respublikada biçin hələ davam edir. 4437 hektar sahənin taxılı yığılmalıdır. Muxtar respublika üzrə hər hektardan orta hesabla 28,4 sentner məhsul götürüldüyünü nəzərə alsaq, bu il Naxçıvanda da keçən ildəkindən daha çox taxıl istehsal ediləcəyini əminliklə demək olar.
Əvvəlki ilə nisbətən bu il məhsul istehsalını ən çox artıran rayonların adını xüsusi qeyd etmək lazımdır. Ötən illə müqayisədə daha çox artım Ağsu rayonunda qeydə alınmışdır - 34,5 min ton. Bu göstəriciyə görə ikinci yerdə Füzuli rayonu (26 min ton) gedir. Erməni qəsbkarları tərəfindən ərazisinin xeyli hissəsi zəbt olunsa da, Füzulidə taxıl istehsalının 100 min tona yaxınlaşması (92234 ton) sevindirici haldır. Müharibə şəraitində yaşadığımız indiki zamanda ərzaq təhlükəsizliyini təmin etmək üçün hamı füzulilərdən nümunə götürməlidir. Keçən illə müqayisədə taxıl istehsalı Ağcabədidə 23 min ton, Kürdəmirdə 19 min ton, Cəlilabadda 17 min ton, Saatlıda 15 min ton, Tərtərdə 14 min ton, Sabirabadda 13 min ton, Ağdamda isə 11 min ton artmışdır.
Qiymətli ərzaq məhsulu olan buğda istehsalının keçən ilə nisbətən bu il xeyli miqdarda artırılıması onu göstərir ki, Azərbaycan əhalini öz çörəyi ilə artıqlaması ilə təmin etmək iqtidarındadır. Bunu deməyə əldə olunan nailiyyətlər də əsas verir. Əgər keçən il ölkə üzrə bütövlükdə 1,6 milyon tondan çox buğda məhsulu istehsal edilmişdisə, bu il həmin göstərici hələlik 1 milyon 788 min 619 tona çatdırılmışdır. Mövsümün axırınadək daha 16183 hektar sahədən buğda məhsulu yığılmalıdır. Ölkə üzrə hər hektardan orta hesabla 26,6 sentner buğda götürüldüyünü nəzərə alsaq, sonda bu qiymətli ərzaq məhsulunun ümumi miqdarı 1,8 milyon tonu keçəcəyini qətiyyətlə demək olar.
{nl}
Tehman ƏLİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.